Məhkəmə qərarları › İş №2-1(105)-1259/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1259/2025

14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1259/2025 14.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi və tutulmuş pensiya məbləğinin geri qaytarılması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi və tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-6662/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat”dan görünür ki, İddiaçı 31 may 2017-ci il tarixdən 31 may 2022-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir. 19 iyun 2025-ci il tarixli, xxxxxxx0002 nömrəli “Əlilliyi qiymətləndirilən şəxs barədə məlumat”dan görünür ki, İddiaçı 31 may 2017-ci il tarixdə təyin edilmiş İİ qrup əlillik etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” 19 may 2025-ci il tarixli, 3- 17-1/1-B-107221/2025 nömrəli qərarından görünür ki, İddiaçı 12 fevral 2024-cü il tarixdə təyin edilmiş hazırkı pensiya məbləği 320 manat, yenidən hesablanmış əmək pensiyasının məbləği 326,60 manat olaraq göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 25 iyun 2025-ci il tarixli, 3-17-1/2-B-150641/2025 nömrəli İddiaçı ünvanlanmış məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1.1-ci maddəsinin 12 fevral 2024-cü il tarixdə qüvvədə olmuş tələblərinə əsasən həmin tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmiş və hazırda ödənişi 326,60 manat məbləğində olmaqla davam etdirilir. 1 mart 2023-cü il tarixli xidməti araşdırma zamanı əlilliyə görə əmək pensiyası hüququ olmadığı halda əlilliyə görə əmək pensiyasının təyin olunaraq ödənilməsi müəyyən edilmişdir. Belə ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən 31 may 2017-ci il tarixdə müəyyən edilmiş əlilliyi 17 dekabr 2019-cu il tarixdə etibarsız edilmişdir. Bu səbəbdən 31 iyun 2017- ci il tarixdən 29 fevral 2020-ci il tarixədək əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Müraciətilə əlaqədar olaraq bildirilmişdir ki, əlilliyin etibarsız edilməsi ilə bağlı müəyyən edilmiş artıqödəmə məbləğlərinə Qanunun 39.1-ci maddəsinin tətbiq edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin 24 dekabr 2025ci il tarixli, 3-17-4/2-34337/2025 nömrəli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AABGC nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik səbəbindən ilkin olaraq 5 il müddətinə (xx.xx.2022-ci il tarixinədək) ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Göndərişlərin əsaslılığının müəyyən edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə araşdırma nəticəsində Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli 029-3854-1219/5 nömrəli məktubu ilə təqdim olunan siyahıda adları qeyd olunan şəxslərə aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində vətəndaşa dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı həmin məktuba əsasən xx.xx.2019-cu il tarixində ləğv olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab edərək iddiaçıya yaşa görə təyin edilmiş pensiyasından 2024-cü ilin fevral ayından aparılan tutulmaların geri qaytarılması və bu tutulmaların dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” 19 iyun 2025-ci il tarixli, 3-17-1/1-B-132665/2025 nömrəli qərarının ləğv edilməsi, tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2017-ci ildə 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin edilmiş və həmin vaxt iddiaçıya 199 manat pensiya təyin edilmişdir. Lakin 2020-ci ildə təyin edilmiş pensiya dayandırılmış və 65 yaşı tamam olanda, yəni 2024-cü ildə ona yaşa görə əmək pensiyası təyin edilmiş və hazırda 326 manat pensiya alır. Lakin onun pensiyasından ilk olaraq 2024-cü ilin fevral-mart aylarında hər ay üçün pensiyasının 50 faizi tutulmuş və bundan sonra cavabdehə müraciət etmiş və orada bir kağıza imza atdırmaqla bildirdilər ki, tutmalar dayandırılacaqdır. Lakin yenə də pensiyasından tutmalar hər ay 28 manat olmaqla davam edir. O bundan sonra yenidən müraciət edərək bunun səbəbini soruşmuş və ona verilmiş 5 iyun 2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, həmin tutulmalar onun vaxtı ilə 2017-2020-ci illərdə verilmiş əlillik pensiyası ilə bağlıdır və bu səbəbdən də pensiyanı az alır. Cavabdehin bu hərəkətləri tamamilə qanunsuzdur. Belə ki, həmin pensiya məbləği ona 2-ci dərəcəli əlilliklə bağlı təyin edilmiş və 2020-ci ildə dayandırılmış, lakin pensiyaya çıxandan sonra cavabdeh orqan həmin dövrdə tutulan ödənilən pensiyanın son 3 il üzrə məbləğini aylara bölməklə ondan tutması qanunsuzdur, çünki 4 il ərzində bu məbləğ tələb olunmamışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazda qeyd etmişdir ki, 1 mart 2023-cü il tarixli xidməti araşdırma zamanı iddiaçının əlilliyə görə əmək pensiyası hüququnun olmadığı halda, ona əlilliyə görə əmək pensiyasının təyin olunaraq ödənilməsi müəyyən edilmişdir. Belə ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən 31 may 2017-ci il tarixdə müəyyən edilmiş əlilliyi 17 dekabr 2019-cu il tarixdə etibarsız hesab edilmişdir. Bu səbəbdən 31 may 2017-ci il tarixdən 29 fevral 2020-ci il tarixədək iddiaçıya əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Ərizəçinin əmək pensiyasından onun 11 mart 2024-cü il tarixli razılıq ərizəsinə əsasən tutulma aparılır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-6662/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” 19 may 2025-ci il tarixli, 3-17-1/1-B-107221/2025 nömrəli qərarının ləğv edilməsi və tutulmuş pensiya məbləğinin geri qaytarılması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya Tibbi-Sosial Ekspert Komissiyasının 31 may 2017-ci il tarixli qərarı ilə 31 may 2022-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmiş, 17 dekabr 2019-cu il tarixdə qəbul edilmiş qərar etibarsız hesab edilmişdir. Cavabdeh orqan tərəfindən 19 iyun 2025-ci il tarixli, 3-17-1/1-B-132665/2025 nömrəli qərarı qəbul edilmiş, iddiaçının əlilliyi etibarsız olunduğu üçün 7.095,79 manat artıq vermə müəyyən edildiyindən, 31 may 2017-ci il tarixdən 29 fevral 2020-ci il tarixədək ödənilmiş pensiya məbləğinin 1 mart 2024-cü il tarixdən tutulması başlanılmış, məbləğin tutulmasının 31 avqust 2044-cü il tarixədək davam etdirilməsi nəzərdə tutulmuşdur. Cavabdeh orqan hazırkı tutulmalarının aparılmasını qanunvericiliyin “əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulması” müddəası ilə əsaslandırır. Lakin iddiaçının son üç il üçün əlilliyə görə pensiyasının mövcud olmadığı təqdirdə, 31 may 2017-ci il - 29 fevral 2020-ci il müddət üçün tutulmalarının aparılması qanunamüvafiq deyil. Göründüyü kimi, cavabdeh orqan tutulmaların aparılmasına dair hazırkı mübahisələndirilən qərarı verərək, qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. Cavabdeh orqanın istinad etdiyi tutulmaların aparılmasına dair iddiaçının razılığının mövcud olması ilə əlaqədar iş materiallarına əlavə edilmiş sənədlərdən iddiaçının “razı olduğu” deyil, pensiyasından artıq aparılan tutulmaların faizinin azalması ilə əlaqədar müraciətinin mövcud olduğu müəyyən edilmişdir. Odur ki, iddiaçının tutulmalarının aparılmasına dair razılığı olubolmamasından asılı olmayaraq, cavabdeh tərəfindən qəbul edilən akt ləğv edilməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazını yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə dair yazılı etiraz ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin sözügedən qərarın məhkəmə son üç il üçün əmək pensiyasının olmadığını qeyd edərək ona “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tətbiq edilməsinin qanunamüvafiq olmadığını qeyd edərək Mərkəzi Filial tərəfindən qəbul edilmiş qərarın qanunsuz əlverişsiz inzibati akt olduğunu bildirmişdir. Lakin nəzərə alınsa ki, iddiaçının xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək aldığı əmək pensiyası əlilliyə görə əmək pensiyası olmuş, daha sonra əlilliyin etibarsız hesab edilməsi səbəbilə əmək pensiyasının ödənilməsi dayandırılmış və iddiaçıya yaşa görə pensiyası təyin edildikdən sonra artıqödəmə olaraq müəyyən edilən məbləğin iddiaçının razılığına əsasən tutulması həyata keçirilmişdir. Belə ki, iddiaçıdan tutulma ona təyin edilmiş yaşa görə əmək pensiyasından onun yazılı razılığı ilə aparıldığı üçün qanunmüvafiqdir. Belə ki, yuxarıda qeyd olunan məhkəmə əsaslandırmasına münasibətdə bildirilir ki, iddiaçı barəsində müəyyən edilmiş artıq ödəmə ilə bağlı ona xx.xx.2020-ci il tarixli məktub ünvanlanaraq məlumat verilmişdir. Yəni məhz qanunun 39.1-ci maddəsinə əsasən son üç il üzrə tutulmanın tətbiqi həmin tarixdən əvvələ hesablanmalıdır. İş materiallarından göründüyü kimi iddiaçıya xx.xx.2020-ci il tarixli məktubla məlumat verilməklə onun barəsində artıqödəmə müəyyən edilmiş, lakin hər hansı tutulma aparılmamışdır. Daha sonra ona yaşa görə əmək pensiyası təyinatı aparıldıqdan sonra iddiaçının razılığı alınaraq tutulma aparılmağa başlanılmışdır. Beləliklə qeyd olunanlardan da göründüyü kimi əmək pensiyasından aparılan tutulma qanunvericiliyin normalarına uyğundur. Əlavə olaraq məhkəmə qərarında iddiaçı tərəfindən təqdimedilən razılıq ərizəsinə münasibətdə qeyd olunur ki, həmin ərizə əmək pensiyasından tutulmağa razılıq deyil, aparılan tutulmanın əmək pensiyasının 10 faizinə azaldılmaqla bağlıdır, lakin sözügedən razılıq ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı ərizə əmək pensiyasından 10 faiz məbləğində tutulma aparılması ilə bağlıdır. Analoji işlərlə bağlı Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(102)-1568/2025 nömrəli qərarın 29-cu maddəsində: Məhkəmə kollegiyası hesab edir ki, artıq ödənilmiş vəsaitin tutulmasına razılıq ərizəsi mövcud olduğu təqdirdə sonradan əmək pensiyasından tutulmaya razılıqdan imtina ərizəsinin verilməsi cavabdeh orqanın “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini tələb etmək, eləcə də tutulmuş vəsaitin geri qaytarılması üçün hüquqi əsas yaratmır. Belə ki, inzibati orqanın qərar çıxarılan zaman qanunazidd davranışı olmamışdır. İddiaçının artıq ödənilmiş vəsaitin tutulmasına dair razılıq ərizəsi onun iradəsini əks etdirmiş, həmin ərizənin hədə, təsir və ya digər formada iradəyə təsir edəcək şəraitdə yazıldığı müəyyən olunmamış, iddiaçının özü tərəfindən də belə bir dəlil irəli sürülməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir. Buna görə də hesab edirik ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan “aparılan tutulmanın dayandırılması və tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə İddiaçı iddiası təmin olunmamalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. ..... “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır:28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi;28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi;28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz:67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. ...... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı artıqödəmə halının müəyyən edilməsi barədə qərarın ləğv edilməsi və tutulmuş məbləğin geri qaytarılmasından ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçıya xx.xx.2017xx.xx.2019-cu illərə aid dövrdə əlilliyə görə pensiya ödənildiyini, həmin dövrdə olan əlilliyinin etibarsız hesab edildiyini, bu səbəbdən də həmin dövrdə əsassız olaraq iddiaçıya pensiya məbləği ödənildiyini əsas gətirərək, iddiaçıya xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edildiyindən, əsassız ödənilmiş pensiya məbləğinin yaşa görə pensiya məbləğindən tutulmasını həyata keçirmiş, bu barədə qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşakr edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən 5 il müddətinə əlillik təyinatı aparılmış, bu əsasla da iddiaçı əlilliyə görə pensiya almışdır. Daha sonra müvafiq səlahiyytli qurumun qərarı əsasında iddiaçı barəsində təyin edilmiş əlillik xx.xx.2019-cu il tarixdə etibarsız hesab edilmişdir. İddiaçı tərəfindən əlilliyin etibarsız hesab edilməsi ilə bağlı səlahiyyətli inzibati orqanın qərarı və hərəkətləri inzibati icraat və məhkəmə qaydasında mübahisələndirilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdur. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçı barəsində xx.xx.2017-xx.xx.2019-cu il tarixdə mövcud olmuş əlilliyinin etibarsız hesab edildiyindən, həmin dövr üzrə ödənilmiş pensiya məbləğinin əsassız 7095,79 manat məbləğində artıqödəmə kimi müəyyən edərək, bu barədə xx.xx.2025-ci il tarixli qərar qəbul etmişdir. Həmin qərar əsasında xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 678,10 manat məbləğində yaşa görə əmək pensiyasından tutulma aparılmış, habelə qalıq 6417,69 manat məbləğin tutuıması xx.xx.2044-ci ilədək davam etdiriləcəkdir. Kollegiya hesab edir ki, hazırki iş üzrə iddianın əsaslılığı və cavabdehin hərəkətlərinin qanuniliyi əmək pensiyaları haqqında qanunvericiliyin və inzibati icraat haqqında qanunvericiliyin tələbləri əsasında dəyərləndiriliməklə, araşdırılmalıdır. Belə ki, yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən artıq ödənilən əmək pensiyası məbləğinin tutulmasının həyata keçirilməsi iki əsasla mümkündür: şəxsin yazılı razılığı və ya məhkəmə qərarı əsasında. İndiki halda iş materialarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli yazılı ərizə təqdim edilərək, əmək pensiyasından aparılan tutulmanın maddi vəziyyəti ilə əlaqədar olaraq 10 faiz məbləğində aparılmasını xahiş etmişdir. Kollegiya sözügedən yazılı ərizənin məhz müvafiq normanın dispozitiv şərtində ehtiva edilən yazılı razılığı özündə ehtiva edib-etməməsi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı tərəflərin verdiyi izahatlar (iddiaçı öz izahatında onun əmək pensiyasından 50 faiz məbləğində tutulma aparıldığından, cavabdeh quruma müraciət etdiyini, ərizəni onunla bağlı yazdığını, mahiyyətini bilmədiyini qeyd etmişdir), habelə cavabdehin özünün təqdim etdiyi sənədlər və məlumatlar (tutulmanın xx.xx.2024-cü ildən başlayaraq aparılması) əsasında cavabdeh tərəfindən həmin tutulmanı iddiaçının yazılı razılığı olmadan həyata keçirdiyi müəyyən edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, mahiyyət etibarilə iddiaçı tərəfindən təqdim edilmiş yazılı ərizə onun artıqödəmə ilə bağlı tutulma aparılmasına dair yazılı razılığını ifadə edən iradə ifadəsinin nəticəsi kimi ortaya çıxmamışdır. Bununla bağlı kollegiya qeyd edir ki, mülki qanunvericiliyin tələbinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir (Mülki Məcəllənin 324-cü maddəsi). Həmçinin, kollegiya qeyd edir ki, indiki halda isə iddiaçının bu barədə yazılı razılığının olmasına yönəlmiş iradə ifadəsinin mövcudluğu müəyyən edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları cavabdehin iddiaçının yazılı razılığı olması ilə bağlı istinad etdiyi arqumentini təkzib etməklə yanaşı, istinad edilən oxşar məhkəmə işi üzrə işin hallarının eynilik təşkil etməməsini deməyə əsas verir. Bundan əlavə, kollegiya qeyd edir ki, indiki halda iddiaçıya münasibətdə artıqödəmə ilə bağlı tutulma aparılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı da mövcud olmamışdır. Nəticə etibarilə kollegiya hesab edir ki, iddiaçıya münasibətdə tutulma aparılması üçün qanunla müəyyən edilmiş hər iki əsasın mövcudluğu müəyyən edilmədiyindən, cavabdeh inzibati orqan tərəfindən əmək pensiyasından tutulma aparılması ilə bağlı hərəkətləri və bununla bağlı qəbul etdiyi qərarı əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə uyğun olmamışdır. Bundan əlavə, kollegiya digər əsas üzrə aparılmış dəyərləndirmə ilə bağlı qeyd edir ki, cavabdehin iddiaçı barəsində qəbul etdiyi müvafiq qərarı mahiyyət etibarilə qanunsuz əlverişsiz inzibati akt qismində çıxış etdiyindən, habelə qanunsuz inzibati aktın ləğv olunması ilə bağlı qanunla müəyyən edilmiş məhdudiyyətə aid əsaslar müəyyən edilmədiyindən, iddiaçının etimad hüququ da qanunla qorunduğundan, həmin əsaslar da cavabdehin hərəkətlərinin qanunauyğun olmamasını demyə əsas verir. Başqa sözlə desək, indiki halda iddiaçıya münasibətdə etimadın qorunması hüququnu istisna edən qanunla müəyyən edilmiş əsasların mövcudluğu aşkar edilməmiş, habelə cavabdeh tərəfindən də həmin hala dair heç bir sübut təqdim edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları iddia tələbinin inzibati icraat haqqında qanunvericiliyin etimadın qorunması prinsipinin tələbləri əsasında da dəyərləndiriliməklə, tələbin əsaslılığını müəyyən etməyə imkan vermişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, cavabdehin iddiaçı barəsində qəbul etdiyi qərarı və onunla bağlı hərəkətləri inzibati icraat haqqında qanunvericiliyin tələblərinə də uyğun olmamışdır (Qanunun 13,67-ci maddəsi). Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin müəyyən edilmiş halları iddianın əsaslılığını müəyyən etdiyindən, habelə cavabdehin şikayətinin dəlillərini təkzib etdiyindən, cavabdehin şiakyəti əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Bununla yanaşı, kollegiya qeyd edir ki, iddiaçının tələbi və hüquqi marağı məhz cavabdeh tərəfindən onun barəsində qəbul etdiyi 19 iyun 2025-ci il tarixli qərarın ləğv edilməsi ilə bağlı olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə qərarı ilə 19 may 2025-ci il tarixli qərarı ləğv edildiyindən, məhkəmə qərarı həmin hissədə dəyişdirilməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-6662/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” 19 iyun 2025-ci il tarixli, 3- 17-1/1-B-132665/2025 nömrəli qərarı ləğv edilsin və tutulmuş pensiya məbləğinin geri qaytarılması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar