Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-126/2022 22.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Açar sözlər: icra nümayəndəsinin sərəncamı əsasında verilmiş torpaq sahəsinə arayışın verilməsindən imtina Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2-1(118)-1168/2021 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba şəhəri Dəvədabanı yaşayış massivində yerləşən 0,05 ha fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinə mülkiyyət hüquqlarının vərəsəliyin rəsmiləşdirilməsi üçün anası, mərhum X2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən Çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə verərək Quba şəhəri Dəvədabanı yaşayış massivində yerləşən 0.05 ha torpaq sahəsi mülkiyyət hüququnun mərhum anası X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
İddiaçının əsaslandırması:
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin 14.12.1995-ci il tarixli, 58 saylı sərəncamı ilə anası X1 Quba şəhərinin “Dəvədabanı” yaşayış massivindən 0,05 ha fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi verilmişdir. Anası N.Ağabəyova 10.06.2003-cü ildə vəfat etmişdir. O, həmin torpaq sahəsinin anasına məxsus olması və gələcəkdə vərəsəlik məsələlərinin həlli məqsədi ilə bütün müvafiq sənədlərin əsl nüsxələrinin əlavə etməklə, 01.03.2021-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin 09.03.2021-ci il tarixli, **********24 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə imtina məktubu ilə mülkiyyət sənədlərinin verilməsindən imtina olunmuşdur. Məktubda imtinanın səbəbi kimi guya Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyətinin olmaması göstərilmiş, lakin bunun hansı qanunvericilik aktına əsaslandığı göstərilməmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7, 8, 9, 10, 15 və 23-cü maddələrinə istinad etməklə cavabdehin imtinasının əsassız olmasını hesab etməsi səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Cavabdehin etirazları:
4. Cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, müraciətlə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizədə qeyd olunan 0.05 ha torpaq sahəsi Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin 14.09.1995-ci il tarixli 58 saylı sərəncamı əsasında ayrılmışdır. Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyəti yoxdur. Bu səbəbdən ərizənin icrası Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır. Belə ki, Torpaq Məcəlləsinin 7-ci maddəsinə, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən rayon İHB-nın İnzibati Ərazi Vahiqliyi üzrə nümayəndələrinin əmri ilkin torpaqayırma sənədi kimi qəbul edilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddiaçı İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı verilmiş iddia ərizəsinə etiraz edirlər.
Birinci instansiya məhkəməsində icraat:
5. Sumqayıt İnzibati Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2-1(118)-1168/2021 saylı qərarı ilə (hakim V.E.Əzizova) iddia təmin edilərək Quba şəhəri Dəvədabanı yaşayış massivində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum anası X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
6. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2-1(118)-1168/2021 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
7. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum anası X1 Quba şəhəri üzrə nümayəndəsinin 14.09.1995-ci il tarixli, 58 nömrəli sərəncamı əsasında ayrılmış 0.05 ha torpaq sahəsinə çıxarışın verilməsi üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 01.03.2021-ci il tarixdə yazılı ərizə ilə müraciət etmiş və müraciətinə imtina ona görə verilmişdir ki, Quba rayon İcra Hakimyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyəti yoxdur. Belə ki, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Həmçinin Torpaq Məcəlləsinin 68-ci, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9 və 11-ci maddələrinin tələbləri nəzərə alınmaqla daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması mümkün olduğundan, məhkəmə tərəfindən mülkiyyət hüquqi müəyyən edilmiş 0.05 ha olan torpaq sahəsinin yerləşdiyi yer belə məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd və ya sxemə istinad edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən Sumqayıt İnzibati Məhkəməsinin 17 avquat 2021-ci il tarixli 2-1(118)-1168/2021 saylı qərarının ləğv edilməsini xahiş edirlər.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apelyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları:
9. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 izahatında qeyd etmişdir ki, apellyasiya şikayətini müdafiə edir və bildirir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi səbəbləri ətraflı şəkildə göstərilib, həmçinin qeyd edir ki, iddiaçının İdarəyə müraciətilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizədə qeyd olunan 0.05 ha torpaq sahəsi Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin 14.09.1995-ci il tarixli 58 saylı sərəncamı əsasında ayrılmışdır. Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhər nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyəti yoxdur. Bu səbəbdən ərizənin icrası cavabdeh İdarə tərəfindən mümkün olmamışdır. Lakin birinci instansiya məhkəməsi əsassız olaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul etmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməklə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında qeyd etdi ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verdiyindən iddianın təmin olunması ilə bağlı gəldiyi nəticə qanunauyğun və əsaslıdır. Apellyasiya şikayəti əsassız sözlərdən ibarətdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün heç bir əsas yoxdur, çünki torpaq dövlət orqanı tərəfindən ayrılmışdır. O, cavabdehin nümayəndəsinin bildirdiyi halla bağlı İcra Hakimiyyətinə müraciət edib, həmin dövrdə Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhər nümayəndəsinin torpaqayırma səlahiyyətinin olub-olmaması məsələsini aydınlaşdırmamış, lakin məhkəmə iclası təxirə salınarsa, o da İcra Hakimiyyətinə müraciət edib məsələyə aydınlıq gətirə bilər. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir.
11. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq İdarənin nümayəndəsi məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlməmişdir.
12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədbiq edilən hüquq
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
14. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
15. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
16. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
17. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
18. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
19. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
20. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
21. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
22. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
23. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
24. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
25. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
26. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
27. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
28. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
29. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
30. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
31. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-). Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-). 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. (-).
33. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. (-). Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (-).
34. 9 noyabr 1991-ci ildən 25 iyun 1999-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 7. Torpaq barəsində sərəncam Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. (-). Maddə 11. Torpağın xüsusi mülkiyyətə verilməsi şərtləri Torpaq bu Məcəllənin 10-cu maddəsində göstərilən məqsədlər üçün xüsusi mülkiyyətə pulsuz verilir. Bu Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətinə keçirilir. (-). Maddə 23. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaqsahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; (-); Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır.
35. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli № 372 nömrəli Fərmanına əsasən qərara alınmışdır:
1. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında icra hakimiyyətinin başçısı vəzifəsi təsis edilsin. (-).
5. Rayonlarda, şəhərlərdə icra hakimiyyətinin başçısı təyin edilən kimi rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin) xalq deputatları Sovetlərinin icraiyyə komitələri öz fəaliyyətlərini dayandırırlar. (-).
36. Azərbaycan Respublikası Prezidentinin 16.06.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə qəbul edilənədək qüvvədə olmuş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” Əsasnamə: Maddə 13. İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri İcra hakimiyyətinin başçısı: (-); q) torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində: (-); təbiəti mühafizə haqqında respublika qanunvericiliyinin pozulduğu hallarda müəssisələrin, təşkilatların və idarələrin təsərrüfat fəaliyyətini və obyektlərin tikintisini saxlayır, qanunla müəyyən edilmiş qaydada onların üzərinə inzibati məsuliyyət qoyur, torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir; (-). Maddə 22. Rayon tabeli şəhərdə, qəsəbədə və kənddə İcra Hakimiyyəti başçısının nümayəndəsinin səlahiyyətləri Şəhərin, rayonun İcra Hakimiyyəti başçısının nümayəndəsi: rayon tabeli şəhərin, kəndin, qəsəbənin sosial-iqtisadi inkişafı, rayon tabeli şəhərin, kəndin və qəsəbənin inkişafına dair ayrı-ayrı proqramların maliyyələşdirilməsi, idarəetmə ehtiyacları üçün ayrılan məbləğin müəyyənləşdirilməsi sahəsində İcra Hakimiyyəti başçısına təkliflər verir; vətəndaşları qəbul edir, onların müraciətinə baxır, pasport sistemi qaydalarının yerinə yetirilməsinə nəzarəti həyata keçirir; Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparır, qəyyumlar və himayədarlar təyin edir; kolxoz (kəndli) həyətlərinin ailəəmlak bölgüsünü qeydiyyatdan keçirir; Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, notariat işlərini görür; vətəndaşlara onların şəxsiyyətini, ailə, əmlak vəziyyətini təsdiq edən arayışlar və qanunvericilikdə nəzərdə tutulmuş başqa arayışlar verir; İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçməsinə kömək edir, onun tapşırıqlarını yerinə yetirir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hazırkı qərarın 13-26-cı bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatlarında göstərilən halların apellyasiya şikayətinin dəlillərilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunaraq iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi rədd olunmalıdır.
38. Belə ki, iddiaçının məhkəməyə müraciət etməsinin əsası hazırki qərarın 1-3-cü bəndlərində istinad edilən hallarla bağlı olmuş və birinci instansiya məhkəməsi zamanı işə baxılarkən hazırki qərarın 5-ci bəndində şərh edilən nəticəyə gəlinmişdir.
39. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, Quba rayon XDS-nin qərarına əsasən Quba şəhərində vətəndaşlara fərdi mənzil tikintisi üçün ayrılacaq torpaq sahəsinin ölçüsü hər bir təsərrüfat üzrə 0.05 ha müəyyən edilmiş və rayon XDS Rəyasət Heyətinə .......vətəndaşlara verilən həyətyanı torpaqların qanuniliyini yoxlamaq üçün komissiya təşkil edilməsi və yoxlamanın nəticələrindən əlavə olaraq tədbirlərin həyata keçirilməsi tapşırılmışdır. Bundan sonra Quba şəhər RİHB-nən şəhər üzrə nümayəndəliyinin torpaq bölgüsü komissiyasının 14.09.1995-ci il tarixli 13 saylı protokolu nəzərə alınaraq X1 fərdi yaşayış evi tikmək üçün Dəvədabanı ərazisində 500 kv.metr torpaq sahəsinin verilməsi qərara alınmışdır. İddiaçının mərhum anasına torpaq sahəsinin guya səlahiyyətsiz şəxs tərəfindən ayrılması barədə cavabdeh inzibati orqanın imtina məktubunda göstərdiyi dəlili tamamilə əsassızdır və işin faktiki hallarına uyğun gəlmir. Mərhum N.Ağabəyovaya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anasına məxsusluğunun təsdiq edilməsinin tələb etməsi qüvvədə olan qanunvericiliyə uyğun olduğundan, cavabdeh İdarənin onun müraciətini rədd etməsini əsaslı hesab etmək olmaz. Hesab edilir ki, iddia tələbi təmin edilərək Quba şəhəri Dəvədabanı yaşayış massivində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum anası X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmır və qeyd edir ki, cavabdeh İdarənin imtinasının “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri baxımından əsassız olmasına dair məhkəmənin arqumenti qəbul edilə bilməz ona görə ki, qeyd edilən maddənin 15.1.1-ci bəndi məhz dövlət qeydiyyatı barədə müraciət olunan hüququn həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı olmaması onu özündə ehtiva edir ki, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün istinad edilən Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, həmçinin torpaq sahəsinin planı və ölçüsünün əlavə olunması zəruridir ki, iddiaçının təqdim etdiyi sənədlər yalnız Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin 14.09.1995-ci il tarixli, 58 saylı sərəncamıdır ki, həmin sərəncamın da Quba şəhəri üzrə nümayəndə tərəfindən imzalamaq barədə hüquq Quba rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilməsini təsdiq edən sübut iş materiallarında mövcud deyildir.
41. Kollegiya qeyd edir ki, iddiaçının mərhum anasına mübahisələndirilən torpaq sahəsi ayrılarkən mövcud qanunvericilik, hansı ki, məhkəmənin də istinad etdiyi və hazırkı qərarın 34-cü bəndində istinad edilən Torpaq Məcəlləsinin 7-ci maddəsinin 3-cü hissəsində vurğulanırdı ki, Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Yəni, rayon, şəhər üzrə nümayəndələr yalnız onlara verilən xüsusi səlahiyyət çərçivəsində torpaq sahələrini xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilmələri qanunvericilikə təsbit edildiyi halda, birinci instansiya məhkəməsi qanun normasını düzgün təfsir etməyərək yuxarıda qeyd edilən qənaətə gəlmişdir.
42. Məhkəmə kollegiyasının iclası zamanı da X6 filialına edilmiş sorğuya (sorğunun məzmunu: - 14.09.1995-ci ildə Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin Quba şəhərində fərdi mənzil tikintisi üçün torpaq ayrılması ilə əlaqədar sərəncam vermək səlahiyyəti, istər əvvəllər mövcud olmuş Quba rayon XDS-i tərəfindən, istərsə də sonralar təsis edilmiş Quba rayon İcra Hakimiyyəti tərəfindən verilməsinə dair adı çəkilən İcra Orqanları tərəfindən hər hansı sərəncam verilib ya yox) 17.01.2022-ci il tarixdə verilmiş cavab məktubunda qeyd edilmişdir ki, Quba rayon XDS Rəyasət heyətinin və Quba rayon İcra Hakimiyyətinin sənədlərində Quba şəhərində vətəndaşlara fərdi yaşayış evi tikmək üçün torpaq sahələrinin ayrılması haqqında Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhər Nümayəndəliyinə səlahiyyət verilməsi haqqında məlumat aşkar edilməmişdir(i.v.86).
43. Məhkəmə kollegiyasının Quba Rayon İcra Hakimiyyətinə ünvanlanmış sorğusuna cavab olaraq Quba Rayon İcra Hakimiyyəti Başçısının Aparatının 26.01.2022-ci il tarixli cavab məktubundan görünür ki, 14 sentyabr 1995-ci il tarixdə Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinə Quba şəhərində hər-hansı məqsədlər üçün torpaq sahələrinin ayrılmasına Rayon İcra Hakimiyyəti və digər orqanlar tərəfindən sərəncam vermək səlahiyyətinin verilib-verilməməsi barədə məlumat aşkar edilməmişdir (i.v.87).
44. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mərhum anasına Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsi tərəfindən torpaq sahəsi ayrılarkən hazırkı qərarın 36-cı bəndində istinad edilən Əsasnamənin 22-ci maddəsinin tələblərindən də göründüyü kimi, Quba şəhəri üzrə nümayəndənin torpaq ayırma səlahiyyəti olmamış, nümayəndə həmin maddədə qeyd edilən konkret səlahiyyətləri həyata keçirməklə yanaşı, İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçməsinə kömək etməsi və İH-i başçısının tapşırıqlarını yerinə yetirmək vəzifəsi olmuşdur ki, hazırkı iş üzrə də Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinə torpaq ayrılma barədə hər hansı bir tapşırıq və ya səlahiyyət verilməsi müəyyən edilməmişdir.
45. Məhkəmə kollegiyasının iclasında iddiaçı cavabdehin imtinasının əsassız olmasını əsaslandırarkən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə istinad etmiş olsa da, məhkəmə kollegiyası iddiaçının bu maddəyə istinadı qəbul etmir ona görə ki, həmin maddədə vurğulanər ki, .... 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı bağ sahələri üçün Azərbaycan Respublikasının vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddiaları qəbul edilə bilməz. Yəni göründüyü kimi maddədə vurğulanan “qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri” dedikdə hazırkı qərarın 34-36-cı bəndlərində istinad edilən normalara uyğun şəkildə ayrılan torpaq sahələri başa düşülür.
46. Eyni zamanda məhkəmə kollegiyasının sorğusuna əsasən hazırkı iş üzrə əsas sənəd kimi istinad edilən Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin 14 sentyabr 1995-ci il tarixli sərəncamının verilməsinə əsas olan sənədlər X6 filialından tələb edilmiş və 27.12.2021-ci il tarixli sorğuya cavab məktubuna əlavə edilmiş sənədlərdə Quba şəhərində fərdi mənzil tikintisi üçün torpaq sahəsi almaqdan ötrü növbədə olan vətəndaşlara torpaq sahəsinin ayrılması üçün müvafiq qərar qəbul edilməsi, heç də Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinə torpaq ayırma səlahiyyətini vermək anlamını vermir(i.v.70-82).
47. Beləliklə, məhkəmə kollegiyası hazırkı qərarın 32-36-cı bəndlərində istinad edilən qanun normalarının tələbləri baxımından cavabdeh İdarə tərəfindən iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə dair təqdim etdiyi sərəncam səlahiyyəti olmayan orqan tərəfindən verildiyindən həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni hesab edilməli, bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməklə Sumqayıt İnzibati Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2- 1(118)-1168/2021 saylı qərarı ləğv olunmalı və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2-1(118)-1168/2021 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.