Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-126/2023 17.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 19A nömrəli 0.06 ha-dan ibarət torpaq sahəsi üzərində Sumqayıt şəhəri 6 saylı notariat kontorunda rəsmiləşdirilmiş xx.xx.2005-ci il tarixli, 4Ə1/52 reyestr nömrəli bağışlama müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat zamanı buraxılmış yanlışlığın aradan qaldırılması və həmin torpaq sahəsi üzərində onun tam mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(118)-3034/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 19A nömrəli 0.06 ha-dan ibarət torpaq sahəsi üzərində Sumqayıt şəhəri 6 saylı notariat kontorunda rəsmiləşdirilmiş xx.xx.2005-ci il tarixli, 4Ə1/52 reyestr nömrəli bağışlama müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat zamanı buraxılmış yanlışlığın aradan qaldırılması və həmin torpaq sahəsi üzərində onun tam mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 19A nömrəli 0.06 ha torpaq sahəsini Sumqayıt şəhəri 6 saylı notariat kontorunda rəsmiləşdirilmiş xx.xx.2005-ci il tarixli torpağın bağışlama müqaviləsi əsasında əldə etmişdir. Həmin dövrdə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını aparan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən həmin müqavilə əsasında hüququn qeydiyyatı aparılmış və xx.xx.2005-ci il tarixli JN-1281 KOD ********* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Uzun zaman sonra o sənədlərə baxarkən müəyyən etmişdir ki, daşınmaz əmlak üzərində həmin zaman onunla birlikdə, yaşadığı mənzildə qeydiyyatda olan ailə üzvləri daşınmaz əmlakın dövlət reyestrini aparan idarə tərəfindən mülkiyyətçi qismində qeydiyyata alınmışlar. Sözügedən torpaq sahəsininin bağışlanması zamanı hüquq əldə edən şəxs qismində iddiaçı iştirak etmişdir, bağılayan şəxs ilə aralarında müqavilə bağlanmış lakin, qeydiyyat orqanı səhvən yaşayış yeri üzrə arayış əsasında onunla birlikdə qeydiyyatda olan ailə üzvlərini də mülkiyyətçi qismində reyestrə daxil etmişdir. Bununla da onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrini aparan qurum tərəfindən kobud şəkildə pozulmuşdur. Qeyd olunan yanlışlığın aradan qaldırılması üçün xx.xx.2022-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə xx.xx.2005-ci il tarixli JN-1281 KOD ********* saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni əlavə edərək cavabdehdən tələb etmişdir ki, yuxarıda qeyd olunan yanlışlığı aradan qaldıraraq bağışlama müqaviləsi əsasında hüquq əldə etmiş şəxs olaraq onun mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ona təqdim olunsun. Məlumdur ki, cavabdeh əvvəllər daşınmaz əmlak üzərində qeydiyyatı aparan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin hüquqi varisidir. Lakin, cavabdeh tam əsassız olaraq 24 avqust 2022-ci il tarixli bildirişlə ona bildirmişdir ki, düzəliş üçün ümumi qaydada məhkəməyə müraciət etməlidir.
3. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən 19A nömrəli 0.06 ha torpaq sahəsinə dair verilmiş şəhadətnamədə yalnışlıqla qeyd olunan adların silinərək düzəliş edilməsi barədə xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Bununla əlaqədar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil bildirilmişdir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 19A nömrəli 0.06 ha torpaq sahəsi Sumqayıt şəhər 6 saylı dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2005-ci il tarixli, 4Ə1/52 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında ümumbirgə mülkiyyət hüququ üzrə İddiaçı, Seyfullayev Ə.Q., Seyfullayev İ.Ə., Seyfullayev T.Ə..Seyfullayev İ.F., Seyfullayev T.Q., Seyfullayev Zərniyar Z., Seyfullayev Rəşid Q., Seyfullayev Bəşir T. və Seyfullayeva Aygül T. adına ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sumqayıt şəhər şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixli, JN-1281, KOD 30900026 saylı, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər.
4. Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(118)-3034/2022 nömrəli qərardadı ilə (hakim İsmayıl Quliyev) iddia mümkün sayılmamışdır.
5. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qəradadı əsaslandırarkən qeyd edir ki, iddiaçının tələbi onun inzibati orqana müraciəti ilə eyni deyil. Guya iddiaçı inzibati orqana müraciətini məhkəməyə təqdim etməmişdir. Halbuki, inzibati orqana daşınmaz əmlakın qeydiyyatı zamanı buraxılmış səhvin aradan qaldırılması barədə müraciət edilmiş və bu müraciətdən imtina edildiyi səbəbindən haqlı olaraq inzibati qaydada məhkəməyə müraciət edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı yalnız daşınmaz əmlakın üzərində hüquqları təsdiq edən şəhadətnamədə yanlışlığın aradan qaldırılması barədə müraciət etmişdir və sonradan belə bir əsaslandırma ilə çıxış edir ki, hüquqların qeydiyyatını rəsmiləşdirilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğundan bu düzəlişi aparan orqan mövcud olmadığına görə həmin iddia ilə inzibati məhkəmə qaydasında baxılması mümkün sayıla bilməz. Onda belə başa düşülür ki, vətəndaş halhazırda daşınmaz əmlak üzərində hüququn qeydiyyatını tədqiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı xx.xx.2022-ci il tarixdə əldə edir və xx.xx.2022-ci il tarixdə həmin idarə ləğv olunur və daşınmaz əmlakın dövlət reyestrini rəsmiləşdirən orqan yenidən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və yaxud tamamilə başqa yeni bir adla adlanır. Hüquqların qeydiyyatı zamanı buraxılmış səhvə görə kim məsuliyyət daşıyacaq. Qanunverici yanlışlığın aradan qaldırılması üçün cavabdeh orqana hər bir səlahiyyət vermişdir. Vətəndaş mülkiyyət hüququnu notariat qaydasında rəsmiləşdirilmiş müqavilə əsasında əldə edib. Lakin hüquqların qeydiyyatını rəsmiləşdirən qurum hüquqların qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənəddə göstərilən şəxsi deyil onunla bərabər bu hüququ əldə etməmiş kənar bir şəxsləri də mülkiyyətçi qismində daşınmaz əmlakın qeydiyyatının rəsmiləşdirildiyi bazaya (qeydiyyatın rəsmiləşdirildiyini təsdiq edən kağız daşıyıcıya, elektron daşıyıcıya və müvafiq reyestr kitabına) salmışdır. Yəni qeydiyyatın yanlışlığı təkcə kağız daşıcıda deyil, həm elektron daşıyıcıda, həm də reyestr kitablarında buraxılmışdır. Məhkəmə qərardadı əsaslandırarkən qeyd edir ki, cavabdehə müraciəti dövlət reyestrində düzəlişin aparılması barədə müraciət kimi qəbul etmək olmaz. Halbuki, əvvəllər ayrı-ayrı reyestr orqanları tərəfindən aparılmış qeydiyyat hal-hazırda qeydiyyatı rəsmiləşdirən qurumun verdiyi sənədə bərabər tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4-cü maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Məhkəmə səhv qənaətə gəlmişdir ki, cavabdeh olan inzibati orqanın 2006-cı ilin iyulun 6-dək qeydə alınmış hüquqları dəyişdirmək hüququ yoxdur. Hərçənd ki, burada hüquqların dəyişdirilməsindən söhbət getmir. Çünki bu hüquq alğı-satqı müqaviləsi əsasında yaranıbsa o müqavilədə hüquq əldə edən İddiaçıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövət reyestri haqqında” Qanunun 9.5-ci maddəsinin tələbinə əsasən hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Həmin Qanunun 16.6-cı maddəsinə görə dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab olunur. Qanunvericiliyin qeyd etdiyi bu normalarına əsasən müəyyən edilir ki, cavabdehə müraciət edərək daşınmaz əmlak üzərində hüququn qeydiyyatı zamanı buraxılmış səhvin aradan qaldırılması tələbini irəli sürməyinin və cavabdehin bu yanlışlığı aradan qaldırılması üçün qanuni əsasları mövcuddur. Bu açıq aşkardır ki, ona məxsus daşınmaz əmlak üzərində qeydiyyatın aparılması zamanı kobud səhvə yol verilmişdir və qeydin dəyişdirilməsinə təsbit olunmuş əsaslar vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır (...)
Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır (...)
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat (...) 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 dekabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
13. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır: 1) iddiaçının tələbi ilə onun inzibati orqana müraciəti eyni deyildir; 2) iddiaçı hal-hazırda mövcud olmayan orqan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi torpağın mülkiyyətə verilməsinə dair JN-1281H saylı şəhadətnamədə düzəliş edilməsini inzibati orqandan istəmişdir ki, bu düzəlişi aparacaq orqan hazırda mövcud olmadığına görə həmin iddiaya da inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayıla bilməz; 3) hazırkı mübahisəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 16-ci maddəsi tətbiq edilə bilməz. Dövlət reyestrində düzəlişlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə mindiyi dövrdən sonra, daşınmaz əmlakın vahid reyestrinin aparıldığı qeydiyyatlara şamil edilə bilər. Çünki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlasa da, həmin qanunun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları müəyyən etmiş, həmin əsaslar arasında 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələridə göstərilmişdir. Bu isə onu göstərir ki, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır, həmin sənədlərlə digər şəxslərin dövlət tərəfindən tanınmış hüquqları ancaq məhkəmə qaydasında mübahisələndirilə bilər, cavabdeh inzibati orqanın 2006-cı il iyulun 6-dək qeydə alınmış hüquqları dəyişdirmək səlahiyyəti yoxdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın belə bir səlahiyyəti olsa belə, iddiaçı iddia ərizəsindəki tələbi ilə inzibati orqana müraciət etməmişdir.
14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir:
15. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 5 fevral Fərmanı ilə ləğv edilmişdir.
16. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra - Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir;
17. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi”nə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək;
18. İş materiallarından görünür ki, iddiaçının inzibati orqana müraciəti torpaq sahəsinə dair dövlət reyestrində aparılmış qeydiyyat zamanı sənəddə buraxılmış yanlışlığın aradan qaldırılaraq daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi haqqında olmuşdur.
19. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə müvafiq olaraq məhkəmə aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında proses iştirakçılarına yardım etməyə borcludur.
20. Halbuki mübahisənin düzgün həlli, həmçinin tərəflər arasında yeni mübahisənin (məhkəmə icraatının) yaranmasına səbəb ola bilən halların aradan qaldırılması üçün məhkəmə icraatı çərçivəsində həmin məsələlərə tərəflərin iştirakı ilə aydınlıq gətirilməli, zərurət yarandığı halda, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı iddiaçıya yardım edilməli idi. Məhkəmənin bu qaydada davranmaq vəzifəsi İPM-in 13-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçının tələbinin dəqiqləşdirilməsi istiqamətində göstərilən yardım isə onun hüquqi marağına uyğun olmalıdır. İddiaçının hüquqi marağı baxımından aparılan qiymətləndirmə isə onu tələb edir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tərəflərin bu barədə bildirməsindən asılı olmayaraq şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 saylı qərarının 6-cı bəndində də məhkəmələrə bu məzmunda tövsiyələr verilmişdir.
21. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, tərəflər arasında yaranmış mövcud iddia tələbi üzrə mübahisənin predmeti cavabdehin publik hüquq sahəsindəki hərəkətindən (hərəkətsizliyindən) irəli gəldiyindən hazırkı iddia inzibati icraat qaydasında baxılmalı olan iddiadır və yuxarıda qeyd edilən xüsusatlar, habelə iddiaçının hüquqi marağına uyğun əldə etmək istədiyi yekun nəticə nəzərə alınmaqla və ona müvafiq hüquqi yardım göstərilməklə işə inzibati icraat qaydasında baxılmalıdır.
22. Odur ki, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin iddianın mümkün sayılmaması barədə xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(118)-3034/2022 nömrəli qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.