Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-126/2025 16.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X5 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı, onun nümayəndələri və vəkilləri Vəkil1 və Vəkil3, Üçüncü şəxs “Azəri qardaşları” Özəl Ticarət Mərkəzinin nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Azəri qardaşları” Özəl Ticarət Mərkəzinin adına Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilən, inventar nömrəsi 119, qeydiyyat nömrəsi 71a olan texniki pasportun – İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 584.1 kv m olan qeyri-yaşayış sahəsi və icarəsində olan 1.81222 ha torpaq sahəsi ilə üst-üstə düşən (ziddiyyət təşkil edən) və iddiaçının adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli inventar nömrəsi 9711 olan texniki pasportda qeyd edilən əmlak və torpaq sahəsinin texniki göstəricilərini özündə əks etdirən hissəsində ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2-1(118)-4334/2024 nömrəli qərarından üçüncü şəxs “Azəri qardaşları” Özəl Ticarət Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Azəri qardaşları” Özəl Ticarət Mərkəzinin adına tərtib edilmiş dekabr 1998-ci il tarixli texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini Sumqayıt İnzibati Məhkəməsindən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Azəri qardaşları” Özəl Ticarət Mərkəzinin adına Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilən, inventar nömrəsi 119, qeydiyyat nömrəsi 71a olan texniki pasportun – İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 584.1 kv m olan qeyri-yaşayış sahəsi və icarəsində olan 1.81222 ha torpaq sahəsi ilə üst-üstə düşən (ziddiyyət təşkil edən) və iddiaçının adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli inventar nömrəsi 9711 olan texniki pasportda qeyd edilən əmlak və torpaq sahəsinin texniki göstəricilərini özündə əks etdirən hissəsində ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən 584 kv m qeyriyaşayış sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı X2 mülkiyyətindədir. Həmin əmlakın yerləşdiyi 1,81222 ha torpaq sahəsi iddiaçının Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağladığı xx.xx.2017-ci il tarixli, 336 saylı icarə müqaviləsinə əsasən Komitə tərəfindən onun icarəsinə verilmişdir. Onun icarə hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış və müvafiq olaraq xx.xx.2017-ci il tarixli RX seriyalı, ******* saylı çıxarış təqdim edilmişdir. Qanuni qüvvəyə minmiş Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2- 2(119)-15/2020 nömrəli qətnaməsinə əsasən iddiaçının cavabdeh “Azəri qardaşları” Özəl Ticarət Mərkəzinə qarşı iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququna və obyektin yerləşdiyi 1.81222 ha torpaq sahəsi üzərində istifadə hüququna qəsdə son qoyulması tələbiə dair iddiası təmin edilmişdir. Qanuni qüvvəyə minmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(82)-1632/2015 saylı qətnaməsindən görünür ki, iddiaçılar Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının və “Azərittifaq”ın Xaçmaz rayon İstehsal-İstehlak Kooperativinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə qarşı ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə dair icarə müqaaviləsinə 3159.49 kv m torpaq sahəsindən artıq hissədə xitam verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-569/2023 saylı, 22 noyabr 2023-cü il tarixli qərardadı ilə iddia tələbinin mümkünsüz sayılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-302/2024 saylı, 19 mart 2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-569/2023 saylı, 22 noyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi, inzibati işin yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-2855/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 584 kv m qeyri-yaşayış sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı X2 mülkiyyətindədir. Həmin əmlakın yerləşdiyi 1,81222 ha torpaq sahəsi iddiaçının Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağladığı xx.xx.2017-ci il tarixli, 336 saylı icarə müqaviləsinə əsasən Komitə tərəfindən onun icarəsinə verilmişdir. Onun icarə hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış və müvafiq olaraq xx.xx.2017-ci il tarixli RX seriyalı, ******* saylı çıxarış təqdim edilmişdir. Həmin ərazi 1958-ci ildə inşa edilmiş keçmiş bazar olub və 1998-ci ildə iddiaçının anası tərəfindən özəlləşdirilərək bazarın müdiri də özü olmuşdur. Üçüncü şəxsin tikili altında olan cəmi 0,24 ha torpaq sahəsi vardır. Həmin tikilini Maraqlı şəxs2 atası “Azərittifaq”dan almış, sonra isə oğluna bağışlamışdır. 1998-ci ildən bu vaxta qədər həmin ərazinin adı “Azəri qardaşları” ÖTM kimi göstərilmişdir. Həmin ərazi bazarın orta hissəsində yerləşdiyindən iddiaçının anası qonşuluq xətrinə giriş-çıxış üçün qapı hissəsini onlara vermişdir. Sonra üçüncü tərəf həmin ərazidə 0.84 ha torpaq sahəsinə malik olmasına dair sənəd hazırlamağa cəhd etmiş və həmin sahəni texniki pasportuna saldırmışdır. Cavabdehin təqdim etdiyi texniki pasport Maraqlı şəxs2 adına tərtib edilib ki, bu qətiyyən belə ola bilməz. Ona görə ki, 1998-ci ildə ərazi Mübarizə deyil, onun atasına məxsus olmuşdur. Atası isə oğluna həmin ərazini 2000ci ildə bazar özəlləşəndən sonra vermişdir. Cavabdeh həmin ərazidən 13 kv m torpaq sahəsini qanunsuz olaraq Nəsib Mahmudov adlı bir nəfərə satmışdır. Hazırkı mübahisə də o səbəbdən yaranıb ki, üçüncü tərəf iddiaçı tərəfin ərazisini zəbt edib onlara işləməyə imkan vermir, öz sahələrində işlətdikləri ustaları qovur və həmin torpaq sahəsinə çıxarış almaq istəyir. Üçüncü şəxs onların ərazisini zəbt edərək, işlərinə mane olduğuna görə polisə müraciət etmiş və onun müraciəti əsasında Maraqlı şəxs2 barəsində Xaçmaz RPŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə cinayət işi açılmışdır. İddiaçı tərəfindən 2019-cu ilin iyul ayında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilmiş, məhkəmə tərəfindən iddiaçının qonşuluğunda, qanuni istifadəsində olan torpaq sahəsinə açılan giriş-çıxış qapılarını nəzərdə tutan texniki pasport tərtib edilməsi prosesinə iddiaçının iştirakı olmadan başlamaqdan çəkinmə vəzifəsi cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən “Azəri qardaşları” ÖTM üçün yeni texniki pasport hazırlanması prosesinə başlanması müəyyən şübhəli göstərişlər verilməsi ilə başlanıldı. İddiaçının guya texniki pasportun çəkilməsi prosesində iştirak etməkdən imtina etməsi, sonra iştirakının yalnız mübahisəli qapıların çəkilməsi ilə məhdudlaşdırılması, daha sonra isə ümumiyyətlə, iştirakının qarşısını almaq üçün etdiklərinin səbəbləri vardır. Əsas məsələ 24 sentyabr 2021-ci il tarixində vəkil ilə birlikdə cavabdeh orqanda olarkən “Azəri qardaşları” ÖTM-nin idarənin arxivində saxlanılan surətinin saxtalaşdırılması barədə iddiaçının məlumat verməsidir. “Azəri qardaşları” ÖTM yeganı sənəd nüsxəsi cavabdehin arxivdə saxlanıldığı və Mənzik Kommunal Təsərüfat Komitəsi Baş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edildiyi iddia edilən inventar nömrəsi 119, qeydiyyat nömrəsi 71a olan texniki pasportdur. Üçüncü şəxslər həmin sənədə istinad edərək iddiaçının qanuni sahibliyində olan torpaq sahəsinə müdaxilə edirlər, ona qarşı müxtəlif iddialar qaldıraraq lüzumsuz məhkəmə məhkəmə mübahisələrinə cəlb edirlər. Cavabdeh orqan büyün hallarda ən azı səlahiyyətsiz orqanın verdiyi qərar əsasında tərtib edilmiş və dövlət reyestrində qeydiyyatı olmayan əmlakın texniki göstəricilərini özündə əks etdirən “Azəri qardaşları” Özəl Ticarət Mərkəzinin adına tərtib edilmiş texniki pasportu ləğv etməlidir. Cavabdeh orqana da məlumdur ki, texniki pasportun tərtibi üçün qərar qəbul etmiş orqan, “Azərittifaq”ın kolxiz bazarlarının əmlakları barədə sərəncam vermək səlahiyyəti olmamış onun qərarı qanunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli Qərarının 1-ci bəndinə əsasən xx.xx.1993-cü il tarixdə mübahisəli texniki pasportun aid edildiyi Xaçmaz bazarı əmlak və əsas vəsaitləri ilə birlikdə Xaçmaz rayon İcra Hakimiyyətinə təhvil verilmişdir. Bu hal qanuni qüvvəyə minmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə də müəyyən edilmişdir. Göstərilən halları əsas tutaraq iddiaçı texniki pasportun onun qanuni sahibliyində (icarəsində) olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh imtina cavabı verdiyindən hazlrki iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak, üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanununun 2.4-cü maddəsinə görə isə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İdarəyə daxil olmuş məhkəmə bildirişinə və iddia ərizəsinə əsasən müəyyən olunmuşdur ki, ərizədə qeyd edilən daşınmaz əmlakla bağlı məhkəmə mübahisəsi mövcuddur. Bununla bağlı ərizənin icrası mümkün olmamışdır. Bundan başqa cavabdeh iddianın mübahisələndirmə növünə aid olduğunu bildirərək iddiaçı tərəfindən iddia müddətinin buraxılmasına istinad etmişdir. Üçüncü şəxslərin iddia tələbinə dair etirazının dəlilləri Üçüncü şəxs qisimində cəlb edilmiş “Azəri qardaşları” Özəl Ticarət Mərkəzinin nümayəndəsi iddia ərizəsinə etirazında bildirmişdir ki, iddiaçı mübahisələndirilən texniki pasportun onun hüquqlarına toxunmasını sübut edə bilmir. Belə ki, iddiaçıya torpaq sahəsi xx.xx.2017-ci il tarixli 336 saylı icarə müqaviləsi əsasında ayrılmışdır. Bu isə o deməkdir ki, iddiaçının xx.xx.2017-ci il tarixədək (1998-ci ildə) həmin torpaq sahəsi üzərində istifadə hüququ olmamışdır. Texniki pasport tərtib edilən zaman iddiaçının torpaq sahəsi üzərində hər hansı hüquqa malik olmadığından iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yaranmamışdır. Bununla bağlı iddia mümkün sayılmamalıdır. Üçüncü şəxs qismində cəlb edilmiş Maraqlı şəxs2 nümayəndəsi iddianı qəbul etmədi və oxşar dəlillər izrə izahat verərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 4334/2024 saylı, xx.xx.2024-cü il qərarı ilə iddia təmin edilmiş, “Azəri qardaşları” Özəl Ticarət Mərkəzinin adına Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilən, inventar nömrəsi 119, qeydiyyat nömrəsi 71a olan texniki pasport – İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 584.1 kv m olan qeyri-yaşayış sahəsi və icarəsində olan 1.81222 ha torpaq sahəsi ilə üst-üstə düşən, iddiaçının adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli inventar nömrəsi 9711 olan texniki pasportda qeyd edilən əmlak və torpaq sahəsinin texniki göstəricilərini özündə əks etdirən hissədə ləğv edilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, texniki pasport və plan-ölçü əslində çıxarışın aid olduğu əmlakı fərdiləşdirməyə imkan verən texniki göstəriciləri özündə əks etdirir. Bu baxımdan da həmin sənədlər çıxarışın tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Hazırki mübahisə ilə bağlı məhkəmə araşdırması zamanı aydın olmuşdur ki, çıxarış əsasında X2 icarəsində olan ümumi sahəsi 584.1 kv m olan qeyri-yaşayış sahəsi və icarəsində olan 1.81222 ha torpaq sahəsi ilə, “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin adına Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilən, inventar nömrəsi 119, qeydiyyat nömrəsi 71a olan texniki pasportda qeyd edilən texniki göstəricilər üst-üstə düşür. Qərardan narazı qalan üçüncü şəxs “Azəri qardaşları” Özəl Ticarət Mərkəzinin nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs “Azəri qardaşları” Özəl Ticarət Mərkəzinin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, ilk öncə məhkəmə hüquqmüəyyənedici sənədlərdən hansının daha əvvəl verilməsi məsələsinə diqqət yetirməli idi. Belə ki, “Azəri qardaşları” Özəl Ticarət Mərkəzinin təsisçisinin adına verilən ilkin sənədlər hələ 1998-ci ildə verilmiş və nəticə etibarı ilə mülkiyyət hüquqları qeydə alınmışdır. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakıın xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatın43443a mütləq cəlb edilməli olduğu halda birinci instansiya məhkəməsi bu prosessual normanı pozaraq əmlakın hazırki mülkiyyətçisi olan Maraqlı şəxs2 inzibati məhkəmə icraatına cəlb edilməmişdir. Elə bu halın özü birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə etirazını onunla əsaslandırmışdır ki, hazırkı işdə və digər məhkəmə mübahisələrində üçüncü şəxs elə davranır ki, sanki mübahisələndirilən texniki pasportda göstəriciləri qeyd edilən əmlaklarla bağlı hüquqları dövlət qeydiyyatına alınmışdır. Halbuki, həmin texniki pasportun əsl nüsxəsi mövcud deyildur. Üçüncü şəxsin özünə də məlumdur ki, texniki pasportun tərtibi üçün qərar qəbul etmiş Azərittifaqın kolxoz bazarlarının əmlakları barədə sərəncam vermək səlahiyyəti və həmçinin texniki pasportu tərtib edən və qeydiyyat vəsiqəsini verən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfat Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin də bu sənədləri vermək səlahiyyəti olmamışdır. Həmin dövrdə bu cür sənəd vermək səlahiyyəti olan orqan Dövlət Əmlak Komitəsi olmuşdur. Texniki pasportun üz səhifəsində pasportun tərtibinə əsas kimi, “Azərittifaq”ın İdarə Heyətinin xx.xx.1997-ci il tarixli və 26 saylı qərarı qeyd edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1992-ci il tarixli 332 nömrəli Fərmanının 2-ci bəndinə əsasən: Azərbaycan Respublikasında bazarlar müəyyən edilmiş qaydada Azərittifaqın tabeçiliyindən çıxarılaraq müvafiq yerli icra hakimiyyəti orqanlarının tabeçiliyinə verilsinlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında kolxoz bazarları müəyyən edilmiş qaydada Azərittifaqın tabeçiliyindən çıxarılaraq müvafiq yerli icra hakimiyyəti orqanlarının tabeçiliyinə verilsin. Qeyd edilən normaların tələbinə uyğun olaraq xx.xx.1993-cü ildə mübahisəli texniki pasportun aid edildiyi Xaçmaz bazarı əmlak və əsas vəsaitləri ilə birlikdə Xaçmaz Rayon İcra Hakimiyyətinə təhvil verilmişdir. Mübahisəli texniki pasportun tərtibi üçün əsas olmuş qərarın qanunsuzluğu qanuni qüvvəyə minmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi və həmin qətnamənin qüvvədə saxlanılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 mart 2016-cı il tarixli 2-2(102)-80/2016 nömrəli qərarı ilə müəyyən edilmişdir. Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin dövlətə məxsus əmlakın özəlləşdirilməsi və ya alqı-satqısı və qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsinə dair sənədlər əsasında hüquqi və ya fiziki şəxslərin mülkiyyət hüququnu qeydiyyata almaq, rəsmiləşdirmək, o cümlədən “Azəri qardaşları” Özəl Ticarət Mərkəzinin adına qeydiyyat vəsiqəsi və texniki pasport vermək səlahiyyətləri olmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 fevral tarixli 438 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi haqqında» Əsasnamənin İİ bölməsinin 3-cü bəndinə əssən Qeyri dövlət hüquqi şəxslərinin və fiziki şəxslərin əmlak üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi səlahiyyətləri ancaq Əmlak Komitəsinə məxsus olmuşdur. Texniki pasportda qeyd edilən əmlak və torpaq sahəsi ilə bağlı hüquqlar qeydiyyata alınmamışdır. Mübahisələndirilən texniki pasportdan görünür ki, qeydiyyata alınmamış əmlaklar, o cümlədən həmin texniki pasportun 4-cü vərəqində “İİİ” şərti işarə ilə işarələnmiş və 13-cü vərəqəsində “spesifikasiya” cədvəlində 5975.1 kv.m olmaqla “A”, “B” və “İ” şərti işarə ilə işarələnmiş “spesifikasiya” cədvəlində ticarət mərkəzi “A”, ticarət mərkəzi-anbar “B”, Yarımçıq tikili “İ”-in çöl divarları boyunca qırıq-qırıq xətlərlə göstərilmiş hissələrdə daxil olmaqla həyətyanı və istifadəsində olan torpaq sahəsi kimi qeyd edilmişdir (həmin torpaq sahəsi iddiaçının icarəsində olan 1.81222 ha torpaq sahəsi ilə üst-üstə düşür). Həmin texniki pasportda həyətyanı torpaq sahəsinin ölçülərinin 5975.1 kv m olması görünür. Məhkəmə araşdırması topanan bütün sübularla təsdiq edilir ki, üçüncü şəxsin mülkiyyətində, istifadəsində hər hansı torpaq sahəsi mövcud deyil və bununla bağlı hər hansı hüquq qeydiyyata alınmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, nümayəndələri və vəkilləri Vəkil1 və Vəkil3 apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil4 izahat verərək, üçüncü şəxs “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin nümayəndəsinin apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 24.1 İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3 İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanin mümkünlüyü, apellyasiya baxişinin hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli qərardadı ilə Maraqlı şəxs2 zəruri, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti isə adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, mübahisə predmeti olan torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 336 saylı, xx.xx.2017-ci il tarixli icarə müqaviləsi əsasında İddiaçı icarəsinə verilmiş və müvafiq olaraq iddiaçının adına ******* RX seriyalı, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarış verilmişdir. Eyni zamanda cavabdeh tərəfindən əmlak kompleksinə dair texniki göstəriciləri özündə əks etdirən 9711 inventar nömrəli, xx.xx.2017-ci il tarixli texniki pasport da təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında mənzil kommunal təsərrüfat komitəsi baş dövlət texniki invertarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən tərtib edilmiş qeyri-yaşayış binasının pasportundan görünür ki, 1998-ci il dekabr ayına olan Xaçmaz şəhəri 18-ci məhəllədə “Azəri qardaşları” özəl ticarət mərkəzinin texniki pasportu olmaqla tərtib edilməsinə əsas: Azərittifaq idarə heyətinin xx.xx.1997-ci il tarixli 126 saylı və Xaçmaz RİC-nin 30 iyun 1997-ci il tarixli qərarları, daha sonra Xaçmaz rayon 1-ci Dövlət notariat kontorunun xx.xx.2002-ci il tarixli müqaviləsi olmuşdur. Həmin pasportun spesifikasiya cədvəlində: ticarət mərkəzi-800,6; anbar-903,9; yarımçıq tikinti-721,5; hasar12; həyət-5975,1; cəmi 8413,1 kimi qeyd edilmişdir. İş materiallarından görünür ki, iddiaçı Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilən, inventar nömrəsi 119, qeydiyyat nömrəsi 71a olan üçüncü şəxsin adına tərtib edilmiş texniki pasportun, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 584.1 kv m olan qeyriyaşayış sahəsi və icarəsində olan 1.81222 ha torpaq sahəsi ilə üst-üstə düşən və onun adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli inventar nömrəsi 9711 olan texniki pasportda qeyd edilən əmlak və torpaq sahəsinin texniki göstəricilərini özündə əks etdirən hissəsində ləğv edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 23 noyabr 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsası kimi tərəflər arasında mübahisənin mövcud olmasına və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edildiyinə istinad edərək ərizənin icrasının mümkün olmadığını qeyd etmişdir. Cavabdeh inzibati orqan özünün xx.xx.2025-ci il tarixli 3-2-1-3-34/2-1545/2025 saylı məktubunda qeyd etmişdir ki, Xaçmaz rayon 1 saylı dövlət notariat konturunun xx.xx.2002-ci il, 43-2-162 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında verilmiş xx.xx.2002-ci il tarixli, 71 a nömrəli “Qeydiyyat vəsiqəsi” və 119 inventar nömrəli texniki pasport “Azəri Qardaşları” ÖTMnin adına verilmişdir. Xaçmaz rayon 1 saylı dövlət notariat konturunun xx.xx.2002-ci il, 43-2- 162 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında “Azəri qardaşları” ÖTM-nin əmlak üzərində hüquqları qeydə alınaraq xx.xx.2002-ci il tarixli, 71a nömrəli “Qeydiyyat vəsiqəsi” verilmiş və “Azəri Qardaşları” ÖTM-nin adına tərtib edilmiş 1998-ci il tarixli daşınmaz əmlakın texniki pasportunun üzərində müvafiq qeydlər aparılmışdır. “Azəri Qardaşları” ÖTM Xaçmaz rayonu, 18-ci məhəllədə yerləşən ümumi sahəsi 858.8 kv m, ticarət sahəsi 710.3 kv m olan qeyri-yaşayış binasından ümumi sahəsi 13.0 kv metr, əsas sahə 13.0 kv m hissəsini Xaçmaz rayon 1 saylı notariat kontorunun xx.xx.2003-cü il tarixli, 4Ə/2-299 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X6 adına özgəninkilədirilmiş, xx.xx.2019-cu il tarixli , ********** qeydiyyat nömrəli, **********57-06301-083001 reyestr nömrəli çıxarışla X6 mülkiyyət hüquqları tanınmışdır. İş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 20.09.203-cü il tarixdə verilmiş mütəxəssis rəyindən görünür ki, müayinə zamanı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı İdarəsi tərəfindən“Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin adına tərtib edilmiş dekabr 1998-ci il tarixli texniki pasportda göstərilən 5975.1 kvadrat metr torpaq sahəsinin bütövlükdə RX seriyalı 1182608-saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reysetrindən” Çıxarışa əsasən İddiaçı icarəsində olan 1.81222 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Qeyd olunmalıdır ki, apellyasiya şikayətinin dəlilləri hazırki iddianı qaldırmaq üçün iddiaçının subyektiv hüquqa malik olmaması və mübahisə predmeti olan torpaq sahəsinin üzərində yerləşən daşınmaz əmlakn hazırki mülkiyyətçisi olan Maraqlı şəxs2 inzibati məhkəmə icraatına cəlb edilməməsindən ibarətdir. Apellyasiya şikayətinin birinci dəlili ilə bağlı qeyd olunmalıdır ki, hazırki iddia həmin əsasla Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-569/2023 saylı qərardadı ilə mümkün sayılmamışdır. Lakin göstərilən qərardad Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə ləğv edilmiş, məhkəmə kollegiyası iddiaçının hazırki iddianı qaldırmaq səlahiyyətinə malik olduğu qənaətinə gələrək işin baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını qərara almışdır. Apellyasiya şikayətinin ikinci dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Maraqlı şəxs2 məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, məhkəmə iclasında iştirakı təmin edilmiş, dinlənilmiş, daha sonra nümayəndəsi və vəkili vasitəsi ilə təmsil olunmuşdur. Göstərilənlərdən başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, üçüncü şəxsin adına 1998-ci ilin dekabr ayında tərtib edilmiş texniki pasportda torpaq sahəsinin “ümumi sahəsi” qrafasında 8413.1 kv m qeydinin əsassızlığı qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə təsdiq edilmişdir. Əvvəla, iddiaçılar Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının və Azərittifaqın Xaçmaz rayon İstehsal-İstehlak Kooperativinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə qarşı ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə dair icarə müqaviləsinə 3156.49 kv m torpaq sahəsinə dair icarə müqaviləsinə 3156.49 kv m torpaq sahəsindən artıq hissədə xitam verilməsi tələbinə dair iddiası üzrə qanuni qüvvəyə minmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(82)- 1632/2015 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, “Xaçmaz rayon XDS İK-nin xx.xx.1958-ci il tarixli 40 saylı və xx.xx.1987-ci il tarixli 15 saylı protokol qərarı ilə 2.5 ha torpaq sahəsi Xaçmaz Kolxoz bazarının genişləndirilərək yenidən qurulması üçün ayrılmış, “Azərbaycan Respublikasında bazarların tabeliyinin dəyişdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli, 322 saylı Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 683 saylı Qərarına əsasən Azərbaycan Respublikasında bazarlar müəyyən edilmiş qaydada Azərittifaqın tabeliyindən çıxaılıb müvafiq yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilmiş, o cümlədən 03 fevral 1993-cü il tarixdə Xaçmaz kolxoz bazarı əsas vəsaitləri ilə birlikdə Xaçmaz rayon İcra Hakimiyyətinə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən qərarlarla 2.5 ha torpaq sahəsi məhz kolxoz bazarının ərazisinin genişləndirilməsi üçün Azərittifaqa ayrıldığından və sonradan həmin bazarlar Azərittifaqın tabeliyindən çıxarıldığından, iddiaçıların həmin qərarlara istinad etməklə torpaq sahəsi üzərində hazırki vaxtadək istifadə hüquqlarının qaldığını iddia etmələri əsassızdır. ….məhkəmə hesab edir ki, iddiaçıların icarəyə verilmiş torpaq sahəsi qzərində istifadə, icarə və mülkiyyət hüquqlarının mövcudluğu sübuta yetirilmədiyindən, mübahisələndirilən icarə müqaviləsinin bağlanması nəticəsində onların hər hansı hüquqları pozulmadığından, hazırki iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqlara malik olmamışlar”. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-15/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh "Azəri Qardaşları" Özəl Ticarət Mərkəzinə qarşı mülkiyyət və istifadə hüquqlarına qəsdə son qoyulması tələbinə dair iddiası təmin edilərək iddiaçı X2 iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququna və obyektin yerləşdiyi 1,81222 ha torpaq sahəsi üzərində istifadə hüququna qəsdə son qoyulması vəzifəsi "Azəri Qardaşları" Özəl Ticarət Mərkəzinə həvalə edilməsi qət edilmişdir. Qanuni qüvvəyə minmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2- 2(113)-3569/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı “Azəri qardaşları” Özəl Ticarət Mərkəzinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən X3) qarşı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə X4 arasında bağlanılmış ünvan 4 ünvanında yerləşən 18122,2 m2 torpaq sahəsinə dair 336 nömrəli, xx.xx.2017-ci il tarixli icarə müqaviləsi iddiaçı “Azəri qardaşları” Özəl Ticarət Mərkəzinin daimi istifadəsində olan torpaq sahəsinə aid 4332 m2 hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(102)-257/2023 saylı qərarında qeyd edilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, bu iddia tələbinin əsaslı olduğunu sübut etmək üçün iddiaçı məhkəməyə iddia etdiyi torpaq sahəsinin onun qanuni istifadəsində olması və istifadə hüququnun dövlət qeydiyyatına alınmasına dair sübutlar təqdim etməli idi. Lakin iddiaçının üçüncü şəxsə icarəyə verilmiş torpaq sahəsi üzərində hər hansı hüquq müəyyən edən sənədi yoxdur. İş materiallarına əlavə edilmiş sübutlara əsasən iddiaçının cavabdehlə üçüncü şəxs arasında bağlanmış icarə müqaviləsini mübahisələndirməyə subyektiv hüququ olduğu müəyyən edilmədiyindən iddianın rədd edilməsi barədə məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Subyektiv hüququn olmaması iddianın rədd edilməsi üçün müstəqil əsas olduğundan məhkəmə iş materiallarına əlavə edilmiş digər sənədlərə hüquqi qiymət verilməsini zəruri hesab etməmşdir. Kassator öz şikayətində apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyini tutarlı dəlillərlə təkzib edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə” 2008-ci il 30 iyul tarixli qərarında formalaşdırdığı hüquqi mövqelərə (bax yuxarıda § 48) görə, ...işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir...Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti ... hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun həmin hüquqi mövqelərinə istinadən hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində hər hansı hüququnun mövcudluğuna dair qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş hüquqmüəyyənedici sənəd(lər) təqdim etməsi işə baxan məhkəmələr tərəfindən müəyyən edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 49) uyğun olaraq tamamilə qanuni və əsaslıdır, bununla əlaqədar kassasiya şikayətinin dəlilləri üzrə ayrıca hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum yoxdur”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə araşdırması zamanı üçüncü şəxs “Azəri qardaşları” Özəl Ticarət Mərkəzinin adına tərtib edilmiş texniki pasportda torpaq sahəsinin “ümumi sahəsi” qrafasında göstərilən 5975.1 kv m qeydinin hansı əsasla aparılması sübuta yetmədiyindən və artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə üçüncü şəxsin mübahisəli torpaq sahəsinə ümumiyyətlə subyektiv hüququnun mövcud olmaması müəyyən edildiyindən birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsinə dair nəticəsi qanuni və əsaslı hesab edilməli, apellyasiya şikayəti təmin edilməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2-1(118)-4334/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-126/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-126/2025
16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver