Məhkəmə qərarları › İş №2-1(105)-1262/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1262/2025

23.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1262/2025 23.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı iş üzrə (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan və ölçünün verilməsi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-2511/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları **********78-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şamaxı şəhəri, Gənclər küçəsi, 17 saylı ev İddiaçı mülkiyyətindədir. Cavabdehin iddiaçıya ünvanladığı 26 iyul 2025-ci il tarixli imtina məktubundan görünür ki, Şamaxı şəhərində baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş mənzilinizin əvəzinə dövlət vəsaiti hesabına Azərbaycan Respublikasının rövqəladə Hallar Nazirliyi tərəfindən inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqlarınız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Sözügedən fərdi yaşayış evi 0,06 ha dövlət mülkiyyətinə aid torpaq sahəsi üzərində inşa olunmuşdur ki, həmin torpaq sahəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansında olan Hacı Məmmədov adına musiqi məktəbinin ərazisində yerləşir. Belə ki, qeyd edilən torpaq sahəsinin dövlət əmlakının registrindən çıxarılması üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həmin binaya dair zəruri sənədlər və məlumatlar Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim olunmalıdır. Eyni zamanda fərdi yaşayış evinin dövlət mülkiyyətində olan torpaq sahəsində inşası zamanı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyindən və Əmlak Məsələləri Dövlət Xidmətindən razılıq alınıb-alınmaması barədə məlumatın əldə edilməsi üçün Şamaxı Rayon İcra Hakimiyyətinə xx.xx.2023-cü il tarixində aidiyyəti üzrə sorğu ünvanlanmışdır. Sorğuya xx.xx.2023-cü il tarixli, 5-75-3/2- 674/2023 nömrəli məktubla rəsmi münasibət bildirilərək, fərdi yaşayış evinin Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa olunduğu, evin inşası zamanı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyindən və Əmlak Məsələləri Dövlət Xidmətindən razılıq alınıb-alınmaması barədə icra hakimiyyətində məlumatın olmadığı bildirilmişdir. Cavabdehin 23 dekabr 2025-ci il tarixli məktubundan görünür ki, məhkəmə predmeti olan köhnə musiqi məktəbinin ərazisində Şamaxı şəhərində baş vermiş zəlzələdən sonra yalnız İddiaçı adına fərdi yaşayış evi tikilmişdir. Sözügedən torpaq sahəsinin yaxınlığında yerləşən, musiqi məktəbinə bitişik olan qeyri-yaşayış sahələri üzərində Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 004109 nömrəli, xx.xx.2005-ci il tarixli, 004542 nömrəli Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamələr əsasında başqa şəxslərin mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən qeyri-yaşayış sahələrinin yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətindədir və icarə müqaviləsi əsasında istifadə olunur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “ünvan 3 ünvanda yerləşən faktiki istifadəsində olan 0,05626 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı şəhərində 2019-cu ilin fevral ayının 5də baş vermiş zəlzələ nətiəində ona məxsus olmuş fərdi yaşayış evi xəsarət alaraq yaşayışa tam yararsız vəziyyətə düşmüşdür. Dövlətin qayğısı ilə və dövlət vəsaiti ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor- Texnoloji İnistitutu tərəfindən 6832/21 nömrəli sifariş əsasında tərtib edilmiş Eskiz Layihəsinə uyğun olaraq 2019-2020-ci ildə fərdi yaşayış evi tikilərək ona təhvil verilmişdir. Həmin vaxtdan ailəsi ilə birlikdə dövlət tərəfindən tikilmiş yaşayış evində yaşayır.Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti dövlət vəsaiti ilə tikilmiş fərdi yaşayış evlərinin, coxmənzili yaşayış binalarının və onların yerləşdiyi torpaq sahələrinin vətəndaşların adına rəsmiləşdirilməsi, həmin daşınmaz əmlaklar üzərində vətəndaşların mülkiyyət hüququnun qeydiyyata alınması üçün lazımı hüququ bazanın yaradılması üçün bütün müvafiq sənədlər qəbul edilmişdir. ünvan 3 ünvanda yerləşən faktiki istifadəsində olan 0,05626 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də onun müraciəti müsbət həll edilməmişdir. Cavabdehin imtinası qanunsuzdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı Ərazi İdarəsinə müraciət edərək, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə yenidən baxış keçirərək, layihədə göstərilmiş koordinatlara uyğun düzgün, obyektib ölçü apararaq, torpaq sahəsinə dair vahid çıxarışın verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məlumat üçün bildirir ki, İddiaçı mülkiyyətində olan mənzil 2019-cu ildə Şamaxı şəhərində baş vermiş zəlzələ zamanı dağılmışdır. Zəlzələdən sonra Azərbaycan Respublikası Prezideninin Şamaxı şəhərinə səfəri zamanı İddiaçı qəbulda olmuşdur.Cənab Prezidentin göstərişinə əsasən İddiaçı Fövqaladə Hallar Nazirliyi tərəfindən yeni fərdi yaşayış evi inşa olunmuşdur.Qeyd olunan fərdi yaşayış evi köhnə musiqi məktəbinin yerində 0.06 ha dövlət mülkiyyətinə aid torpaq sahəsinin üzərində inşa olunmuşdur.Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2022-ci il tarixli, 1656 nömrəli Fərmanın icrası ilə bağlı təqdim olunmuş siyahıda İddiaçı adı qeyd olunmuşdur. İddiaçı inşa olunmuş fərdi yaşayış evinin üzərində onun mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəli ərizə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən fərdi yaşayış evi 0,06 ha dövlət mülkiyyətinə aid torpaq sahəsi üzərində inşa olunmuşdur ki, həmin torpaq sahəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansında olan Hacı Məmmədov adına musiqi məktəbinin ərazisində yerləşir. Belə ki, qeyd edilən torpaq sahəsinin dövlət əmlakının registrindən çıxarılması üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həmin binaya dair zəruri sənədlər və məlumatlar Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim olunmalıdır. Eyni zamanda bildiririk ki, fərdi yaşayış evinin dövlət mülkiyyətində olan torpaq sahəsində inşası zamanı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyindən və Əmlak Məsələləri Dövlət Xidmətindən razılıq alınıb-alınmaması barədə məlumatın əldə edilməsi üçün Şamaxı Rayon İcra Hakimiyyətinə xx.xx.2023-cü il tarixində aidiyyəti üzrə sorğu ünvanlanmışdır. Sorğuya xx.xx.2023-cü il tarixli, 5-75-3/2-674/2023 nömrəli məktubla rəsmi münasibət bildirilərək, fərdi yaşayış evinin Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa olunduğu, evin inşası zamanı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyindən və Əmlak Məsələləri Dövlət Xidmətindən razılıq alınıb-alınmaması barədə icra hakimiyyətində məlumatın olmadığı bildirilmişdir. İddiaçı iddia etdiyi 0.06 ha torpaq sahəsi dövlət mülkiyyətinə aid olduğu üçün onun ərizəsinin icrası mümkün olmamışdır. Üçüncü şəxsin iddia tələbinə dair etirazının dəlilləri Üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, mübahisə predmeti torpaq sahəsinin iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansında, yəni dövlət mülkiyyətində olması işin mübahisəsiz halıdır. Belə ki, həmin hal daşınmaz əmlakın dövlət reyestrinin aparılması sahəsində dövlət siyasətini həyata keçirən qurum - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsdiq edilir. Belə olan halda, mübahisə predmeti torpaq sahəsi yalnız özəlləşdirilmə yolu ilə iddiaçının mülkiyyətinə verilə bilər. Çünki Azərbaycan Respublikası Prezidentinin 2007- ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 5.9-cu bəndinə görə dövlət mülkiyyətində olan əsas vəsaitlərin qeyri-dövlət hüquqi şəxslərə və fiziki şəxslərə verilməsi Azərbaycan Respublikasının dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 2.2.3-cü yarımbəndinə əsasən dövlət mülkiyyətində olan sosial-mədəni təyinatlı müəssisə və obyektlərin özəlləşdirilməsi barədə qərar Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir. Göründüyü kimi, iddiaçı hazırda dövlətə - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə məxsus daşınmaz əmlaka iddia etməklə bununla əlaqədar mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş edir. Halbuki, həmin daşınmaz əmlak özəlləşdirilməyə çıxarılmamış, mövcud qanunvericiliklə iş üzrə cavabdeh 14 saylı Şamaxı Ərazi idarəsinə belə bir səlahiyyət verilməmiş, habelə məsələyə dair üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin razılığı alınmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2511/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mövcud mübahisənin ədalətli həll edilməsi məqsədilə məhkəmə tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi üçüncü şəxs qismində icraata cəlb edilmişdir. Üçüncü şəxs dövlət mülkiyyətində olan mübahisəli əmlakın özəlləşdirilməsinə etiraz etmişdir. Görünüdüyü kimi, mübahisə predmeti torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aid olması və həmin torpaq sahəsi özəlləşdirilməyə çıxarılmadığından iddiaçının tələbi təmin edilə bilməz. Hazırkı işdə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmiş və bu hal məhkəmə tərəfindən də öz təsdiqini tapmışdır. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, qeyd olunan olununan torpaq sahəsinin 0,439 ha hissəsi tamamilə öz torpaq sahəsi olmuşdur. Bununla bağlı texniki pasportu mövcud olmuş, çıxarışı ondan alsalar da, texniki pasport özündədir. Daha sonra yeni inşa olunan ev bir hissəsi yəni 0,161 ha hissəsi köhnə musiqi mətəbinin ərazisi olduğu iddia olunur. Hal-hazırda təxminən 15 ildir ki, dövlət tərəfindən musiqi məktəbinə başqa ərazi ayrılmış, musiqi məktəbi, işçilər və şagirdlərdə həmin binada fəaliyyət göstərirlər. Köhnə musiqi məktəbi söküldükdən sonra o, ərazi Dövlətin balansına keçmiş, yəni Mədəniyyət Nazirliyin balansından çıxmışdır. Eyni zamanda həmin ərazidə onun sağında, solunda və qarşı tərəfində olan evlər şəxsi mülkiyyət üzrə evlərinə çıxarış almışlar. Necə olur ki, həmin ərazilərə başqa şəxslər çıxarış aldığı halda ikili standart tətbiq olunub çıxarış verilmir. Həmçinin, köhnə musiqi məktəbinin ərazisi cəmi onun payına düşən bu 0,161 ha olub. Axı bu çox gülüncdür. Köhnə musiqi məktəbin yerinə düşən evlərə orada olan evlərdə daxil idi, onlar çıxarış alır o isə Cənab Prezidentin verdiyi 0,161 ha hissəyə çıxarış verilmir. Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndəsi X6 izahat verərək, izahatında mübahisənin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə digər üçüncü şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Maddə 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. Maddə 155.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onların növləri

2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Maddə 6.Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması; torpaq qanunvericiliyinin icrasını təmin edən normativ-hüquqi aktların qəbulu və onlara dəyişikliklərin edilməsi; dövlət torpaq kadastrının, torpaqların monitorinqinin və yerquruluşunun aparılması qaydalarının müəyyən edilməsi; bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınması;..... Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ .....

3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; .... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 1.0.1. dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir; Maddə 15. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərarın qəbul edilməsi 15.1. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. 15.2. Özələşdirmə haqqında qərarda obyektin özəlləşdirilməsinin məqsədəuyğunluğu əsaslandırılır və üsulları göstərilir. Müəyyən səhm zərfinin dövlət mülkiyyətində saxlanılması məqsədəuyğun hesab edildiyi halda, bu barədə həmin qərarda qeyd olunur. 15.3. Özəlləşdirmə obyekti barədə qərar çıxarılarkən, ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etmək baxımından obyektin əhəmiyyəti, ölkənin iqtisadi maraqları, obyektin sahə xüsusiyyətləri və yerli əhəmiyyəti nəzərə alınır. 15.4. Dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul edildikdən sonra qanunvericiliyə uyğun olaraq özəlləşdirmə komissiyası yaradılır. 15.5. Özəlləşdirmə komissiyası ən geci üç ay müddətində müəssisənin (obyektin) özəlləşdirilməsi planını işləyib hazırlamalıdır. 15.6. Özəlləşdirmə komissiyası öz işinə müstəqil ekspertləri və auditorları cəlb edə bilər. 15.7. Özəlləşdirmə planında özəlləşdirilən müəssisənin (obyektin) satışı qaydası və üsulu, satış müddəti, obyektin ilkin (start) qiyməti göstərilir. Özəlləşdirmə planı dövlət əmlakının satıcısı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında” Əsasnamə

2. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı: ...

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: .... 2.3. 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar; 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda);... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki inzibati iş üzrə iddiaçının hüquqi marağı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində onun adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan sözügedən fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsinin dövlət mülkiyyətinə aid tolduğunu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansında olan Hacı Məmmədov adına musiqi məktəbinin ərazisində yerləşdiyi, torpaq sahəsinin dövlət əmlakının registrindən çıxarılması üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həmin binaya dair zəruri sənədlər və məlumatlar Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim olunmalı olması halına istinad edərək, müraciətdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki,hazırki mərhələdə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, sözügedən fərdi yaşayış xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, bu hüquq xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmış, çıxarış məlumatında evin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,1194 ha, mülkiyyət növü dövlət, istifadə hüququ kimi qeyd edilmiş, ona dair xx.xx.2023-cü il tarixli texniki passport tərtib edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmeti olan ev məhz iddiaçının istifadəsində olan 0,1153 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 94,7 kv.m. olan evin ( həmin evin üzərində iddiaçının adına mülkiyyət hüququ xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış, bu barədə çıxarış verilmiş,aprel 2007-ci il tarixdə özəlləşdiirlmiş mənzilə dair texniki passport tərtib edilmiş, torpaq sahəsinin ümumi ölçüsü 439,6 kv.m. qeyd edilmiş), 2019-cu ildə Şamaxı şəhərində baş vermis zəlzələ ilə əlaqədar olaraq, dağılması nəticəsində əvəz olaraq iddiaçıya verilmişdir. Hazırki mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, üçnücü şəxs Mədəniyyət nazirliyinin balansında olan musiqi məktəbinə aid sahə olmuş, həmin sahənin xüsusi mülkiyyətə verilməsinə dair hər hansı razılığı olmamışdır. Göründüyü kimi indiki halda iddiaçının hüquqi marağı məhz dövlət mülkiyyətində olan torpaq sahəsinə dair öz adına mülkiyyət hüququnun qedyiyyata alınmasına nail olmaqdan ibarətdir, əsas kimi isə onun zəlzələdən əvvəlki evinin yerləşdiyi torpaq sahəsinin 439 kv.m. hissəsinin ona məxsus olması, indiki halda evinin yerləşdiyi torpaq sahəsinin ona məxsus olmalı olması, həmin ərazidə başqa şəxslərin adına çıxarış tərtib edilməsi kimi hallara istinad etmişdir. Kollegiya qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün həmin əmlak üzərində mülkiyyət hüququnun yaranması üçün qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır, həmin əsaslar isə qanunvericilikdə imperativ norma kimi müəyyən edilmişdir. İndiki halda isə iddiaçıya münasibətdə torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun yaranması üçün qanunla müəyyən edilmiş əsasların mövcudluğu üəyyən edilməmişdir (onun adına tərtib edilmiş torpaqayırma sənədi mövcud olmamışdır). Halbuki, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün həmin əmlaka dair torpaqayırma sənədi mövcud olmalıdır. Bu baxımından kollegiya hesab edir ki, indiki halda iddiaçıya münasibətdə belə bir hüquqmüəyyənedici sənədin mövcudluğu müəyyən edilmədiyindən, həmin hal özlüyündə iddianın əsaslılığını təkzib edən hal kimi çıxış etdiyindən, iddiaçı bu əsasla idda tələbini irəli sürməkdə haqlı olmamışdır. Həmçinin, kollegiya qeyd edir ki, iddiaçının zəlzələdən əvvəl ona məxsus olan evinin yerləşdiyi torpaq sahəsi də onun xüsusi mülkiyyətində olmamış, yalnız evə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, özəlləşdirilmiş mənzilə dair aprel 2007-ci il tarixli texniki pasport tərtib edilmiş, həmin sənəddə torpaq sahəsinin ölçüsü kimi 439,6 kv.m., istifadə kimi qeyd edilmişdir. Bu baxımından kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları (aprel 2007-ci il tarixdə tərtib edilmiş texniki pasport mövcud olduğundan) əsasında iddianın əsaslılığının 439 nömrəli 13 yanvar 2015-ci il tarixli Fərmanın tələbləri (2.3 və2.4-cü bəndi) baxımından da müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının evinin yerləşdiyi (həm əvvəlki, həm hazırki) torpaq sahəsinə dair mülkiyyət hüququnun yaranması üçün əsas olan hüquqmüəyyənedici sənədləri mövcud olmadığından, həmin əmlak dövlət mülkiyyətində olmaqla, balans saxlayacı qismində çıxış edən qurumun buna dair hər hansı razılığı olmadığından, habelə həmin əmlakın özəlləşdirilməsi halı müəyyən edilmədiyindən, iddia tələbinin əsaslılığını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, kollegiya iddiaçının şikayətinin dəlili kimi istinad etdiyi hallarla (bərabərlik prinsipinin pozulması) bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı iddianın əsaslılığının bərabərlik prinsipinin tələbləri baxımından yoxlanılması üçün iddiaçı ilə eyni faktiki vəziyyətdə olan şəxslərlə bağlı hallar araşdırılmışdır. Məhkəmə araşdırması zamanı bu məqsədlə zəlzələ ilə əlaqədar olaraq əvəz kimi evin verilməsi, köhnə musiqi məktəbinin ərazisində yerləşən və xüsusi mülkiyyət hüququ qeydiyyata alınmış əmlakın mövcud olub-olmamasına dair cavabdehə sorğu ünvanlanmış, həmin sorğuya dair cavab məktubun məzmununda zəlzələdən sonra köhnə musiqi məktəbinin ərazisində yalnız iddiaçıya aid evin tikildiyi, yaxınlığına isə qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüququnun 2008 və 2005-ci il tarixli şəhadətnamələr əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı, onların yerləşdiyi torpaq sahələrinin isə dövlət mülkiyyətində olmaqla, icarə müqavilsi əsasında istifdaə edildiyi qeyd edilmişdir. Göründüyü kimi indiki halda iddianın əsaslılığının bərabərlik prinsipinin tələbləri baxımından da müəyyən edilməsi mümkün olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları iddiaçının həmin hissədə istinad etdiyi şikayətinin dəlillərini təkzib etməklə, cavabdehin iddiaçıya münasibətdə hərəkətlərində bərabərlik prinsipinin tələblərinin pozulması (eyni faktiki vəziyyətdə olan müxtəlif şəxslər barəsində fərqli qərar qəbul edilməsi) halının mövcud olmadığını deməyə əsas verir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iddiaçının şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2511/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar