Məhkəmə qərarları › İş №2-1(105)-128/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-128/2022

15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-128/2022 15.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi ilə İddiaçı cavabdeh Abşeron rayon icra və probasiya şöbəsinə qarşı “Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli, 2(004)-2032/2020 saylı qətnaməsi barədə Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-2032/2020 nömrəli, 18.03.2020-ci il tarixli icra sənədi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X4 hərəkətsizliyinə son qoyulmasına və həmin icra sənədinin dərhal, lazımi qaydada, vaxtında və qeyd-şərtsiz icra olunması, indiyədək yığılmış aliment borcunun icra sənədi üzrə borclu X1 alınaraq tələbkar İddiaçı verilməsinin təmin edilməsi vəzifəsinin (öhdəliyi) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon icra və probasiya şöbəsinin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20.10.2021-ci il tarixli, 2-1(118)-1956/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli, 2(004)-2032/2020 saylı qətnaməsi barədə Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-2032/2020-006 nömrəli, 18.03.2020-ci il tarixli icra sənədi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X4 hərəkətsizliyinə son qoyulmasına və həmin icra sənədinin dərhal, lazımi qaydada, vaxtında və qeyd-şərtsiz icra olunması, indiyədək yığılmış aliment borcunun icra sənədi üzrə borclu X1 alınaraq tələbkar İddiaçı verilməsinin təmin edilməsi vəzifəsinin (öhdəliyi) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon icra və probasiya şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onunla X2 arasında nikah münasibətləri məhkəmə qərarı əsasında 06.03.2019-ci ildə pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 115 № ilə qeyd aparılmış, bu əsasa görə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən AZ-İ № seriyalı 311968 saylı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.12.2018-ci il tarixli, 2(004)-9184/2018 saylı qətnaməsinə əsasən nikahları pozulmuş və uşaqlar İddiaçı qalmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli, 2(004)- 2032/2020 saylı qətnaməsi ilə S.Hacıyevdən hər uşağa görə 170 manat alimentin alınaraq ona verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 07.09.2020-ci il tarixli, 2(103)- 6071/2020 saylı qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli, 2(004)-2032/2020 saylı qərarı qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin 16.06.2021-ci il tarixli, 2(102)-2399/2021 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 07.09.2020-ci il tarixli, 2(103)-6071/2020 saylı qərarı qüvvədə saxlanılmışdır. S.Hacıyev işləyir, sadəcə alimenti ödəmək istəmir, onun üçün övladlarının necə yaşamağı maraqlı deyil. Uşaqları 06.04.2011-ci il təvəllüdlü X5 və 12.11.2012-ci il təvəllüdlü X3 azyaşlıdır, qayğıya, nəvazişə və qulluğa ehtiyacları var. Övladları böyüdükcə maddi tələbatları da gündən-günə artır. Az maaşla təkbaşına uşaqlarına baxmaq çətindir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli, 2(004)-2032/2020 saylı qərarı icra olunmur, ona görə də, aliment borcu yığılıb. Abşeron rayon icra və probasiya şöbəsi qətnamənin icrasına nəzarət etmir. Sumqayıt İnzibati Məhkəməsinin 20.10 2021-ci il tarixli, 2-1(118)-1956/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İsmayıl Quliyev) Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Qərardaddan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı izahatında bildirmişdir ki, məhkəmənin qərarı icra olunmur və ona görə də, aliment borcu yığılıb. Abşeron rayon icra və probasiya şöbəsi qərarın icrasına nəzarət etmir. Aliment 17.02.2020-ci il tarixdən hesablanır. Sumqayıt İnzibati Məhkəməsi ədalətsiz qərardad qəbul etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə dəfələrlə şikayət etsə də qərar icraçı tərəfindən icra edilmir. İş üzrə cavabdeh Abşeron rayon icra və probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İşdən görünür ki, iddiaçı alimentin ödənilməməsini əsas gətirərək, icra və probasiya şöbəsinin icra sənədinin icra edilməsinə nəzarət etmədiyini mübahisələndirir. Bu səbəbdən, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında göstərilmişdir ki, “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. Birinci instansiya məhkəməsi qərardadında göstərmişdir ki, “İcra haqqında” Qanun, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Bundan başqa, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayətprosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia (və ya şikayət) verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bundan başqa, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1839/2021 saylı, 17.09.2021-ci il tarixli qərardadından görünür ki, iddiaçı daha əvvəl eyni tələblə birinci instansiya məhkəməsinə müraciət etmiş və onun iddiası mümkün sayılmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə məhkəmə qərarının icrasının təmin edilməsinə yönəldilmişdir. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən ümumi məhkəməyə müraciət etməmiş, ayrıca inzibati iddia (şikayət) vermişdir. Yuxarıda da qeyd olunduğu kimi belə iddialar (şikayətlər) inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-in 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması üçün apellyasiya şikayətində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20.10.2021-ci il tarixli, 2-1(118)-1956/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar