Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-128/2024 19.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X3 ibarət tərkibdə, X19 qızının katibliyi, İddiaçıların nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Abşeron rayonu Xırdalan Bələdiyyəsinə qarşı “bələdiyyə qərarının ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(118)-1898/2023 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: AZ-İ seriyalı, 041029 nömrəli “Nikah haqqında şəhadətnamə” yə əsasən İddiaçı2 ilə İddiaçı1 ər-arvaddır. Notarial qaydada təsdiq edilmiş 07 yanvar 2020-ci il tarixli podrat müqaviləsinə əsasən X2 rayonu, Xırdalan şəhəri, Ə.Əzimzadə küçəsi, dalan 1, ev 54 ünvanında yerləşən 250 kv.m torpaq sahəsində fərdi yaşayış evi inşa edib İddiaçı2 təhvil verməyi, İddiaçı2 isə 52000 manat məbləği ödəməyi öhdəsinə götürmüş, 07 yanvar 2020-ci il tarixli, 07 nömrəli ödəniş qəbzinə əsasən İddiaçı2 tərəfindən podrat müqaviləsinin icrası müqabilində X7 "xxxx" ASC hesabına 52000,00 (əlli iki min) AZN məbləğində pul ödənilmişdir. Həmin vaxtdan hazırkı günədək iddiaçılar ailə üzvləri ilə birlikdə qeyd edilən evdə yaşayırlar. Sonradan həmin evin yerləşdiyi ünvanın adı dəyişdirilərək yeni qaydalarla (URİS proqramına əsasən) Abşeron rayonu, Xırdalan şəhəri, Əziz Əliyev küçəsi, ev 120 adlandırılmışdır. Üçüncü şəxsin müraciətinə əsasən, Abşeron rayonu Xırdalan Bələdiyyəsinin 05 mart 2021-ci il tarixli, 03 nömrəli qərarı ilə bələdiyyənin alqı-satqı predmeti olan, uzun illər istifadə edilən 217 kv.m. torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə satılması, müsabiqə və ya hərracın keçirilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması qərara alınmış, həmin torpaq sahəsi bələdiyyə mülkiyyət hüququ üzrə Xırdalan Bələdiyyəsinin adına xx.xx.2021ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən **********96 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Xırdalan Bələdiyyəsinin 11 iyun 2021-ci il tarixli, 07 nömrəli iclasının 03 nömrəli qərarına əsasən, bələdiyyə mülkiyyətində olan həmin 217 kv.m. torpaq sahəsinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 10-cu bəndinə uyğun olaraq fərdi yaşayış evinin tikintisi məqsədilə X1 qərara alınmışdır. Daha sonra tərəflər arasında 14 iyun 2021-ci il tarixdə notarial qaydada 217 kv.m. torpaq sahəsinin alqı-satqısı müqaviləsi bağlanılmış, X5 həm sözügedən 0,0217 ha torpaq sahəsi, həm də onun üzərində yerləşən ümumi sahəsi 149,3 kv.m. olan fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bununla bağlı ona xx.xx.2021-ci il tarixli, **********51-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu Xırdalan bələdiyyəsinin 11 iyun 2021-ci il tarixli, 07 saylı iclasının 03 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki birinci icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar xx.xx.2020-ci il tarixdə mübahisəli ünvanda yerləşən yaşayış evinə köçmüşlər, bu günə kimi ailə üzvlərilə birlikdə həmin evdə yaşayırlar. X5 onlara qarşı yaşayış evindən çıxarılmaları barədə tələbinə dair Abşeron Rayon Məhkəməsinin icraatında olan iş üzrə iddia ərizəsini aldıqdan sonra yaşadıqları ev və onun yerləşdiyi torpaq sahəsi üzərində E.S.Əhmədovun xüsusi mülkiyyət hüququnun qeydiyyata alındığı məlum olmuşdur. Sonuncu həmin iş üzrə məhkəmə iclaslarına gəlmədiyindən iddiaçıların dəyərini ödəyib aldıqları və hazırda yaşadıqları evə onun mülkiyyət hüququnun necə qeydiyyata alındığını aydınlaşdıra bilməmişlər. Cavabdeh bələdiyyənin heç bir əməkdaşı tərəfindən həmin torpaq sahəsinə baxış keçirilməmişdir. Mübahisələndirilən bələdiyyə qərarında torpaq sahəsinin E.S.Əhmədova fərdi yaşayış evinin tikintisi məqsədilə satıldığı qeyd edilmişdir. Halbuki, artıq həmin sahədə iddiaçılara məxsus fərdi yaşayış evi mövcuddur. Göründüyü kimi torpaq sahəsinə bələdiyyə tərəfindən baxış keçirilməmiş, bununla da, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 15-ci maddəsinin tələbi pozulmuşdur. “Torpaq sahəsinin plan və ölçüsü” sənədi tərtib edilsə də, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin heç bir əməkdaşı həyətlərinə gəlib torpaq sahəsinin və evin ölçü işlərini aparmamışdır. Yaşayış evini aldıqdan sonra yüksək zövqlə təmir etmişdirlər, bu işlərin görülməsi üçün evin dəyərindən 3 dəfə artıq evə vəsait sərf olunmuşdur. Hesab edir ki, cavabdeh bələdiyyə 217 kv.m. torpaq sahəsini qanunvericiliyin tələbinə zidd olaraq E.S.Əhmədova satmaqla, ona torpaq sahəsinin üzərində yerləşən evə çıxarış almağa şərait yaratmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli, 07 saylı iclasının 03 saylı inzibati qərarı onların mülkiyyət hüquqlarının pozulması ilə qəbul olunduğundan ləğv edilməlidir. Digər tərəfdən, E.S.Əhmədov torpaq sahəsinə və evə mülkiyyət hüquqları əldə etdiyi üçün evi başqa şəxsə özgəninkiləşdirib iddiaçıların əmlak hüquqlarını poza bilər. Buna görə tərəflərindən müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmənin qərardadı ilə ərizə təmin olunmuş, E.S.Əhmədova fərdi yaşayış evinin özgəninkiləşdirilməsi 1 aydan çox olmayan müddətə qadağan edilmişdir. Məhkəmənin qərardadı ilə X9 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2495/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İ.Burcayev). İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdilər. a) Apellyasiya instansiya məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(105)-735/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2495/2022 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. c) Birinci instansiya məhkəməsindəki ikinci icraat Sumqayıt İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(118)-1898/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim İ.Quliyev). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı fərdi yaşayış evini 07 yanvar 2020-ci il tarixli podrat müqaviləsi əsasında əldə etdiyini qeyd edir. Halbuki, podrat müqaviləsi işlərin görülməsi ilə bağlı müqavilə olub, alqı-satqı müqaviləsi deyil və mülkiyyət hüququ yaratmır. Hazırkı mübahisənin yaranması əsasını iddiaçı ilə üçüncü şəxsin arasında yaranmış mülki hüquq münasibətləri təşkil edir. Cavabdeh bələdiyyənin hərəkətlərinin qanunsuzluğu isə yalnız mülkiyyətində olan torpaq sahəsində müvafiq icazələr alınmadan tikilmiş evin faktiki sahibi ilə bağlı zəruri araşdırmalar aparmaması ola bilər. Müvafiq icazələr alınmadan tikilmiş həmin evin iddiaçı tərəfindən tikilməsi və həmin evdə iddiaçı tərəfin ailəsinin yaşaması işin mübahisə olunmayan halıdır. Lakin, iddiaçı tərəfin evin kommunal ödənişləri ilə bağlı müqavilələrin üçüncü şəxsin adına keçirməsi həmin evin yerləşdiyi torpaq sahəsinin üçüncü şəxs tərəfindən satın alınmasına etirazı olmamasını göstərir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdeh öz diskression səlahiyyətindən istifadə edərək, torpaq sahəsinin üçüncü şəxsə ayrılması ilə bağlı qərar qəbul edərkən hər hansı qanunsuzluğa yol verməmişdir. Qərardan narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdilər. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdilər ki, hazırkı iş üzrə üçüncü şəxs X17 Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə iddiaçıların nümayəndəsinin sualına mübahisəli yaşayış evinin dəyərini ödəyib aldığını bildirsə də, hazırkı inzibati mübahisəyə baxılarkən Sumqayıt İnzibati Məhkəməsində birinci məhkəmə baxışı zamanı həmin suala üçüncü şəxsin nümayəndəsi 2021-ci ilin iyun ayında torpaq sahəsini aldıqdan sonra üçüncü şəxsin özü tərəfindən yaşayış evinin tikildiyini bildirmiş, bununla da yeni suala ziddiyyətli cavablar vermişlər. Birinci instansiya məhkəməsində ikinci məhkəmə baxışı zamanı isə üçüncü şəxs məhkəmə iclasında izahatında torpaq sahəsini bələdiyyədən aldığını, onun üzərindəki evi özü inşa etmədiyini və həmin evdə heç vaxt yaşamadığını bildirmişdir. Göründüyü kimi iddiaçıların xx.xx.2020-ci il tarixdən hal-hazıradək həmin evdə yaşamaları, üçüncü şəxsin torpaq sahəsindən istifadə etməməsi və onun üzərində yerləşən evdə heç vaxt yaşamaması, bələdiyyənin iddiaçıların dəyərini ödəyib aldıqları həmin fərdi yaşayış evinin yerləşdiyi 217 kv.m. torpaq sahəsini üçüncü şəxsə satması işin mübahisəsiz halıdır. Sonuncu məhkəmə iclasında üçüncü şəxs onun dostu və şəriki Elvin Məmmədova İddiaçı2 borcu olduğunu bildirmiş, lakin tələb etmələrinə baxmayaraq, məhkəməyə borcu təsdiq edən heç bir sübutu təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisələndirilən qərarın qəbul edilməsinin cavabdehin diskresion səlahiyyətlərinə aid olduğu halına istinad etmişdir. Məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq bildirirlər ki, diskresion səlahiyyət inzibati orqanın fəaliyyətinin qanunla imperativ formada tənzimlənmədiyi və inzibati orqana öz mülahizəsi əsasında hərəkət etmək imkanının verilməsidir. Yəni, inzibati orqanın fəaliyyətinin qanunla imperativ formada tənzimləndiyi halda, diskresion səlahiyyətlərdən söhbət gedə bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 16.3-cü maddəsi və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə” nin 10-cu bəndində fərdi yaşayış evlərinin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda, həmin torpaq sahələrinin onların mülkiyyətinə verilməsi imperativ şəkildə müəyyən etmişdir. Qeyd olunan hər iki normanın məzmunu torpaq sahəsini qeyri-qanuni istifadə edən şəxsə, yəni bələdiyyə tərəfindən iddiaçılara verilməli olması barədə olduğundan, bu cavabdehin diskresion səlahiyyətlərinə aid deyildir. Hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Üçüncü şəxs apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçıların bildirdiyi kimi Xırdalan bələdiyyəsi tərəfindən ona satılmış 0,217 ha torpaq sahəsi daş hasarın daxilində yerləşir və həmin torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi vardır, yaşayış evində faktiki olaraq iddiaçılar və onların ailə üzvləri yaşayır. Qeyd edir ki, hasarla əhatə olunmuş torpaq sahəsində yaşayış evinin mövcudluğu müəyyən edilmişdirsə, deməli, oraya baxış keçirilmişdir. Apellyator bildirir ki, iddiaçıların 0,217 ha torpaq sahəsinin və evin üçüncü şəxsin adına sənədləşdirilməsindən xəbərləri olmamış, Xırdalan bələdiyyəsi yerində ölçmə işləri aparmamış, torpaq sahəsini qanunsuz olaraq üçüncü şəxsə ayırmışdır. Halbuki, iş materiallarında olan sənədlərdən görünür ki, Xırdalan bələdiyyəsi tərəfindən üçüncü şəxsin ərizəsi əsasında əraziyə yerində baxış keçirilmiş, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən rəy verilmiş, daha sonra DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinin yüklü və başqasının mülkiyyətində və sahibliyində olmaması barədə arayış verilmiş, bundan sonra torpaq sahəsinə dair bələdiyyənin mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmış, sonra da bələdiyyə ilə aralarında alqı-satqı müqaviləsi bağlanaraq, torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Hələ bu prosedurlardan öncə, yəni xx.xx.2021-ci il tarixində İddiaçı2 öz iradəsi ilə notarial qaydada ərizə verərək onun adına olan elektrik, qaz və su abunə kodlarının üçüncü şəxsin adına keçirilməsinə etiraz etmədiyini bildirmiş və evin kommunal abunə kodları sonuncunun adına keçmişdir. Hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, cavabdeh bələdiyyə heç bir fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarını məhdudlaşdırmadan ona verilmiş diskresion səlahiyyətlərə uyğun olaraq, səlahiyyətli dövlət orqanlarının rəyini alaraq, qanuni qərar qəbul etmişdir. Ona görə də bələdiyyənin xx.xx.2021-ci il tarixli, 07 saylı iclasın 03 saylı qərarının ləğv edilməsi üçün heç bir əsas yoxdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, izahatında əlavə olaraq bildirmişdir ki, hazırkı iş üzrə üçüncü şəxsin müdiri Elvin Məmmədovla iddiaçı Müslüm Fərziyevin dostluq münasibətləri olmuşdur, E.Məmmədov 14500 manat məbləğində pulu iddiaçıya vermişdir. Üçüncü şəxs hazırda bunun qarşılığında iddiaçı tərəfindən mübahisəli yaşayış evinin ona verildiyini bildirir. Halbuki, 14500 manat borc qarşılığında 100.000 manat dəyərində evin verilməsi mümkün deyildir. İddiaçıların nümayəndəsi (vəkili) şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli 0,0217 ha torpaq sahəsi üçüncü şəxsə ayrılarkən bələdiyyə tərəfindən aidiyyəti qurumlara sorğular və müraciətlər verilmiş, bütün ölçmə işləri aparılmış, müvafiq rəylər alınandan sonra bələdiyyə həmin torpaq sahəsinə dair alqı-satqı prosesini həyata keçirmişdir. Alqı-satqı prosesi qanunamüvafiq qaydada aparılmışdır, bu məsələyə münasibətdə bələdiyyə tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Nümayəndə verilən suala cavabında bildirmişdir ki, əgər torpaq sahəsinin üçüncü şəxsə məxsus olmadığı, sahənin mübahisəli olduğu və həmin ünvanda iddiaçıların yaşadığı tərəflərindən müəyyən edilsəydi, həmin torpaq sahəsi üçüncü şəxsin adına sənədləşdirilməzdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı M.Fərziyev ilə üçüncü şəxs arasında kredit münasibətləri olmuş, iddiaçı M.X13 bacısı oğlunun adına kredit götürmüşdür. Həmin kreditlər əsasında borcu yaranmış və hazırda "xxxx" BOKT ASC-yə bir milyondan çox borcu olduğuna görə məhkum olunmuşdur. Eyni zamanda, üçüncü şəxs lombard şəklində götürməsi üçün 20000 manatlıq qızıl-zinət əşyasını iddiaçı M.Fərziyevə vermiş, sonuncu isə onu qaytarmamışdır. Ümumilikdə, iddiaçı M.X11 60000 manat, üçüncü şəxsə isə 20000 manat borcu olmuşdur. Bu borc məbləğlərini təsdiq edən hər hansı sübutları isə yoxdur. İddiaçı məhz onunla üçüncü şəxs arasında yaranan qeyd edilən borc münasibətlərindən dolayı iddiaçı könüllü olaraq bütün kommunal ödənişləri üçüncü şəxsin adına keçirmiş, evin sənədləşdirilməsi ilə bağlı Elvin Məmmədova etibarnamə vermiş, daha sonra onu ləğv etdirmişdir. Bundan sonra, tərəflər iddiaçı M.Fərziyevin özünün istəyi ilə cavabdeh bələdiyyəyə müraciət etmişlər, bələdiyyə də əraziyə yerli baxış keçirmiş, qanunvericiliklə ona verilmiş səlahiyyətlərindən istifadə edərək torpaq sahəsini üçüncü şəxsin adına sənədləşdirmişdir. Üçüncü şəxsin nümayəndəsi (vəkili) şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; (-). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6 . Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri (-) 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. (-) Maddə 16. Qeyri-qanuni istifadə edilən torpaq sahələrinə dair tələblər 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. (-) Maddə 23. Bələdiyyə torpaqlarından istifadəyə və onların mühafizəsinə nəzarət 23.1. Torpaqlardan səmərəli istifadə olunmasına və onların mühafizəsinə bələdiyyə nəzarətinin vəzifələri istifadəyə və icarəyə verilmiş bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsi və mühafizəsi sahəsində torpaq qanunvericiliyinin tələblərinə əməl olunmasını təmin etməkdir. 23.2. Bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarəti bələdiyyələr həyata keçirirlər. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamə: İ. ÜMUMİ MÜDDƏALAR
1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
4. Bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir.
“İnzibati icraat haqqında” Qanun: Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: (-) 2.0.7. diskresion səlahiyyətlər – qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; (-). Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan işin faktiki halları tam araşdırılmamış, o cümlədən maddi hüquq normasının tətbiqində səhvə yol verilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, bələdiyyələr tərəfindən şəxslərə torpaq sahələri ayrılarkən bu proseduru tənzimləyən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun, həmçinin, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə” nin yuxarıda sadalanan normalarının tələblərinə riayət edilməlidir. Həmin Əsasnamənin 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. 16-cı bəndində qeyd edilir ki, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Qeyd olunan normaların məzmunundan, həmçinin, bələdiyyələrin inzibati praktikasından məlum olduğu kimi şəxslərə ayrılması nəzərdə tutulan torpaq sahəsinə bələdiyyə tərəfindən baxış keçirilməsində məqsəd torpaq sahəsinin həm hüquqi cəhətdən, həm də faktiki cəhətdən boş olub-olmamasının, o cümlədən müraciət edən şəxsə məhz həmin torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğunun müəyyən edilməsidir. Hazırkı işin hallarından görünür ki, bələdiyyə tərəfindən torpaq sahəsinin mülkiyyətə verilməsinə dair qərar qəbul edilərkən, həmin torpaq sahəsində inşa edilmiş evdə iddiaçıların yaşaması, torpaq sahəsinin faktiki iddiaçılar tərəfindən istifadə edilməsi ilə bağlı hallara diqqət yetirilməmişdir. Belə ki, torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi şöbəsinin, DƏDRX-nin 4 saylı Abşeron Ərazi idarəsinin və cavabdeh bələdiyyənin nümayədələri tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən 20 aprel 2021-ci il tarixli baxış aktı”nda torpaq sahəsinə keçirilmiş baxış zamanı torpaq sahəsinin X9 tərəfindən istifadə edildiyi, üzərində E.S.Əhmədovə məxsus fərdi yaşayış evi və köməkçi tikili olduğu, torpaq sahəsinin E.S.Əhmədov tərəfindən hasara alındığı, sahədə zəbt olunma halının olmadığı və torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxsin istifadəsinə, icarəsinə və ya mülkiyyətinə verilibverilməməsi barədə məlumatın olmadığı qeyd edilmişdir. Halbuki, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi mübahisə predmeti olan 0,0217 ha torpaq sahəsi ümumiyyətlə, üçüncü şəxsin istifadəsində olmamış, baxış aktında göstərilən fərdi yaşayış evi və tikililər isə üçüncü şəxsə deyil, məhz iddiaçılara məxsus olmuş, həmin evin tikintisinə sərf edilən vəsait iddiaçı tərəfindən ödənilmiş, eləcə də torpaq sahəsi faktiki olaraq iddiaçıların istifadəsində olmuşdur. Eyni zamanda iş materiallarından görünür ki, 2020-ci ilin yanvar ayından etibarən torpaq sahəsi və üzərində özbaşına inşa edilmiş tikili hazırkı vaxtadək etirazsız və fasiləsiz olaraq iddiaçıların istifadəsində olmasına baxmayaraq, bələdiyyə qərarı qəbul edilərkən aparılmış inzibati icraat zamanı, iddiaçılardan deyil, üçüncü şəxsdən torpaq sahəsi üzərində bələdiyyənin mülkyyət hüququnun qeydə alınmasına etiraz edilməməsi ilə bağlı 02 aprel 2021-ci il tarixli ərizə alınmışdır. Eyni zamanda kollegiya qeyd edir ki, bələdiyyə diskresion səlahiyyətindən istifadə edərək, torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə verilməsini məqsədəuyğun hesab etsə belə, mübahisəli torpaq sahəsi faktiki iddiaçıların istifadəsində olduğundan (özbaşına tutulma) ilk növbədə həmin torpaq sahəsinin bələdiyyənin sahibliyinə qaytarılmasını təmin etməli, daha sonra torpaq sahəsi üzərində sərəncam vermək hüququnu həyata keçirməli idi. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. 16.2-ci maddəsinə görə qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Qanunun 23.2-ci maddəsinin tələbləri baxımından, bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarəti bələdiyyələr həyata keçirirlər. Sadalanan qanunvericilik normalarının qarşılıqlı təhlilindən aydın olur ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri bələdiyyə tərəfindən məhkəmədə müvafiq iddia qaldırılması yolu ilə geri qaytarıla bilər. Lakin, hazırkı işdə isə bələdiyyə tərəfindən qeyd olunan qaydaya riayət edilmədən, özbaşına tutulmuş torpaq sahəsinin bələdiyyəyə qaytarılmasını təmin etmədən, faktiki iddiaçıların istifadəsində olan torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə verilməsi barədə qərar qəbul edilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilən torpaq sahəsinə yerində baxış keçirən zaman işin yuxarıda sadalanan halları tam araşdırılmamış, evdə faktiki yaşayan şəxslərin dinlənilmə hüququ təmin edilməmiş, zərurət yaranarsa onların maraqlı şəxs qismində icraata cəlb edilməsi məsələsi həll edilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. İnzibati icraatda dinlənilmə hüququ prosedur prinsip və təminat kimi müəyyən edilmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, torpaq sahəsinin vətəndaşın mülkiyyətinə verilməsi ilə bağlı məsələ cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərindən irəli gələn məsələ olsa da, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərindən göründüyü kimi bu səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməlidir. Belə ki, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd edilən 14-cü maddəsinin təhlili onu deməyə əsas verir ki, inzibati orqan diskresion səlahiyyətlərini həyata keçirərkən səlahiyyətlərin sərhədlərini, onun ictimai mənafeyin təmin edilməsinə yönəlməsini, eyni zamanda, fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasının yolverilməzliyini müəyyən edən normalara riayət etməlidir. Yəni, məhkəmə cavabdeh tərəfindən həmin səlahiyyətlərin düzgün, yəni qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini yoxlaya bilər. İşin müəyyən olunmuş faktiki halları nəzərə alındığında isə kollegiya hesab edir ki, cavabdeh iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə verilməsi ilə bağlı qərar qəbul edərkən inzibati icraatı qanunla müəyyən edilmiş qaydada aparmamış, bununla da özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirməmişdir. Məhkəmə kollegiyası tərəfindən işin qeyd olunan halları istiqamətində aparılan təhlil mübahisələndirilən qərarın qanun pozuntuları ilə müşayiət olunaraq qəbul olunduğuna dəlalət edir. “İnizbati icraat haqqında” qanunun 67.1-ci və 67.2-ci maddələrinin tələblərindən göründüyü kimi bu hüququn tələblərinə riayət edilməməsi inzibati icraatın nəticəsində qəbul edilmiş inzibati aktın qanunsuzluğuna səbəb olur və müvafiq olaraq həmin inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinin tələbinə əsasən, inzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda məhkəmə həmin inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir. Kollegiya qeyd edir ki, hazırkı halda inzibati icraatın yuxarıda qeyd edilən pozuntularla aparılması qərarın qəbuluna birbaşa təsir etmişdir. Belə ki, cavabdehin nümayəndəsi də məhkəmə iclasında izahat verərkən, mübahisənin yuxarıda sadalanan xüsusatlarının (torpaq sahəsində inşa edilmiş evin iddiaçılara məxsus olduğunu, üçüncü şəxslə iddiaçılar arasında mübahisənin mövcudluğu) bələdiyyəyə əvvəldən məlum olduğu təqdirdə, torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə verilməsi barədə qərarın qəbul edilməyəcəyini bildirmişdir. Üçüncü şəxsin hazırkı mübahisə ilə bağlı əsas dəlili ondan ibarət olmuşdur ki, iddiaçı M.Fərziyevin borcuna görə onun tərəfindən könüllü olaraq hazırkı yaşayış evinin bütün kommunal abunə kodları onun adına keçirilmiş, eləcə də, iddiaçının istəyi ilə bələdiyyə tərəfindən torpaq sahəsi üçüncü şəxsin adına sənədləşdirilmişdir. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək bildirmişdir ki, Müslüm Fərziyevin işlədiyi kredit təşkilatından 2016-cı ildə kredit götürmüş, daha sonra Müslüm Fərziyenin istəyi ilə, onun bacısı oğlu Sübhan Dadaşov öz evini girov qoyaraq, 40000 manat pul götürmüş, Müslüm həmin pulnan hazırda faktiki yaşadıqları evi almışdır. Sonradan M.Fərziyev həmin kreditin qaytarılmasını gecikdirdiyindən, həmin borcu öz vəsaiti ilə qaytarmalı olmuşdur. Bundan sonra Müslüm həmin borcun ödənilməsi müqabilində hazırkı evi onun adına keçirməyə razılıq vermişdir. Elnur Əhmədov 15 ildir onunla birlikdə işləyir, özünün adına başqa kredit borcları da olduğundan, torpaq sahəsinin Elnurun adına sənədləşdirilməsini bələdiyyədən xahiş etmişdilər. Kollegiya üçüncü şəxsin dəlillərini əsassız hesab edərək qeyd edir ki, əvvəla, iddiaçı ilə üçüncü şəxs(o cümlədən şahid E.Məmmədov) arasındakı borc məbləği ilə bağlı məsələ hazırkı mübahisənin predmeti deyildir(mülki mübahisədir). Digər tərəfdən, iş materiallarında hazırkı evin alınması ilə bağlı iddiaçıya borc verilməsi, borcun müqabilində özbaşına tikilinin üçüncü şəxsin faktiki istifadə və sahibliyinə verilməsi ilə bağlı hər hansı mötəbər sübut mövcud deyildir. Evin kommunal abonent kodlarının üçüncü şəxsin adına keçirilməsi ilə bağlı məsələyə münasibətdə isə kollegiya bildirir ki, işdən görünür ki, həqiqətən də yaşayış evinin qaz, su və işıq istehlakçı abonent kodlarında iddiaçı M.Fərziyevin ərizələri əsasında 2021-ci ilin mart-aprel aylarında dəyişiklik edilərək abonent kodları üçüncü şəxs X5 adına sənədləşdirilmişdir. Lakin, kollegiya hesab edir ki, hazırkı halda özbaşına tikilinin kommunal xərclərinə dair abonent kodlarının üçüncü şəxsin adına keçirilməsi özü-özlüyündə özbaşına tikilinin və həyətyanı torpaq sahəsinin üçüncü şəxsin adına sənədləşdirilməsinə razılıq kimi qiymətləndirilə bilməz. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin sadalanan xüsusatlarını nəzərə almadan iddia tələbini rədd edərkən düzgün hüquqi nəticəyə gəlməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu baxımdan, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(118)-1898/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinin 11 iyun 2021-ci il tarixli, 07 nömrəli iclasının 03 nömrəli qərarı ləğv edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.