Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-128/2025 13.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X2 və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri “Samur Abşeron” kanalının şimal hissəsində 0,10 ha hissədən ibarət 1207 saylı bağ torpaq sahəsi üzərində onun adına mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(118)-2708/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Sumqayıt şəhərinin “Samur Abşeron” kanalının şimal hissəsində 0,10 ha hissədən ibarət 1207 saylı bağ torpaq sahəsi üzərində onun adına mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər X4 İcraiyyə Komitəsinin 4.417 nömrəli, 1989-cu il tarixli qərarı ilə Azərboru prokatı zavodunun 2000 ailəsinə Samur- Abşeron kanalının şimal meşə xəttində 162 hektar torpaq sahəsi ayrılmışdır. Həmin qərara uyğun olaraq 1999-cu ildə mühasib işlədiyi "Azərboru” X8 Cəmiyyətinin Həmkarlar İttifaqı təşkilatının qərarına və onun nəzdində olan "Metallurq" kollektiv bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.1999-cu il tarixli, 5 nömrəli protokoluna əsasən "Samur-Abşeron” kanalının şimal hissəsində 0,10 ha hissədən ibarət torpaq sahəsi iddiaçıya ayrılmış və 1207 saylı bağçının üzvlük kitabçası verilmişdir. Həmin vaxtdan da torpaq sahəsi iddiaçının istifadəsindədir və orada qanuni sənədlər əsasında ev tikib yaşayır. İddiaçı Bağçının üzvlük kitabçasını ərizəsinə əlavə etməklə cavabdeh DƏDRX-nin Sumqayıt 2 saylı Ərazi İdarəsinə müraciət edərək qeyd olunan bag sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınıb çıxarış verilməsini xahiş etmişdir. Lakin cavabdehin ünvanladığı xx.xx.2023-cü il tarixli məkubunda Metallurq Bağçılıq Cəmiyyətinin ərazisində yerləşən bag sahələrinə dair bağçılıq-yoldaşlıq təsərrüfatının sxematik xəritələri və bağçılıq cəmiyyəti üzvlərinin siyahısının adlı siyahısı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdasinə təhvil verilmədiyini əsas gətirilərək ərizəsi təmin etməmişdir. Arxiv sənədlərinin vaxtında cavabdehə təqdim edilməməsi iddiaçının günahı deyildir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, “Metallurq” Bağçılıq Cəmiyyətinin ərazisində yerləşən bağ sahələrinə dair bağçılıq-yoldaşlıq təsərrüfatının sxematik xəritələri və bağçılıq cəmiyyəti üzvlərinin adlı siyahısı idarəyə təhvil verilmədiyi üçün həmin ərazidə yerləşən torpaq sahələrinin qeydiyyata alınması ilə bağlı müraciətlərin icrası təmin oluna bilmir. Buna görə də dəfələrlə Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına, Sumqayıt şəhər İcra Hakimiyyətinə və Sumqayıt Bələdiyyəsinə arxiv saxlanclarında aşkar olunduğu halda “Metallurq” Kollektiv Bağçılıq Cəmiyyətinin üzvlərinə bağ sahələrinin ayrılması ilə bağlı arxiv məlumatlarının, o cümlədən bağçılıq-yoldaşlıq təsərrüfatının sxematik xəritələrinin, bağçılıq cəmiyyəti üzvlərinin adlı siyahısının idarəyə təqdim olunması ilə bağlı sorğular göndərilmiş, lakin sorğular müvafiq qurumlar tərəfindən müsbət cavablandırılmamışdır. Qeyd olunanlarla əlaqədar olaraq bildirilir ki, “Metallurq” Bağçılıq Cəmiyyətinin ərazisində yerləşən bağ sahələrinə dair arxiv məlumatları idarəyə daxil olduqdan sonra müraciətə qanunamüvafiq qaydada baxılacaqdır. Həmçinin, inventarlaşdırma və ölçmə işlərinin yerinə yetirilməsi ilə əlaqədar sözügedən torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən yerində baxış keçirilməsinə şərait yaradılmamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: 1207 nömrəli bağçının üzvlük kitabçasından görünür ki, İddiaçı 1999-cu ildən bağçılıq cəmiyyətinin üzvüdür. 041216 seriyalı qəbzdən görünür ki, İddiaçı 2008-ci ildə torpaq vergisi ödəmişdir. X3 heyətinin 06 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı "xxxx" ASC “Metallurq” bağçılıq yoldaşlığının üzvlüyünə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinin müayinə aktından görünür ki, torpaq sahəsində texniki inventarlaşma işləri aparılmış, torpaq sahəsi yerüstü kommunikasiya xətlərinin mühafizə zonasında yerləşmir. Ümumi tikinti altı sahəsi 298,0 kv m olan 2 ədəd 1 mərtəbəli bağ evi mövcuddur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(118)-2708/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdehin imtinası və iddia ərizəsinə etirazının dəlillərindən müəyyən edilir ki, “Metallurq" Kollektiv Bağçılıq Cəmiyyətinin üzvlərinin adlı siyahısı və bağçılıq yoldaşlıq təsərrüfatının sxematik xəritələri Ərazi idarəsinə təhvil verilməmişdir. Eyni zamanda, iddiaçı hazırda həmin cəmiyyət tərəfindən ona bağ torpaq sahəsinin ayrıldığını iddia etsə də, öz adının da qeyd olunduğu cəmiyyətin üzvlərinin adlı siyahısını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın İddiaçı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən cavabdeh tərəfin məhkəməyə ünvanladığı etiraz ərizəsində qeyd olunduğu kimi "Metallurq" Bağçılıq Cəmiyyətinin ərazisində yerləşən bağ sahələrinə dair üzvlük kitabçası kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının sxematik xəritələri və bağçılıq cəmiyyəti üzvlərinin siyahısının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Ərazi İdarəsinə təhvil verilmədiyini əsas tutmuşdur. Halbuki, "Metallurq" Kollektiv Bağçılıq yoldaşlığına təhkim olunmuş bağların təxminən 60 faizi dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. "Metallurq" Bağçılıq yoldaşlığının arxiv sənədlərinin vaxtında cavabdehə təqdim edilməməsi onun günahı deyildir. Qanuni əsaslarla ona verilmiş bağ sahəsinə dair onun əlində Bağçının üzvlük kitabçası vardır, orada oğlu ilə özünə 2 ev tikib ailəlikcə yaşayırlar, müvafiq fərmana əsasən bu torpaq sahəsi onun əvəzsiz mülkiyyəti hesab olunmalıdır. O, cavabdehə Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin tələblərinə uygun qaydada müraciət etmişdir. Qeyd etdiyi kimi, onun qanuni əsasla torpaq sahəsindən istifadə hüququ vardır ki, bu da mülkiyyət hüququnun tərkib hissəsidir. İddiaçı daha sonra apellyasiya şikayətinə əlavə təqdim edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Ali məhkəməsinin mülkiyyət hüquqlarının qeydiyyatı üzrə qərarına əsasən hüquqi sənədlər - bu halda bağçılıq yoldaşlığının iclasının protokolu və üzvlük kitabçası - qanunda müəyyən edilmiş qaydada ləğv olunmaqdıqca və ya etibarsız sayılmadıqca etibarlı və qüvvədədir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8.07-ci maddəsinə əsasən, belə sənədlər mülkiyyət hüquqlarının yaranması və qeydiyyatı üçün əsas sayılır. Qeyd edilir ki, onunla eyni bağçılıq-yoldaşlığının digər üzvlərini eyni ərazidə və eyni əsaslarla mülkiyyət hüquqlarını qeydiyyata alıblar. Bu halda iddiaçıya fərqli yanaşma qanun qarşısında bərabərlik prinsipini pozur. Belə ki, eyni məzmunlu, eyni ərazidə yerləşən torpaq sahəsi ilə bağlı iddia üzrə Sumqayıt şəhər Məhkəməsinin 29 may 2013-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1350/2013 saylı, 06 dekabr 2013cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2140/2014 saylı, 03 iyul 2014-cü il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətlə uyğun izahat vermiş, eyni zamanda həmin bağ sahəsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarını nəzərə alaraq, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 21. Məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 21.1. Məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hazırkı mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırki iş üzrə iddia tələbi Sumqayıt şəhəri “Samur Abşeron” kanalının şimal hissəsində 0,10 ha hissədən ibarət 1207 saylı bağ torpaq sahəsi üzərində onun adına mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsinə dair mövqeyini onunla əsaslandırmışdır ki, “Metallurq" Kollektiv Bağçılıq Cəmiyyətinin üzvlərinin adlı siyahısı və bağçılıq yoldaşlıq təsərrüfatının sxematik xəritələri Ərazi idarəsinə təhvil verilməmişdir. Eyni zamanda, iddiaçı hazırda həmin cəmiyyət tərəfindən ona bağ torpaq sahəsinin ayrıldığını iddia etsə də, öz adının da qeyd olunduğu cəmiyyətin üzvlərinin adlı siyahısını məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtina əsaslarını nəzərə alanda, birinci instansiya məhkəməsinin gəldiyi nəticə doğru olsa da, apellyasiya icraatı zamanı təqdim edilmiş yeni sübutlar iddiaçının iddiasının təmini üçün əsas təşkil etmişdir. Belə ki, apellyasiya icraatı zamanı məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 148/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qərarından görünür ki, iddiaçı Sumqayıt Bələdiyyəsi cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şimalında salınan yeni yaşayış massivinin 7-ci məhəlləsi ərazisində yerləşən, sahəsi 2400 kvadrat metr olan həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia ərizəsinə dəyişiklik edərək, cavabdeh tərəfindən zəbt edilmiş Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şımalında salınan yeni yaşayış massivinin 7-ci məhəlləsi ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-597/2017 nömrəli, 8 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1166/2024 nömrəli, 28 avqust 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı mübahisəli daşınmaz əmlakın (torpağın) cavabdehin qeyri-qanuni sahibliyində olmasını sübuta yetirə bilməmişdir. Belə ki, Sumqayıt şəhər X4 “Samur-Abşeron” kanalının şimalında yerləşən meşə zolağı boyunca Sumqayıt Boru-Prokat Zavodunun əməkdaşları üçün 2000 ailəlik şəhər tipli qəsəbə salınması məqsədilə 162,0 hektar torpaq sahəsinin ayrılması barədə xx.xx.1989-cu il tarixli, 23 nömrəli qərarından, cavabdeh İddiaçı xx.xx.1999-cu il tarixdə 5 nömrəli protokola əsasən “Metallurq” kollektiv bağçılıq Cəmiyyətinin üzvü qəbul edilməsi, ona Bağçılıq Cəmiyyətinin bağından sahəsi 1.080 kv.m. olan 1207 nömrəli bağ sahəsinin Sumqayıt XDS-nin xx.xx.1998-ci il tarixdə qeydə alınmış müqaviləsinə əsasən daimi istifadə etmək üçün verilməsi barədə “Bağçılıq üzvlük Kitabçası”ndan, Sumqayıt şəhər Bələdiyyəsinə 2000-2008-ci illər üçün Sumqayıt “Metallurq” kollektiv bağçılıq Cəmiyyətinin 1207 nömrəli torpaq sahəsindən istifadəyə görə 45 manat vergi ödəməsi barədə xx.xx.2008-ci il tarixli, 041216 nömrəli Qəbzdən, Sumqayıt “Metallurq” kollektiv bağçılıq Cəmiyyətinin cavabdeh İddiaçı məxsus bağ evinin eskiz layihəsindən görünür ki, cavabdeh üçüncü şəxs X5 tərəfindən verilməsi iddia edilən 0,06 ha torpaq sahəsini özbaşına zəbt etməmişdir. İddiaçı həmin vaxt işçisi olduğu Sumqayıt Boru-Prokat Zavoduna aid torpaq sahəsinə Sumqayıt XDS-nin xx.xx.1998-ci il tarixdə qeydə alınmış müqaviləsinə əsasən buraxılmış və xx.xx.1999-cu il tarixdə 5 nömrəli protokola əsasən “Metallurq” kollektiv bağçılıq Cəmiyyətinin üzvlüyünə qəbul edilmiş, ona verilən bu səlahiyyətlərdən istifadə edərək cavabdeh torpaq sahəsinə uzun müddət sahiblik etmiş, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş, istifadəsində olan torpağa görə bələdiyyəyə vergi ödəmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi ilə bağlı uzun müddət davam edən mülki mübahisələr olmuş, son nəticədə isə torpaq sahəsinin İddiaçı məxsus olması qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 148/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qərarına əsasən Sumqayıt şəhər X4 “Samur- Abşeron” kanalının şimalında yerləşən meşə zolağı boyunca Sumqayıt Boru-Prokat Zavodunun əməkdaşları üçün 2000 ailəlik şəhər tipli qəsəbə salınması məqsədilə 162,0 hektar torpaq sahəsinin ayrılması barədə xx.xx.1989-cu il tarixli, 23 nömrəli qərarının, İddiaçı xx.xx.1999-cu il tarixdə 5 nömrəli protokola əsasən “Metallurq” kollektiv bağçılıq Cəmiyyətinin üzvü qəbul edilməsi, ona Bağçılıq Cəmiyyətinin bağından sahəsi 1.080 kv.m olan 1207 nömrəli bağ sahəsinin Sumqayıt XDS-nin xx.xx.1998-ci il tarixdə qeydə alınmış müqaviləsinə əsasən daimi istifadə etmək üçün verilməsi barədə “Bağçılıq üzvlük Kitabçası”nın və Sumqayıt “Metallurq” kollektiv bağçılıq Cəmiyyətinin İddiaçı məxsus bağ evinin eskiz layihəsinin mövcudluğu qəbul edilmiş və həmin sənədlərə istinad olunmaqla hazırki iş üzrə İddiaçı mülkiyyət hüquqlarının qorunması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1166/2024 nömrəli, 28 avqust 2024-cü il tarixli qətnaməsi ilə hazırkı iddianın predmetini təşkil edən mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçının gözlənilən mülkiyyət hüquqları müəyyən edilmişdir. Əlavə olaraq iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli müayinə aktından görünür ki, torpaq sahəsində texniki inventarlaşma işləri aparılmışdır, torpaq sahəsi yerüstü kommunikasiya xətlərinin mühafizə zonasında yerləşmir. Ümumi tikinti altı sahəsi 298,0 kv m olan 2 ədəd 1 mərtəbəli bağ evi mövcuddur. Göründüyü kimi mübahisəli torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə əlaqədar mübahisə mövcud deyil. Məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən məhkəmə qərarı əsasında daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı aparıla bilər. Maddə 21. Məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 21.1. Məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtina məktubu və iddia tələbinə etirazda və apellyasiya şikayətində istinad etdiyi dəlillər imtina üçün əsas təşkil etsə də, təqdim edilən məhkəmə aktı ilə imtina əsasları aradan qalxmış olur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(118)-2708/2024 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı Sumqayıt şəhəri “Samur Abşeron” kanalının şimal hissəsində 0,10 ha hissədən ibarət 1207 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.