Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1287/2025 08.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X6 və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, iddiaçı, eyni zamanda digər iddiaçıların nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) qarşı “JN-227 Kod 30311048 saylı “Torpağa Mülkiyyətə hüququna dair dövlət aktı”na əsasən iddiaçıya məxsus 2.25 ha torpaq sahəsindən mübahisəli olan yalnız 1 ha hissəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 03 oktyabr 2025-ci il tarixli, 2-1(118)- 41/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “JN-227 KOD 30311048 saylı 30 dekabr 1998-ci il tarixli Dövlət Aktında göstərilən 2,25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X2 məxsus olması barədə arayışın verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək, “JN-227 Kod 30311048 saylı “Torpağa Mülkiyyətə hüququna dair dövlət aktı”na əsasən iddiaçıya məxsus 2.25 ha torpaq sahəsindən mübahisəli olan yalnız 1 ha hissəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, ona, anasına və ailə üzvlərinə Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 03 №-li qərarı ilə kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün 2,25 ha torpaq ayrılmış və adlarına mülkiyyətini təsdiq edən JN227 KOD 30311048 saylı dövlət aktı verilmişdir. Mülkiyyətçilərdən anası M.İsayeva 2004-cü ildə vəfat etmişdir və hal-hazırda qeyd olunan torpaq sahəsi iddiaçı və ailə üzvlərinin istifadəsindədir. Anası vəfat etdikdən sonra iddiaçıya məlum olmuşdur ki, həmin dövlət aktı elektron baza xəritəsinə işlənməmişdir. İddiaçı 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsə də, ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, JN-227 KOD 30311048 nömrəli “Torpağa mülkiyyət hüququn dair dövlət aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçməmişdir. Məlumat üçün bildirilir ki, İddiaçı mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı müraciəti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsində qeydə alınmamışdır. Qeyd edilir ki, JN-227 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən torpaq sahəsinin cizgisi, ölçüləri elektron kadastr məlumat bazasında olan cizgidən və dövlət aktının cizgisindən fərqlidir və digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 03 oktyabr 2025-ci il tarixli, 2-1(118)-41/2025 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, JN-227 Kod 30311048 saylı “Torpağa Mülkiyyətə hüququna dair dövlət aktı”na əsasən iddiaçıya məxsus 2.25 ha torpaq sahəsindən mübahisəli olan yalnız 1 ha hissəsinin digər şəxslə üst-üstə düşən 0.3050 ha hissəsi çıxılmaqla, qalan hissə üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, JN-227 nömrəli seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən torpaq sahəsinin cizgisi, ölçüləri elektron kadastr məlumat bazasında olan cizgidən və dövlət aktının cizgisindən fərqlidir və digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üstüstə düşür. Məhkəmə tərəfindən dövlət aktında göstərilən digər mülkiyyətçilər işə cəlb edilmədən, o cümlədən razılıqları olub-olmadığını müəyyənləşdirmədən yalnız İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur. Bundan əlavə, JN-227 Torpağa Mülkiyyət Hüququna X26 digər 6 mülkiyyətçilərin paylarının ləğv olunub-olunmamasına münasibət bildirməmişdir. b) Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və eyni zamanda digər iddiaçıların nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Hazırki iş üzrə mübahisə 2.25 ha torpaq sahəsindən mübahisəli olan yalnız 1 ha hissəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla çıxarış və plan-ölçü sənədinin verilməsindən cavabdeh inzibati orqanın imtina etməsi nəticəsində yaranmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 yanvar 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi nəzərə alınmışdır. Məhkəmə kollegiyası yaranmış mübahisəyə münasibətdə ilk növbədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək JN-227 Kod 30311048 saylı “Torpağa Mülkiyyətə hüququna dair dövlət aktı”na əsasən iddiaçıya məxsus 2.25 ha torpaq sahəsindən mübahisəli olan yalnız 1 ha hissəsinin digər şəxslə üst-üstə düşən 0.3050 ha hissəsi çıxılmaqla, qalan hissə üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmasını qərara almışdır. İş materiallarına əlavə olunmuş JN-227, KOD 30311048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, X3 və onun ailə üzvləri İddiaçı, X10, X14, X21, X15 və X13 Quba rayonu Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli qərarı ilə Quba rayonunda 2,25 ha torpaq sahəsi ayrılmışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman digər mülkiyyətçilər iş üzrə icraata cəlb edilməmişdir. Apellyasiya instansiyasında icraat zamanı məhkəmə iclasında X10, İsayeva (Əmiyeva) Samirə Cəlil qızı, X21, İsayeva (Surxayeva) Cəmilə Cəlil qızı və İsayeva (Məhərrəmova) Aynur Cəlil qızının nümayəndəsi İddiaçı məhkəmə kollegiyasına ərizə təqdim edərək həmin şəxslərin hazırki icraat üzrə birgə iddiaçı qismində qəbul edilməsini xahiş etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 yanvar 2026cı il tarixli protokol qərardadı ilə ilə ərizə təmin edilərək X10, İsayeva (Əmiyeva) Samirə Cəlil qızı, X21, İsayeva (Surxayeva) Cəmilə Cəlil qızı, İsayeva (Məhərrəmova) Aynur Cəlil qızı və İddiaçı birgə iddaçı qismində işə cəlb edilmişdirlər. X1 isə vəfat etməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir: Belə ki cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin edilməsindən imtina edərkən aşağıdakı dəlillərə istinad etmişdir:
1. JN-227 KOD 30311048 nömrəli “Torpağa mülkiyyət hüququn dair” Dövlət Aktının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçməməsi;
2. JN-227 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən torpaq sahəsinin cizgisi və ölçülərinin elektron kadastr məlumat bazasında olan cizgidən və dövlət aktının cizgisindən fərqli olması, digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi. Kollegiya inzibati orqanın birinci dəlilini əsassız hesab etməklə aşağıdakıları qeyd edir: İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 18 oktyabr 2022-ci il tarixli, **********40 nömrəli məktubundan görünür ki, JN-227 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamış, lakin ərazi idarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən ünvanlanan 06 mart 2025-ci il tarixli, 3-21-3-34/2- 3122/2025 nömrəli məktuba əlavə olunmuş müayinə aktından görünür ki, JN-227 KOD 30311048 saylı 30 dekabr 1998-ci il tarixli Dövlət aktında göstərilən torpaq sahəsi 3 (üç) hissədən ibarət olmaqla 2.25 ha təşkil edir. Həmin torpaq sahələri kənd təsərrüfatı təyinatlı olub kənd təsərrüfatına yararlı torpaq sahələridir (çoxillik əkmə kimi istifadə olunur). Lakin iddiaçı tərəfindən faktiki istifadə olunan və mübahisə predmeti olan 1.0 ha torpaq sahəsinin 0.3050 ha hissəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) JN-186 KOD 30311048 saylı Dövlət Aktına əsasən X5 məxsus 0.99 ha torpaq sahəsi ilə üst-üstə düşür. Kollegiya əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı sözügedən Dövlət Aktına əsasən üç hissədən ibarət olan torpaq sahəsinin iki hissəsi üzərində iddiaçıların mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Belə ki, iş materiallarına əlavə olunmuş 09 aprel 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan görünür ki, ünvan 2i ünvanında yerləşən 0,2 ha torpaq sahəsi üzərində X10, X16, X21, X12, X11, İddiaçı və X1 ümumi birgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Eləcə də 05 aprel 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan görünür ki, ünvan 2i ünvanında yerləşən 1,05 ha torpaq sahəsi üzərində X10, X16, X21, X12, X11, İddiaçı və X1 ümumi birgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi cavabdeh inzibati orqan JN-227 KOD 30311048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçməməsi halına istinad edərək hazırda mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etsə də, həmin Dövlət Aktı əsasında ayrılmış torpaq sahəsinin iki hissəsi üzərində iddiaçıların mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Bu isə onu deməyə əsas verir ki, inzibati orqanın dəlili formal xarakter daşımaqla iddiaçıların mülkiyyət hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olur. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın əsaslı sayıla biləcək dəlili JN-227 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən torpaq sahəsinin cizgisi və ölçülərinin elektron kadastr məlumat bazasında olan cizgidən və dövlət aktının cizgisindən fərqli olması, digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi ilə əlaqəli olması hesab edilə bilərdi. Lakin məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək JN-227 Kod 30311048 saylı “Torpağa Mülkiyyətə hüququna dair dövlət aktı”na əsasən iddiaçıya məxsus 2.25 ha torpaq sahəsindən mübahisəli olan yalnız 1 ha hissəsinin digər şəxslə üst-üstə düşən 0.3050 ha hissəsi çıxılmaqla, qalan hissə üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasını barədə qərar qəbul etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən məhkəmə aktı qəbul edilərkən inzibati orqan tərəfindən mübahisələndirilən üst-üstə düşən hissə çıxılmaqla, qalan hissə üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. İddiaçı isə həmin qərardan şikayət verməmişdir. Bu da cavabdeh inzibati orqanın apellyasiya şikayətinin əsassız olmasını göstərir. Eyni zamanda birgə iddiaçılar apellyasiya icraatı zamanı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək JN-227 Kod 30311048 saylı “Torpağa Mülkiyyətə hüququna dair” Dövlət Aktına əsasən 0,695 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişlər. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – birgə iddiaçıların yeni iddia tələbinin və iddia tələbinə dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir və kollegiyanın xx.xx.2026-cı il tarixli protokol qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Göründüyü kimi məhkəmə prosesi gedişində JN-227 KOD 30311048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə tanınan üç hissədən ibarət torpaq sahəsinin iki hissəsi üzərində cavabdeh inzibati orqan tərəfindən mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığı üçün həmin “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilən torpaq sahəsinin üçüncü hissəsinin digər şəxslərin mülkiyyətində olan torpaq sahələrinin üst-üstə düşməyən hissəsi üzərində birgə mülkiyyətçilərin hüquqlarının dövlət qeydiyyatının aparılmasından imtina üçün hər hansı bir əsas qalmamışdır. İşin sadalan xüsusatlarını ümumiləşdirərək kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, JN-227 Kod 30311048 saylı “Torpağa Mülkiyyətə hüququna dair” Dövlət Aktına əsasən 0,695 ha torpaq sahəsi üzərində X10, İsayeva (Əmiyeva) Samirə Cəlil qızı, X21, İsayeva (Surxayeva) Cəmilə Cəlil qızı, İsayeva (Məhərrəmova) Aynur Cəlil qızı, X4 və İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 oktyabr 2025-ci il tarixli, 2-1(118)-41/2025 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. JN-227 Kod 30311048 saylı “Torpağa Mülkiyyətə hüququna dair” Dövlət Aktına əsasən 0,695 ha torpaq sahəsi üzərində X10, İsayeva (Əmiyeva) Samirə Cəlil qızı, X21, İsayeva (Surxayeva) Cəmilə Cəlil qızı, İsayeva (Məhərrəmova) Aynur Cəlil qızı, X1 və İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.