Məhkəmə qərarları › İş №2-1(105)-129/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-129/2021

07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-129/2021 07.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zaur İkram oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı tələb olunan əmrlər əsasında araşdırmaların nəticəsi barədə qərar qəbul etməsi və döyüş əməliyyatlarında iştirak etməsi barəsində aktdan irəli gələn ehtiyata buraxılmağının arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(118)-1112/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “Hərbi biletində aparılan qeydlərə əsasən xx.xx.1993-ci il tarixdən xx xxx 1994-cü il tarixində elan olunan atəşkəsə qədər və atəşkəs elan ediləndən sonra da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi barəsində Müdafiə Nazirliyinin İşlər İdarəsinin Arxivinə daxil olmaması barəsində inzibati araşdırmanın aparılması, inzibati araşdırmanın araşdırmanın nəticəsi hissəsində xx.xx.1993-cü il tarixdən xx xxx 1994-cü il tarixində elan olunan atəşkəsə qədər və atəşkəs elan olunan günə qədər Arxiv Arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına” dair iddia ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək, 1) xx.xx.1993-cü il tarixdən xx xxx 1994-cü il tarixində elan olunan atəşkəsə qədər və tərxis olunduğu xx.xx.1996-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul etməsi vəzifəsinin Müdafiə Nazirliyinin üzərinə qoyulması; 2) qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq xx.xx.1993-cü il tarixdən xx xxx 1994-cü il tarixində elan olunan atəşkəsə qədər və tərxis olunduğu xx.xx.1996-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi barəsində aktdan irəli gələn ehtiyata buraxılmağının Arxiv Arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası SHXÇDX-nin Xətai rayon şöbəsi tərəfindən xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək döyüşən ordunun tərkibində N saylı hərbi hissədə təkrar həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında xx xxx 1994-cü il tarixində Atəşkəs elan edilənədək iştirak etmişdir. Qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin mart 1993-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından barəsində əlavə araşdırma aparılması mümkün olmamışdır. Halbuki, ərizəyə əlavə olunan hərbi biletdə bu barədə qeydlər edilmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən, hərbi biletdə aparılan qeydlər veteran vəsiqəsinin verilməsi üçün əsasdır. X1 Arxivindən iddiaçıya göndərilən arxiv arayışında göstərilənlərlə də təsdiq olunur ki, iddiaçının hərbi xidməti barəsində arxivdə məlumatın olmaması onun təqsiri ucbatından olmamışdır. Arxiv arayışında da göstərilmişdir ki, bu halların araşdırılması mümkün olmamışdır. Halbuki, bütün bunların araşdırması inzibati orqan kimi Müdafiə Nazirliyinin Arxiv İdarəsinin vəzifəsidir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(118)-1112/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim İ.Quliyev). Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilərək, işin yenidən mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə qərardad vermişdir ki, iddiaçı tələbini düzgün qoymamışdır. Halbuki, məhkəmənin hüquqi yardımı əsasında iddia tələbində dəqiqləşdirmə apararaq Müdafiə Nazirliyi ilə birlikdə Arxiv İdarəsini də cavabdeh kimi qoymuşdur. Bütün bunlardan sonra məhkəmə tərəfindən belə bir əsasla iddianın mümkün sayılmaması absurddur. Belə ki, hərbi biletində bütün xidmətləri qanuna müvafiq surətdə göstərilməsi və həmin qeydlərə əsasən ona Müharibə veteranı statusunun verilməsi qanunidirsə arxivdə hərbi hissənin sənədlərinin olmaması nə üçün maneə yaratmalıdır? Yuxarıda göstərdiyi kimi hərbi hissə tərəfindən sənədlərin arxivə verilməməsi onun günahı deyil. Tərəflərin izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx xxxx 2020-ci il tarixli 9/2-6650 saylı məktubundan görünür ki, iddiaçının cavabdehə ünvanladığı ərizəsinə cavab olaraq bildirilmişdir ki, N saylı hərbi hissə komandirinin iyun 1993-cü il – aprel 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında iddiaçının xidmətləri barədə məlumat aşkar olunmamışdır. Bununla razılaşmayan iddiaçı yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları və iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq, qərardadda qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdeh qismində Azərbaycan Respublikası Cavabdeh göstərsə də, iddiaçının tələbi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə yönəlmişdir. Cavabdeh olmayan şəxsə tələb irəli sürülməsi ilə bağlı iddiaya isə baxılması qeyrimümkündür. Bundan əlavə iddiaçının tələbi qeyri-müəyyəndir və iddia ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələblərinə cavab vermir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 16-cı bəndində qeyd edilir ki, İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İş materiallarından görünür ki, iddia ərizəsində qoyulan tələblər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı yönəldilsə də, cavabdeh qismində Nazirliyin Arxiv idarəsi qeyd edildiyindən, eləcə də, iddiaçının tələbləri qeyri-müəyyən, anlaşılmayan olduğundan, birinci instansiya məhkəməsi iddiaçını bir neçə dəfə hüquqi yardım edilməsi məqsədilə məhkəmə iclasına dəvət etmiş, lakin sonuncu heç bir üzürlü səbəb göstərmədən məhkəməyə gəlməmiş, eləcə də, iddia ərizəsində yol verilən nöqsanları aradan qaldırmamışdır. Belə olan təqdirdə kollegiya hesab edir ki, iddianı mümkün hesab etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bundan əlavə yuxarıda qeyd edilən Plenum Qərarının 7-ci bəndinə əsasən, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Hazırkı halda, işdən görünür ki, iddiaçının məqsədi müharibə veteranı vəsiqəsini almaqdır. Belə olan təqdirdə müharibə veteranı vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmək və verilən cavabla razılaşmadığı təqdirdə məhkəmədə iddia qaldırmaq hüquqları izah edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(118)-1112/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar