Məhkəmə qərarları › İş №2-1(105)-13/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-13/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-13/2021 03.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, X23 və X12 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X13rşı “iddiaçının Abşeron rayon 2 saylı Dövlət Notariat Kontorunda 2M/73 saylı reyestrlə qeydə alınmaqla xx.xx.2005-ci ildə Torpaq Alqı-satqı müqaviləsi ilə aldığı Abşeron rayon X6 xx.xx.1997-ci il tarixli 15 nömrəli qərarı ilə JN-393, Kod 30800108 saylı xx.xx.1998-ci il tarixli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə Məmmədli kəndində yerləşən 1.12 ha “Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin” onun adına qeydiyyata alınması və bu barədə çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(85)-352/2018 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Abşeron rayon 2 saylı Dövlət Notariat Kontorunda 2M/73 saylı reyestrlə qeydə alınmaqla xx.xx.2005-ci ildə Torpaq Alqı- Satqı Müqaviləsi ilə aldığı Abşeron rayon X6 xx.xx.1997-ci il tarixli 15 nömrəli qərarı ilə JN- 393, Kod 30800108 saylı xx.xx.1998-ci il tarixli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə Məmmədli kəndində yerləşən 1.12 hektar “Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin” onun adına qeydiyyata alınmasının və bu barədə Çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2017-ci il tarixli məktubu ilə iddiaçının aldığı torpaq sahəsini onun adına qeydiyyata almaqdan imtina etmiş və mülkiyyət hüquqlarını pozmuşdur. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, guya JN-393 Kod: 30800108 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” ilə müəyyən edilmiş torpaq sahəsi Dövlət Qoruq torpaq sahəsinə aiddir. Cavabdehin gətirdiyi dəlil əsasızdır. Belə ki, mübahisəli torpaq sahəsi ilkin olaraq xüsusi mülkiyyət kimi qeydiyyata alınmış və bu barədə Dövlət aktı verilmişdir. Sonradan isə həmin torpaq sahəsi cavabdehdə 2014-cü il tarixdə yenidən qeydiyyatdan keçmişdir. Xüsusi mülkiyyət kimi verilmiş torpaq sahəsi dövlət qoruq torpaq sahəsi kimi göstərildiyi təqdirdə bu barədə mülkiyyətçiyə heç bir məlumat verilməmişdir. Cavabdeh xüsusi mülkiyyət kimi verilmiş torpaq sahəsi nə zaman və hansı qanunla dövlət qoruq torpaq sahəsinə aid edilməsi barədə heç bir məlumat verməmişdir. Əgər xüsusi mülkiyyət kimi verilmiş torpaq sahəsi dövlət ehtiyacları üçün alındığı təqdirdə həmin torpaq sahəsi əvəzləşdirilməli və ya dəyəri pul ilə ödənilməlidir. Cavabdeh qanunun tələblərinə əməl etməmiş və iddiaçının qanuni tələbindən əsassız imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim X9, 2-1(85)-352/2018 saylı iş) xx xxxxxx 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının Abşeron rayon 2 saylı Dövlət 9 Notariat Kontorunda 2M/73 saylı reyestrlə qeydə alınmaqla xx.xx.2005-ci ildə torpaq alqı-satqı müqaviləsi ilə aldığı Abşeron rayon X6 xx.xx.1997-ci il tarixli 15 nömrəli qərarı ilə JN-393, Kod 30800108 saylı xx.xx.1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Məmmədli kəndində yerləşən 1.12 ha “Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin” onun adına qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə əsasən iddiaçı ilə X3 və X15 arasında torpaq sahəsinin alqı-satqısına dair bağlanmış xx xxxx 2005-ci il tarixli Torpaq alqı-satqı müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunduğundan iddiaçının mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışla rəsmiləşdirilməlidir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(85)-352/2018 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X14məruzəçi, X16 və X7, 2-1(105)-06/2019 saylı iş) xx xxxxx 2019-cu il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, torpaq sahəsi təyinatına və hüquqi rejiminə görə xüsusi qorunan ərazilərin torpaqlarına aid olmaqla “Yanardağ” Dövlət Tarix Mədəniyyət və Təbiət Qoruğuna aid ərazidə yerləşdiyindən cavabdehin imtinası qanuni və əsaslıdır. Sonuncu qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər X17 (sədrlik edən və məruzəçi), X18 və X10, 2-1(102)-2951/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(105)-06/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İşə baxmış məhkəmə tərəfindən alqı-satqı müqaviləsinin predmeti olmuş 1.12 ha torpaq sahəsinin xüsusi qorunan ərazilərin torpaqlarına aid olub-olmaması araşdırılmamış, zəruri sübutlar tədqiq edilməklə (o cümlədən, ehtiyac yaranarsa ekspertiza keçirilməklə) torpağın kateqoriyası ilə bağlı məsələ dəqiq müəyyən edilməmiş, iddianın əsaslı olubolmamasına qanunvericiliyin tələbləri, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli qərarındakı hüquqi mövqelər nəzərə alınmaqla qiymət verilməmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlər tərəflərindən araşdırılması və 4 saylı X21 mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən, torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə xüsusi qorunan ərazilərin torpaqlarına aid olmaqla “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna aid ərazidə yerləşdiyi aşkar edilmişdir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, apellyasiya şikayətinin rədd edilməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən, eləcə də gəlməməyinin səbəblərini bildirmədən nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavadeh tərəfindən verilmiş apellyasiya şikayəti 1-ci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hazırkı mübahisə ilə bağlı Ali Məhkəmənin hüquqi mövqeyini nəzərə alaraq aşağıda göstərilənlərə əsasən hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. Hazırki işin hallarından görünür ki, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Abşeron rayon X6 xx.xx.1997-ci il tarixli 15 nömrəli qərarı ilə Abşeron rayonu, Məmmədli kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 1.12 ha torpaq sahəsi üzərində X3 və X8 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Abşeron rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən 2M/73 nömrəli reyestrlə qeydə alınmış xx xxxx 2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə iddiaçı Abşeron rayonu, Məmmədli kəndində yerləşən 1.12 hektar torpaq sahəsini X1 və X4 almışdır. Sonradan RX seriyalı, xx.xx.2017-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışla cavabdeh tərəfindən mübahisə predmeti olan torpaq sahəsinə dair X8 adına reyestrdən çıxarış verilmiş və torpaq sahəsinin mülkiyyət növü “xüsusi” qeyd edilmişdir. Abşeron rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(012)-108/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə X11 verilmiş xx xxxx 2014-cü il tarixli, 2V-131 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” və X11 məxsus xx.xx.2017-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” etibarsız hesab edilmişdir. İddiaçı notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsinə istinad edərək 1.12 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrində hüququn qeydə alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh həmin torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna aid ərazidə yerləşdiyini bildirib hüququ qeydə almaqdan imtina etmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin etmiş və öz mövqeyini onunla əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3cü maddəsinə əsasən iddiaçı ilə X3 və X15 arasında torpaq sahəsinin alqı-satqısına dair bağlanmış xx xxxx 2005-ci il tarixli Torpaq alqı-satqı müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunduğundan iddiaçının mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışla rəsmiləşdirilməlidir. Cavabdehin mövqeyi ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, cavabdeh mübahisəli torpaq sahəsinin “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun ərazisinə aid olması barədə hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Cavabdeh həmin qərarı mübahisələndirmiş və işə apellyasiya qaydasında baxılarkən iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilmişdir. İşdən görünür ki, ilkin təyin edilmiş ekspertiza zamanı mütəxəssis rəyində, habelə həmin rəy əsasında verilmiş işin 130-cu səhifəsində olan ekspert rəyində 1.12 ha torpaq sahəsinin qoruğa aid olub-olmamasının araşdırılmasının mümkün olmadığı qeyd edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən iş üzrə keçirilmiş təkrar məhkəmə tikinti texniki ekspertizasının xx xxxx 2019-cu il tarixli rəyi ilə “xxxx” MMC-nin mütəxəssisi tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli 22 saylı mütəxəssis rəyinin məlumatları nəzərə alınaraq, xx xxxx 2005-ci il tarixli Torpaq alqı-satqı müqaviləsinə əsasən X3 və X15 tərəfindən iddiaçıya satılmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən 1,12 hektar torpaq sahəsinin dəmyə əkin yeri olmaqla, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu, lakin sonradan həmin torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin xx xxx 2007-ci il tarixli 2141 saylı Sərəncamının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2008-ci il tarixli 227 saylı qərarı ilə Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədləri müəyyən edilərkən qoruğun hüdudları daxilinə aid edildiyi müəyyən olunmuşdur. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi iddianı rədd etmiş və bunu onunla əsaslandırmışdır ki, torpaq sahəsi təyinatına və hüquqi rejiminə görə xüsusi qorunan ərazilərin torpaqlarına aid olmaqla “Yanardağ” Dövlət Tarix Mədəniyyət və Təbiət Qoruğuna aid ərazidə yerləşdiyindən cavabdehin imtinası qanuni və əsaslıdır. İddiaçı həmin qərarı mübahisələndirmiş və işə AR Ali Məhkəməsi iddiaçının dəlilləri ilə razılaşaraq apellyasiya məhkəməsinin qərarını ləğv etmiş və işi təkrar baxışa göndərərkən qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının 1.12 ha torpaq sahəsinə istifadə və sahiblik hüququ yaranmasından sonra hansı qaydada həmin torpaq sahəsinin sonradan yaranmış “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun ərazisinə aid edilməsini (əgər bu həqiqətən belədirsə) müəyyən etməmiş, (...) məhkəmə mütəxəssis və ekspert rəylərinə əsasən iddiaçıya məxsus torpaq sahəsinin qoruğun ərazisində yerləşdiyi qənaətinə gəlmiş, birinci dəfə verilən rəylərlə sonrakı rəylər arasında olan uyğunsuzluğu, sonrakı ekspert rəyinin mütəxəssis rəyi əsasında tərtib edilməsi, mütəxəssis rəyinin isə “xxxx” MMC-nin rəyi əsasında verildiyi, MMC-nin belə rəy vermək səlahiyyəti araşdırılmamış, rəyin hansı məlumatlar əsasında tərtib edilməsi müəyyən edilməmiş, rəydə iddiaçının istifadəsində olan torpaq sahəsinin koordinatları ilə “Yanar dağ” dövlət tarix mədəniyyət və təbiət qoruğunun ərazisinin koordinatları, torpaq sahələrinin planı (cizgisi) müəyyən edilməmiş, rəydə 1.12 ha torpaq sahəsinin dəmyə əkin yeri olmaqla kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi olması, sonradan həmin torpaq sahəsinin “Yanar dağ” dövlət tarix mədəniyyət və təbiət qoruğuna verilməsi qeyd edilməsinə baxmayaraq bununla bağlı məhkəmə tərəfindən araşdırma aparılmamışdır. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin hüquqi mövqeyini nəzərə alaraq, xx xxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizanın aparılması bu sahədə ixtisaslaşmış AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ekspertizanın keçirilməsi ilə bağlı “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun sərhədlərini özündə əks etdirən plan-sxem mütəxəssis və ekspertə təqdim edilmilşdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 10/1542 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin **********55 saylı xx xxxxxxxx 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, xx xxxx 2005-ci il tarixli Torpaq alqı-satqı müqaviləsi ilə X5 və X15 tərəfindən İddiaçı satılmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən 1,12 hektar torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı, kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaqlara aid olduğu və torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi halı baş vermədiyi, həmçinin iddiaçının sahiblik və istifadəsində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 1.12 hektar torpaq sahəsinin koordinatlarının “Yanar dağ” dövlət tarixmədəniyyət və təbiət qoruğunun ərazisinin koordinatları daxilində yerləşmədiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin imtinasının və apelyasiya şikayətinin yeganə dəlili- iddiaçıya satılmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən 1,12 hektar torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna aid ərazidə yerləşməsi tam təkzib edilmiş, iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının “Yanar dağ” dövlət tarixmədəniyyət və təbiət qoruğunun ərazisinin koordinatları daxilində yerləşmədiyi müəyyən edilmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr əsas hesab olunur. Kollegiya hesab edir ki, hazırkı halda notariat qaydasında təsdiq edilmiş xx xxxx 2005-ci il tarixli alqı-satqı müqaviləsi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranması üçün əsas hesab olunur, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi də iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri öz təsdiqini tapmadığından şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-cİ il tarixli 2-1(85)-352/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar