Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-13/2023 10.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Rəhimov Elman Gülbaba oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 fevral 2022-ci il tarixli 2-1(118)-112/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Abşeron rayonun Masazır bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 42 nömrəli qərarı ilə İddiaçı bələdiyyənin perespektiv inkişaf fondundan alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikmək məqsədi ilə 0.03 ha torpaq sahəsi satılmışdır.
2. Həmin torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu haqqında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixdə rəy verilmişdir.
3. İddiaçı xx.xx.2007-ci il tarixli 33№-li qəbzlə torpaq sahəsinin dəyəri olaraq 350 manat pulu Masazır bələdiyyəsinin hesabına ödəmişdir.
4. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin müdirinin iştirakı ilə qeyd olunan torpaq sahəsinin sxematik plan sərhədləri ölçülüb, nişangah qoyulduqdan sonra İddiaçı təhvil verilmiş və bu barədə müvafiq akt tərtib edilmiş, torpaq sahəsinin dəyəri olan 350 manat pul 03 dekabr 2007-ci ildə 33 saylı qəbz əsasında iddiaçı tərəfindən Masazır bələdiyyəsinin hesabına köçürülmüşdür.
5. Qeyd edilən torpaq sahəsinə dair iddiaçı ilə Abşeron rayonun Masazır bələdiyyəsi arasında “torpaqların alqı-satqısına dair akt” xx.xx.2018-ci il tarixdə tərtib edilmişdir.
6. İddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2020-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir.
7. Cavabdeh xx.xx.2020-ci il tarixli bildirişlə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə istinad edilməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Bildirişdə imtinanın səbəbi kimi torpaq sahəsinin bələdiyyənin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satılması, yəni torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməməsi, torpaq sahəsinin hərrac və ya müsabiqə vasitəsilə satılmaması, Abşeron rayonu Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiq edilməməsi, müayinə baxışı zamanı sözügedən 0.03 ha torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edilməsi göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə üraciət edərək, ona fərdi ev tikmək üçün Abşeron rayonu Masazır Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 42 saylı qərarına əsasən Masazır bələdiyyəsinin perspektiv inkişaf fondundan satılmış 0,03 ha torpaq sahəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Masazır Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 42 saylı qərarına əsasən, Masazır bələdiyyəsinin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında İddiaçı fərdi ev tikmək məqsədi üçün 0.03 ha torpaq sahəsi satılmışdır. İddiaçı satılan torpaq sahəsinin normativ qiymətindən az olmayaraq, torpağın nəzərdə tutulmuş satış qiymətinə görə 350 manat dəyəri Masazır bələdiyyəsinin Texnikabank ASC-də xüsusi hesabına ödənilərək qəbzi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinə təqdim olunmuşdur. Masazır Bələdiyyəsinin 42 saylı qərarının 5-ci bəndinə əsasən, İddiaçı aldığı 0.03 ha torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq hüquqi sənəd hazırlanıb verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti İdarəsindən xahiş edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin 05 dekabr 2007-ci il tarixli Rəyinə əsasən, Masazır bələdiyyəsinin perspektiv inkişaf fondundan, İddiaçı 0.03 ha olmaqla Masazır kəndi ərazisində fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılması haqqında məktuba baxaraq, alqı-satqıya yazılı şəkildə etiraz etməmişdir. Həmin Rəyin 3-cü bəndinə əsasən, torpaq üzrəində hüququn qeydə alınmasını Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti vasitəsi ilə təmin edilməsi barədə gösətəriş verilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin 384 nömrəli 05 dekabr 2007-ci il tarixli rəyinə əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədi ilə qeyd olunan torpaq sahəsinin ayrılmasına etiraz olunmamışdır. Abşeron rayonu Masazır Bələdiyyəsinin 1930 nömrəli aktına əsasən, Abşeron rayonu Masazır Bələdiyyəsinin nümayəndələri Masazır bələdiyyə Şurasının 42 saylı 10 dekabr 2007-ci il tarixli qərarına əsasən Aktda göstərilmiş 300 kv.m. sahəni yerində ölçüb ayıraraq, bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişangahlar qoyaraq, iddiaçıya yerində təhvil vermişlər. ünvan ünvanladığı 24 aprel 2018-ci il tarixli 203 saylı ərizəyə əsasən, iddiaçıya satılmış 0.03 ha torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi xahiş olunmuşdur. Bundan sonra, iddiaçı 2020-ci il tarixdə daşınmaz əmlak üzrəində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı rəsmi müraciət etsə də, cavabdeh hüququn dövlət qeydiyyatına alınması imtina etmişdir. Səbəb kimi, Masazır bələdiyyəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığını bildirmişlər. Əlavə olaraq, Abşeron rayon Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafıq qaydada təsdiq edilmədiyi bildirmişlər. Həmçinin, sözügedən 0.03 ha torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi bildirilmişdir.
Cavabdehin etirazının dəlilləri
10. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlər araşdırılmış və aparılan araşdırma zamanı Abşeron rayonu Masazır Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli qərarı ilə 0.03 ha torpaq sahəsinin X6 bilavasitə, bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığı aşkar edilmişdir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmiş, torpaq sahəsi hərrac və ya müsabiqə vasitəsi ilə satılmalı olduğu halda bilavasitə satılmışdır. Bundan başqa, müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiq edilmədiyi aşkar edilmişdir. Həmçinin müayinə baxışı keçirilən zaman sözügedən 0.03 ha torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Sumqayıt İnzibati Məhkəməsinin 01 fevral 2022-ci il tarixli 2-1(118)- 112/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
12. Məhkəmə qərarını onunla əsaslandırılmışdır ki, iddiaçıya ayrılmış torpaq sahəsinin qonşuluğunda yaşayan X4, X1 və X3 mülkiyyətinə olan daşınmaz əmlaklar dövlət reyestrində qeydə alınmışlar. Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışına əsasən İddiaçı və torpaq sahələrinə dair mülkiyyət hüququ qeydə alınmış qonşularının torpaq sahələri xəritədə eyni ərazidə yerləşir. Qeyd olunan daşınmaz əmlaklar qeydə alınarkən kənd təsərrüfatı kateqoriyaya aid olmasının cavabdeh təşkilat tərəfindən nəzərə alınmadan qeydə alınması cavabdeh təşkilat tərəfindən “İnzibati İcraat” haqqında Qanunda nəzərdə tutulmuş bərabərlik və çoxun azı ehtiva etməsi prinsiplərinin pozulmasına dəlalət edir.
13. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayətinin dəlilləri cavabdehin imtinasının və iddia ərizəsinə etirazının dəlilləri ilə eynilik təşkil edir. Şikayətdə göstərilir ki, aparılan araşdırma zamanı Abşeron rayonu Masazır Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli qərarı ilə 0,03 ha torpaq sahəsinin İddiaçı bilavasitə, bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığı aşkar edilmişdir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmiş, torpaq sahəsi hərrac və ya müsabiqə vasitəsi ilə satılmalı olduğu halda bilavasitə satılmışdır. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiq edilmədiyi aşkar edilmişdir. Həmçinin müayinə baxışı keçirilən zaman sözügedən 0,03 ha torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi müəyyən edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 9.1 Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
19. Torpaq Məcəlləsi: Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi 1.Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. 2.Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. 3.Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. 4.Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir (xx.xx.2008-ci il tarixli 666-İİİQD nömrəli Qanunla 12-ci maddənin 4-cü bəndin ikinci cümləsindən “və ya bələdiyyənin” sözləri çıxarılmışdır.). Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları.
20. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz.
21. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə...7.1.3-cü, 7.1.4-cü,...maddələr... çıxarılmışdır). 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib olunur (xx.xx.2007-ci il tarixə qədər olan redaksiya).
22. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanun: Maddə 1. Dövlət torpaq kadastrı-torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusu; torpaqların monitorinqi-torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı-ayrı göstəricilərdə dəyişikliklərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, mənfi proseslərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün torpaq fondunun vəziyyətinə müntəzəm müşahidə sistemi mənasını ifadə edir. Maddə 3. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında qanunvericiliyin məqsədi Azərbaycan Respublikasının vahid torpaq fondunda kadastr, monitorinq və yerquruluşu işlərinin aparılmasını, təşkilini və idarə edilməsini tənzimləməkdir. Maddə 12. Dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir.
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarı.
24. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməli, iddia təmin olunmamalıdır.
26. Belə ki, hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya bələdiyyə qərarı ilə ayrılmış Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyesterindən qeydiyyata alınmasından imtinası təşkil edir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən qeyd edilən torpaq sahəsinin satışının qanunla müəyyən edilmiş qaydada həyata keçirilməməsi, habelə torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edilməsi hallarına istinad edilməklə imtina edilmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə baxılması ilə əlaqədar olaraq birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Belə ki, cavabdehin bu barədə bildirməsinə, eləcə də məhkəmənin də xidməti vəzifəsinə görə araşdırmağa borclu olmasına baxmayaraq mübahisəli torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) və ondan irəli gələrək satılmasının mümkünlüyü ilə bağlı məsələ tam araşdırılmamış və qiymətləndirilməmişdir.
28. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinin müvafiq dəlilləri ilə əlaqədar araşdırma aparılmış, müvafiq sorğular verilərək torpaq sahəsinin kateqoriyası ilə bağlı mütəxəssis rəyi alınmış, İPMnin 64-cü maddəsinin tələblərinə uyğun olaraq mübahisənin faktiki və hüquqi tərəfləri proses iştirakçıları ilə müzakirə edilmişdir.
29. Belə ki, mübahisəli torpaq sahəsinin kateqoriyası və təyinarı ilə bağlı verilmiş sorğuya "xxxx" MMC tərəfindən verilmiş cavab xx.xx.2023-cü il tarixli məktubunda təqdim olunan koordinatlarda yerləşən torpaq sahəsinin elektron kadastr məlumat bazasında olan məlumatlara əsasən keyfiyyət göstəricisi (bonitet balı) 57 bal olmaqla kənd təsərrüfatı təyinatlı örüş yeri olduğu qeyd edilmişdir.
30. Kollegiya cavabdehin imtinasının və apellyasiya şikayətinin digər dəlillərinə keçmədən qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normalarında kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) aid olan torpaqların dəqiq siyahısı müəyyən etmişdir. Bunlar əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlardır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsində isə təsbit edilmişdir ki, ...əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları.., xüsusi mülkiyyətə verilə bilməz. Beləliklə, həmin norma bələdiyyənin mülkiyyətində olan örüş sahələrinin torpaqlarının xüsusi mülkiyyətə verilməsini qadağan edir.
31. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki: “1. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİ hissəsi baxımından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. 2. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq məhkəməyə müraciət edə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün ərizənin baxılmamış saxlanılmasına və ya hüquqların dövlət qeydiyyatının dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda, qeydiyyat orqanı müvafiq qərar qəbul etməkdə haqlıdır”.
32. Hazırkı mübahisənin İPM-nin 34-cü maddəsinə uyğun olaraq öhdəliyin icrası haqqında iddia olmasını nəzərə alaraq kollegiya qeyd edir ki, bu növ iddialar üzrə mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilmişdir.
33. Bununla yanaşı kollegiya qeyd edir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanına uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi nəzərdə tutulub ki, bunun da məqsədlərindən biri torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etməkdir. Həmin Fərmanın 6.2-ci bəndinə müvafiq olaraq, “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi nəzərdə tutulmuşdur. Bu tədbirlərin həyata keçirilməsi daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı prosesinin təkmilləşdirilməsi, torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların təyinatına uyğun istifadə edilməsi sahəsində işin təkmilləşdirilməsi məqsədləri daşıyır. Fərmanla İqtisadiyyat Nazirliyinə bu sahədə digər məsələlərlə yanaşı torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı aşkar edilən, yaşayış məntəqələrinin torpaqlarına aid olmayan torpaqlarda salınmış yaşayış massivlərinin, eləcə də əhalinin məskunlaşdığı ərazi hissələrinin yerləşdiyi torpaq sahələrinin kateqoriyalarının dəyişdirilməsi, habelə torpaqların dövlət torpaq kadastrında aid edildiyi kateqoriya ilə yanaşı digər kateqoriyaya da aid edilməsi barədə təkliflərin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə zidd olmadığı təqdirdə, əsaslandırılmaqla və aidiyyəti orqanlarla razılaşdırılmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasının təmin edilmsi tapşırılmışdır (2.6-cı bənd). Lakin hazırkı halda mübahisə predmeti olan torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi barədə hər-hansı məlumat mövcud deyildir və tərəflər də bu hala istinad etməmişlər.
34. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı istinad etdiyi hallar və gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq qeyd edir ki, bələdiyyənin kənd təsərrfatı təyinatlı örüş torpaqlarını vətəndaşların mülkiyyətinə ayırmaq səlahiyyəti olmadığından və beləliklə də iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınmasına əsaslar mövcud olmadığından cavabdeh inzibati orqan həmin qanunun 15-ci maddəsinə əsasən iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 fevral 2022-ci il tarixli 2-1(118)-112/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin olunmasın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.