Məhkəmə qərarları › İş №2-1(105)-1303/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1303/2025

24.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1303/2025 24.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “65 yaşı tamam olan tarixdən yəni, 28 may 2024-cü ildən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2- 1(118)-1972/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinəSumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi İşin halları İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. Əmək kitabçasının məlumatlarına görə o, əmək fəaliyyətinə xx.xx.1976-cı ildə başlamış, xx.xx.1978-xx.xx.1980-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, xx.xx.1996-xx.xx.2001-ci illərdə Sumqayıt Texniki İstehsalat Kompektləşdirmə İdarəsində sahə rəisi, xx.xx.2001-xx.xx.2006-cı illərdə Sumqayıt şəhər Kommunal Təsərrüfat İstehsal Birliyində iqtisadçı vəzifəsində işləmişdir. İddiaçı yaşa görə əmək pensiyası təyini üçün DSMF-nin Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli, 3-17-1/2-R- 179501 /2024 saylı məktubla ona yaşa görə əmək pensiyası təyinindən imtina etmişdir. Cavabdehin imtina məktubundan görünür ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 19 il 4 gün təşkil etmişdir. Eyni zamanda fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixindən 18 il 4 ay 4 gün sığorta stajına uyğun olaraq 18484,73 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək 635,20 manat olmaqla ümumilikdə 19119,93 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ pensiya yaşı tamam olan tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmamışdır. Əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1996-cı il tarixindən xx.xx.2001-ci il tarixinədək Sumqayıt şəhər Texniki İstehsalat Kompleksləşdirmə İdarəsində və xx.xx.2001-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyində əmək fəaliyyəti dövrlərinin araşdırılması zəruri yaranmışdır. Fondun Abşeron-Xızı regional filialının Sumqayıt şəhər Texniki İstehsalat Kompleksləşdirmə idarəsi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən Sumqayıt şəhər Texniki İstehsalat Kompleksləşdirmə idarəsinin hüquqi, faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından sözügedən müəssisədə xx.xx.1996cı il tarixindən xx.xx.2001-ci il tarixinədək və Fondun Abşeron-Xızı regional filialının Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyinin arxiv sənədlərinin olmaması səbəbindən sözügedən müəssisədə xx.xx.2001-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək haqqı alıbalmasını müəyyənləşdirmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “65 yaşı tamam olan tarixdən yəni, 28 may 2024-cü ildən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1959-cu ildə anadan olmuş, əmək fəaliyyətinə xx.xx.1976-cı ildə başlamış, xx.xx.1978-xx.xx.1980-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuş, xx.xx.1996-xx.xx.2001-ci illərdə Sumqayıt Texniki İstehsalat Kompektləşdirmə İdarəsində sahə rəisi vəzifəsində işləmiş, xx.xx.2001xx.xx.2006-cı illərdə Sumqayıt şəhər Kommunal Təsərrüfat İstehsal Birliyində iqtisadçı vəzifəsində işləmişdir. Ümumi iş stajı xx.xx.2006-cı ilə qədər 29 ildən artıq olmuşdur. Hazırki tarixə ümumi iş stajı 30 ildir. Onun yaşı 28 may 2024-cü ildə tamam olmuşdur. O, yaşa görə əmək pensiyası təyini üçün DSMF-nin Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli, 3-17-1/2-R-179501 /2024 saylı məktubla ona yaşa görə əmək pensiyası təyinindən imtina etmişdir. Cavabdehin imtinasını əsassız hesab edir. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir....iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatları ndakı məlumatlara əsasən onun xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 19 il 4 gün təşkil edir.Eyni zamanda, iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 18 il 4 ay 4 gün sığorta stajına uyğun olaraq 18484,73 manat, 01,09.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 635,20 manat olmaqla, ümumilikdə 19119,93 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşının tamam olan tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən iddiaçının xx.xx.2006-cı il tarixidən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb.Əlavə olaraq bildirilir ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1996-cı il tarixdən xx.xx.2001-ci il tarixədək Sumqayıt şəhər Texniki İstehsalat Kompleksləşdirmə idarəsində və xx.xx.2001ci il tarixdən xx.xx.2006-cı il tarixədək Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyində əmək fəaliyyəti dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. Fondun Abşeron-Xızı regional filialının Sumqayıt şəhər Texniki İstehsalat Kompleksləşdirmə idarəsi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən Sumqayıt şəhər Texniki İstehsalat Kompleksləşdirmə idarəsinin hüquqi, faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından sözügedən müəssisədə xx.xx.1996cı il tarixdən xx.xx.2001-ci il tarixədək və Fondun Abşeron-Xızı regional filialının Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyinin arxiv sənədlərinin olmaması səbəbindən sözügedən müəssisədə xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək iddiaçının əməkhaqqı alıbalmamasmı müəyyənləşdirmək mümkün olmamışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2024-cü il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Beləliklə, iddiaçı ümumi sosial sığorta stajı kifayət qədər olmadığından onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1972/2025 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı aid əmək kitabçasında xx.xx.1996-cı il tarixdən xx.xx.2001-ci il tarixədək Sumqayıt şəhər Texniki İstehsalat Kompleksləşdirmə İdarəsində və xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyində işləməsi ilə bağlı qeydlər vardır. Lakin təqdim edilən DSMF-nin Abşeron-Xızı regional filialının təqdim etdiyi xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli aktlardan və Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli arxiv çıxarışlarından görünür ki, iddiaçının xx.xx.1996-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək Kompleksləşdirmə idarəsinin hüquqi, faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı və Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyinin arxiv sənədlərinin olmaması məlum olmuşdur. Göründüyü kimi iddiaçının müvafiq müəssisədə həmin müddətlərdə işləməsinə dair kifayət qədər şübhəli məqamlar olduğundan, onun həmin müəssisədə işlədiyi müvafiq illəri iş stajına daxil edilməsi məqsədəmüvafiq deyildir. Belə olan halda iddiaçının ümumi iş stajı 25 ildən az təşkil edir. Ona görə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qüvvədə olan qanunvericiliyə əsasən mümkün deyildir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, İddiaçı aid əmək kitabçasında xx.xx.1996-cı ildən xx.xx.2001-ci ilə qədər Sumqayıt şəhər Texniki-İstehsalat Komplektləşmə İdarəsində və xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilə qədər Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsal Birliyində işləməyi əmək kitabçasında qeyd edilsə də, arxiv sənədləri saxlanmadığından ünvan məlum deyildir. Məhkəmə buna əsaslanaraq qərara gəlmişdir ki, iddiaçının müvafiq müəssisələrdə işləməsinə əsaslı şübhələr vardır. Həmin şübhələrə əsasən məhkəmə iddianı təmin etməmişdir. Məhkəmə qərar qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Beləki, arxiv sənədlərinin saxlanmamasında iddiaçı cavabdehlik daşımır. xx.xx.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” qanuna görə “Əmək pensiyasının təyini üçün əsas sənəd vətəndaşın əmək kitabçıdır”. AR Əmək Məcəlləsinin 87.1-ci maddəsinə görə “İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir”. “Əmək pensiyaları haqqında” qanuna əsasən “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması” Qaydalarının 3.1.1-ci bəndinə görə “Əmək pensiyaları haqqında” qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin işlədiyi müəssisədə onu xx.xx.2002-ci ildə Yeni Azərbaycan Partiyasına üzvlüyə qəbul etmişlər. Həmin dövrdə YAP sıralarına üzv kimi müəssisədə işləyən şəxslər qəbul edilirdi. İddiaçı birinci instansiyada məhkəmə zamanı işə baxan zaman bildirmişdir ki, onun işlədiyi müəssisədə işləməsini təsdiq edən iş yoldaşları var. Həmin şəxslərin məhkəməyə dəvət edilməsini xahiş etsə də, məhkəmə İPM-nin 13-cü maddəsinin tələblərinə əməl etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə dair etirazı iddia ərizəsinə etirazla ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2-1(102)- 1521/2024 nömrəli qərarında qeyd olunan oxşar işlər üzrə vahid məhkəmə təcrübəsinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, əmək kitabçasında olan qeydlər hər hansı sübhə doğurmamışdırsa iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)- 269/2024 nömrəli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özüözlüyündə şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Qanunun tələbindən göründüyü kimi, vətəndaşa əmək pensiyası təyinatının aparılması onun işlədiyi idarə, müəssisə və ya təşkilatdan aldığı əməkhaqqı ilə şərtləndirilmişdir. Beləliklə, bu səbəbdən də sözügedən dövrün araşdırılıb sığorta stajına əlavə edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçının, həqiqətən də, real olaraq işləməsini müəyyən etmək üçün iddia edilən dövrlərin əmək kitabçasında qeyd edilməsi ilə yanaşı, həmin illərə dair işə daxilolma, işdən çıxma əmrləri, əməkhaqqı cədvəllərinin də olması zəruridir. Qeyd olunanları nəzərə alaraq, müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) azolduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. ....birinci instansiya məhkəməsinin qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olduğundan Sumqayıt İnzibati Məhkəməsinin müvafiq qərarı qanuni və əsaslı olmuş, məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi iddiaçıya 65 yaşı tamam olan tarixdən yəni, 28 may 2024-cü ildən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan imtinasında iddiaçının qanunvericiliklə tələb olunan ümumi iş stajının 25 ildən az olması, pensiya kapitalının 40320 manatdan az olması, xx.xx.2006cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmaması, xx.xx.1996-cı il tarixindən xx.xx.2001-ci il tarixinədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək əmək haqqı alıb-almadığını müəyyənləşdirməyin mümkün olmaması halına istinad etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən indiki halda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtin olması tələb olunur: a) iddiaçının 65 yaşına çatması; b) fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olması. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla, onun pensiya yaşına - 65 yaş çatması işin mübahisəsiz halıdır. İşin mübahisəli halını ümumi sığorta stajının qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etməməsi (25 ildən az) 19 il 4 gün təşkil etməsi, qanunvericliliklə tələb olunan pensiya kapitalının 40320 manatdan az olması, xx.xx.2006cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmaması, xx.xx.1996-cı il tarixindən xx.xx.2001-ci il tarixinədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək əmək haqqı alıb-almadığını müəyyənləşdirməyin mümkün hesab edilməməsi halına istinad edərək, həmin dövrləri mübahisələndirmişdir. İş materiallarında olan əmək kitabçasının məzmunundan görünür ki, İddiaçı aid əmək kitabçasında xx.xx.1996-cı il tarixdən xx.xx.2001-ci il tarixədək Sumqayıt şəhər Texniki İstehsalat Kompleksləşdirmə idarəsində və xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyində işləməsi ilə bağlı qeydlər vardır. Göründüyü kimi iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrlərdə həmin müəssisədə işləməsi halı iş materiallarında olan sübutlar (əmək kitabçası) öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən isə həmin halı təkzib edən heç bir dəlilə istinad edilməmiş, habelə əmək kitabçasının mötəbərliyini şübhə altına alan heç bir dəlilə istinad edilməmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, DSMF-nin Abşeron-Xızı regional filialının təqdim etdiyi xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli aktlarında və Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli arxiv çıxarışlarındaiddiaçının xx.xx.1996-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək Kompleksləşdirmə idarəsinin hüquqi, faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmaması və Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyinin arxiv sənədlərinin olmaması qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müəssisənin fəaliyyət dövrü ilə bağlı arxiv sənədlərinin təhvil verilməməsi (əmək haqqı cədvəlləri, əmrlər və s.) hazırki iddia üzrə iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsini məhdudlaşdırmamalıdır. Həmçinin, qeyd edilməlidir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, № 2-1(102)- 594/2021 saylı qərarı) Belə ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Bu baxımından, məhkəmə kolegiyası hesab edir ki, cavabdeh tərəfindən həmin dövrlər sosial sığorta stajı kimi nəzərə almamaqda haqlı olmamışdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt ödənildiyindən (həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajına malik olması halı), cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1972/2025 nömrəli nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı 28 may 2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fililalının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar