Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-131/2021 07.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Fuad Əli oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(118)-646/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı(bundan sonra iddiaçı) Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) müraciət edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh inzibati orqan 23.10.2019-cu il tarixli məktubla imtina cavabı verərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin 8-ci yarımbəndinə uyğun olaraq 12 may 1994-cü il tarixdən sonra “Müharibə Veteranı” adı yalnız döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara verilir. Verilən cavabla razılaşmayan iddiaçı Gəncə İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(083)-2349/2019 saylı, 19.12.2019cu il tarixli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə göndərilmişdir. İddianın əsaslandırılması: İddiaçı xx xxxxx 1976-cı il tarixdə Cəlilabad rayonunun Həziabad kəndində anadan olmuş, 12 avqust 1993-cü ildə isə Cəlilabad rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ali Hərbi Məkbtəbində təhsil almış, sonra isə müxtəlif hərbi birləşmələrində həqiqi hərbi xidmət keçmişdir. 16 yanvar 2018-ci il tarixdə öz arzusu ilə polkovnik-leytenant hərbi rütbəsində ordu sıralarından ehtiyata tərxis olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin komandiri vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində Tərtər rayonunun Şıxarx (Marquşevan) istiqamətində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüşlərdə bilavasitə iştirak edərkən, erməni işğalçılarının atdığı atəş zərbələri zamanı idarəetmə məntəqəsindən çıxarkən burun nahiyyəsindən: burun nahiyyəsinin şişkinliyi diaqnozu ilə bədən xəsarətləri, yəni döyüş əməliyyatı ilə əlaqədar travma almış-yaralanmışdır və bu zədələrin müalicəsi üçün ambulator müalicədə olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüşlərdə bilavasitə iştirak etməsinə baxmayaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi ona müharibə veteranı vəsiqəsini verməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, müharibə veteranı adını almaq üçün aşağıdakı sübutları var: N saylı hərbi hissə komandirinin 02.12.2017-ci il tarixli 340 saylı əmri ilə 16 yanvar 2018-ci il tarixdə öz arzusu ilə polkovnik-leytenant hərbi rütbəsində ordu sıralarından ehtiyata tərxis olunmuş, barəsində cinayət işi istintaq olunmur və material araşdırılmır, məhkumluğu olmayan şəxsdir, N saylı HH-dən verilmiş 15.08.2018-ci il tarixli arayışdan görünür ki, 2016-cı ildə Tərtər döyüşlərində bədən xəsarəti almış və ambulator müalicədə olmuş, yəni döyüş əməliyyatı ilə əlaqədar travma almışyaralanmışdır, Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-646/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçına müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. (hakim C.Məmmədov) Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilib iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə İPMin 12.1-ci maddəsinin, həmçinin Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsini müddəaları nəzərə alınmadan qərar qəbul edilmişdir. Qərarın 4-cü səhifəsində N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi göstərilsə də, məhkəmənin belə nəticəyə gəlməsi üçün hansı rəsmi məlumata və ya mötəbər sənədə istinad etməsi qərarda öz əksini tapmamışdır. Məhkəmə bu istiqamətdə nə sorğu etmiş, nə də araşdırma aparmamışdır. Məhkəmə tərəfindən iddiaçının burun nahiyyəsinin şişkinliyi ilə döyüş əməliyyatları arasında səbəb əlaqəsinin müəyyən olunması barədə hər hansı mötəbər sübut olmaması nəzərə alınmamışdır. İddiaçı döyüş zonasında hərbi xidmət keçməsi, döyüş tapşırığının yerinə yetirilməsi, habelə döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar hərbi hissənin əmrlər kitabında heç bir qeydiyyat olmadığından iddia tələbi təmin edilə bilməzdi. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş səxslər Müharibə veteranı şayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının verinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar cəsarət (yaralanma, travma, kontuziya almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək şikayəti təmin edilməməsini, iddiaçının 44 günlük Vətən müharibəsində iştirak etdiyini, döyüşlərdə bilavasitə iştirak edərkən. “sağ gözünün aşağı nahiyyəsində qəlpə yarası, burun nahiyyəsinin əziyi” diaqnozu ilə bədən xəsarətləri, yəni döyüş əməliyyatı ilə əlaqədar travma aldığını bildirmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının vəkilini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edlməsinə dair yeni qərar qəbul edilməlidir. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Hazırki işin hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə və bununla əlaqədar yaralandığına görə ona müharibə veteranı statusunun və bunu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarda qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, eyni zamanda erməni işğalçılarının atdığı atəş zərbələri zamanı idarəetmə məntəqəsindən çıxarkən burun nahiyyəsindən: burun nahiyyəsinin şişkinliyi diaqnozu ilə bədən xəsarətləri, yəni döyüş əməliyyatı ilə əlaqədar 2-4 aprel 2016-cı il tarixlərində travma almış-yaralanmışdır və bu zədələrin müalicəsi üçün ambulator müalicədə olmuşdur. İddiaçının 10 may 1994cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçu olduğundan ona müharibə veteranı adının və vəsiqəsinin verilməməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (o cümlədən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən verilir. Bu müddəaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 1-ci maddəsində aşağıdakılar nəzərdə tutulmuşdur: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: - 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, -həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. İstinad olunan normada qanunverici müharibə iştirakçısı hesab olunaraq müharibə veteranı adının verilməsi üçün hərbi qulluqçuları hərbi xidmət etdiyi dövrdən asılı olaraq iki qrupa ayırmışdır: 1) 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək (...) döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; 2) 1994-cü il 12 may tarixindən sonra (...) döyüş zonasında hərbi xidmət keçərkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular. Hazırkı işin hallarına görə iddiaçı 2-4 aprel 2016-cı il tarixlərində döyüş əməliyyatı ilə əlaqədar travma aldığını və bu səbəbdən ona müharibə veteranı vəsiqəsi verilməli olduğunu bildirir. Qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə bu halda iki hal sübuta yetirilməlidir: 1) İddiaçının döyüş zonasında hərbi xidmət keçərkən bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi 2) həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması. Müdafiə Nazirliyi N saylı Hərbi Hissə tərəfindən verilmiş 1221 saylı 15.08.2018-ci il tarixli arayışdan görünür ki, iddiaçı 2-4 aprel 2016-cı il tarixdə Tərtər rayonu Şıxarx(Marquşavan) kəndi istiqamətində gedən döyüşlərdə əməliyyat zamanı idarəetmə məntəqəsindən çıxarkən burun zədəsi almışdır. 06 aprel 2016-cı il tarixdə burun nahiyəsinin şişkinliyi diaqnozu ilə ambulator qeydiyyata alınmışdır. Vəkil sorğusuna cavab olaraq Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 1258 saylı 13.07.2020-ci il tarixli arayışa əsasən, travma-hər hansı xarici təsir(yaralanma, əzilmə, yanıq, zəhərlənmə) nəticəsində bədən toxumaları və ya üzvlərinin zədələnməsinə deyilir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, 2016-cı ilin aprel ayında N nömrəli hərbi hissənin bölmələri döyüş zonasında yerləşmiş və döyüş əməliyyatlarında iştirak etmişdir. Beləliklə, 2016-cı ilin aprel ayında N nömrəli hərbi hissənin bölmələrinin döyüş zonasında yerləşməsi və iddiaçının həmin ərəfədə burun zədəsi alması və bununla əlaqədar ambulator müalicədə olması işin mübahisəsiz halıdır. Lakin yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə görə, iddiaçının 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi və məhz həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət alması tələb olunur. Kollegiya hesab edir ki, araşdırma zamanı sadalanan hər iki şərtin ödənilməsi, yəni iddiaçının həmin döyüş əməliyyatları ilə əlaqədar burun zədəsi alması faktı öz təsdiqini tapmır. Belə ki, 2014-cü il tarixli ambulator xəstələrin qeydiyyat kitabından çıxarışdan görünür ki, həqiqətən iddiaçı burun nahiyəsinin şişkinliyi diaqnozu ilə ambulator qeydiyyata alınmışdır. Lakin, vərəqin qeyd hissəsində xəsarətin yaranma səbəbi olaraq qeyd edilmişdir ki, 03 apreldə Tərtər rayonunda Marquşavan kəndində atışma zamanı idarəetmə məntəqəsindən çıxarkən burnu qapıya dəymişdir. Göründüyü kimi, xəsarətin döyüş əməliyyatları ilə səbəbli əlaqəsi olmamış, burun nahiyəsində şişkinliyin yaranma səbəbi iddiaçının burnunun qapıya dəyməsi olmuşdur. N saylı Hərbi Hissə tərəfindən 15.08.2018-ci il tarixdə verilmiş 1221 saylı arayışda belə, iddiaçının bilavasitə 2-4 aprel 2016-cı il tarixdə Tərtər rayonu Şıxarx(Marquşavan) kəndi istiqamətində gedən döyüşlərlə əlaqədar deyil, döyüş əməliyyat zamanı idarəetmə məntəqəsindən çıxarkən burun zədəsi aldığı qeyd edilmişdir. Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin 23 yanvar 2020-ci il tarixli, 140 saylı məktubunda isə qeyd edilir ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçməsi, döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi, habelə döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar hərbi hissənin əmrlər kitabında heç bir qeydiyyat yoxdur. İddiaçı 06.04.2016-cı il tarixdə N nömrəli hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş “burun nahiyyəsinin şişkinliyi” ilə xəsarət alması barədə ambulator təyinat verilmişdir. 15.08.2018-ci il tarixli arayış Azərbaycan Respublikası Müdafiə Nazirinin 23 dekabr 2006-cı il tarixli 0150 nömrəli əmrinə (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin fəaliyyəti prosesində yaranan sənədlərin saxlanma müddətləri göstərilmiş siyahıların qüvvəyə minməsi haqqında) əsasən əhəmiyyətini itirdiyi üçün surətinin göndərilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusunu almaq üçün onun döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar xəsarət aldığını sübut etməlidir. Lakin qeyd edilən hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir və cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Lakin birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan iddianın təmin edilməsi nəticəsinə gəlmiş, bununla da maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu hal isə qərarın ləğvi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(118)- 646/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-131/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-131/2021
07.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver