Məhkəmə qərarları › İş №2-1(105)-131/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-131/2022

08.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-131/2022 08.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Babayeva Hökümə Çingiz qızı qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil Miseyb oğlunun, Üçüncü şəxsin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X3 adına tərtib edilmiş plan və ölçü sənədinin ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 20 avqust 2021-ci il tarixli 2-1(118)-96/2021 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: 1.17.03.1977-ci il tarixli alqı-satqı haqqında müqavilənaməyə əsasən, X2 şəhəri Məlikov küçəsi 26 nömrəli ünvanda olan 600 kv.m torpaq sahəsində yerləşən 1 mərtəbəli iki otaqlı yaşayış evini X1.

2. Qusar rayon Təsərüfat Şöbəsinin 718 saylı şəhər daxilində olan torpaq istifadə etmək ixtiyarı üçün Torpaq Qeydinə əsasən, Qusar rayon Notariat Kontorunun 17 mart 1977-ci il tarixli 1/233 nömrəli alqı-satqı haqqında müqaviləsinə əsasən, 600 kv.m torpaq sahəsi X3 müddətsiz şəxsi istifadəsinə verilmişdir.

3. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən tərtib olunmuş A seriyalı 36 5290 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Qusar rayonu Aqrar İslahat Komissiyasının 12 fevral 1998ci il tarixli 02 saylı qərarı ilə fərdi yaşayış evi tikmək məqsədilə X5 ayrılmış Qusar rayonunda yerləşən 600 kv.m torpaq sahəsinə dair 09 avqust 2011-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Mirzəbala Fazil oğlunun adına tərtib edilmiş 09 avqust 2011-ci il tarixli A seriyalı 365290 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Mirzəbala Həsənov ilə birgə nikah dövründə, 17 mart 1977-ci il tarixdə ünvan 2 ünvanda yerləşməklə, X6 məxsus olan 600,0 kv m həyətyanı torpaq sahəsində yerləşən bir mərtəbəli yaşayış evini satın almışlar, alqısatqı müqaviləsi Qusar rayon Notariat Kontorunda təsdiqlənərək reyestrdə 1/233 nömrə ilə qeydiyyata alınmışdır. 1977-ci il tarixdə Rusiyaya gedən M.Həsənov uzun müddət gəlmədiyi üçün aralarındakı nikah pozulmuşdur və 41 ildir ki, ayrı yaşayırlar.

6. Evi dar və köhnə olduğundan 1992-ci il tarixdə həmin evin sökülərək yerində yeni lahiyə ilə başqa bir evin tikintisinə icazə verilməsi üçün Qusar rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş, 26 sentyabr 1992-ci il tarixli sərəncamla evin tikintisinə icazə verilmişdir. Qusar rayon İH-nin sözügedən sərəncamına əsasən köhnə evi tamamilə sökməklə və təmir-bərpa etməklə əsaslı şəkildə böyütmüşdür. Bütün bunların hamısını öz şəxsi vəsaiti hesabına etmişdir. Həmin evin və torpaq sahəsinə görə vergiləri 1979-cu ildən özü ödəyir. 36 ildən sonra, yəni 2016-ci il tarixdə keçmiş həyat yoldaşı M.Həsənov Qusar rayon Məhkəməsində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsünə dair iddia qaldırmış və iddia təmin edilməmişdir.

7. M.Həsənov mübahisəli həyatyanı torpaq sahəsinin ölçülməsinə olan maneənin aradan qaldırılması tələbinə dair Qusar rayon məhkəməsində iddia qaldırmış və iddiaçı 09 avqust 2011-ci il tarixli A 362590 saylı torpaq sahəsinin plan və ölçüsünün etibarsız sayılması barədə qarşılıqlı idda qaldırmışdır. Qusar Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə M.Həsənovun iddiasını təmin edərək, onun qarşılıqlı iddiasını təmin etməmişdir. Həmin iş üzrə məhkəmə araşdırması zamanı ona məlum olmuşdur ki, M.Həsənovun adına plan və ölçü sənədi Qusar rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli 02 saylı qərarı əsasında verilmişdir.

8. Hesab edir ki, torpaq sahəsinin üçüncü şəxsin adına tərtib olunmuş plan və ölçü sənədi ləğv olunmalıdır. Belə ki, Torpaq sahəsinin sözügedən plan və ölçüsü ləğv olunmuş DTXK tərəfindən tərtib edilmiş və torpaq sahəsinin Qusar rayon Aqrar islahat Komissiyasının 12 fevral 1998-ci il tarixli qərarına əsaslanaraq verilməsi qeyd edilmişdir. Halbuki DTXK-nin Qusar rayon şöbəsi 23.09.2014-cü il tarixdə Sumqayıt-İnzibati məhkəməsinin sorğusuna cavab olaraq bildirmişdir ki, 12 fevral 1998-ci il tarixli 02 saylı qərar torpaq şöbəsində mövcud deyildir. Qeyd edilən torpaq sahəsindən M.Həsənov heç vaxt istifadə etməmiş yalnız 2011-ci ildə həmin torpaq sahəsinə dair mübahisəli plan və ölçü tərtib etdirmişdir. Onun həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə artıq heç bir aidiyyəti yoxdur.1977-ci ildə birgə nikah dövründə əldə etdikləri ümumi sahəsi 55 kv.m olan yaşayış evi artıq mövcud deyildir. Köhnəlib yararsız hala düşdüyündən həmin ev yerli icra hakimiyyəti orqanının 26.09.1992-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən sökülüb yenidən tikilmişdir. Qusar RİH Memarlıq və Tikinti şöbəsi tərəfindən tərtib ed7ilmiş mübahisəli evin sxematik planına əsasən hazırda həmin evin ümumi sahəsi 194.2 kv m, yaşayış sahəsi 114 kv metdir. Hesab edir ki, Qusar rayon Aqrar İslahat Komissiyasının sözügedən qərarı mövcud olmadığı üçün üçüncü şəxsin adına tərtib edilmiş 09 avqust 2011-ci il tarixli A seriyalı 365290 nömrəli torpaq sahəsinin plan və ölçüsü ləğv edilməlidir.

9. Cavabdeh orqan iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” haqqında Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərinə qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Odur ki, iddia predmeti daşınmaz əmlakla əlaqədar mübahisənin aradan qaldırılması ilə bağlı olduğundan Qusar rayon Aqrar İslahat Komissiyasının qərarının ləğvi və DTXK tərəfindən tərtib edilmiş "xxxx" nün etibarsız sayılması cavabdehin səlahiyyətlərinə aid deyildir.

10. Sumqayıt İnzibati Məhkəməsinin 20 avqust 2021-ci il tarixli 2-1(118)-96/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. (hakim V.Əzizova).

11. Qərarla razılaşmayan üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 20.08.2021-ci il tarixli 2-1(118)-96/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh qərardan apellyasiya şikayəti verməmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

13. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi 27 dekabr 1997-ci il tarixli qərarda göstərilmiş şəxslər siyahısında Mirzəbala Həsənovun adının olmamasını göstərsə də, 12.02.1998-ci il tarixli qərarı ləğv etməmiş, onun əsasında verilmiş plan və ölçü sənədini ləğv etmişdir. Mübahisəli torpaq sahəsi ilə bağlı M.Həsənovun mülkiyyət hüququnun əsası 1998-ci ildən deyil, 1977-сi ildən уаrаnmışdır. Ona münasibətdə verilmiş 12.02.1998-ci il tarixli qərar əslində 1977-ci il tarixli torpağın alqı-satqısına dair müqavilə əsasında verilmişdir. Hazırkı iş üzrə İddiaçı üçüncü şəxs Mirzəbala Həsənova qarşı “torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi və mülkiyyətin müdafiə üsulu kimi mülkiyyət hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmiş, Qusar Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli 2(029)-798/2018 nömrəli qətnaməsi ilə iddiaçının qarşılıqlı iddiası təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 dekabr 2019-cu il tarixli 2(105)-4060/2019 nömrəli qətnaməsi ilə Qusar Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mübahisələndirilən plan və ölçü sənədi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının sözügedən qətnaməsində hüquqi əsasını tapmış və əsaslı hesab edilmişdir. Bu halda Sumqayıt İnzibati Məhkəməsinin mübahisələndirilən plan və ölçü sənədinin hüquqi əsası olmayan hesab etməsi qanunsuzdur.

14. Qusar Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli 2(029)-798/2018 nömrəli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının qarşılıqlı iddia tələbi təmin edilməmiş və məhkəmə hesab etmişdir ki, İddiaçı torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi ilə bağlı iddia irəli sürməyə subyektiv hüququ mövcud deyildir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 dekabr 2019-cu il tarixli 2(105)- 4060/2019 nömrəli qətnaməsi ilə Qusar Rayon Məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, əlavə olaraq izahatında bildirmişdir ki, üçüncü şəxs onun atasıdır. Atasına torpaq sahəsinin planı və ölçüsü sənədi 718 nömrəli torpaq qeydi əsasında verilmişdir. Torpaq sahəsinin atasına Qusar rayonu AİK-nin 1998-ci il tarixli qərarı əsasında ayrılması barədə onda heç bir məlumat yoxdur, həmin qərar da onlarda mövcud deyildir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, apelyasiya şikayətinin rədd olunmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, üçüncü şəxs 1977-ci ildə sözügedən evi tərk etmiş, 1992-ci il tarixli Qusar rayon İH-nin sərəncamı ilə ev sökülmüş və yerində yeni ev tikilmişdir. Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli qərarı ilə islahatın məqsədi istifadəsində torpaq sahəsi olan vətəndaşlara həmin torpaq sahələrinin onların mülkiyyətinə verilməsi olmuşdur. Həmin qərarla kimin istifadəsində torpaq sahəsi olmuşdursa onlara da torpaq ayrılmışdır, üçüncü şəxsin isə həmin qərarla torpaq sahəsi ayrılan vətəndaşların siyahısında adı yoxdur, çünki istifadəsində torpaq sahəsi olmamışdır, torpaq sahəsi iddiaçının istifadəsində olmuşdur. Üçüncü şəxsin Qusar rayonu İHB aparatının Memarlıq və Tikinti şöbəsinə şifahi sorğusu əsasında həmin torpaq sahəsinin plan sxeminin tərtib edilməsinə cəhd edilmişdir. Üçüncü şəxs həmin ev haqda heç bir məlumatı olmasa belə 37 il sonra 2016-cı ildə həmin ev barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Üçüncü şəxsin hazırkı iddia tələbi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu dəlilinə münasibətdə isə bildirir ki, həmin məhkəmədə cavabdeh fiziki şəxs M.Həsənov olduğu halda, hazırkı işdə cavabdeh tərəf inzibati orqandır. Hazırda iddiaçı istifadəsində olan fərdi yaşayış evinə dövlət reyestrindən çıxarış almaq istəyir, lakin üçüncü şəxsin adına plan ölçü sənədi tərtib olunduğundan bu mümkün deyil. Qeyd edilənləri nəzərə alataq, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir.

19. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də cavabdeh orqan nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:

23. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını belə əsaslandırmışdır ki, Qusar rayon AİK-nin 12 fevral 1998-ci il tarixli 02 saylı qərarına əlavə edilmiş vətəndaşların adlı siyahısında Mirzəbala Həsənovun adı aşkar edilməmişdir. Belə olan halda torpaq sahəsinin plan və ölçü sənədində həmin adın hansı əsasla qeyd edilməsi və ya hansı səbəbdən sözügedən qərara istinad olunması aydın deyildir, aqrar islahat komissiyasının həmin qərarı ilə İddiaçı verilmiş plan və ölçü sənədinin arasında hüquqi bağlılıq mövcud deyildir. Plan və ölçü sənədinin verilməsinə əsas kimi göstərilmiş aqrar islahat komissiyasının qərarının ləğv edilməsinə zərurət mövcud deyildir.

26. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

27. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati orqanların fəaliyyəti inzibati aktların qəbul edilməsi ilə yanaşı, həmçinin faktiki xarakterli hərəkətlər və onların nəticəsində qəbul edilmiş hüquqi aktlarla da əhatə olunur.

28. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

29. Normanın məzmunundan göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyəti (hərəkətləri) də icra edirlər.

30. Formal-hüquqi baxımdan “İnzibati icraat haqqında” Qanunda onun 1.2-ci maddəsində təsbit edilmiş hərəkətlər (fəaliyyət) üçün heç bir aşkar qayda nəzərdə tutulmayıb. Lakin belə bir hərəkət inzibati akt olsaydı (hipotetik baxımdan) və qanunsuz olsaydı (məsələn, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində nəzərdə tutulan əsaslara görə), onda, inzibati orqanın “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən müvafiq hərəkəti də qanunsuz sayılardı. Maddi-hüquqi baxımdan isə inzibati orqanın faktiki xarakterli hərəkəti o zaman qüsurlu olur ki, həmin hərəkət məzmun baxımından qüsurlu olsun (məsələn, hüquqi vəziyyəti əks etdirən arayışın, yaxud çıxarışın verilməsinə görə).

31. İnzibati orqanın faktiki xarakterli hərəkəti maraqlı şəxsin hüquqlarına müdaxilə etdikdə və bunun üçün hüquqi əsas olmadıqda da həmin hərəkət qüsurlu olur. Bu qənaət “İnzibati icraat haqqında” Qanunun inzibati orqanların faktiki xarakterli fəaliyyətinə də şamil olunan və təkcə formal-hüquqi deyil, həmçinin maddi-hüquqi tələbləri də əks etdirən 10- 19-cu maddələrindən irəli gəlir.

32. Hazırkı halda da, iddiaçı cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) onun hüquqlarına müdaxilə etdiyini və bunun üçün hüquqi əsas olmadığını bəyan edərək, həmin hərəkətin (fəaliyyətin) "xxxx" sənədlərində ifadə olunan nəticəsinin ləğv edilməsini tələb edir.

33. Torpaq sahəsinin planı və ölçüsü sənədi inzibati akt olmamaqla, inzibati orqanın faktiki xarakterli hərəkətinin nəticəsində qəbul edilmiş sənəddir (hüquqi aktdır) və belə olan halda, həmin sənədin qəbul edilməsi ilə hüququ pozulmuş şəxs (hazırkı halda iddiaçı) öhdəliyin icrası ilə bağlı iddia ilə inzibati məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

34. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

35. İşin faktiki hallarına gəldikdə isə, işdən görünür ki, DTXK-nin Qusar rayon Şöbəsi tərəfindən X3 adına A № 365290 №-li torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. Plan və ölçü sənədinin tərtib edilməsinə əsas kimi Qusar rayonu AİK-nin 12 fevral 1998-ci il tarixli 02 saylı qərarı qeyd edilmişdir.

36. Vəkil sorğusuna, həmçinin birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Qusar rayon Dövlət Arxivinin müvafiq olaraq, 06.02.2020-ci il tarixli 46 nömrəli və 27.10.2020-ci il tarixli, 270 nömrəli arxiv arayışından görünür ki, rayon arxivində saxlanılan İİİ Beynəlmiləl sovxozu üzrə 1996-2000-ci illərin Aqrar İslahat Komissiyasının sənədlərində 12 fevral 1998-ci il tarixli 2 saylı qərarı ilə keçmiş İİİ Beynəlmiləl sovxozun bazasında Cağar, Çətkün, Minəxur, Rəcbər və Qusar birgə kəndli təsərrüfatlarında torpaq islahatının aparılması qeyd edilmişdir ki, birgə kəndli təsərrüfatlarının hər birinin ayrılıqda 12.02.1998-ci il tarixli 02 saylı qərar və bitişik torpaqdan pay almaq hüququ olan vətəndaşların adlı siyahıları mövcuddur. Qeyd edilən adlı siyahıların hamısına baxış keçirilsə də, vətəndaş Mirzəbala Həsənovun adı, soyadı və adına 0,06 ha torpaq sahəsinin qeyd edilməsi aşkar edilməmişdir.

37. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq, təqdim edilmiş Qusar birgə kəndli təsərrüfatı üzrə torpaq payı alacaq subyektlərin siyahısından da görünür ki, üçüncü şəxsə islahat zamanı torpaq payı ayrılmamışdır.

38. Həmçinin, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq, "xxxx" MMC-nin 09 fevral 2022-ci il tarixli **********95 saylı arayışından görünür ki, Mirzəbala Həsənovun adına AN 365290 nömrəli "xxxx" sənədinin işlənməsinə əsas olmuş sənədlər MMC-nin arxivində aşkar edilməmişdir.

39. Beləliklə, məhkəmə kollegiyası tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, DTXK-nin Qusar rayon Şöbəsi tərəfindən X3 adına A № 365290 №-li torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsinə əsas kimi Qusar rayonu AİK-nin 12 fevral 1998-ci il tarixli 02 saylı qərarı göstərilsə də, həmin qərarla üçüncü şəxsin adına torpaq sahəsi ayrılmamışdır.

40. Belə olan təqdirdə kollegiya hesab edir ki, DTXK-nin Qusar rayon Şöbəsi tərəfindən Qusar rayonu AİK-nin 12 fevral 1998-ci il tarixli 02 saylı qərarına istinad edilməklə plan-ölçü sənədinin tərtib edilməsi qanunsuz olmuşdur.

41. Üçüncü şəxs apelyasiya şikayətində, eləcə də, məhkəmə iclasında verdiyi izahatında torpaq sahəsinin planı və ölçüsü sənədinin 718 nömrəli torpaq qeydi əsasında tərtib edildiyini bildirmişdir.

42. Apelyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı kollegiya qeyd edir ki, Qusar rayon Notariat Kontorunun 17 mart 1977-ci il tarixli 1/233 nömrəli alqı-satqı haqqında müqaviləsinə əsasən, 600 kv.m torpaq sahəsinin X3 müddətsiz şəxsi istifadəsinə verilməsinə dair Qusar rayon Təsərüfat Şöbəsi tərəfindən 718 saylı Torpaq Qeydi tərtib edilsə də, hazırda mübahisələndirilən plan və ölçü sənədi həmin qeydə istinad edilməklə tərtib edilməmişdir. Torpaq sahəsinin planı və ölçüsü Qusar rayonu AİK-nin 12 fevral 1998ci il tarixli 02 saylı qərarına əsasən tərtib edilmiş, həmin qərarla isə üçüncü şəxsin adına torpaq sahəsi ayrılmamışdır.

43. Üçüncü şəxsin apelyasiya şikayətinin digər dəlili ondan ibarət olmuşdur ki, daha öncə İddiaçı cavabdeh Mirzəbala Həsənova qarşı məhkəmədə “torpaq sahəsinin plan və ölçü sənədinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmiş, Qusar Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli 2(029)-798/2018 nömrəli qətnaməsi ilə iddiaçının qarşılıqlı iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2019cu il tarixli 2(105)-4060/2019 nömrəli qətnaməsi ilə Qusar Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

44. Qeyd edilən apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, İPM-də mübahisəyə tətbiq edilməli olan norma kimi 78-ci maddə çıxış edir. Həmin maddəyə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

45. Belə ki, İPM-in yuxarıda istinad olunan 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçılarının yenidən həmin halı başqa qaydada mübahisələndirmək imkanını ortadan qaldırır. Bu hal, mübahisə predmeti barəsindən artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarının təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələr qazanmasından irəli gəlir. Buna görə, məhkəmə qərarının preyudisiallığı yalnız proses iştirakçılarına (və ya onların hüquq varisləri) münasibətdə yaranır və bu zaman xüsusi şərt kimi mübahisə predmetinin eyniliyi şərti də mövcud olmalıdır.

46. Üçüncü şəxsin istinad etdiyi Qusar Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli 2(029)-798/2018 nömrəli qətnaməsindən görünür ki, hazırkı iş üzrə İddiaçı cavabdeh Mirzəbala Həsənova qarşı “torpaq sahəsinin plan və ölçü sənədinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmiş, Qusar Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli 2(029)-798/2018 nömrəli qətnaməsi ilə qarşılıqlı iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli 2(105)- 4060/2019 nömrəli qətnaməsi ilə Qusar Rayon Məhkəməsinin qətnaməsi bu hissədə dəyişdirilmədən saxlanılmışdır.

47. Əvvəla qətnamələrdən göründüyü kimi, iddiaçının tələbi torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınması barədə olmuş(hazırda isə həmin sənədin ləğvinə dair iddia qaldırılmışdır), eyni zamanda həmin mübahisə üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi proses iştirakçısı olmamışdır.

48. Digər tərəfdən kollegiya qeyd edir ki, məhkəmə qərarından görünür ki, X3 adına A № 365290 №-li torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsinə əsas olan Qusar rayonu AİK-nin 12 fevral 1998-ci il tarixli 02 saylı qərarının mövcudluğu yoxlanılmamış, həmin məsələ ümumiyyətlə araşdırma predmeti olmamışdır.

49. Belə ki, məhkəmələr qarşılıqlı iddianı rədd edərkən qərarda qeyd etmişlər ki, “ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən X3 adına tərtib olunmuş 09 avqust 2011-ci il tarixli, A362590 saylı torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsinə heç bir ehtiyac yoxdur. Belə ki, həmin plan və ölçü yardımçı xarakter daşımaqla hüquqların qeydə alınması üçün əsas ola biləcək hüquqmüəyyənedici sənəd deyildir. Digər tərəfdən Qusar şəhəri, Məlikov küçəsi 30(26) saylı fərdi yaşayış evinə dair iddiaçının əldə etdiyi əmlak hüquqlarının mülkiyyət kimi qiymətləndirilməklə həmin evə və evin yerləşdiyi torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun məhkəmə qaydasında tanınmasına da ehtiyac yoxdur. Belə ki, yuxarıda sadalanan səbəblərdən iddiaçı mübahisəli evin və torpaq sahəsinin qanuni sahibi və istifadəçisidir, hazırki halda məhkəmə kollegiyası onun həmin əmlaklara dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün maneə görmür.”

50. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, Qusar Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli 2(029)-798/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudusial xarakter daşımır. Ona görə də bu hissədə apellyasiya şikayətinin dəlili əsassızdır.

51. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 avqust 2021-ci il tarixli 2-1(118)-96/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar