Məhkəmə qərarları › İş №2-1(105)-131/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-131/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-131/2023 02.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X10 qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1759/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuş, 02 sentyabr 1978-ci ildə X5 ilə nikaha daxil olmuşdur. Onun əri xx.xx.2018-ci ildə vəfat etmişdir.

2. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh 30 mart 2022-ci il tarixli, **********0 saylı məktubla ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə uyğun olaraqvəfat etmiş, yaxud həlak olmuş ailə başçısının ata, ana, ər, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Eyni zamanda həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin edilir. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət social sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Məlumat üçün bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə uyğun olaraq 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə X1 Sisteminin Pensiya altsisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Bildirilmişdir ki, təqdim edilmiş X4 aid arayışlarda göstərilən dövrlər ******* saylı əmək kitabçasında qeyd olunmadığından həmin dövrlər sığorta stajına əlavə olunmamışdır. Qeyd olunanları nəzərə alaraq, müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən və qanunvericiliklə tələb olunan 15 il 10 ay sığorta stajı olmadığından (faktiki sığorta stajı 11 il 10 ay) ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, həyat yoldaşı X2 01 mart 1976-cı ildən 30 sentyabr 1984-cü ilədək Quba rayonu Şuamyan adına sovxozda fəhlə işlədiyi dövrün sığorta stajına daxil edilməsi və ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1958-ci il tarixində Quba rayonunun Söhüb kəndində anadan olmuşdur. 02 sentyabr 1978-ci ildə X5 ilə nikaha daxil olmuşdur. Həyat yoldaşı 05 sentyabr 2018-ci ildə vəfat etmişdir. X5 21 noyabr 1973-cü ildən 12 dekabr 1975-ci ilədək hərbi xidmətdə olmuşdur. 01 mart 1976-cı ildə Quba rayonu Şuamyan adına sovxoza fəhlə qəbul edilmişdir, 30 sentyabr 1984-cü ilədək həmin işdə işləmişdir. 01 noyabr 1984-cü ildən Şaumyan adına sovxozun nəzdində olan mədəni çadıra kütləvi işçi vəzifəsinə təyin edilmiş, 01 sentyabr 1994-cü ilədək orada işləmişdir. Beləliklə həyat yoldaşının ümumilikdə 18 il 5 ay əmək fəaliyyəti olmuşdur. İşlədiyi dövrün 9 il 10 ayı - 01 noyabr 1984-cü ildən 01 sentyabr 1994-cü ilədək Şaumyan adına sovxozun nəzdində olan mədəni çadırda kütləvi işçi vəzifəsində işlədiyi dövr əmək kitabçasında qeyd olunmuşdur. Amma əvvəl çalışdığı 8 il 7 ayı, 01 mart 1976-cı ildən 30 sentyabr 1984cü ilədək Quba rayonu Şuamyan adına sovxozda fəhlə işlədiyi dövr əmək kitabçasında yazılmamışdır. Həyat yoldaşının işlədiyi bütün dövrləri əks etdirən arxiv arayışları və çıxarışları vardır. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Sosial Təyinatların Ödənişi üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Həmin təşkilatın 30 mart 2022-ci il tarixli, **********0 saylı imtina haqqında sənədi ilə ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir, imtinaya səbəb olaraq qanunvericiliklə həyat yoldaşının tələb olunan 15 il 10 ay sığorta stajının olmaması göstərilir. Halbuki, Azərbaycan Respublikası Dövlət X6 22 fevral 2022-ci il tarixli, 163 saylı arxiv çıxarışından və Quba rayon Mədəniyyət Mərkəzinin 02 mart 2022-ci il tarixli, 04 saylı arayışından və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin arayişindan görünür ki, həyat yoldaşının 20 il 5 ay əmək stajı olmuşdur. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Sosial Təyinatların Ödənişi üzrə Mərkəzi Filialına imtinası əsassızdır. Həyat yoldaşının əmək kitabçasında qeyd olunmayan dövrə aid arxiv çıxarışında əks olunanlar onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci mddəsində tələb olunan sığorta stajının olduğunu göstərir. Belə olduğu təqdirdə həmin qanunun 17.1-ci maddəsinə mənə ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmalıdır.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

5. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə uyğun olaraq vəfat etmiş, yaxud həlak olmuş ailə başçısının ata, ana, ər, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Eyni zamanda həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin edilir. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə uyğun olaraq 2006-cı il yanvarın 1- dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə X1 Sisteminin Pensiya altsisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Mərkəzi filiala təqdim edilən X4 aid arayışlarda göstərilən dövrlər ******* saylı əmək kitabçasında qeyd olunmadığından həmin dövrlər sığorta stajına əlavə olunmamışdır. Qeyd olunanları nəzərə alaraq, müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən və qanunvericiliklə tələb olunan 15 il 10 ay sığorta stajı olmadığından (faktiki sığorta stajı 11 il 10 ay) iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0,2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2015-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən isə 180 manata çatdırılmışdır.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

6. Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1759/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilərək, İddiaçı həyat yoldaşı X2 01 mart 1976-cı ildən 30 sentyabr 1984-cü ilədək Quba rayonu Şuamyan adına sovxozda fəhlə işlədiyi dövrün sığorta stajına daxil edilməsi və ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın üzərinə qoyulması qərara alınmışdır.

7. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın iş stajının əmək kitabçasına əsasən hesablanmalı olmasını səbəb gətirərək Azərbaycan Respublikası Dövlət X6 22 fevral 2022-ci il tarixli, 163 a saylı arxiv arayışında qeyd olunan dövrləri nəzərə almaması qanuna uyğun deyildir. Belə ki, həmin arayışda X2 01 mart 1976-cı il tarixdən 30 sentyabr 1984-cü il tarixədək Quba rayon Şaumyan qoyunçuluq sovxozunda işləməsi öz təsdiqini tapmışdır. Vətəndaşın iş stajının müəyyən olunmasında müvafiq arayışın nəzərə alınmamasını məhkəmə qeyd olunan konstitusion hüququn pozulması kimi qiymətləndirir və bu qənaətə gəlir ki, həmin arayışda qeyd olunan dövrlər iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması zamanı sosial sığorta stajı kimi nəzərə alınmalıdır.

8. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətlərinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayətini iddiaya etirtazla eyni məzmunda əsaslandırmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iş üzrə icraata xitam veriılməsi barədə ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur.

13. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: ... 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 12.1 Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: ... 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə 14.4. Bu Qanunun 18.2-ci maddəsinə uyğun olaraq ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin onlardan hər birinə düşən məbləği “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ailə başçısını itirməyə görə sosial müavinətin məbləğindən az olduqda, əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər biri ailə başçısını itirməyə görə pensiya əvəzinə ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququna malikdir (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada) Maddə 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur.

14. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.

16. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyərək iş materiallarını araşdırıb, apellyasiya şikayətinin və iş üzrə icraata xitam verilməsinə dair ərizənin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

18. Hazırkı işin mübahisələndirilməyən hallarından görünür ki, mərhum X5 ilə iddiaçı arasında xx.xx.1978-ci il tarixdə nikah bağlanmış, N.Sultanov 05 sentyabr 2018-ci il tarixdə ölmüşdür.

19. Məhkəmə kollegiyası qeyd edir ki, 2019-cu ilin iyul ayının 1-dək qadınlara yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən yaş həddi 61 il olmuşdur. İddiaçının xx.xx.1958-ci ildə anadan olduğu nəzərə alındıqda o, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 61 yaşında, yəni xx.xx.2019-cu il tarixdə pensiya yaşına çatmışdır. İddiaçının hüququ yaranan vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur.

20. Cavabdehin imtinası ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən cavabdeh inzibati orqanın iş stajının əmək kitabçasına əsasən hesablanmalı olmasını səbəb gətirərək Azərbaycan Respublikası Dövlət X6 22 fevral 2022-ci il tarixli, 163a saylı arxiv arayışında qeyd olunan dövrləri nəzərə almaması qanuna uyğun deyildir. Belə ki, həmin arayışda X2 01 mart 1976-cı il tarixdən 30 sentyabr 1984-cü il tarixədək Quba rayon Şaumyan qoyunçuluq sovxozunda işləməsi öz təsdiqini tapmışdır və qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin və arxiv arayışı ilə öz təsdiqini tapan əmək fəaliyyəti dövrlərinin əmək stajına daxil edilməsinə dair formalaşmış məhkəmə təcrübəsinə əsasən həmin dövrlər iddiaçının mərhum əmək (sığorta) stajına daxil edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nətcə əsaslı olmuşdur.

21. Beləliklə, hərbi xidmətdə olduğu və arxiv arayışı ilə işlədiyi və əmək haqqı aldığı dövrlər sosial sığorta stajı kimi nəzərə alındıqda iddiaçının mərhum ərinin 20 il sığorta stajı yaranmışdır ki, (minimum 15 il 10 ay sığorta stajı olmalı idi) bununla da iddiaçının ailə başçısını itirməyə görə pensiya hüququ yaranmış olur ki, belə olan halda da cavabdeh iddiaçıya pensiya təyin olunmasından imtina etməkdə haqlı olmamışdır.

22. Cavabdehin nümayəndəsinin iş üzrə icraata xitam veriılməsi barədə ərizəsinin dəlillərinə gəldikdə isə, kollegiya qeyd edir ki, həmin ərizədə göstərilən hallar qərarın ləğv edilməsinə əsas ola bilməz. Belə ki, həmin ərizədə qeyd edilir ki, İddiaçı əmək pensiyası hüququ yarandığı tarixdən (xx.xx.2022-ci il tarixdə) xx.xx.2023-cü il tarixli qərarla 268.81 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin qeyd edilən qərarının surəti ərizəyə əlavə edilmişdir.

23. Kollegiya qeyd edir ki, qərardan da göründüyü kimi, həmin qərarla iddiaçıya ərizədə qeyd edildiyi kimi yaşa görə deyil, xx.xx.2022-ci il tarixdən ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi iş üzrə yenidən araşdırma aparıldığını, cavabdeh tərəfindən mübahisələndirilən arxiv arayışına əsasən təsdiqini tapan dövrlər də staj kimi nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Qanunun 18.2-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2022-ci il tarixdən pensiya təyin edildiyi bildirilmişdir.

24. Kollegiya qeyd edir ki, cavabdehin iş üzrə icraata xitam veriılməsi barədə ərizəsində istinad etdiyi İPM-nin “İddiaçının tələblərinin təmin olunması” adlanan 67-ci maddəsi məhz mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdehin (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlı olmasını, cavabdehin iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verməsini nəzərdə tutur. İPM-nin 67.2-ci maddəsinə əsasən isə sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. 67.3-cü maddəyə əsasən həmin Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

25. Hazırkı işdə isə birinci instansiya məhkəməsinin yekun qərarı 26 oktyabr 2022-ci il tarixdə qəbul edilmiş, cavabdeh həmin qərarı xx.xx.2022-ci il tarixli apellyasiya şikayəti ilə mübahisələndirmiş, daha sonra isə xx.xx.2023-cü il tarixli qərarla iddiaçıya pensiya təyin etsə də, apellyasiya şikayətini geri götürməmiş, yaxud ondan imtina etməmiş, yuxarıda göstərilən əsaslarla iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

26. Kollegiya qeyd edir ki, hazırkı işdə İPM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydada mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmənin icraata xitam verilməsi barədə qərardad qəbul etməsi üçün nəzərdə tutulmuş hallar mövcud olmadığından, eyni zamanda iddiaçının xx.xx.1958-ci il təvəllüdlü olması, ərinin xx.xx.2018-ci il tarixdə vəfat etməsi, pensiya təyin edilməsi üçün isə xx.xx.2022-ci il tarixdə müraciət etməsi, birinci instansiya məhkəməsinin qərarında iddiaçıya ailə başçısının itirilməsinə görə pensiyanın hansı tarixdən təyin edilməsi göstərilmədiyi halda cavabdeh tərəfindən pensiyanın birinci instansiya məhkəməsinin yekun qərarından sonra xx.xx.2022-ci il tarixdən təyin edilməsi nəzərə alınmaqla cavabdehin qərarın ləğv edilməklə iş üzrə icraata xitam verilmə barədə ərizəsi təmin edilə bilməz. İddiaçı məhkəmə qərarı ilə razılaşaraq ondan şikayət vermədiyindən, ona pensiyanın hansı tarixdən təyin edilməli olması isə hazırkı apellyasiya baxışının predmeti olmadığından iş üzrə yekun məhkəmə qərarının icrası zamanı qanunvericiliyin tələblərinə əsasən müəyyən edilməli haldır.

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1759/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar