Məhkəmə qərarları › İş №2-1(105)-1311/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1311/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1311/2025 28.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri X2 (sədrlik edən, məruzəçi hakim), hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-6894/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-1684 saylı, 30800086 kod nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış və faktiki istifadə vəziyyətinə uyğun plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-1684A saylı, 30800086 kod nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 16 nömrəli qərarına əsasən onun adına ayrılmış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin qərara əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə dair JN-1684 saylı, 30800086 kod nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Bundan sonra, JN1684 saylı, 30800086 kod nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, daşınmaz əmlakın dövlət reyestrindən mübahisə predmeti olan 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdehə 30 iyun 2025-ci il tarixdə müraciət etsə də, ərizənin icrasından imtina edilmişdir. İmtina barədə bildiriş məktubunda torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsi arasında fərq mövcud olduğu, torpaq sahəsinin yerinin dəyişdirildiyi qeyd edilmişdir. Torpaq sahəsi ayrılan zaman harada və hansı konfiqurasiyada ayrılıbsa həmin koordinatlar daxilində də yerləşməkdədir. X4 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ baqların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş baqların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyqunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyqun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərman imzalanması barədə məlumatı var. Lakin qeyd olunan Fərmanın imzalanmasından 7 il ötməsinə baxmayaraq mövcud uyğunsuzluqlar hələ də aradan qalxmamışdır. Torpaq sahəsinə dair faktiki istifadə vəziyyətinə uyqun çıxarışın verilməməsi mülkiyyət hüququndan istifadə etməyinə maneələr törədir. Cavabdeh inzibati orqanın imtinası qanunsuz olmuşur. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, aparılan araşdırma zamanı sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında yerləşmə fərqi olduğu və verinin dəyişdirildiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-6894/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli, 16 saylı qərarı və JN-1684A saylı, 30800086 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli, 16 saylı qərarı ilə iddiaçıya Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən 0,10 ha torpaq sahəsi ayrılmış və adına mülkiyyətini təsdiq edən JN 1684A saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmiş və həmin vaxtdan halhazıra kimi torpağa sahiblik edərək istifadə edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktuba əsasən, elektron məlumat bazasına əsasən, faktiki koordinatlar daxilində yerləşən torpaq sahəsi, digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üts-üstə düşmür. Həmçinin, faktiki koordinatlar daxilində yerləşən torpaq sahəsi TEKUİS (X4 X7) məlumatlarında bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələri kateqoriyalı torpaqlara aid olduğu aşkar edilmişdir. Bu səbəbdən torpaq sahəsinin qonşuluğunda yerləşən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar təqdim edilməmişdir. Müraciətdə qeyd olunan torpaq sahəsinə dair müayinə aktının surəti və ortofoto görüntüsü təqdim edilmişdir. Torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktına əsasən, torpaq sahəsi yol ilə sərhəddir. Torpaq sahəsi qismən daş hasarla sərhədlənib. Torpaq sahəsi Saray bələdiyyəsi tərəfindən təsdiq edilmiş yerquruluşu planında göstərilən koordinatlarla uyğundur. Cavabdehin etirazının dəlilləri əsassız hesab edilərək iddia təmin olunmalıdır. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, 2-1(118)-6894/2025 saylı qərarı ilə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması qərara alınsa da, sənəd üzrə və yaxud faktiki istifadə vəziyyətinə uyğun şəkildə qeydiyyata alınmalı olduğu məsələsinə münasibət bildirilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsində icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Hazırki inzibati iş üzrə iddiaçının hüquqi marağı sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan torpaq sahəsinin sənəd üzrə faktiki yeri arasında uyğunsuzluq olduğu, yerinin dəyişdirilməsi halına istinad edərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, Abşeron Rayonu Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli 16 nömrəli qərarı ilə iddiaçının adına 0,10 ha torpaq sahəsi ayrılmış, həmin qərar əsasında onun adına “Torpağın mülkiyyətə verilməsi haqqında” Şəhadətnamə tərtib edilmiş, Şəhadətnamənin arxiv nüsxəsi mövcud olmamış, müvafiq qərar və xüsusi mülkiyyətə torpaq sahəsi verilən vətəndaşların siyahısında iddiaçının adı mövcud olmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsinin yerinin müəyyən edilməsinə dair müvafiq bələdiyyə tərəfindən yerquruluşu planından çıxarış tərtib edilmiş, iddiaçının faktiki iddia etdiyi torpaq sahəsi məhz həmin yerquruluşu planından çıxarışda əks olunmuş koordinatlarda yerləşən torpaq sahəsi olmaqla, başqa şəxslərə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmür,bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələri kateqoriyalı torpaq sahələrinə aiddir. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, müvafiq hüquqmüəyyənedici sənəd əsasında ayrılan torpaq sahəsinin yeri ilə iddiaçının faktiki istifadəsində olduğunu və müvafiq yerquruluşu planından çıxarışda əks olunmuş koordinatlarda olan torpaq sahəsinin eri fərqli olmaqla, iddiaçı tərəfindən yeri dəyişdirilmiş, sənəd üzrə yerləşən torpaq sahəsi isə başqa şəxslərin adına mülkiyyət hüququ qeydiyyata alınmaqla, **********09,**********07 və **********29 reyestr nömrəli çıxarışlarla üst-üstə düşdüyü müəyyən edilmişdir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçı məhz sənəd üzrə ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməklə, həmin torpaq sahəsi üzərində başqa şəxslərin adına dövlət qeydiyyatı aparıldığından və hazırda qüvvədə olduğundan, sözügedən qeydiyyat sənədləri mübahisələndirilmədən, hazırki iddia tələbinə baxılması mümkün deyildir. Nəticə etibarilə bu hal iddianın mümkün sayılmaması üçün əsas hesab edildiyindən, iddia mümkün sayılmamalıdır. Bununla yanaşı, kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının faktiki iddia etdiyi və müvafiq yerquruluşu planından çıxarışda əks olunmuş koordinatlar üzrə yerləşən torpaq sahəsi ilə bağlı iddiaçının adına tərtib edilmiş hüquqmüəyyənedici sənəd mövcud olmadığından, iddiaçının adına ayrılmış sənəd üzrə yerləşən torpaq sahəsi faktiki iddia etdiyi torpaq sahəsi ilə üstüstə düşmədiyindən, iddiaçının faktiki iddia etdiyi torpaq sahəsi ilə bağlı da tələb irəli sürmək üçün subyektiv hüququ olmamışdır, hansı ki, bu hal da iddianın mümkün sayılmaması üçün əsas hesab edilir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi halını yoxlamadan, tələbə mahiyyəti üzrə baxmışdır, bu hal isə prosessual qanunvericiliyin tələblərinin pozulmasına səbəb olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməli, iddia tələbi mümkün sayılmadığından, şikayət “iddia tələbinin rədd edilməsi” hissəsində təmin edilməməlidir. Həmçinin, kollegiya iddiaçının diqqətinə onu çatdırır ki, iddiaçı hüquqmüəyyənedici sənəd əsasında onun adına ayrılmış torpaq sahəsi ilə üst-üstə üşən başqa şəxslərin adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehin hərəkətləri nəticsində hüququnun pozulduğunu ehtimal edirsə, həmin qeydiyyatın aparılmasına əsas olmuş hüquqmüəyyənedici sənədləri qanunla müəyyən edilmiş qaydada və şərtlərdə mübahisələndirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş spellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-6894/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar