Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1312/2025 06.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, Hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-4044/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Qarabağ Müharibəsi əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Ə 009068 nömrəli vəsiqəsi ilə ikinci qrup müharibə əlili statusu təsdiq edilmişdir. - İddiaçı xx.xx.2016cı il tarixdə ******* nömrəli hərbi bilet verilmişdir.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 214 saylı xx.xx.2005-ci il tarixli qərarında qeyd edilir ki, Quba RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış vətəndaş X4 döyüş zonasında hərbi xidmət keçərkən, xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Bakı şəhər 1 saylı klinik xəstəxanada müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sol yanaq nahiyyəsinin dəlib-keçən qəlpə yarası, alveot çıxıntısının sınığı, 343/3467 dişlərin sınığı” hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.
3. TSEK Müayinələrinin xx.xx.2016-cı il tarixli qiymətləndirməsindən görünür ki, İddiaçı 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Növbəti qiymətləndirmənin xx.xx.2021-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuşdur.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xxxxxxx0008 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
5. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 04 aprel 2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ dərəcə müddətsiz əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Daha sonra, İddiaçı iddia tələbinə dəqiqləşmə verərək, ona xx.xx.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konsitutsiya quruluşunun müdafiəsi” ilə əlaqədar orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxx 1971-ci ildə Quba rayonunda anadan olmuş, 1-ci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və Qarabağ müharibəsi veteranıdır. 16 aprel 1994-cü il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüş əməliyyatlarında yaralanaraq, sol yanaq nahiyəsinin dəlib keçən qəlpə yarası, aşağı çənənin mental nahiyəsinin kor qəlpə yarası, alebeol çıxıntının sınığı və 345/3467 dişlərin sınığı xəsarətlərini almış, döyüş bölgəsindən çıxarılaraq Bakı Baş Səhiyyə İdarəsinin Kliniki Tibbi Mərkəzinə daxil edilmiş və orada əməliyyat olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2005-ci il tarixli, 214 saylı qərarı ilə aldığı xəsarətlər “hərbi travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qiymətləndirilmiş, 2006-cı ildən İİ qrup müharibə əlilliyi təyin edilmişdir. Hərbi əməliyyatlar zamanı aldığı xəsarətlərdən sonra səhhətində yaxşılaşma əvəzinə illər keçdikcə ağırlaşmalar yaranmış, partlayış nəticəsində aldığı kəllə-beyin travması səbəbindən şəxsiyyət pozuntusu xəstəliyi inkişaf etmişdir. Bununla belə, cavabdeh qurum tərəfindən ona təyin edilmiş İİ qrup müharibə əlilliyi 2021-ci ilin aprel ayında dayandırılmış və həmin tarixdən bərpa olunmamışdır, baxmayaraq ki, kəllə-beyin travması nəticəsində şəxsiyyət pozuntusu diaqnozu ilkin əlillik təyin ediləndə mövcud olmuşdur. Bu, Quba Rayon Mərkəzi Xəstəxanasının ambulator xəstənin tibbi kitabçasından əlavə edilmiş sənədlərlə təsdiqlənir. O, dəfələrlə hərbi həkim komissiyasına müraciət etməsinə baxmayaraq, diaqnozun əlillik əlaməti sayılmaması əsas gətirilərək əlillik təyinatından imtina edilmişdir. 2006-cı ildən ona təyin edilmiş əlilliyin səbəbi olan xəstəlikdə heç bir yüngülləşmə baş verməmiş, əksinə travma nəticəsində şəxsiyyət pozuntusu xəstəliyi yaranmışdır. Onun şəxsiyyət pozuntusu diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı və 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiqlənmiş “Əlilliyin müəyyən olunması meyarları” sənədlərində əlilliyin təyin olunmasına əsas verən xəstəliklər siyahısında yer almışdır. Cavabdeh qurumla aralarındakı mübahisəni başqa qaydada həll edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddiaya qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, Quba rayon sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0244003AAMQZ nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2005ci il tarixli 214 nömrəli qərar verilmişdir. Həmin qərarda “Sol yanaq nahiyyəsini dəlib keçən qəlpə yarası. Aşağı çənənin mental nahiyyəsinin kor qəlpə yarası, alveol çıxıntısının sınığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmalarından şikayətlənmiş, dizlərinin ağrıdığını bildirmişdir. Müayinə zamanı epileptik tutmanın videosunu təqdim etmiş, videoda sinəsinə vurması görünmüş, belə tutmanın 2-2.5 saat davam etdiyini demişdir. Anamnestik olaraq və videoya əsasən epileptik tutmaların olması öz təsdiqini tapmamışdır. Hər iki əlin ovuc səthində fiziki işlə məşğul olmağa məxsus qabarlar izlənmişdir. Psixi statusunda adekvat, bələdliliyi tam, intellektual mnestik sferası yaşına, təhsilinə və sosial mühitinə uyğun olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022 - xx.xx.2022-ci il tarixli çıxarışda diaqnoz “Üzvi (keçirilmiş qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalarla, yaddaşintelektin enməsi” kimi qeyd olunmuş, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli 1501 nömrəli arayışda diaqnoz “Epilepsiya xəstəliyi. Davamlı qıcolmalarla” kimi qeyd edilmişdir. Qusar rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Baş beynin bioelektrik aktivliyinin diffuz pozuntuları üzərində beyin neyronlarının labil vəziyyəti qeyd olunur. Orta strukturların dissfunksiyası əlamətləri qeyd olunur” kimi qeyd edilmişdir. OKİ Hospitalın xx.xx.2023-cü il tarixli Beynin MRT müayinəsinin nəticəsi “Serebral önəmli patologiya izlənilmədi” kimi qeyd edilmişdir. Verdiyi anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək psixi və digər orqanlar tərəfindən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-4044/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş və İddiaçı xx.xx.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn üzərinə qoyulmuşdur (hakim Mehriban Mahmudlu-Abbaszadə)
9. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 6-cı bənd - Sinir sistemi xəstəlikləri - 6.6.2-ci bənd - digər ekstrapiramid və hərəki pozuntular, 6.7-ci bənd – Epilepsiya, 7-ci bənd - Psixi və davranış pozuntuları - 7.6.2-ci bənd - üzvi mənşəli şəxsiyyət pozuntusu əlillik (orqanizmin funksiyalarının pozulmasını), 9-cu bənd qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri 9.1-ci bənd qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri, 10-cu bənd görmənin və eşitmənin kombinə olunmuş pozuntuları, eləcə də artikulyasiyanın (nitqin) və səs əmələgəlmənin pozuntuları, 10.1-ci bənd görmənin və eşitmənin kombinə olunmuş tam itirilməsi təyin edən diaqnozlar müşahidə olunur ki, bu da şəxsə əlillik təyinatı üçün əsas verir.
10. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh inzibati orqanın etirazını təhrif edərək, guya etirazda şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Bu isə işin nəticələrinin “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar iddiaçının forma 88 nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirik ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etmir” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir.
13. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
15. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları” na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. ...
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; ... 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
18. Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
20. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:
23. İşdən görünür ki, cavabdeh tərəfindən iddiaçının əlilliyi xx.xx.2024-cü il tarixdə qiymətləndirilərək ona Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
24. İddiaçı verilən imtina ilə razılaşmayaraq, ona əlilliyin təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
25. Cavabdeh iddiaçıya əlilliyin təyin edilməsindən imtinada və apellyasiya şikayətinin dəlillərində diaqnozun əlillik əlaməti təyin etmədiyini qeyd etsə də, məhkəmə araşdırması zamanı tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş göndərişdə (Forma 88) qeyd olunan diaqnoz iş üzrə alınmış ekspert rəyi ilə təsdiq edilmiş və həmin diaqnozun əlillik təyinatına əsas verdiyi müəyyən edilmişdir.
26. Birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəməpsixiatrik ekpertizasının xx.xx.2025-ci il tarixli, 2769 saylı ambulator məhkəmə-psixiatrik ekpertizasının rəyində komissiya nəticəyə gəlmişdir ki, İddiaçı ÜZVİ (KEÇİRİLMİŞ KƏLLƏ- BEYİN TRAVMASİ NƏTİCƏSİNDƏ) ŞƏXSİYYƏT POZUNTUSU, ANAMNEZİNDƏ DİSSOSİATİV DAXİLOLMALAR, YADDAŞ VƏ İNTELLEKTİN ENMƏSİ İLƏ (F07.0) aşkar olunur. Bunu anamnestik məlumatlar -hərbi xidmət dövründə kəllə-beyin travması alması, bir müddətdən sonra travmanın fəsadları kimi qıcolma tutmalarının, nevroloji və psixi pozuntu əlamətlərinin meydana çıxması, bu səbəbdən dəfələrlə müalicələr alması, X3 müalicələrdə olması, SN Respublika Psixiatriya Xəstəxanasında “Üzvi (keçirilmiş qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, yaddaş və intellektin enməsi ilə” diaqnozu ilə stasionar müalicələrdə olması, həmçinin hazırki müayinə zamanınitqinin ləngiməsi, təfəkkürün torpidliyi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhəmiyyətsiz detallar üzərində fiksə olunması, xarici qıcıqlara qarşı həssaslığının yüksək olması, emosional dayanıqsızlığı, əhvali-ruhiyyəsinin dəyişkənliyi, davranışı üzərində nəzarətinin zəifləməsi, koqnitiv, funksiyalarının bir qədər enməsi, astenizasiya əlamətlərinin qeyd olunması və s. sübut edir.
27. İİ Yekun hissəsi: İnzibati iş materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən, məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır:
28. İddiaçı canlı müayinə olunmaqla, onda 1-ci sual: Əsas diaqnoz XBT 10 kodu F07 “üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu aşkar edilirmi?
29. Cavab: Yoxlanılan şəxs İddiaçı Üzvi (Keçirilmiş kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, anamnezində dissosiativ daxilolmalar, yaddaş və intellektin enməsi ilə (F07.0) aşkar olunur.
30. 2-ci sual: Əgər aşkar edilirsə, aşağıda göstərilən qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir?
31. 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı). 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti.
32. Cavab: Qərarda qoyulmuş sual şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün sualın cavablandırılması məhkəmə psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil, göstərilən sualın ekspert qiymətləndirilməsi Cavabdehn səlahiyyətlərinə aiddir.
33. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 6-cı bənd - Sinir sistemi xəstəlikləri - 6.6.2-ci bənd digər ekstrapiramid və hərəki pozuntular, 6.7-ci bənd – Epilepsiya, 7-ci bənd - Psixi və davranış pozuntuları - 7.6.2-ci bənd - üzvi mənşəli şəxsiyyət pozuntusu əlillik (orqanizmin funksiyalarının pozulmasını), 9-cu bənd qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri 9.1-ci bənd qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri, 10-cu bənd görmənin və eşitmənin kombinə olunmuş pozuntuları, eləcə də artikulyasiyanın (nitqin) və səs əmələgəlmənin pozuntuları, 10.1-ci bənd görmənin və eşitmənin kombinə olunmuş tam itirilməsi təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur.
34. Beləliklə, tibb müəssisəsi tərəfindən tərtib edilmiş G00234799ELİ nömrəli göndəriş, ekspert rəyi, o cümlədən, ixtisaslaşdırılmış tibb müəssisəsi tərəfindən verilmiş rəyin qarşılıqlı təhlilindən müəyyən edilir ki, hazırda iddiaçıda göndərişdə göstərilən əsas diaqnozun ağırlaşması olan F07.0 kodlu xəstəlik aşkar edilir.
35. Həmin xəstəlik isə AR Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın Psixi və davranış pozuntuları” bölməsinin 7.6.2.1, 7.6.2.2-ci bəndlərinə əsasən orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklərə aiddir.
36. “Əlilliyin müəyyən olunması meyarları” nın həmin bəndlərindən görünür ki, F07.0 kodlu xəstəlik: - əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) halında orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə; - məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti olduğu hallarda isə orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verir.
37. Beləliklə, qeyd olunanlara əsasən iddiaçıda F07.0 kodlu xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları” nın 7.6.2.1-ci bəndinə daha uyğun olduğu həm iş materiallarına əlavə edilmiş epikrizlərdən, müvafiq ekspert rəyindən həmçinin özünün məhkəməyə vermiş olduğu izahatlarına əsasən müəyyən edilir. ( əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)) .
38. İddiaçının əlilliyinin səbəb əlaqəsinə münasibətdə kollegiya qeyd edir ki, hazırda iddiaçıda aşkar edilən F07.0 kodlu “üzvi mənşəli şəxsiyyət pozuntusu” xəstəliyinin ağırlaşması olan “mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozlu xəstəliyi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə göstərilmiş və məhkəmə tərəfindən təyin edilmiş eksperti rəyi ilə müəyyən edilir.
39. Cavabdeh apellyasiya şikayətinin dəlillərində əlavə olaraq bildirmişdir ki, məhkəmə xüsusi bilik tələb edən sahədə qərar çıxararaq cavabdehin diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
40. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən, diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
41. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
42. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
43. Bu mənada, apellyasiya şikayətinin həmin dəlili əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
44. Beləliklə, işin qeyd edilən hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-4044/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.