Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-132/2024 26.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X5 qızının katibliyi ilə, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2-1(118)-460/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür (AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsi). İddiaçı 1979-1981-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı təqdim etdiyi UT-İ seriyalı ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək 7 nömrəli trestin (“Azselstroy”) 71 nömrəli səyyar mexanikləşdirilmiş dəstəsində, xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Azərkimyatəmir” Trestinin 1 saylı Təmir-Tikinti-Quraşdırma İdarəsində işləmişdir, xx.xx.1996-cı il tarixdən hazırkı vaxtadək Sumqayıt “Etilen Polietilen" zavodunda işləyir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 10 mart 2022-ci il tarixdə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 05 aprel 2022-ci il tarixli, **********5 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının güzəştli stajı 12 il 06 aydan az (2 il 8 ay 27 gün (xx.xx.1993-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındaki dövrlər)) təşkil edir. Belə olan halda, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona 57 yaşının tamam olduğu 30 may 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin, cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, 1981-1996-cı illərdə “Azərkimyatəmir” Trestinin 1 saylı Təmir-Tikinti- Quraşdırma İdarəsində işlədiyi iş dövrü zərərli istehsalla bağlı olduğu üçün güzəştli şərtlərlə yaşa görə pensiya hüququ əldə etmişdir. Onun 1981-1996-cı illərdə zərərli iş yerində işlədiyini xx.xx.2021-ci il tarixli, 795/1 795/2 nömrəli arayışlar təsdiq edir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1977-ci il tarixdən hal-hazırkı tarixədək müxtəlif idarələrdə, müxtəlif vəzifələrdə işlədiyi qeyd olunmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə Milli Arxiv İdarəsinin Sumqayıt Filialı tərəfindən verilmiş 795/1, 795/2, 795/3 və 806 nömrəli arxiv arayışlarına əsasən iddiaçı 1981-1996-cı illərdə “Azərkimyatəmir” Tresti 1 saylı Təmir Tikinti Quraşdırma İdarəsində quraşdırıcı çilingər, qazla kəsici və iş icraçısı vəzifələrində işləmişdir. Əmək kitabçasına və arxiv arayışlarına əsasən, 1981-1996-cı il tarixlərdə işlədiyi illər onun güzəştli staj dövrlərinə aid edilir. Bu dövrlər ərzində işlədiyi vəzifələrdən iş icraçısı kimi əmək fəaliyyəti ilə məşğul olduğu illər güzəştli iş stajına daxil edilmiş, digər dövrlər mübahisələndirilmişdir. Bu halda iddiaçının mübahisələndirilməyən güzəştli stajı 2 il 8 ay 27 gün (xx.xx.1993-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındaki dövrlər), mübahisələndirilən güzəştli stajı isə 11 il 11 av 1 gün (xx.xx.1981-xx.xx.1993-cü il tarixləri arasındaki dövrlər) təşkil edir. İddiaçının 1993-1996-cı il tarixləri arasında işlədiyi iş icraçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli siyahısında nəzərdə tutulmuşdur, lakin 1981-1989-cu il tarixləri arasında işlədiyi quraşdırıcı çilingər vəzifəsi sözügedən siyahıda qeyd edilməmişdir. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçının 1981-1996-cı il tarixləri arasında işlədiyi dövrlərdən iş icraçısı peşəsində işlədiyi dövrləri güzəştli iş stajına daxil etmək mümkün olsa da, digər dövrlərdəki işlədiyi peşələrin NK-nın 21 iyun 1993- cü il tarixli siyahısında qeyd edilən vəzifələrə uyğun gəlməməsi səbəbindən bu illərin güzəştli is stajına daxil edilməsi mümkün olmamışdır. Bu halda iddiaçının güzəştli stajı 12 il 06 avdan az (2 il 8 av 27 gün (xx.xx.1993-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındaki dövrlər)) təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2-1(118)-460/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim Ceyhun Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Milli Arxiv İdarəsinin Sumqayıt Filialının arxiv arayışlarında, onun adının zərərli işlərdə işləmiş işçilərin siyahısında qeyd edilsə də, lakin onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahıya uyğun müvafiq kodla şifrlənmiş konkret peşənin adı göstərilməmişdir. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, “iddiaçı barəsində “Azərkimyatəmir“ Tresti 1 saylı TTQİ-nin 1981- 1990-cı illərə dair “Zərərli sexlərdə işləyən işçilərin siyahısı” kitabından arxiv arayışı verilmişdir. İşçinin peşəsi həmin zərərli sahələrdə kimyəvi maddələrlə işlədiyi istehsalla əlaqədardır. Həmin kimyəvi sahələrdə isə bütün işçilər zərərli iş stajına malik olurdular. Bu seçmə kitablar məhz işçinin zərərli iş stajını təsdiq edirdi. Sumqayıt şəhərində on minlərlə insan məhz bu seçmə kitablarla pensiya hüququ əldə etmişdir. Hesab edir ki, iddiaçıya münasibətdə bərabər yanaşma prinsipi pozulmuşdur. Benzol, divinil, butilen, polimer, polipropilen və s. sahələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 və 2 nömrəli siyahısına uyğundur. Qərarda 1-ci siyahının 8-ci bölmədə tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəissələrinin neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri, mütəxəssisləri nəzərdə tutulmuşdur. Hesab edir ki, birinci instansiya məhkəməsi sadalananları nəzər almadan iddia tələbinin rədd edilməsinə dair düzgün hüquqi nəticəyə gəlməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz edərək etirazı iddia ərizəsinə etirazla ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 2 nömrəli əlavəsində göstərilmiş şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayış təqdim edilməmişdir. Əlavə olaraq qeyd edir ki, iddiaçının əmək kitabçasında və arxiv arayışlarında göstərilən quraşdırıcı çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında nəzərdə tutulmamışdır. Bu baxımdan, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin “b” bəndi əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Belə ki, yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 57 yaşının tamam olduğu 30 may 2020-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması 2) 1 yanvar 2006-cı il tarixədək azı 12,5 il güzəştli iş stajının mövcud olması. Ümumi iş stajı ilə bağlı kollegiya qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək 7 nömrəli trestin (“Azselstroy”) 71 nömrəli səyyar mexanikləşdirilmiş dəstəsində işləmiş, 1979-1981-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Azərkimyatəmir” Trestinin 1 saylı Təmir-Tikinti-Quraşdırma İdarəsində işləmişdir, xx.xx.1996-cı il tarixdən hazırkı vaxtadək Sumqayıt “Etilen Polietilen" zavodunda işləyir. (xx.xx.2006-cı il tarixədək 27 il 01 ay 17 gün) Beləliklə, iddiaçının hərbi xidmət və əmək fəaliyyəti dövrü ilə birlikdə xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Bu işin mübahisə edilməyən halıdır. Belə ki, cavabdeh iddia ərizəsinə etiraz, apellyasiya şikayəti və iddiaçıya verilən imtinada yalnız güzəştli iş stajını mübahisələndirmişdir. Güzəştli iş stajı ilə bağlı isə kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının xx.xx.1993xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındakı işlədiyi dövrlər, ümumilikdə, 2 il 8 ay 27 günlük müddət cavabdeh tərəfindən mübahisələndirilməyərək güzəştli iş stajı kimi qəbul edilmişdir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1981-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci illərdə, xx.xx.1988-xx.xx.1989-cu illərdə illərdə “Azərkimyatəmir” Tresti 1 saylı Təmir Tikinti Quraşdırma İdarəsində quraşdırıcı çilingər, xx.xx.1984xx.xx.1984-cü və xx.xx.1990-xx.xx.1993-cü illərdə usta, xx.xx.1985-xx.xx.1988-ci illərdə briqadir, xx.xx.1989-xx.xx.1990-cı illərdə qazla kəsici, xx.xx.1993-xx.xx.1996-cı illərdə iş icraçısı vəzifəsində işləmişdir (15 il 01 ay 22 gün). Cavabdeh apellyasiya şikayətinə etirazının dəlillərindən cavabdeh orqan tərəfindən iddiaçının “Azərkimyatəmir” Trestinin 1 saylı Təmir-Tikinti-Quraşdırma İdarəsində işlədiyi yalnız iş icraçısı vəzifəsinin güzəştli şərtlə pensiya hüququ verən vəzifə kimi qəbul edildiyi, qalan vəzifələrdə işlədiyi xx.xx.1981-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan 11 il 11 ay 02 günlük dövrün mübahisələndirildiyi müəyyən olunur. Mübahisələndirilən dövrlə bağlı cavabdeh dəlillərində “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 2 nömrəli əlavəsində göstərilmiş şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışın təqdim edilmədiyini və iddiaçının işlədiyi quraşdırıcı çilingər vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında nəzərdə tutulmadığını bildirmişdir. Kollegiya cavabdehin həmin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 795/1 nömrəli və 795/2 nömrəli arxiv arayışlarından görünür ki, “Azərkimyatəmir” Tresti 1 saylı Təmir Tikinti Quraşdırma İdarəsinin 1981-1990 və 1996-cı illərə dair “Zərərli sexlərdə işləyən işçilərin siyahısı” kitablarında iddiaçının adı göstərilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin mövqeyini əsaslı sayaraq qeyd edilən arxiv arayışlarında iddiaçının işlədiyi müvafiq peşələrin güzəştli peşə olduğunu təsdiqləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş siyahının konkret şifrinin göstərilmədiyini bildirərək bu əsasla həmin dövrləri güzəştli iş stajına daxil etməmişdir. Halbuki, həmin arxiv arayışlarından və əmək kitabçasından iddiaçının qeyd edilən dövrlərdə , “Azərkimyatəmir” Tresti 1 saylı Təmir Tikinti Quraşdırma İdarəsinin poliizobütilen, polimer butadien, okis probil, divinil, kalium hidroksid, poliefir, piroliz, etilen, polimer, benzol və s. sexlərində müxtəlif vəzifələrdə - quraşdırıcı çilingər, usta, briqadir və qazla kəsici işlədiyi müəyyən edilir. Kollegiya hesab edir ki, arxiv arayışlarında iddiaçının işlədiyi müvafiq peşələrin güzəştli vəzifə olduğu təsdiqləyən Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş siyahıdakı şifri qeyd edilməsə də, həmin sənədlər iddiaçının mübahisələndirilən dövrlərdə “Azərkimyatəmir” Trestinin 1 saylı Təmir-Tikinti-Quraşdırma İdarəsinin kimya istehsalatına aid sexlərində əmək şəraiti zərərli və ağır olan işlərdə çalışdığını təsdiq edir. Həmçinin, iddiaçının işlədiyi sözügedən peşələrin güzəştli şərtlərlə pensiya hüququn verən peşələr olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası ərazisində analoji fəaliyyətlə məşğul olan "xxxx" ASCyə sorğu ilə müraciət edilmiş, həmin müəssisə kollegiyanın sorğusuna cavab olaraq 16 yanvar 2024-cü il tarixli məktubu ilə Sumqayıt şəhərində Kimya istehsalat birliyində və Superfosfat zavodunun insan orqanizminə zərərli hesab edilən sexlərində çalışan fəhlələrin güzəştli şərtlərlə pensiya hüququna malik olduğunu bildirmişdir. Eləcə də, məhkəmə kollegiyasının icraatında olmuş 2-1(105)-840/2023 nömrəli iş üzrə “Azneftkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Quraşdırma İdarəsinin Superfosfat və Sintezkauçuk zavodunun sulfat turşusu, divinil istehsalı, butadien və benzol sexlərində quraşdırıcı çilingər vəzifəsində işləmiş iddiaçı X2 barəsində “1-ci Sumqayıt Tikinti-Quraşdırma MMC” tərəfindən verilmiş 25 yanvar 2019-cu il tarixli, 01 nömrəli güzəştli arayışda iddiaçının sadalanan sexlərdə quraşdırıcı çilingər vəzifəsi Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının 1080A010 koduna uyğun olaraq güzəştli şərtlə pensiya hüququ verən vəzifə kimi göstərilmişdir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı ilə eyni vəzifədə və kimya istehsalatının eyni sexlərində işləyən vətəndaşın vəzifəsi analoji fəaliyyətlə məşğul olan müəssisə tərəfindən güzəştli şərtlə pensiya hüququ verən vəzifə kimi qəbul edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş həm 1, həm də 2 nömrəli Siyahının “Kimya istehsalatı“ bölməsində müvafiq istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin bütün fəhlələri, rəhbərləri və mütəxəssisləri güzəştli şərtlə pensiya hüququ verən peşələr kimi müəyyən edilmişdir. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının kimya istehsalatının zərərli sexlərində işlədiyi quraşdırıcı çilingər, usta, briqadir və qazla kəsici peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının Vİİİ. Kimya istehsalatı bölməsinin 1080A00—17541 kodlu “A” yarımbəndinin 1080A010 şifrində göstərilən peşələrə - A. Tam iş günü aşağıda sadalanan (poliizobutilen, polimerləri, butadien, kalium, onların oksidləri) istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssislərinə uyğun gəlir. İddiaçının “Azərkimyatəmir” Trestinin 1 saylı Təmir-Tikinti-Quraşdırma İdarəsində sadalanan vəzifələrdə işlədiyi 11 il 11 ay 02 günlük dövr cavabdeh tərəfindən mübahisələndirilməyən 02 il 08 ay 27 günlük dövrlə birgə nəzərə alınarsa, onun 12,5 ildən artıq güzəştli iş stajına malik olduğu müəyyən edilir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mübahisələndirilən xx.xx.1981ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrdə işlədiyi peşələr 1 nömrəli siyahıya uyğun olduğundan, bununla da, onun “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaransa da, iddiaçı tələbində müvafiq əmək pensiyasının ona 57 yaşdan təyin olunmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İşin sadalan xüsusatlarını ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçının 57 yaşının tamam olduğu 30 may 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan iddia tələbi təmin edilməlidir. Eyni zamanda, kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Hazırki halda, iddiaçının pensiya hüququ 30 may 2017-ci il tarixdə yaransa da, o, pensiyanın təyini üçün 10 mart 2022-ci il tarixində cavabdeh inzibati orqana müraciət etmişdir. Bu baxımdan, iddiaçıya ödənilməmiş pensiya ödənişlərinin onun cavabdehə müraciət etdiyi tarixdən əvvəlki 3 il üzrə - 10 mart 2019-cu il tarixdən ödənilməsi nəzərə alınmalıdır. Beləliklə, qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2-1(118)-460/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-132/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-132/2024
26.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver