Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-132/2025 16.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və X1 ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı qarşı iddiaçıya təyin edilmiş sosial müavinətin ödənilməsinin dayandırılmasının qanunsuz hesab edilməsi və dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2-1(118)-1244/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçıya təyin edilmiş sosial müavinətin ödənilməsinin dayandırılmasının qanunsuz hesab edilməsi və dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından iddiaçıya ünvanlanan 28 iyun 2022-ci il tarixli məktubla sosial müavinətin təyin edilməsindən imtina olunmuşdur. İddiaçıya xx.xx.2018-ci il tarixdən 3 uşaq doğub 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçı əmək pensiyası hüququ olmayan və heç yerdə işləməyən fiziki şəxsdir. Lakin cavabdeh sonradan təyin etdiyi sosial müavinətin qanunsuz təyin edilməsinə istinad edərək 2022-ci ilin iyun ayından ödənilməsini dayandırmışdır. İddiaçı müraciət etdikdə ona adında aktiv VÖEN olması ilə izah etmişdir. Lakin o, hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Sadəcə olaraq, ünvanlı sosial yardımın təyin olunması üçün xx.xx.2017-ci il tarixdən vergi uçotuna alınmışdır. Ünvanlı sosial yardımın təyin olunması mümkün olmadığı üçün vergi uçotunun ləğv edilməsi haqqında müraciət etmişdir. Lakin, müraciəti gec yəni xx.xx.2020-ci ildə icra olunmuşdur. Vergi uçotunun ləğv edilməsi haqqında müraciət qeydə alındığı halda, səlahiyyətli orqan tərəfindən icra edilməməsinin məsuliyyəti həmin dövlət orqanının üzərinə düşür. Bu əhəmiyyətli hüquqi hal DSMF Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən nəzərə alınmamışdır. İddiaçının sosial vəziyyətinə görə sosial müavinət təyin edilərkən, “Sosial müavinətlər haqqında" AR Qanununun 1.0.2. və 7.0.2. maddələri sosial müavinətin təyin edilməsini şərtləndirirdi. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, DSMF-nin Qobustan rayon şöbəsi tərəfindən iddiaçı xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.2018-ci il tarixdən müddətsız yaşa görə sosial müavinət təyin edilərək xx.xx.2022-ci il tarixədək ödənilmişdir. İddiaçının xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinin tələbləri pozularaq xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aktiv vergi ödəyicisı kimi qeydiyyatda olduğu (VÖEN **********) halda xx.xx.2018-cı ıl tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Bu səbəbdən “Sosial mavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 11.1.2-ci maddəsinə əsasən iddiaçının yaşa görə sosial müavinəti xx.xx.2022ci il tarixdə dayandırılmışdır. Nəticədə xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 6251.84 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir, bu Qanunun 11.1.2-ci maddəsinə əsasən şəxs əmək fəaliyyətinə başladıqda müavinətin ödənişi dayandırılır. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********5 nömrəli məktubu ilə daxil olan təlimatı izahatın 5-ci bəndinə görə “Aktiv" statuslu VÖEN-i olanlara yaşa görə müavinətin təyin olunmasından imtina edilir. İddiaçı adına xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Aktiv” statuslu VÖEN olduğu üçün xx.xx.2018-ci il tarixə münasibətdə iddiaçının yaşa görə müavinət hüququ yaranmamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İddiaçıya verilmiş imtina məktubunda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixədək qüvvədə olan “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2ci maddəsinə əsasən sizə 10.01,2018-ci il tarixindən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmişdir. Xidməti yoxlama zamanı məlum olmuşdur ki, xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN: **********) olduğu halda sözügedən Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq sizə xx.xx.2018-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib. Bu səbəbdən sizə təyin edilən yaşa görə sosiai müavinətin ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. Nəticədə xx.xx.2018-ci il tarixindən xx.xx.2022ci il tarixinədək 6251.84 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən "3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, edildiyindən və beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyinizdən sizə yaşa görə sosial müavinətin təyin edilməsi qanunverilicivin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə sorğusuna əsasən 4 saylı Ərazi vergilər idarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı 4 saylı Ərazi Vergilər İdarəsində xx.xx.2017-ci il tarixdə ********** nömrəli VÖEN-lə uçota alınmışdır və vergi orqanına təqdim etdiyi xx.xx.2020- ci il tarixli ərizəyə əsasən, xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək fəaliyyətini dayandırmışdır. Eyni zamanda İddiaçı vergi orqanına təqdim etdiyi ərizəyə əsasən, xx.xx.2022-ci il tarixdə vergi uçotundan çıxarılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2-1(118)-1244/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı təyin edilmiş sosial müavinətin ödənilməsinin dayandırılması qanunsuz hesab edilməsi və dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********946800 nömrəli arayışında müəyyən edilmişdir ki, uçot baza məlumatlarına əsasən İddiaçı 4 saylı Ərazi Vergilər İdarəsində xx.xx.2017-ci il tarixdə ********** nömrəli VÖEN-lə uçota alınmış, fəaliyyətinin xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılmışdır. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2018-ci il tarixdən (yaşa görə müavinət hüququnun yarandığı tarixdən) xx.xx.2020-ci il tarixə kimi “Aktiv” statuslu VÖEN-ə malik olmuşdur. Beləliklə cavabdehin imtinası əsaslı olmuş iddiaçının adına xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Aktiv” statuslu VÖEN olduğu üçün xx.xx.2018-ci il tarixə münasibətdə iddiaçının yaşa görə müavinət hüququ yaranmamışdır. Əlavə olaraq bildirməyi zəruri hesab edirik ki, iddiaçı iddia ərizəsində ünvanlı sosial yardımın təyin olunması məqsədilə xx.xx.2017-ci ildən vergi uçotuna alındığını qeyd etmişdir. Belə ki iddiaçı adına aktiv VÖEN olduğundan məlumatlı olması müəyyən olunur. Göstərilənlərdən məlum olur ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Sosial müavinətlər haqqında” Qanun (xx.xx.2020-ci ilədək qüvvədə olan redaksiya) : Maddə 1. Əsas anlayışlar 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları. “İnzibati icraat haqqında” Qanun: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: (-) 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-) 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; (-) Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. (-) Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. (-) Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması (-) 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ona təyin edilmiş sosial müavinətin ödənilməsinin dayandırılmasının qanunsuz hesab edilməsi və dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, hazırda iddiaçının adına aktiv VÖEN mövcud deyil və o, sahibkarlıq fəaliyyətini dayandırmışdır. Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, onun fəaliyyəti xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. İddiaçıya yaşa görə müavinət verilərkən cavabdeh bütün halları yoxlamaqla müavinət təyin etmişdir. İddiaçı adına olan VÖEN cavabdeh tərəfindən yaşa görə müavinət təyin edilən vaxtdan əvvəl mövcud olmuşdur. İddiaçı adına VÖEN olsa da o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Hazırda iddiaçının adına aktiv VÖEN-nin olmamasını nəzərə alaraq, hesab edilir ki, heç bir səbəb göstərmədən cavabdeh tərəfindən müavinətin dayandırılması tamamilə qanunsuz və əsassızdır. Nəticə etibarilə, iddiaçının yaşa görə sosial müavinət təyin edilməsi ilə bağlı qanuni gözləntisi olmuş və cavabdeh qurum müavinətin ödənişinin dayandırılmasına səbəb olan halların mövcudluğunu (iddiaçının əmək fəaliyyətinə başlamasını) məhkəmə araşdırması zamanı sübut etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya sosial müavinətin təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı hər hansı inzibati icraat aparılmamış, daxili araşdırma nəticəsində qanunsuzluğun müəyyən edilməsi əsası ilə iddiaçıya inzibati akt əsasında təyin edilmiş sosial müavinətin artıq ödənilmiş məbləğinin tutulmasına başlanmışdır. Halbuki, qanuni əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə, icraatın nəticəsi olaraq bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Bundan əlavə, cavabdeh “Sosial müavinətlər haqqında” Qanunun 12.2-ci maddəsinin “Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır” müddəasının tələbini pozaraq, artıq ödənilmiş məbləğin qaytarılmasını məhkəmə qaydasında təmin etmək imkanından istifadə etmədən, qanunsuz olaraq bunu öz qərarı ilə həll etməyə çalışmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya təyin edilmiş sosial müavinət ödənişinin dayandırılması barədə inzibati orqan tərəfindən müvafiq inzibati akt qəbul edilməmiş, bununla da inzibati orqan iddiaçıya münasibətdə faktiki xarakterli hərəkətə yol vermişdir. Lakin sözügedən faktiki xarakterli hərəkət cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində sosial müavinətin təyin edilməsi ilə bağlı inzibati icraatın təzələnməsi, iddiaçının iştirakı ilə dinlənilmə hüququ təmin edilməklə, inzibati icraatın aparılmasının nəticəsi kimi ortaya çıxmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinin tələbinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Halbuki, yuxarıda istinad edilən inzibati icraat haqqında qanunvericiliyin tələbinə əsasən cavabdeh inzibati orqan iddiaçı barəsində qüvvədə olan əlverişli inzibati aktın dəyişdirilməsi üçün əsaslar müəyyən etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Göründüyü kimi iddiaçı barəsində sosial müavinətin təyin edilməsi barədə əlverişli inzibati akt məhz cavabdeh inzibati orqan tərəfindən qəbul edilmişdir. İndiki halda cavabdeh tərəfindən həmin aktın qəbul edilməsi zamanı yalnışlığa yol verilməsi halına istinad edərək, iddiaçıya münasibətdə sosial müavinət ödənişinin dayandırılmasına dair faktiki xarakterli hərəkət edilmişdir. Həmçinin, həmin hərəkət nəticəsində iddiaçının aldığı sosial müavinət ödənişi dayandırılmışdır. Göründüyü kimi sözügedən faktiki xarakterli hərəkət iddiaçı barəsində əlverişsiz nəticələrin yaranmasına, maddi məhrumiyyətlərlə qarşılaşmasına səbəb olmuşdur. Nəticə etibarilə iddiaçı barəsində əlverişli inzibati akt qüvvədə olduğu halda, onun barəsində faktiki xarakterli hərəkət edilmiş, o cümlədən həmin hərəkət iddiaçı barəsində dinlənilmə hüququ və qanunla müəyyən edilmiş inzibati icraat çərçivəsində malik olduğu digər hüquqları (icraat materialları ilə tanış olmaq, etiraz, vəsatət vermək, sübutlar təqdim etmək və s.) təmin edilməklə, aparılmış inzibati icraatın nəticəsi olaraq ortaya çıxmamışdır. Bu hal isə inzibati icraat haqqında qanunvericiliyin qanunçuluq, etimadın qorunması kimi prinsiplərinin mahiyyətinə zidd olmuşdur. Başqa sözlə desək, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat təzələnməli, aparılmış inzibati icraat barədə iddiaçıya məlumat verilməli, onun iştirakı və dinlənilmə hüququ təmin edilməli, öz xidməti vəzifəsinə görə işin bütün mühüm faktiki halları ətraflı araşdırmalı, zəruri olan sübutlar (sənədlər, məlumatlar və s.) əldə edilməli, maraqlı şəxs həmin icraat materialları ilə tanış edilməli olduğu halda, qeyd edilən tələblərə iddiaçıya münasibətdə riayət edilməmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən həmin hal əsaslandırılmamışdır. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya münasibətdə faktiki xarakterli hərəkət qanunvericiliyin normalarının və iddiaçının qanunla müəyyən edilmiş bir sıra hüquqlarının (dinlənilmə, inzibati icraat materialları ilə tanış olmaq və s.) pozulması ilə müşayiət olunmuşdur. Nəticə etibarilə cavabdehin qeyd edilən hərəkətləri hər şeydən əvvəl inzibati icraat haqqında qanunvericiliyin norma və tələblərinə, o cümlədən inzibati icraatın aparılmasına dair prinsiplərinin mahiyyətinə zidd olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə sosial müavinət ödənişinin dayandırılması barədə hərəkəti inzibati icraat haqqında qanunvericiliyin prinsiplərinin mahiyyətinə və tələblərinə riayət edilmədən həyata keçirildiyindən, qanuni olmamışdır. Əlavə olaraq məhkəmə kollegiyası cavabdeh inzibati orqanın sosial müavinəti dayandıraraq istinad etdiyi dəlili də əsassız hesab edərək aşağıdakıları qeyd edir. Belə ki, cavabdeh inzibati orqanın yeganə dəlili İddiaçı xx.xx.2018-ci il tarixdən (yaşa görə müavinət hüququnun yarandığı tarixdən) xx.xx.2020-ci il tarixə kimi “Aktiv” statuslu VÖENə malik olmasıdır. Qeyd olunan halın araşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən müvafiq sorğular verilərək zəruri araşdırılma aparılmış və müəyyən edilmişdir ki, iddiaçının adına hazırda aktiv VÖEN mövcud deyil. Belə ki, iş materiallarına əlavə olunmuş Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixdə ********** nömrəli VÖEN-lə uçota alınmışdır və vergi orqanına təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizəyə əsasən, xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək fəaliyyətini dayandırmışdır. Eyni zamanda İddiaçı vergi orqanına təqdim etdiyi ərizəyə əsasən, xx.xx.2022-ci il tarixdə vergi uçotundan çıxarılmışdır. Eyni zamanda iş materiallarına əlavə olunmuş Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-11/2-3031/2024 nömrəli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək vergi ödəyicisi tərəfindən vergi orqanına heç bir hesabat, bəyannamə və ya arayış təqdim edilməmişdir. Göründüyü kimi iddiaçı faktiki olaraq əmək fəaliyyəti ilə məşgul olmamış, onun fərdi sahibkarlıq fəaliyyəti reallaşmamışdır. Lakin cavabdeh inzibati orqan zəruri inzibati araşdırma aparmamış, iddiaçının xeyrinə olan hallara qiymət verilməmiş, iddiaçının etimad hüququ pozulmuşdur. Həmçinin cavabdeh inzibati orqan imtina məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun (iddiaçıya müavinət təyin olunduğu zaman qüvvədə olan redaksiyası) 1.0.2-ci maddəsinin tələbinə əsasən, əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları hesab olunurdu. İddiaçıya sosial müavinətin 2018-ci ildə təyin olunduğunu və “Sosial müavinətlər haqqında” Qanununa dəyişiklik edilməsi barədə müvafiq qanunun 29 noyabr 2019-cu il tarixli olmasını nəzərə aldıqda kollegiya hesab edir ki, vaxtilə iddiaçıya sosial müavinətin təyin olunması qanuni olmuşdur. Hazırda iddiaçının tələbi Qanuna dəyişiklik edilməmişdən əvvəl qazanılmış hüquqla bağlıdır. Cavabdeh inzibati orqanın Qanundakı dəyişikliyə istinad etməklə iddiaçıya sosial müavinət təyin edilməsindən imtinası əsassız olmaqla hazırda iddiaçının hüquqlarını pozur. Cavabdeh vaxtilə iddiaçıya sosial müavinət təyin edilməsinə dair qəbul edilmiş qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindədir. Kollegiya hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən iddiaçıya vaxtilə sosial müavinətin təyin olunması barədə qərarın maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt olduğu qənaətinə gəlmək olmaz. Odur ki, iddiaçıya vaxtilə sosial müavinət təyin edilməsinə dair qərar məhz qanuni əlverişli inzibati akt kimi qiymətləndirilməlidir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən faktiki olaraq qanuni əlverişli inzibati akt ləğv edilmişdir. “İnzibati icraat haqqında” Qanunun: 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Kollegiya hesab edir ki, şəxsə münasibətdə qanuni əlverişli inzibati aktın ləğvi üçün 68.2-ci maddədə qeyd edilən əsaslardan hər hansı biri mövcud olmalıdır, hazırda isə həmin dörd əsasdan hər hansı müəyyən edilmir və cavabdeh inzibati orqan qeyd edilən hallardan hər hansı birinə əsaslanmır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-3135/2024 nömrəli, 04 dekabr 2024-cü il tarixli qərarında aşağıdakı mövqe ifadə olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan 31 may 2022-ci il tarixdə sosial müavinət ödənişini dayandırarkən “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbinə əməl etməmiş, iddiaya etirazında və şikayətində qeyd olunan halların məhz 31 may 2022-ci il tarixdə ödənişi dayandırarkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 28 iyun 2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN: **********) olduğu halda sözügedən Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq iddiaçıya xx.xx.2018-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib. Bu səbəbdən iddiaçıya təyin edilən ya.a görə sosal müavinətin ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. Cavabdeh bu yanlışlığı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Beləliklə, sosial müavinətin düzgün təyin olunmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və yol verilən yalnışlığa səbəb olan hal elə həmin vaxt müavinət təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2-1(118)-1244/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.