Məhkəmə qərarları › İş №2-1(105)-1325/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1325/2025

10.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(105)-1325/2025 10.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və texniki sənədin verilməsi) Sədrlik edən və məruzəçi hakim Cabbarova Gülnar İnqilab qızı, hakimlər hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın, texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Abşeron Rayon Icra Hakimiyyəti ilə iddiaçı arasında bağlanmış ##.##.2008-ci il tarixli, *** nömrəli icarə müqaviləsinə əsasən, ümumi sahəsi 0,052 ha və 0,132 ha olan torpaq sahəsi üzərində iddiaçının icarə hüquqları ##.##.2008-ci il tarixdən başlayaraq 99 (doxsan doqquz) il müddətinə cavabdeh tərəfindən ##.##.2008-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı 0021414 ************ reyestr nömrəli və MH seriyalı ******* nömrəli ************ reyestr nömrəli Çıxarışlardan görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0,052 ha və 0,132 ha torpaq sahələri iddiaçı İddiaçı icarəsinə verilmişdir. Cavabdehin *-**-*-**/*-****/** nömrəli, ##.##.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, tikinti obyektinin istismara qəbul aktı mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib və təsdiq edilmədiyindən, həmçinin Abşeron Rayon Icra Hakimiyyəti başçısının başqa sərəncamına istinad olunduğundan, sözügedən qeyri-yaşayış binasının ümumi tikintialtı sahəsinin bir hissəsi sənəd üzrə torpaq sahəsindən kənarda yerləşdiyindən, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahələri arasında fərq olduğundan, bu səbəbdən də müraciətə əlavə edilmiş ************ və ************ reyestr nömrəli çıxarışlarda göstərilən torpaq sahələri üzərində birləşmə əməliyyatının aparılması mümkün olmadığından iddiaçının müraciətinin müsbət həlli mümkün deyildir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinin *-**-*-**/*-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli məktubundan görünür ki, sözügedən qeyri-yaşayış binasının torpaq sahəsindən kənarda yerləşən hissəsi həmin əmlakın vahid tərkib hissəsi kimi çıxış edərək , restoran kimi fəaliyyət göstərir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinin məktubundan görünür ki, ************ reyestr nömrəli torpaq sahəsinin tərkibində yerləşən tikililərin tikintialtı sahəsi tam olaraq həmin sənəd üzrə torpaq sahəsinin daxilində yerləşir. ************ reyestr nömrəli torpaq sahəsinin təkibində yerləşən tikilililərin tikintialtı sahəsinin bir hissəsi həmin sənəd üzrə torpaq sahəsindən kənarda yerləşir. Sözügedən qeyri-yaşayış binasının torpaq sahəsindən kənarda yerləşən hissəsi həmin əmlakın vahid tərkib hissəsi kimi çıxış edir Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron Rayon İcra Hakimiyyəti başçısının ##.##.2006-cı il tarixli *** nömrəli sərəncamına əsasən iddiaçı İddiaçı məxsus Abşeron rayonu, Texniki İnvertarlaşma və MHQİ tərəfindən *** saylı inventar işi ilə * nömrəli reyestr kitabında ## ###### 2004-cü il tarixdə qeydiyyata alınmış, Ceyranbatan qəsəbəsində yerləşən 0,184 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsi (restoranın) üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən 0,184 ha torpaq sahəsi üzərində inşa edilmiş tikinti altı sahə 750.28 m2 , faydalı sahə 750.28 m2 , ümumi sahəsi 1840 m2 olan qeyri-yaşayış sahəsi (restoran) üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın, texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Icra Hakimiyyəti başçısının ##.##.2006-cı il tarixli *** nömrəli sərəncamına əsasən, iddiaçı İddiaçı məxsus Abşeron rayonu, Texniki Invertarlaşma və MHQI tərəfindən *** saylı inventar işi ilə * nömrəli reyestr kitabında ## ###### 2004-cü il tarixdə qeydiyyata alınmış, Ceyranbatan qəsəbəsində yerləşən 0,184 ha torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi və həmin sahədə müasir tipli ticarət obyektinin tikintisinə icazə verilmişdir. Abşeron Rayon Icra Hakimiyyəti ilə iddiaçı arasında bağlanmış ##.##.2008-ci il tarixli *** nömrəli icarə müqaviləsinə əsasən, ümumi sahəsi 0,184 ha olan torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi ilə bağlı ##.##.2008-ci il tarixdən başlayaraq 99 (doxsan doqquz) il müddətinə icarə müqaviləsi bağlanmışdır. Abşeron Rayon Icra Hakimiyyəti ilə iddiaçı arasında bağlanmış ##.##.2008ci il tarixli icarə müqaviləsi əsasında * saylı Abşeron Ərazi Idarəsi tərəfindən ##.##.2008-ci il tarixdə torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə dair ona çıxarış və torpaq sahəsinin plan-ölçü sxemi verilmişdir. Iddiaçı Abşeron RIHB-nin ##.##.2006-cı il tarixli, *** nömrəli sərəncamına əsasən, həmin torpaq sahəsi üzərində qeyri-yaşayış sahəsi - ticarət obyekti kimi restoran inşa etmişdir. Abşeron rayonu, Ceyranbatan qəsəbəsində restoran kompleksinin tikintisi məqsədi ilə “Azərtikintiprojek” tərəfindən verilmiş eskiz layihə ##.##.2010-cu il tarixdə, L10-050 nömrə ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş və ##.##.2012ci il tarixdə 583 nömrə ilə Abşeron Rayon Icra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmışdır. Tikinti işlərinin qanuna müvafiq aparılması ilə bağlı ##.##.2009-cu il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidməti tərəfindən rəy verilmişdir. Qeyd olunan torpaq sahəsi üzərində iddiaçıya müasir tipli ticarət obyektinin tikintisi ilə əlaqədar Abşeron rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən ##.##.2007-ci il tarixdə müsbət rəy verilmişdir. Göründüyü kimi, sözügedən qeyri-yaşayış sahəsi 2012-cı ildə tikilmiş, elə həmin tarixdən də restoran kimi istismara verilmişdir. Iddiaçı artıq 14 ildən çox müddətdir ki, həmin torpaq sahəsi və onun üzərində qanunla müəyyən edilmiş qaydada tikdiyi restorandan qeyri-yaşayış sahəsi kimi istifadə edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, aparılan araşdırma zamanı təqdim edilmiş tikinti obyektinin istismara qəbul aktının mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib və təsdiq olunmadığı, həmçinin Abşeron Rayon İcra Hakimiyyəti başçısının başqa sərəncamına stinad olunduğu, sözügedən qeyri-yaşayış binasının ümumi tikintialtı sahəsinin bir hissəsinin sənəd üzrə torpaq sahəsindən kənarda yerləşdiyi, həmçinin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahələri arasında fərq olduğu, bu səbəbdən də müraciətə əlavə edilmiş ************ və ************ reyestr nömrəli çıxarışlarda göstərilən torpaq sahələri üzərində birləşmə əməliyyatının aparılmasının mümkün olmadığı müəyyən edilmişdir. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən 0,184 ha torpaq sahəsi üzərində inşa edilmiş tikintialtı sahə 750,28 kv.m., faydalı sahə 750,28 kv.m., ümumi sahəsi 1840 kv.m. olan qeyri-yaşayış sahəsi (restoran) üzərində İddiaçı Firud oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın, texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi Idarəsinə həvalə edilmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə, əsassız yerə formal tələb irəli sürməklə, qanunla ona verilmiş hüquqdan sui-istifadə etmiş və iddiaçının müraciətini təmin olunmasından imtina etmişdir. Belə ki, sözügedən tikili 2012-ci ildə inşa edilərək istismara qəbul edilib. Odur ki, həmin dövrün tələbinə görə istismara qəbul aktının forma və məzmununun mövcud qanunvericiliyin tələblərinə uyğun olması mümkün deyil. Nəzərə alınmalıdır ki, tikintinin dayanıqlığına cavab verən komissiya üzləri tərəfindən istismara qəbul aktı imzalanıb, müvafiq texniki baxış rəyi tərtib edilib. Bundan əlavə, Istismara qəbul aktının 3-cü bəndindəki tarixin səhv yazılması texniki səhv olmanı istisna etmir. Belə ki, həmin aktda tikilinin ölçüsü və yerləşdiyi yer mövcud tikilinin yerinə uyğundur. Əlavə olaraq, cavabdeh sözügedən qeyri-yaşayış binasının ümumi tikintialtı sahəsinin bir hissəsinin sənəd üzrə torpaq sahəsindən kənarda yerləşdiyini qeyd etsə də, bu dəlilin mötəbərliliyinə dair hər hansı sübut təqdim etməmişdir. Əksinə, təqdim edilmiş tikiliyə icazə sənədində və istismara qəbul aktında tikilinin mövcud torpaq sahəsinin üzərində yerləşməsi və həmin torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərin olması bunun əksini sübut etmiş olur. Sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahələri arasında fərq olduğu, bu səbəbdən də müraciətə əlavə edilmiş ************ və ************ reyestr nömrəli çıxarışlarda göstərilən torpaq sahələri üzərində birləşmə əməliyyatının aparılmasının mümkün olmamasına dair cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, hazırkı iddia tələbinin predmeti torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı olduğundan, yəni torpaq sahəsi üzərində hüquqların qeydə alınması ilə bağlı olmadığından, cavabdeh təşkilatın bu dəlili əsassızdır. Belə ki, qeyri-yaşayış sahəsinin bir hissəsinin birləşmə əməliyyatının aparılması mümkün olmayan torpaq sahəsində yerləşməsi, yəni iki torpaq sahəsinin yanbayan olması (bitişik olmaması) nəticəsində arada müəyyən məsafənin yaranması və tikilinin bir hissəsinin həmin torpağın boş olan hissəsinə düşməsi həmin sahənin başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə verilməsini istisna edir. Başqa sözlə, birləşməsi mümkün olmayan torpaq sahələrinin arasında yaranmış boşluğun yalnız iddiaçı tərəfindən rəsmiləşdirilməsi mümkündür. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. Belə ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və texniki pasportun verilməsi ilə bağlı iddiaçının * saylı Abşeron Ərazi İdarəsinə ## ###### 2024-cü il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı: Təqdim edilmiş tikinti obyektinin istismara qəbul aktının mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib və təsdiq olunmadığı, həmçinin Abşeron rayon İcra Hakimiyyəti başçısının başqa sərəncamına istinad olunduğu, sözügedən qeyri-yaşayış binasının ümumi tikintialtı sahəsinin bir hissəsinin sənəd üzrə torpaq sahəsindən kənarda yerləşdiyi, həmçinin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahələri arasında fərq olduğu, bu səbəbdən də müraciətə əlavə edilmiş ************ və ************ reyestr nömrəli çıxarışlarda göstərilən torpaq sahələri üzərində birləşmə əməliyyatının aparılmasının mümkün olmadığı müəyyən edilmişdir. Qeyd edilən səbəblərdən Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarının icrası texniki cəhətdən mümkün deyildir. İddiaçının apellyasiya şikayətinə qarşı etirazında apellyasiya şikayətinin rədd edilməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Apellyasiya instansiya məhkəməsində birinci icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025- ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli, 2-1(118)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin cavabdehin tikinti obyektinin istismara qəbul aktının mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib və təsdiq olunmaması, tikinti obyektinin istismara qəbul aktında Abşeron Rayon Icra Hakimiyyəti başçısının başqa sərəncamına istinad olunması və qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahələri arasında fərq olması, bu səbəbdən də müraciətə əlavə edilmiş ************ və ************ reyestr nömrəli çıxarışlarda göstərilən torpaq sahələri üzərində birləşmə əməliyyatının aparılmasının mümkün olmaması ilə bağlı dəlillərinə dair hüquqi mövqeyi ilə razılaşır və apellyasiya instansiyası məhkəməsinin qərarında əks olunmuş əsaslandırmanı təkrarlamağa lüzum görmür. Bununla yanaşı, işə baxan apellyasiya instansiyası məhkəməsi sözügedən qeyri-yaşayış binasının ümumi tikintialtı sahəsinin bir hissəsinin sənəd üzrə torpaq sahəsindən kənarda yerləşməsinə dair cavabdehin dəlilini IPM-in 12.1-ci maddəsinin tələbi baxımından tam və hərtərəfli araşdırmamış və qiymətləndirməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi istinad olunan dəlillə bağlı qeyd etmişdir ki: “Qeyri-yaşayış binasının ümumi tikintialtı sahəsinin bir hissəsinin sənəd üzrə torpaq sahəsindən kənarda yerləşdiyinə münasibətdə nəzərə alınmalıdır ki, tikiliyə icazə sənədində və istismara qəbul aktında tikilinin mövcud torpaq sahəsinin üzərində yerləşməsi və həmin torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərin olmasını təsdiq edir. Ona görə də, cavabdeh təşkilatın qeyri-yaşayış binasının ümumi tikintialtı sahəsinin bir hissəsinin sənəd üzrə torpaq sahəsindən kənarda yerləşdiyi barədə etirazı və apellyasiya şikayətinin dəlili əsassızdır”. Iş materiallarında olan “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”na əlavə edilən Baş Plandan torpaq sahəsinin sənəd üzrə 0,132 ha və 0,052 ha olduğu, faktiki sahəsinin 0,295 ha olması, habelə tikililərin bir qisminin sənəd üzrə torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən olunur. Iş materiallarında olan “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”na əlavə edilən Baş Plandan həm də o da müəyyən olunur ki, torpaq sahəsi üzərindəki qeyri-yaşayış binası bir neçə tikilidən ibarətdir. Onların bəzisi sənəd üzrə koordinatlar daxilində, bir hissəsi isə kənarda yerləşir. Işə baxan apellyasiya instansiyası məhkəməsi qeyd edilən Baş Plandakı sxemə münasibət bildirməmiş, bu istiqamətdə hər hansı araşdırma aparmamış, yalnız tikiliyə icazə sənədində və istismara qəbul aktında tikilinin mövcud torpaq sahəsinin üzərində yerləşməsi halından çıxış etmişdir. Halbuki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən qeyri-yaşayış binası üzərində hüquqların qeydə alınması üçün həmin binanın yerləşdiyi torpaq sahəsinin qanuni istifadədə, icarədə, yaxud mülkiyyətdə olması imperativ tələbdir. Odur ki, apellyasiya instansiyası məhkəməsində işə təkrar baxılarkən mübahisə predmeti olan qeyri-yaşayış obyektinin vahid tikili və ya ayrı-ayrı tikililərdən ibarət olduğu, əgər ayrı-ayrı tikililərdən ibarətdirsə, bu tikililərin iddiaçının torpağına münasibətdə yerləşmə vəziyyəti müəyyən edilməlidir. Həmçinin, iddiaçıya məxsus (hüquq müəyyənedici sənədlər əsasında) torpaq sahəsində yerləşən ayrı-ayrı tikili vahidlərinin mülkiyyət hüququ əsasında qeydiyyata alınmasının mümkünlüyü, iddiaçıya məxsus olmayan torpaq sahəsində yerləşən ayrıca tikililərin, eləcə də bir hissəsi iddiaçının torpaq sahəsində, digər hissəsi isə ona məxsus olmayan torpaq sahəsində yerləşən tikillilərin isə qeydiyyata alınmasının qanunun tələblərinə zidd olduğu nəzərə alınmalıdır. Apellyasiya instansiya məhkəməsində ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən iddiaçıya icarəyə verilmiş 0,052 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasının iddiaçının adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın, texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni nəzərə alınmaqla, iddianın təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;.... Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli 2181 №li Fərmanı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edildiyindən, iş təkrar baxılması üçün göndərildiyindən, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı qanuni sahibliyində olan 0,132 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki,cavabdeh inzibati orqan əmlaka dair tərtib edilmiş istismara qəbul aktının qanunvericiliyin tələbinə uyğun tərtib və təsdiq edilməməsi, tikintialtı sahəsinin bir hissəsinin torpaq sahəsindən kənarda yerləşməsi,torpaq sahələri arasında fərq olması səbəbindən onların birləşməsinin mümkün olmaması halına istinad edərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianının mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddia tələbində qeyd edilən qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,132 ha torpaq sahəsi icarə hüququ əsasında iddiaçının qanuni sahibliyində olmuş, icarə hüququ dövlət qeydiyyatına alınmış, ************ reyestr nömrəli çıxarış və plan-ölçü sənədi tərtib edilmiş, habelə 0,052 ha torpaq sahəsi də icarə hüququ əsasında iddiaçıya məxsus olmaqla, bu hüquq da ************ reyestr nömrəsi ilə qeydiyyata alınmış, plan və ölçü sənədi verilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq icra hakimiyyəti orqanının ## ####### 2006-cı il tarixli *** nömrəli sərəncamı ilə icarə hüququ əsasında iddiaçının qanuni sahibliyində olan 0,132 ha və 0,052 ha torpaq sahəsində qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən qeyri-yaşayış sahəsinin istsimarı ilə bağlı müvafiq səlahiyyətli qurumlar (“xxxx” ASC, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər) tərəfindən məqsədəuyğun olması barədə rəylər tərtib edilmiş, onun əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfində istismara qəbul aktı tərtib və təsdiq edilmiş, texniki baxışa dair rəy verilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən tikilinin layihəsi tərtib edilmiş, müvafiq icra hakimyyəti orqanı tərəfindən təsdiq edilmiş, tikili layihəyə uyğun inşa edilmişdir. Kollegiya qeyd edir ki, hazırki iş üzrə kassasiya instansiya məhkəməsinin qərarında əks olunmuş hüquqi mövqeyi “sözügedən torpaq sahələrində yerləşən tikililərin həmin torpaq sahəsindən kənarda yerləşən tikili ilə birlikdə vahid əmlak qismində çıxış edib-etməməsi, habelə həmin tikililərin bölünə bilən əmlak olub-olmaması, vahid əmlak qimsində çıxış etdiyi halda mülkiyyət hüququnun qeydiyyata alınmasının qanunla yol verilməməsi, bölünə bilən əmlak olduğu halda torpaq sahəsi hüdudları daxilində yerləşən tikiliyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsasların olubolmaması” istiqamətində araşdırma aparılması ilə bağlı olmuşdur. Məhkəmə araşdırması zamanı məhz həmin hüquqi mövqeyə uyğun araşdırma aparılaraq, müəyyən edilmişdir ki, iddiaçının qanuni sahibliyində olan ************ reyestr nömrəli çıxarışda əks olunmuş torpaq sahəsində yerləşən tikili bütövlükdə həmin torpaq sahəsinin daxilində yerləşir, ************ reyestr nömrəli çıxarışda əks olunmuş torpaq sahəsində yerləşən tikilinin isə müəyyən hissəsi həmin torpaq sahəsinin hüdudlarından kənarda yerləşir və həmin tikili vahid əmlakın tərkib hissəsi kimi çıxış edir, kənarda yerləşən hissədə isə torpaq sahəsi zəbt sahə kimi çıxış etməklə, iddiaçının qanuni sahibliyində olmamışdır, ortofoto görüntüsü də əlavə edilmiş, qeyd edilən hallar ortofoto görüntüsündən də aşkar görünür. Göründüyü kimi hazırki tələbdə əks olunmuş tikili ************ reyestr nömrəli çıxarışda əks olunmuş (0,052 ha) torpaq sahəsində olan tikilinin tərkib hissəsi olmamaqla, ayrıca vahid əmlak kimi məhz iddiaçının qanuni sahibliyində olan ************ reyestr nömrəli çıxarışda əks olunmuş (0,132 ha) torpaq sahəsinin hüdudları daxilində yerləşmiş, bu tikiliyə münasibətdə kənara çıxma halı mövcud olmamışdır. Bu hal iddiaçı tərəfindən nəzərə alınaraq məhkəmə araşdırması zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilmiş, hüquqi marağı məhz qanuni sahibliyində olan ************ reyestr nömrəli torpaq sahısində yerləşən tikiliyə dair mülkiyyət hüququnun qeydiyyata alınması olmuşdur. Belə olan halda kollegiya hesab edir ki, sözügedən tikilinin yerləşdiyi torpaq sahəsi icarə hüququ əsasında iddiaçıya məxsus olduğundan, habelə tikintiyə icazə barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi mövcud olduğundan, yuxarıda istinad edilən qanunvericiliyin tələbinə əsasən iddiaçının həmin tikili üzərində mülkiyyət hüququ yaranmışdır. Kollegiya mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi və şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, indiki halda həmin tikliyə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib və təsdiq edilmiş istismara qəbul aktı, habelə müvafiq səlahiyyətli qurumlar tərəfindən istismarın məqsədəuyğun olmasına dair müsbət rəylər tərtib edilmişdir. İndiki halda istismara qəbul aktının qanunla müəyyən edilmiş qaydalar uyğun tərtib edilməsi müvafiq inzibati orqanın səlahiyyətinə aid olmaqla, onun lazimi qaydada tərib edilməməsinə görə məhz müvafiq inzibati orqan məsuliyyət daşıyır. Başqa sözlə desək, cavabdehin istinad etdiyi hal iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı hal kimi çıxış etməmişdir. Bu baxımından kollegiya hesab edir ki, həmin hala imtina əsası kimi istinad edilməsi ilk növbədə mütənasiblik rpinsipinin tələblərinə zidd olduğundan əsassız olmuşdur. Kollegiya cavabdehin istinad etdiyi digər hallarla bağlı qeyd edir ki, indiki halda tikilinin torpaq sahəsindən kənarda yerləşməsi ilə bağlı hal hazırki tikili ilə bağlı olmadığından, işin müəyyən edilmiş halları əsasında həmin hal təkzib edildiyindən, həmin arqument də əsassız olmuşdur. Həmçinin, kollegiya qeyd edir ki, hazırki halda iddiaçının tələbi yalnız bir torpaq sahəsində yerləşən tikili ilə bağlı olduğundan, torpaq sahələrinin birləşməsi ilə bağlı zərurət də mövcud olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, bu hissədə də cavabdehin arqumenti aradan qalxmışdır. Nəticə etibarilə məhkəmə araşdırması zamanı sözügedən tikili ilə bağlı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasında imtina ilə bağlı qanunla müəyyən edilmiş əsaslar aşkar edilmədiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, cavabdehin imtina və şikayətinin dəlilləri əsassız olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin dəqqiləşdirilməsi barədə yazılı ərizə təqdim edilərək, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən iddiaçıya icarəyə verilmiş 0,052 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsinin iddiaçının adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın, texniki pasportun verilməsini xahiş etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçının hüquqi marağı məhz ************ reyestr nömrəli çıxarışda əks olunmuş 0,132 ha torpaq sahəsində yerləşən tikiliyə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı olduğundan, iddiaçının hüquqi marağı və işin faktiki halları (məhz 0,132 ha torpaq sahəsində yerləşən tikilinin torpaq sahəsinin hüdudları daxilində yerləşməsi, ona münasibətdə kənaraçıxma halının mövcud olmaması halının müəyyən edilməsi, bu hala uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində hüquqi yardım göstərilməsi) aşkar olduğundan, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizədə torpaq sahəsinin ölçüsünün 0,132 ha əvəzinə 0,052 ha qeyd edilməsi halı texniki yanlışlıq kimi qiymətləndirilməsi, iiddiaçının hüquqi marağına uyğun olaraq tələbin aid olduğu torpaq sahəsinin ölçüsünün 0,052 ha kimi deyil məhz 0,132 ha kimi nəzərə alınması məqsədmüvafiqdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bu baxımından kollegiya hesab edir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığından, iddia tələbində torpaq sahəsinin ölçüsü ilə bağlı yol verilmiş texniki yanlışlığı nəzərə alınmalı, iddia tələbində hüquqi marağına uyğun olaraq torpaq sahəsinin ölçüsü 0,132 ha kimi əsas götürülməlidir. Bu halda, kollegiya hesab edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə torpaq sahəsinin ölçüsü ilə bağlı yol verilmiş texniki yanlışlıq nəzərə alınmaqla, həmin ərizə əsas götürülməklə, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Bununla yanaşı, kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin dəqqiləşdirilməsi barədə yazılı ərizədə texniki yanlışlığa yol verildiyindən, məhkəmə qərarının nəticə hissəsinin elan edilməsi zamanı torpaq sahəsinin ölçüsünün 0,132 ha əvəzinə 0,052 ha kimi elan edilməsi, yol verilmiş texniki səhv kimi nəzərə alınmalı, məhkəmə qərarının elanında torpaq sahəsinin ölçüsünün “0,052 ha əvəzinə 0,132 ha “ kimi ifadə edilməli olması əsas götürülməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. MH 0021424 seriyalı, ************ reyestr nömrəli Çıxarış əsasında iddiaçı İddiaçı adına icarə hüququ qeydə alınmış 0,132 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsinə dair iddiaçı İddiaçı adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın, texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar