Məhkəmə qərarları › İş №2-1(105)-1330/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1330/2025

25.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1330/2025 25.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “ərizənin baxılmamış saxlanmasının qanunsuz hesab edilməsi və ərizəyə baxılaraq qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(118)-5926/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi İşin halları İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən **********73 reyestr nömrəli 0,0996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəmin təyinatının yaşayış məntəqələrinin torpaqlarına keçirilməsi barədə ərizənin baxılmamış saxlanılmasının qanunsuz hesab edilməsi və həmin ərizəyə baxılaraq müvafiq qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən **********73 reyestr nömrəli 0.0996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən müvafiq təyinatı üzrə istifadə etmək mümkün deyildir. Belə ki, ərazinin torpağı əkinə yararsızdır. Bundan başqa həmin ərazidə fərdi yaşayış evləri tikilməklə ərazidən yaşayış massivi kimi istifadə olunur. Göstərilən səbəblərdən torpaq sahəsinin kateqoriyasının dəyişdirilərək mövcud faktiki vəziyyətinə uyğun olaraq yaşayış məntəqəsi torpaqları kateqoriyasına keçirilməsi üçün etibarnamə üzrə nümayəndəsi tərəfindən 21 aprel 2025-ci il tarixdə elektron qaydada cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmuşdur. Həmin müraciətə cavabdeh orqan xx.xx.2025-ci il tarixli elektron bildirişlə cavab verərək, təyinatı dəyişdirilməsi tələb olan kənd təsərrüfatı təyinatlı torpaqlar sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmayan və yaşayış məntəqəsinin inzibati sərhədlərinə daxil olmayan torpaqlardakı massivdə yerləşməsini qeyd edilərək ərizənin baxılmamış saxlanıldığım bildirilmişdir və digər şablon qaydalar izah edilmişdir. Hesab edir ki, müvafiq ərizəyə cavabdeh orqan tərəfindən səthi və natamam baxılmışdır, bu səbəbdən həmin ərizənin baxılmamış saxlanılması qanunsuz hesab edilməli, ərizəyə baxılaraq müvafiq qərar qəbul olunmalıdır. Belə ki, kateqoriyası dəyişdirilməsi tələb olunan kənd təsərrüfatı təyinatlı torpaq sahəm yerləşdiyi ərazi fərdi yaşayış evlərindən ibarət yaşayış massividir. İddia tələbinə dair yazılı etirazın dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə qarşı etirazı onunla əsaslandırmışdır ki, Abşeron rayonu, İddiaçı Saray qəsəbəsi ərazisində yerləşən, mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 0,0996 hektar torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi ilə bağlı **********002 nömrəli, xx.xx.2025-ci il tarixli elektron müraciətinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli **********002 nömrəli bildirişi ilə cavab verilərək, müraciətin baxılmamış saxlanıldığı qeyd olunmuş və səbəbləri göstərilmişdir. Xidmət tərəfindən müraciətdə göstərilən 0,0996 hektar torpaq sahəsinin keçirilməsi təklif edilən kateqoriya üzrə istifadəsinin mümkünlüyü yoxlanılmış və məlum olmuşdur ki, müraciətdə kateqoriyasının dəyişdirilməsi xahiş edilən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,0996 hektar kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin torpaq sahəsi dövlət torpaq kadastrının elektron baza məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmayan və yaşayış məntəqəsinin inzibati sərhədlərinə daxil olmayan torpaqlardakı massivdə yerləşir. Xidmət tərəfindən iddiaçıya ünvanlanmış bildirişdə qeyd edilmişdir ki, müraciətdə göstərilən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid torpaq sahəsində tikintilərin aparılması məqsədilə sözügedən torpaq sahəsinin kateqoriyasının yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi salınmış ümumi massiv ərazisinin müvafiq ərazinin planlaşdırılması və şəhərsalma sənədlərinə uyğun olduğu, həmçinin müvafiq ərazidə infrastruktur və mühəndis-kommunikasiya təminatının mümkün olduğu halda təmin edilə bilər. Bu məqsədlə aidiyyəti üzrə yerli icra hakimiyyətləri və bələdiyyələr tərəfindən həmin massivdə aparılan dəqiqləşdirilmələr və onların sifarişi əsasında həyata keçirilən kompleks yerquruluşu işlərinin nəticələri əsasında müvafiq sənədlər və əsaslandırılmış təkliflər aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla təqdim edildiyi halda (Azərbaycan Respublikasının Torpaq və Şəhərsalma və Tikinti məcəllələrinin tələblərinə zidd olmadığı təqdirdə), Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması mümkün hesab edilir. Həmin qaydada dövlət torpaq kadastrında aparılmış dəyişikliklər əsasında müraciətdə göstərilən torpaq sahəsinin kateqoriyası ilə bağlı hüquqi və texniki sənədlərdə müvafiq düzəlişlər aparıla bilər. Qeyd olunanlara əsasən, elektron xidmət vasitəsilə fərdi qaydada daxil olmuş yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmayan və yaşayış məntəqəsinin inzibati sərhədlərinə daxil olmayan torpaqlarda salınmış yaşayış massivində yerləşən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi barədə İddiaçı müraciəti baxılmamış saxlanılmışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Birinci instansiya məhkəməsinin qərarı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(118)-5926/2025 nömrəli qərardadı ilə iddia geri götürülmüş hesab edilmiş və iş üzrə icraata xitam verilmişdir (hakim Qəşəm Məmmədli). Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının müvafiq xəbərdarlıq edilsə də, məhkəmə iclaslarına gəlməməsini məhkəmə icraatından yayınma kimi qiymətləndirir və iddianın geri götürüldüyü qənaətinə gəlir. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə icraatını elektron kabinet vasitəsi ilə izləyir. Lakin Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(118)- 5926/2025 nömrəli qərardadı ilə iddiaçı məhkəmə icraatından ardıcıl olaraq yayındığı hesab edilərək icraata xitam verilmişdir. Göstərilən səbəblə icraata xitam verilməsini qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə də görür ki, iddiaçının elektron məhkəmə informasiya sistemində elektron kabineti var və məhkəmə işlərini həmin kabinetdən izləyir. Hüquqlarının haqlı və əsaslı müdafiəsi haqda iddia tələbi üzrə məhkəmənin niyə belə qərar qəbul etdiyini, nə üçün iddia ərizəsinə baxmaq istəmədiyini başa düşə bilmir. Qeyd olunanlara əsasən o, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayənədsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayənədsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli Qərarı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Maddə 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddiaçının məhkəmə iclaslarına gəlməməsini onun məlumatlandırılması üçün bütün vasitələrdən istifadə etməsi (o cümlədən SMS məlumatlandırma), lakin məhkəmə iclaslarına gəlməməsi və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməməsini məhkəmə icraatından yayınma kimi qiymətləndirmiş və iddianın geri götürüldüyü qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən 29 aprel 2014-cü il tarixli Qərarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, həmin Qərarda qeyd edilmişdir ki, “İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunverici bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: məhkəmənin iddiaçıdan konkret olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Yuxarıda göstərilən qaydaların məhkəmələr tərəfindən pozulması məhkəməyə müraciət etmək hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər. Beləliklə, İPM-in 55.3-cü maddəsi Konstitusiya Məhkəməsi Plenumunun müəyyən etdiyi qaydada düzgün və dürüst tətbiq olunduqda, Konstitusiyanın 60-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnu pozmur”. Konstitusiya Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyinin hazırki işə tətbiqi baxımından məhkəmə kollegiyası aşağıdakıları qeyd edir ki, inzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəlləsinin 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Hazırkı iş üzrə müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının ünvanına əvvəlcədən rəsmi bildiriş göndərilmiş, bildiriş mətnində Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü, eyni zamanda 62.3-cü maddələrinə istinad edilmişdir. İş materiallarından göründüyü kimi, göndərilmiş bildirişin məzmununda iddiaçının məhkəmə iclasında iştirak etməsinin zəruriliyi və iştirak etmədiyi halda yarana biləcək hüquqi nəticələr aydın və birmənalı şəkildə izah olunmamışdır. Belə ki, bildirişdə İPM-in 55.3-cü maddəsinə istinad edilməklə, məhkəmənin tələbinə baxmayaraq iddiaçının 30 gündən artıq müddət ərzində ardıcıl olaraq məhkəmə icraatından yayındığı halda iddianın geri götürülmüş sayılması və bu əsasla məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilə biləcəyi qeyd edilmişdir. Eyni zamanda, bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq iddiaçıya şifahi məhkəmə baxışı üzrə iclasa gəlmədiyi halda işə onun iştirakı olmadan baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkün olduğu göstərilmişdir. Lakin qeyd olunan istinadlar arasında ziddiyyət yaradacaq formada xəbərdarlıq edilmiş, iddiaçının məhkəmə iclasında iştirak etməməsinin konkret və hüquqi nəticələri aydın şəkildə fərqləndirilməmişdir. Belə ki, məhkəmə iclasının İPM-nin 62.3-cü maddəsinə istinad olunsa da, hazırki halda iddiaçının iştirakının hansı səbəbdən zəruri olması və işə onun iştirakı olmadan baxılmasının qeyri-mümkün olduğu barədə xəbərdarlıq qeyd olunmamışdır. Bununla da məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya İPM-in 55.3-cü maddəsində nəzərdə tutulmuş qaydada iddianın geri götürülmüş sayılmasının mümkünlüyü barədə aydın və birmənalı xəbərdarlıq edilməmiş, habelə məhkəmə iclasında iştirak etməməyin hüquqi nəticələri barədə iddiaçıya lazımi qaydada məlumat verilməmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın geri götürülmüş hesab edilməsi barədə qərar qəbul etməkdə haqlı olmamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə hazırki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi iddiaçının konstitusion məhkəmə müdafiəsi hüququnun təmin edilməsi baxımından zəruridir. İPM-nin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(118)-5926/2025 nömrəli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar