Məhkəmə qərarları › İş №2-1(105)-1335/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1335/2025

06.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1335/2025 06.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı (Açar sözlər: məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5706/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçının qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2008-ci il təvəllüdlüdür. AA 212963 seriyalı, 10652 nömrəli “Məcburi köçkün vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixli vəsiqə verilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1 6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. xx.xx.2008-ci il təvəllüdlü İddiaçı anası X1 qeydiyyatı ünvan 1 ünvanında olduğundan övladınıza məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Füzuli Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı doğulan gündən Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar 11 nömrəli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarına əsasən vahid aylıq müavinət alıb. Lakin, Hüseyn Quliyevin vahid aylıq müavinəti müvafiq təlimatın 2.6-cı (valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara) bəndinə əsasən Veysəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən dayandırılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçının qanuni nümayəndəsi cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və X4 üzrə Dövlət Komitəsinin üzərinə ona məcbur köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2008-ci ildə anadan olmuşdur. Uşağın anası X3 ilə xx.xx.2005-ci ildə rəsmi nikahla ailə qurmuşdur. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə boşanmış və oğlu xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2008ci il təvəllüdlü İddiaçı himayəsinə verilmişlər. Uşaqları ilə birlikdə məcburi köçkün statusundan istifadə etməklə ona dövlət tərəfindən çörək pulu müavinəti də verilir. Oğluna məcburi köçkün vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin ona verilmiş cavab məktubunda cavabdeh imtina edərək göstərmişdir ki, vəsiqənin verilməsi üçün hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayondan olmalıdır,yalnız bu halda uşaqlara məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi nəzərdə tutulur, lakin uşağın anası X1 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllə,ev 20/13-də qeydiyyatda olduğu üçün oğlu Yusifin adına məcburi köçkün vəsiqəsinin verilməsi mümkünsüzdür. Halbuki oğlu Yusif hazırda 17 yaşındadır və o uzun müddətdir ki, məcburi köçkün statusuna malikdir və bu statusu daşıyır, belə hesab edir ki, bu statusu almış şəxs məcburi köçkün vəsiqəsi əldə etmək hüququna malikdir. Ona görə də cavabdeh təşkilalatın imtinası ilə razılaşmayaraq məhkəməyə müraciət edir. Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimatın 2-ci bəndinə əsasən məcburi köçkünlərə müavinət əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri tərəfindən onların müvəqqəti məskunlaşdıqları ərazilər üzrə ayrı-ayrılıqda 2 №-li forma əsasında təsdiq olunmuş adlı siyahılar əsasında ödənilir. Təlimatın 4-cü bəndinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: - "Məcburi köçkün" statusuna malik olub respublika ərazisində olan şəxslərə; valideynlərindən hər ikisi "məcburi köçkün" statusuna malik olan uşaqlara; Valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün" statusuna malik olan uşaqlara; Ər və ya arvaddan biri "məcburi köçkün" statusuna malik olmuş ailələrdə nikahın pozulması zamanı məhkəmə qaydasında "məcburi köçkün" statusuna malik olan şəxsin himayəsində qalan uşaqlara; Ər və ya arvaddan birinin "məcburi köçkün" statusuna malik olduğu ailələrdə onlardan birinin vəfat etməsindən sonra "məcburi köçkün" statusuna malik olan şəxsin himayəsində olan uşaqlara; Faktiki nikahdan doğulmuş, "məcburi köçkün" statusuna malik olan şəxsin (kişi və ya qadının) himayəsində olan uşaqlara (onlara digər müavinətlər verilmədikdə); Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayon sakininə (məcburi köçkünə) ərə getmiş, uşaqları olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan qadınlara; "Məcburi köçkün" statusu olan hər iki valideynini itirmiş uşaqlara (belə uşaqların adından yalnız onların qəyyumları və himayəçiləri çıxış edirlər); Göründüyü kimi valideyn, ailə başçısı olaraq bu statusa malikdir və bu səbəbdən də oğlunun da bu statusa malik olan şəxs kimi məcburi köçkün almaq hüququ vardır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5706/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt, yəni hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair şərt ödənilməmişdir. Belə ki, iddiaçının anası Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllə,ev 20/13 ünvanında qeydiyyatdadır. Cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halı müəyyən edilməmiş, imtina əsaslı olmuşdur. Qərarla razılaşmayan iddiaçının qanuni nümayəndəsi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının qanuni nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarında qeyd etmişdir ki,cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, hazırkı iş üzrə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt, yəni hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair şərt ödənilməmişdir. Belə ki, iddiaçının anası Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllə,ev 20/13 ünvanında qeydiyyatdadır. Məhkəmənin bu yanaşması tam əsassızdır, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qavdalar”ın 4.1.6-cı bəndində “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı köçkün rayona olan məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasma dair Təlimatın 2-ci bəndinə əsasən məcburi köçkünlərə müavinət əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri tərəfindən onların müvəqqəti məskunlaşdıqları ərazilər üzrə ayrı-ayrılıqda 2 N%-li forma əsasında təsdiq olunmuş adlı siyahılar əsasında ödənilir.Təlimatın 4-cti bəndinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: -"Məcburi köçkün" statusuna malik olub respublika ərazisində olan şəxslərə; valideynlərindən hər ikisi "məcburi köçkün" statusuna malik olan uşaqlara; Valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün" statusuna malik olan uşaqlara; Ər və ya arvaddan biri "məcburi köçkün" statusuna malik olmuş ailələrdə nikahın pozulması zamanı məhkəmə qaydasında "məcburi köçkün" statusuna malik olan şəxsin himayəsində qalan uşaqlara və s. Məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyirəm ki,mən iddiaçının anası ilə boşanmış,uşaq mənim himayəmə verilmiş və mənim himayəmdə olan uşaqlara məcburi köçkün status tanınmaqla çörək pulu müavinəti ödənilir. Yəni cavabdeh orqan iddiaçm məcburi köçkün statusunda tanıdığı üçün ona bu barədə vəsiqə də verməlidir,lakin həmin vəsiqəni verməkdən imtina etdiyi üçün məhkəməyə müraciət etmiş və məhkəmə də hazırki qanunsuz qərarı qəbul etmişdir. Analoji iddialar üzrə yüzlərlə məhkəmə aktı vardır və bu aktlar əsasına iddiaçı kimi yüzlərlə şəxs məcburi köşkün vəsiqələri ilə təmin olunmuşdur. Lakin hazırki qərar inzibati icraatın əsas prinsiplərindən olan arı-seçkiliyə yol verilməməsi prinsipini pozur və ləgv edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının qanuni nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: ... məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 6. Qanunun qüvvəsinin şamil edilmədiyi hallar ... Bu Qanunun müddəaları 1-ci maddədə verilmiş “məcburi köçkün” anlayışına uyğun gələn aşağıdakı şəxslərə şamil edilmir: - əvvəlki adi yaşayış yerinə qayıdana və ya həmin regionda əvəzsiz olaraq müəyyən edilmiş ölçüdə başqa yaşayış yeri ilə təmin olunana; - bu mümkün olmadıqda dövlətin xüsusi qərarı ilə müəyyən edilmiş səviyyədə yaşayış yeri ilə təmin olunana; - başqa ölkədən gəlmiş Azərbaycan Respublikası vətəndaşının həmin ölkədən məcburi köçməsi üçün əsas olan hallar aradan qalxdıqda həmin şəxsin məcburi köçdüyü ölkənin müdafiəsindən könüllü istifadə edənə; - könüllü surətdə Azərbaycan Respublikası ərazisindən başqa ölkəyə gedənə. Maddə 14. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusunun itirilməsi .... Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar: Əsas anlayışlar Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.[1] Bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeri dedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda (pasport, hərbi) olmaqla yaşadığı yer başa düşülür. Yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, qəyyumların və himayəçilərin yaşayış yeri sayılır. İ Ümumi müddəalar 1.3. Məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə “məcburi köçkün” statusunu itirir. İV “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə. 4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına. 4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə. 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə. 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydası:

1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla); 1.2. hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara; 1.3. “məcburi köçkün” statusuna malik olan valideynlərindən birini və ya hər ikisini itirmiş, həmin valideynlər arasında nikah pozulduğu halda onlardan birinin himayəsində olan, yaxud həmin valideynlərin himayəsindən məhrum olmuş uşaqlara (belə uşaqların adından yalnız himayəsində olduqları valideyn, onların qəyyumları və ya himayəçiləri çıxış edirlər); 1.4. məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmuş rayon sakininə (məcburi köçkünə) ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin işğal zamanı əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan, sonradan ərazisi işğal olunmuş rayonda ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara.

2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: ..... 2.6. valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara; ..... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi məcburi köçkün statusunun və vəsiqəsinin verilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1 6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. xx.xx.2008-ci il təvəllüdlü İddiaçı anası X1 qeydiyyatı ünvan 1 ünvanında olduğundan övladınıza məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı onu qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş hallar aşkar edilməmişdir. İndiki halda işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan qanunun tələbinə əsasən hər iki valideynin qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan şəxslərə bu statusun verilməli olduğundan, iddiçının valideynlərindən anasının məcburi köçkün statusuna malik olmadığından, daimi qeydiyyat ünvanı Sumqayıt şəhəri olduğundan, müraciətinin təmin edilməsindən imtina etmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçı xx.xx.2008-cu il təvəllüdlü olmaqla, Sumqayıt şəhərində anadan olmuşdur.İddiaçının atası məcburi köçkün statusuna malik olmaqla,ona məcburi köçkün vəsiqəsi verilmiş, anası Sumqayıt şəhərində pasport qeydiyyatında olmaqla, məcburi köçkün statusuna malik deyildir. İddiaçıya ödənilən aylıq müavinət məhz müvafiq Qaydaların 2.6-cı bəndinə əsasən (valideynlərindən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara ) dayandırılmışdır. Bununla bağlı kollegiya qeyd edir ki, məcburi köçkün statusunun verilməsi qaydaları və şərtləri qanunvericilik normasında imperativ norma şəklində müəyyən edilmişdir. Hazırki inzibati iş üzrə iddia tələbinin qanuni əsası qismində Qaydaların 4.1.6-ci maddəsinin dispozitiv şərti çıxış edir. Həmin normanın tələbinə əsasən məcburi köçkün statusunun verilməsi üçün zəruri olan şərtlər: valideynlərindən atasının məcburi köçkün statusuna malik olmaası, hər iki valideyninin daimi qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin almış olmasından ibarətdir. Hazırki halda iddiaçıya münasibətdə 1-ci və 3-cü şərti ödənilməsi işin mübahisəsiz halı kimi çıxış edir. İndiki halda işin müəyyən edilmiş halları (iddiaçının atası məcburi köçkün olsa da, anası məcburi köçkün olmamış, qeydiyyatı daimi yaşayış yeri üzrə Sumqayıt şəhəri olmuş, işğaldan azad olunmuş şəhər (rayon) olmamış) əsasında iddiaçıya münasibətdə qanunla tələb olunan 3-cü şərtin ödənilməsi halı müəyyən edilməmişdir. Nəticə etibarilə iddiaçının tələbi qanunun normasının dispozitiv şərti ilə uzlaşmadığından, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış,cavabdehin hərəkətləri qanunauyğun olmuşdur. Həmçinin, kollegiya iddiaçının tələbin əsası və şikayətinin dəlili kimi istinad etdiyi digər hallarla bağlı qeyd edir ki, yuxarıda istinad edilən müvafiq Qaydalarda hansı şəxslərə məcburi köçkün statusu ilə əlaqədar olaraq aylıq müavinətin verilməsi və hansı şəxslərə aylıq müqvainətin verilməsi halının şamil edilməməsi dəqiq və imperativ norma şəklində müəyyən edilmişdir. İndiki halda iddiaçıya münasibətdə aylıq müavinətin verilməsi üçün qanunla müəyyən edilmiş əsasların mövcudluğu müəyyən edilməmiş, habelə valideynlərindən biri məcburi köçkün statusuna malik olmadığından, Qaydaların 2.6.cı bəndinə (valideynlərindən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara) əsasən aylıq müqavinətin şamil edilmədiyi şəs statusunda olması müəyyən edilmişdir. Belə olan halda, kolegiya hesab edir ki, iddiaçı hazırki vaxtadək qanunla müəyyən edilmiş əsas olmadan məcburi köçkün statusu ilə əlaqədar olaraq aylıq müavinət alması halına istinad etməkdə haqlı olmamışdır. Həmçinin, qeyd edilməlidir ki, hazırda iddiaçıya aylıq müavinətin ödənilməsi müvafiq səlahiyyətli qurum tərəfindən Qaydaların 2.6-cı bəndinə əsasən dayandırılmışdır. Nəticə etibarilə kollegiya hesab edir ki, iddiaçıya hazırki vaxtadək aylıq müavinətin ödənilməsinin qanuni əsasının olması halı müəyyən edilmədiyindən, habelə həmin müavinətin ödənilməsi dayandırıldığından, hazırda da müavinətin ödənilməsi üçün qanunla müəyyən edilmiş əsas aşkar edilmədiyindən, həmin hal iddianın əsaslılığını müəyyən edən hal kimi çıxış etməmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçı iddia tələbinin və şikayətin əsası kimi həmin hala istinad etməkdə haqlı olmamışdır. Bundan əlavə, kollegiya iddiaçının şikayətinin digər dəlili ilə bağlı qeyd edir ki, Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir, 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər, 61.1-ci addəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Kollegiya hesab edir ki, ailə qanunvericiliyinin tələbinə əsasən nikahın pozulması halı uşaqla birgə yaşamayan valideynin uşaqla bağlı hüquqlarından məhrum edilməsi və ya xitam edilməsi halını müəyyən edən hüquqi fakt olmamaqla, məhz ər-arvad arasında bağlanılmış nikahın pozulması halını müəyyən edir. Başqa sözlə desək, ər-arvad arasında nikah pozulması uşaqla birgə yaşamayan valideynin uşaqla olan hüquqi bağlılığının mövcud olmaması demək deyildir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçı uşaın anası ilə aralarında nikahın pozulması, uşağın onun himayəsində saxlanılması ilə bağlı istinad etdiyi arqumenti əsassız olmuşdur. Bundan əlavə, kollegiya iddiaçıın istinad etdyi digər arqumenti ilə bağlı qeyd edir ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır.Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Hazırki mərhələdə oxşar işlər üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(105)-880/2025 saylı xx.xx.2025-ci il tarixli qərarında öz əksini tapmış, həmin hüquqi mövqeyə əsasən iddianın əsaslılığının məhz onun qanuni əsası qismində çıxış edən maddi hüquq normasının dispozitiv şərtllərinin ödənilib-ödənilməməsi əsasında dəyərləndirilməsi qeyd edilmişdir. İndiki halda oxşar işlər üzrə məhkəmə təcrübəsinin dəyişdirilməsi əsasının mövcudluğu iddiaçının şikayətin dəlili kimi istinad etdiyi arqumentini (başqa şəxslər onunla eyni vəziyyətdə olsa da, həmin şəxslərə sözügedən statusun verilməsi, bərabərlik prinsipinin pozulması ilə bağlı hissədə) təkzib edir. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə işin hallarına və qanunveriiclik normalarının tələbinə uyğun olmuş,iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçının qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5706/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar