Məhkəmə qərarları › İş №2-1(105)-134/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-134/2022

07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-134/2022 07.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1088/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək, Qusar rayonu, Avaran kəndi ərazisində yerləşən mərhum X8 və X4 məxsus 1.30 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********13 nömrəli məktub ilə iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, JN-216 nömrəli (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda torpaq sahəsinin ölçüsü 1.30 ha göstərilməsinə baxmayaraq, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında, o cümlədən elektron məlumat bazasında olan xəritəyə əsasən həmin torpaq sahəsi 0.37 ha ölçüdə öz əksini tapmışdır. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1 və 15-ci maddələrinə istinad edərək müraciətin icrasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat Verilən cavab ilə razılaşmayan iddiaçı DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, KOD 30103018 JN-216 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən valideynləri X9 və X4 verilmiş Qusar rayonu, Avaran kəndi ərazisində ayrı-ayrılıqda yerləşən 3 torpaq sahəsinə-0,37 ha, 0,62 ha və 0,30 ha torpaq sahələrinə dair adlarına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, atası X7 və anası X2 adına KOD 30103018 JN-216 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir və həmin akta əsasən onlara 12 iyun 2001-ci il tarixdə Qusar rayonu, Avaran kəndi ərazisində ayrı-ayrılıqda yerləşən 3 torpaq sahəsi (0,37 ha, 0,62 ha, 0,30 hektar), ümumi sahələri cəmi 1,30 hektar olmaqla torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahələri həm elektron bazada, həm də xəritədə öz əksini tapmışdır. Anası xx.xx.2013-cü il tarixində, atası isə xx.xx.2007-ci il tarixində vəfat etmişdi. 04 mart 2021-ci il tarixli X-23 nömrəli Qusar rayon notariat ofisi tərəfindən verilən məktubdan da görünür ki, o, valideynlərinin vərəsələri sırasına daxil edilmişdir. Digər vərəsələr onun xeyrinə miras əmlakdan imtina etmişlər. Bütün bunları nəzərə alaraq həmin torpaq sahələrinə çıxarışın verilməsi üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin ərizəsinin icrasından imtina edilmişdir. Elektron bazada və xəritədə onun torpaq sahələrinin ölçüsü dəqiq göstərilməklə öz əksini tapmışdır. Sadəcə onların da dediyi kimi dövlət aktlarının qeydiyyatı kitablarında bu torpaq sahələrindən yalnız biri 0,37 hektar olanı öz əksini tapmışdır. Hesab edir ki, bu hal onun təqsiri nəticəsində baş verən bir hal deyil, əgər inzibati orqan belə bir səhvə yol verib qeydiyyatı aparmayıbsa, bu onun çıxarış ala bilməməsi və hüquqlarının pozulması ilə nəticələnməməlidir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1088/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, KOD 30103018 JN-216 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən 216 saylı sahəsi 3740 kv.metrdən, 216B saylı sahəsi 6279 kv.metrdən və 216N saylı sahəsi 3000 kv.metrdən ibarət olan torpaq sahələri üzərində X7 və X2 mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur.(hakim L.Mirzəyeva). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış, şikayətdə əlavə hallar qeyd edilməmişdir. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarı. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 05 oktyabr tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimat. 7.1-ci bəndinə əsasən, qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2-ci bəndinə görə, qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Sumqayıt Apellyasiya Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 2-1(118)-134/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsinə dair Sumqayıt İnzibati Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2-1(118)-1088/2021 nömrəli qərardadı ləğv edilmişdir. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının mərhum atası İddiaçı və mərhum anası X2 mülkiyyətində olan torpaq sahəsinə dair dövlət aktı 12 iyun 2001-ci il tarixdə onların adına qeydə alınmışdır. Sözügedən dövlət aktı ilə qeydiyyata alınmış 1,30 ha torpaq sahəsi üzərində iddiaçının mərhum ata və anasının mülkiyyət hüququ qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən tanınmış bir hüquqdur. İddiaçı sözügedən torpaq üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını deyil, yeni nümunəli çıxarış verilməsi niyyətindədir və qanunvericiliyə görə 12 iyun 2001-ci ildə qeydə alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 25 iyun tarixli 9/4-1 saylı qərarı ilə X8 və X1 təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 1,30 ha torpaq sahəsinə dair Qusar rayon torpaq şöbəsi tərəfindən 12 iyun 2001ci il tarixli, JN-216 KOD 30103018 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmiş, dövlət aktı qeydiyyat kitabında 08 nömrə ilə qeydiyyata alınmışdır. “Ölüm haqqında şəhadətnamə”lərin surətlərindən görünür ki, iddiaçının valideynləri X9 02 sentyabr 2007-ci il, X6 03 aprel 2013-cü il tarixində ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan ünvanlanan 04 mart 2021-ci il tarixli, X-233 saylı məktubdan görünür ki, İddiaçı X6 və X7 vərəsələri sırasına daxildir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq, Qusar rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 204/39 saylı arxiv çıxarışından görünür ki, rayon arxivində saxlanılan Qusar rayonu keçmiş ’’Şərq” sovxozun Aqrar İslahat Komissiyasının 1996- 1998-ci illərin sənədlərində AİK-nın 11 dekabr 1997-ci il tarixli 17/2 saylı qərarı ilə təsdiq edilmiş "Şərq” sovxoxun bazasında yaradılmış Avaran birgə kəndli təsərrüfatında torpaq islahatı aparılarkən torpaqdan pay almaq hüququ olan subyektlərin və “Şərq” sovxozun bazası əsasında yaradılmış “Avaran” BKT-da bağ sahəsindən əmlak payı düşən ailələrin siyahılarına baxış keçirilmişdir. “Şərq” sovxozun bazasında yaradılmış Avaran birgə kəndli təsərrüfatında torpaq islahatı aparılarkən torpaqdan pay almaq hüququ olan subyektlərin siyahısında, hər ailə üzrə №-si grafasında X9 və X3 hər ikisinin adı “153” nömrəsi ilə qeyd edilmişdir. “Şərq” sovxozun bazası əsasında yaranmış “Avaran” BKT-da bağ sahəsindən əmlak payı düşən ailələrin siyahısında isə X9 “72” nömrəsi ilə qeyd edilmişdir. - Qusar rayon Dövlət Arxivindən təqdim olunan siyahılardan görünür ki, “Şərq” sovxozunun bazasında yaradılmış Avaran birgə kəndli təsərrüfatında torpaq islahatı aparılarkən torpaqdan pay almaq hüququ olan subyektlərin siyahısında X7 və X3 adları ümumi ailə üzrə 153-cü sıra nömrəsi ilə qeyd edilmiş, ayrılmış təsərrüfatbaşına kitab üzrə həyətyanı sahə sənəd üzrə 0,25 ha, faktiki 0,51 ha göstərilmiş, eyni zamanda “Şərq” sovxozunun bazası əsasında yaranmış Avaran BKT-da bağ sahəsindən əmlak payı düşən ailələrin siyahısında X7 adı 72-ci sıra nömrəsi ilə qeyd olunmuş, ailə üzvlərindən əmlak payı alanların sayı-2, ayrılmış əmlak payı bağ sahəsi 1,48 ha göstərilmişdir. - Həmçinin, Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin tabeliyində ”Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin arxivində saxlanılan sənədlərdən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1997-ci il tarixli 17/2 saylı qərarı ilə təsdiq edilmiş “Şərq” sovxozunun balansında yaradılmış Avaran birgə kəndli təsərrüfatında torpaq islahatı aparılarkən torpaqdan pay almaq hüququ olan subyektlərin siyahısında X9 və X3 adları 153-cü sıra nömrəsi ilə qeyd edilmiş və onlara ayrılmış təsərrüfatbaşına kitab üzrə həyətyanı sahə sənəd üzrə 0,25 ha, faktiki 0,51 ha göstərilmişdir. - Kollegiyanın sorğusuna cavab olaraq təqdim edilən sənədlərdən görünür ki, “Şərq” sovxozunun bazasında yaradılmış Avaran BKT-da torpaq islahatı aparılmasında bir sıra nöqsanlara yol verilmiş: belə ki, əmlakdan pay almaq hüququ olmayan bəzi vətəndaşlara bağ sahələri bölüşdürülmüş, əmlak payçılarının bəzilərinə isə bağ sahələri verilməmiş, kompleks yerquruluşu layihəsində iki konturda bağ və əkin sahələri düzgün göstərilməmiş, torpaqdan pay almaq hüququna malik 9 subyekt siyahılara daxil edilməmişdir. Bütün bunlar vətəndaşların haqlı şikayətlərinə səbəb olmuşdur. “Şərq” sovxozu bu məsələyə baxıb 02 iyun 1999-cu il tarixdə qərar qəbul etməklə rayon AİK-nin təsdiqinə vermişdir. Qusar rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1999-cu il tarixli 9/4-1 saylı qərarına əsasən, 1)Avaran kəndində torpaqların bölgüsündə qismən dəyişikliklərin aparılması haqqında “Şərq” sovxozunun aqrar islahat komissiyasının 02 iyun 1999-cu il tarixli iclas qərarının təsdiq edilməsi; 2) Avaran kəndində torpaq bölgüsünün dəyişdirilməsi üçün tələb olunan sənədlərin Dövlət Torpaq Komitəsinə təqdim edilməsinin “Şərq” sovxozunun AİKna və rayon torpaq şöbəsinə tapşırılması və 3) Avaran kəndində torpaqların bölgüsündə qismən dəyişikliklər aparılması üçün kompüter mərkəzinə göstəriş verilməsi barədə Dövlət Torpaq Komitəsinə müraciət edilməsi qərara alınmışdır. Avaran kəndində torpaqların bölgüsündə qismən dəyişikliklərin aparılması haqqında “Şərq” sovxozunun aqrar islahat komissiyasının 02 iyun 1999-cu il tarixli iclas qərarın tam mətni ilə tanış olaraq məhkəmə kollegiyası qeyd edir ki, həmin qərarla iddiaçının valideynlərinə münasibətdə ( 153 və 72 sıra nömrələri ilə qeyd edilmiş payçılar X9 və X4) ilkin aqrar islahat zamanı ayrılan torpaq sahələrinin ölçüləri ilə bağlı hər hansı dəyişiklik edilməsi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edildi ki, Ş.Məmmədov və M.Koroğluyevaya Qusar rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1997-ci il tarixli 17/2 saylı qərarı ilə 0,51 ha həyətyanı sahə də daxil olmaqla, 1,48 ha əmlak payı bağ sahəsi ayrılmış, Qusar rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 25 iyun tarixli 9/4-1 saylı qərarı ilə isə birinci keçirilən aqrar islahata dəyişiklik edilsə də, lakin bu dəyişiklik zamanı iddiaçının valideylərinə münasibətdə hər hansı qərar qəbul edilməmişfir. Lakin bununla yanaşı kollegiya qeyd edir ki, aqrar islahat zamanı 1.48 ha pay torpağı ayrılsa da, işdən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı 1.30 ha pay torpağına dair tərtib edilmiş və bu fakt payçılar tərəfindən mübahisələndirilməmişdir. Bundan başqa, cavabdehin özü tərəfindən məhkəməyə təqdim edilən “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının arxivdə saxlanılan nüsxəsindən görünür ki, həmin aktda da, iddiaçı tərəfindən təqdim edilmiş Dövlət Aktındakı məlumatlar təkrarlanmış, Qusar rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 25 iyun tarixli 9/4-1 saylı qərarı ilə X8 və X1 təsərrüfatı məhsullarının istehsalı üçün 1,30 ha torpaq sahəsinin ayrıldığı qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (4.1-ci maddə). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.5-ci maddə). Anoloji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 13, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1088/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar