Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-134/2023 17.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(118)- 2056/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. Ərizəçi İddiaçı maraqlı şəxs 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli **********0074 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Məhkəmə tərəfindən hüquqi yardın göstərildikdən sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək özünün iddiaçı, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin isə cavabdeh hesab edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Cavabdehin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin ötürüldüyünü bildirmiş və iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Vəsatəti əsaslandıraraq izah etmişdir ki, xx.xx.2021-ci il tarixli **********0074 saylı qərar xx.xx.2021-ci il tarixli məktubla vergi ödəyicisinin elektron poçt ünvanına göndərilmiş və onun tərəfindən xx.xx.2021-ci il tarixdə oxunmuşdur. İddia isə 2022-ci ilin iyun ayının 02-də qaldırılmışdır.
4. İddiaçının nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək iddia müddətinin bərpa edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddiaçının nümayəndəsi vəsatətini əsaslandıraraq izah etmişdir ki, iddiaçı orta təhsilli şəxsdir, “asan” imzanı rüblük hesabatın verilməsi üçün vergi idarəsinin qarşısında yerləşən "xxxx" MMC-yə təqdim etmişdir. Onun şəxsi kompüteri yoxdur, “asan” imzanın olmasını isə tamam unutmuşdur. Elektron poçt mühasib tərəfindən idarə olunduğundan onun göndərilən qərardan xəbəri olmamışdır. Hesabından pul vəsaitinin silindiyini gördükdə maraqlanmışdır, ona vergi idarəsi tərəfindən qərar barədə məlumat verilmişdir. Budan sonra o, qərarın ləğv edilməsi barədə iddia ilə səhvən Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmışdır. Prosessual müddət vergi ödəyicisinin təqsiri olmadan buraxıldığından iddia müddəti bərpa edilməlidir.
6. Sumqayıt İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2056/2022 nömrəli qərardadı ilə (hakim Vəfa Əzizova) İddiaçı iddia müddətinin bərpa edilməsinə dair vəsatətinin təmin edilməməsi, İddiaçı cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2021-ci il tarixli **********0074 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır.
7. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, dəniz kənarında yerləşən “Dostluq” restoranını icarə müqaviləsi əsasında işlədir. VÖEN alarkən ona “asan imza” almaq gərək olduğu bildirilmişdir. Həmin “asan imza”nı rüblük hesabatın elektron qaydada verilməsi üçün 2 saylı Ərazi Vergilər Baş İdarəsinin qarşısında yerləşən "xxxx" servis MMC-yə təqdim etmişdir. “Asan imza”nın olmasını unutmuşdur. Cavabdehin **********0074 saylı qərarı barədə ona məlumat verilməmişdir. Lakin şəxsi istifadəsində olan “Asan imza”sı olan ***-***-**-** №-li mobil telefonuna isə heç bir məlumat yerləşdirilməmişdir. Bundan əlavə hər zaman cavabdeh 2 saylı ərazi Vergilər Baş İdarəsi tərəfindən ona sənədlər yaşadığı ünvana poçt vasitəsi ilə çatdırılmışdır. Lakin hazırki qərar barədə ona məlumat verilməmişdir. “Kapital Bank” kartına vurulan pulların silindiyini gördükdə, maraqlanmış, sonda 2 saylı ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********0074 və **********0064 saylı inzibati tənbeh vermə haqqında qərarları haqda məlumat almışdır. Həmin qərarların alınması üçün dəfələrlə 2 saylı Ərazi Vergilər Baş idarəsinə rəsmi, qeyri-rəsmi müraciətlər etmiş, məktub göndərmiş, qərar verilmədikdə bu haqda Dövlət Vergi Xidmətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və s. təşkilatlara müraciətlər etmişdir. Nəhayət 2022-ci ilin may ayında qərarlar ona əvvəlcə möhürsüz, sonra isə möhürlənərək verilmişdir. Qərarları alan kimi may 2022-ci ildə səhvən Sumqayıt Şəhər Məhkəməsinə, daha sonra isə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Əsassız və haqsız qəbul edilmiş qərarın surətinin vaxtında ona verilməsindən imtina edilməsi hesab edir ki, iddia müddətinin qəsdən ötürülməsinə xidmət etmişdir. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları icarə müqaviləsi əsasında işlətdiyi dəniz kənarında yerləşən restoranda yoxlama apararkən və akt tərtib edilərkən işəgötürən və məsuliyyət daşıyan şəxs kimi orada olmamış və iştirakı olmadan akt tərtib edilmişdir. Ala-yarımçıq tərtib olunmuş aktlarda adı göstərilən şəxslərin işlətdiyi restoranla heç bir əlaqəsi olmamışdır. Qərarla razı deyil. Əgər qərar vaxtında ona verilsəydi iddia müddətini ötürmədən məhkəməyə müraciət edərdi, iddianın mümkün sayılmaması ilə onun şikayət etmək hüququ pozulmuşdur. Bundan əlavə məhkəmə nəzərə almalı idi ki, 2 qərarla illik gəlirindən on qat artıq məbləğdə - 20000 manat cərimə edilməyi nəticəsində özündən asılı səbəbdən iddia müddətini ötürə bilməzdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. (...) 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır (...)
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat (...) 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
13. Azərbaycan Respublikasının Vergi Məcəlləsi:
Maddə 70. Vergi ödəyiciləri ilə yazışma 70.1. Vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. 70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. 70.2-2. Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 70.2-3. Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. 70.3. Vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: 70.3.1. onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə; və 70.3.2. vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə.
14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. (...)
15. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 dekabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”.
19. İşdən göründüyü kimi İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli **********0074 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
20. İddiaçının mübahisələndirdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********0074 nömrəli qərar xx.xx.2021-ci il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 13:22-də oxunmuşdur.
21. İddiaçı isə mübahisələndirilən qərarın ona təqdim edilmədiyini və qərardan məlumatlı olduqdan sonra iddia müddətini ötürmədən məhkəməyə müraciət etdiyini bildirmişdir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən qərar xx.xx.2021-ci ildə iddiaçıya elektron üsulla göndərilmişdir və iddiaçı da həmin qərarın göndərilmədiyini və ya qəbul edilmədiyini mübahisələndirməmişdir. Həmin inzibati akt Vergi Məcəlləsinin 70.2-1.3cü maddəsinin tələbinə əsasən qərarın göndərildiyi gündən 3 gün keçdikdən sonra iddiaçıya təqdim olunmuş sayılmalıdır.
23. Bununla da, iddiaçı ləğvini tələb etdiyi qərarı qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirməmiş, hazırda isə belə hüququnu itirmişdir.
24. İddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsi barədə ərizəyə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 24-cü maddəsinə əsasən müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır.
25. İddiaçı isə müddətin buraxılmasına səbəb olmuş halları mübahisələndirilən qərardan məlumatının olmaması ilə əsaslandırsa da, həmin faktı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qərarı qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirməyərək iddia müddətini ötürdüyündən iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2056/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.