Məhkəmə qərarları › İş №2-1(105)-1345/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1345/2025

13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1345/2025 13.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 2713/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-476 nömrəli Dövlət Aktının kimə məxsus olmasının müəyyən edilmədiyini və heç bir hüquq müəyyənedici sənəd aşkar edilmədiyi üçün daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1992-ci ildə Qusar rayonu Çiləgil kəndində yerləşən fərdi yaşayış evinin qarşısında, yolun əks tərəfində olan mübahisə obyekti olan təxminən 3.5 sot torpaq sahəsində kənd camaatının zibil atdığını görüb, qarşısını almaq üçün həmin torpaq sahəsini təmizləyib, orada ağaclar əkmiş və həmin torpaq sahəsini hasar ilə çəpərləmişdi. Həmin ağacları özünün ehtiyaclarını ödəmək üçün deyil, bir vətəndaş kimi yalnız yaşıllaşdırmaq, ekoloji cəhətdən təmiz sanitaiya qaydalarının pozulmasının qarşısını almaq üçün əkmişdi. Həmin sahəyə hasar çəkilməmiş, bütün əhalinin, vətəndaşların girişinə məhdudiyyət qoyulmamışdır. Ağacların bəhrəsindən bütün vətəndaşlar istifadə etmişlər. Lakin istintaq Qusar rayon polis idarəsində həmin sahəyə görə onu ittiham etmiş və işi məhkəməyə göndərmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cti il tarixli hökmü ilə müəyyən edilmişdir ki, o qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüquq olmadan Qusar rayonu Urva Bələdiyyəsinə məxsus kənd təsərrüfatlı torpaqları kateqoriyasına aid torpaq sahəsini özbaşına hasarlama və orda əkibbecərmə işləri aparmış, bundan sonra isə o, təkrarən özünə məxsus marketdə genişləndirmə işləri aparan zaman torpaq üzərində qanunla müəyyən edilən mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Qusar rayonu Urva Bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı kateqoriyasına aid əlavə torpaq sahəsində özbaşına tikinti quraşdırma işləri aparmaqla zərərçəkmiş şəxsin torpaq üzərində mülkiyyət hüququnu pozmaqla X=280714.871 Y-4586443.218 X=280718.830 Y=4586434.437 X=280699.464 Y=4586419.594 X=280687.613 y=4586412.306 X=280679.887 Y=4586424.909 kordinatlar daxilindəki 0,03489 ha və 0,041 ha kənd təsərrüfatlı təyinatlı torpaqlar kateqoriyasına aid torpaq sahələrini özbaşına tutmuşdur. Belə ki, o 1992-ci ildə Qusar rayonu Çiləgir kəndində Qusar-Şahadağ yolunun sol tərəfində yerləşən Qusar rayonu Urva Bələdiyyəsinə məxsus kənd təsərrüfatlı torpaqları kateqoriyasına aid olan 0,03489 ha (348.9 kv.m) torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan hasar ilə çəpərləməklə daha sonra isə 1992-ci ildən 2020-ci ilədək olan müddət ərzində qeyd olunan torpaq sahəsində 04 ədəd qoz ağacı, 1 ədəd akasiya ağacı və 1 ədəd saqqız ağacları əkib-becərib özbaşına tutmaqla istifadə edib Urva Bələdiyyəsinin həmin torpaqlar üzərində mülkiyyət hüququnu pozmuş, bundan sonra isə o, təkrarən 2021-ci ilin qış aylarından 2022-ci ilin aprel ayınadək olan müddət ərzində Qusar rayonu çiləgir kəndində Qusar-Şahdağ sol tərəfində yerləşən özünə məxsus 0,01 ha (100 kv.m) torpaq sahəsi üzərindəki marketdə genişləndirmə işləri apararaq torpaq üzərində qanunla müəyyən edilmiş, mülkiyyət, istifadə və icarə hüququ olmadan Qusar rayonu Urva Bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan əlavə 0,0041 ha (41 kv.m) torpaq sahəsində özbaşına tikinti quraşdırma işləri aparıb özbaşına tutmaqla Urva Bələdiyyəsinin həmin torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. O qeyd olunan ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən müəyyən edilmişdir ki, onun zəbt etdiyi torpağın bir hissəsi xüsusi mülkiyyət (JN-476 nömrəli Dövlət Aktı) kimi qeyd edilmişdir. Cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsinə JN-476 nömrəli Dövlət Aktının kimə məxsus olması barədə müraciəti əsasında 4 sentyabrda aşağıdakı məzmunda cavab verilmişdir: -Qusar rayonu Çiləgir kənd sakini İddiaçı ərizəsinin araşdırılması barədə müraciətinizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 5 saylı Xaçmaz Ərazi İdarəsində baxılmışdır. Məlumat üçün bildiririk ki, “Azərbaycan Respublikasının torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən yaradılmış “X1 Sistemi”ndə sözügedən torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi barədə 5 saylı Xaçmaz Ərazi İdarəsində heç bir hüquq müəyyənedici sənəd aşkar edilməmişdir. Sözügedən torpaq sahəsi “kənd təsərrüfat təyinatlı torpaqlar” kateqoriyasına aiddir. Həmin sahənin uzun müddət onun istifadəsində olmasının cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsinin məktubunda qeyd edilən JN- 476 nömrəli Dövlət Aktının kimə məxsus olması müəyyən edilmədiyi üçün Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatının ləğv edilməsini zəruri hesab edir. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2713/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçı tərəfindən uzun müddət istifadə edilsə də, istifadə hüququnun qanuni əsası sübuta yetirilmədiyindən, üzərində dövlət reyestrində aparılmış xüsusi mülkiyyətinin qeydiyyatın ləğv edilməsi tələbinin qaldırılmasına dair iddiaçının subyektiv hüququnun olması müəyyən edilmir. İddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından, iddia iddiaçının subyektiv hüququnun olmaması əsası ilə mümkün sayılmamalıdır. Qərardadla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, işə mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsindən 30 ildən artıqdır ki, istifadə edir. Həmin torpaq sahəsinə görə məhkum olunmuşdur. JN-476 nömrəli Dövlət Aktında göstərilən torpaq sahəsini zəbt etdiyi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Аzərbaycan Respublikası Cinayat Мəcəlləsinin 70.1-ci mаddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum еtmə сəzаsı 1 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 25 fevral 2025-ci il tarixli, 3-21-3-60/2-451/2025 nömrəli məktubundan görünür ki, elektron baza məlumatlarına əsasən məktubda qeyd olunan koordinatlarda yerləşən torpaq sahəsinin 0,020 ha hissəsi xüsusi mülkiyyətdədir, torpaq sahəsinin qalan hissəsi isə bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. Həmin 0.020 ha torpaq sahəsinin kimin xüsusi mülkiyyətində olması və mülkiyyət hüququnun yaranma əsası barədə məlumat verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4ə 29 avqust 2025-ci il tarixdə iddia tələbində qeyd edilən JN-476 Dövlət Aktının mövcud olduğu təqdirdə), həmçinin onun hazırda qüvvədə olub-olmaması, qeyd olunan aktın əsasında aparılmış bütün reyestr əməliyyatlarına dair məlumatların məhkəyə təqdim edilməsi haqqında sorğu göndərilmişdir. Lakin bu sorğuya cavab gəlməmiş və bu məsələ məhkəmə tərəfindən araşdırılmamışdır. X=280714.871 Y=4586443.218X=280718.830 Y=4586434.437 X=280699.464 Y=4586419.594 X=280687.613 Y=4586412.306X=280679.887 Y=4586424.909 koordinatlarda yerləşən torpaq sahəsinin kimin xüsusi mülkiyyətində olması barədə məlumat ehtiva edən rəsmi sənədlərin təqdim olunması, işin obyektiv araşdırılması və həqiqətin müəyyən edilməsiməqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC işə cəlb edilməsi üçün vəsatət qaldırılmasına baxmayaraq vəsatət təmin edilməmişdir. Məhz bu nöqteyi nəzərdən iddia tələbi mahiyyəti aydınlaşdırılmamışdır. Sumqayıt İnzibati Məhkəməsi işi hərtərəfli araşdırmadan sübutları tədqiq etməmişdir. İş üzrə xüsusi əhəmiyyət kəsb edən JN-476 nömrəli Dövlət aktının kimə məxsus olması və torpağın kimə məxsus olması kimi məsələləri araşdırmamış və ziddiyyətli sənədlər olmasına baxmayaraq qərardad qəbul etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin çıxardığı qərardadın əsaslandırma hissəsində iddia tələbində qeyd olunmuş heç bir məsələ həll edilməmişdir. Beləliklə məhkəmə bir sıra prosessual hüquq normalarını pozaraq əsassız qərardad çıxarmışdır. Məhkəmə sübutları düzgün qiymətləndirmədən, iş üçün əhəmiyyətli olan halları müəyyən etmədən, JN-476 nömrəli Dövlət Aktının kimə məxsus olduğunu tam ətraflı araşdırmadan və 29 avqust 2025-ci il tarixli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4ə göndərilmiş sorğuya cavab gəlmədiyi halda iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. İddia tələbi olan torpaq sahəsi ilə bağlı heç bir hüquq müəyyən edici sənəd olmadığı üçün cavabdeh JN-476 nömrəli Dövlət Aktını ləğv etməli idi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin məhkəmə iclasında verdiyi izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3.İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı torpaq sahəsinə dair başqa şəxsin adına tərtib edilmiş hüquqmüəyyənedici sənəd əsasında aparılmış dövlət qeydiyyatının ləğv edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Kollegiya iddianın mümkünlüyü baxımından onu qeyd etməyi zəruri hesab edir ki, sözügedən torpaq sahəsi və bələdiyyə mülkiyyətində olan müvafiq torpaq sahəsi iddiaçı tərəfindən qanunsuz zəbt edildiyindən, həmin hərəkətlərinə görə onun barəsində cinayət işi açılmış və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təqsirli bilinərək, barəsində cəza təyin edilmişdir. İndiki halda iddiaçı həmin cinayət işi üzrə aparılmış araşdırma zamanı hazırki iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin müvafiq Dövlət Aktına əsasən başqa şəxsə aid xüsusi mülkiyyətdə olan torpaq sahəsi olduğunun müəyyən edilməsi, həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin mövcud olmaması barədə məlumatının olması və uzun müddət onun istifadəsində olması halına istinad edərək, Dövlət Aktı əsasında aparılmış qeydin ləğv edilməsinə nail olmaq istəyir. Kollegiya qeyd edir ki,iddianın mümkünlüyü mərhələsində ilkin dəyərləndirmə üzrə müəyyən edilməli olan birinci hal məhz iddiaçının sözügedən iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması ilə bağlı olan haldır. Qanunvericiliyin tələbinə və formalaşdırılmış vahid məhkəmə təcrübəsinin tələbləri baxımından subyektiv hüququnun mövcudluğu o halda ortaya çıxmış olur ki, tələb etmək hüququnun qanuni əsası mövcud olmuş olsun, habelə hüququn həqiqətən pozulması, hüquqa aşkar müdaxilənin mövcudluğu, hüquqi müdafiəyə ehtiyacın olması, çatmaq istədiyi məqsədə uyğun iddia irəli sürməsi və s. kimi dəyərləndirmə əsasları mövcud olmuş olsun. İndiki halda iddiaçıya münasibətdə hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olmanın əsasları müəyyən edilməmişdir. Belə ki, kollegiya qeyd edir ki, iddiaçının başqa şəxsin adına aparılmış qeydiyyatı mübahisələndirməklə bağlı subyektiv hüquqa malik olması üçün onun həmin hüquqmüəyyənedici sənəd əsasında ayrılmış torpaq sahəsi ilə hüquqi bağlılığının (qanuni sahibliyində və ya istifadəsində olması, əmlak hüquqlarının) mövcudluğu müəyyən edilməlidir. Başqa sözlə desək, iddiaçı hazırki iddia tələbini irəli sürmək üçün o halda subyektiv hüquqa malik ola bilərdi ki, sözügedən torpaq sahəsi onun qanuni sahibliyində və ya istifadəsində olmuş olsun və ya həmin əmlakla hər hansi hüquqi bağlılığı (hüquqmüəyyənedici sənəd əsasında onun adına ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmüş olması, mülkiyyət, icarə və s. əmlak hüququnun mövcudluğu) müəyyən edilmiş olsun. İndiki halda isə iddiaçıya münasibətdə belə bir halın mövcudluğu müəyyən edilməmiş, əksinə həmin torpaq sahəsini qanunsuz zəbt etməsi halına görə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Belə olan halda, kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları (iddiaçının sözügedən torpaq sahəsi ilə hüquqi bağlılığının mövcud olmaması, qanunsuz zəbt etməsi halına görə cinayət məsuliyyətinə cəlb edilməsi və s.) iddiaçının hazırki iddia tələbin irəli sürmək üçün subyektiv hüquqa malik olmamasını deməyə əsas verir, hansı ki həmin hal iddianın mümkün sayılmaması üçün əsas hesab edilir. Bundan əlavə, kollegiya iddiaçının istinad etdiyi arqumenti ilə bağlı qeyd edir ki, iddiaçının sözügedən torpaq sahəsini uzun müddət qanuni əsas olmadan istifadə etməsi halı, habelə işin yuxarıda müəyyən edilmiş halları (qanunsuz zəb etmə halının aşkar olması) iddianın mümkünlüyü baxımından iddiaçının həmin torpaq sahəsi ilə hüquqi bağlılığının müəyyən edilməsinin əsası kimi çıxış etməmişdir. Həmçinin, kollegiya iddiaçının şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hazırki halda işin yuxarıda müəyyən edilmiş halları iddia tələbinin mümkün sayılmaması üçün ilkin dəyərləndirmədə əsas qimsində çıxış etdiyindən, işin digər hallarının (məhkəmə araşdırması ilə bağlı hissədə istinad etdiyi halların) araşdırılması zərurəti mövcud olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, iddiaçının şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2713/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar