Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1346/2025 21.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik məlumatların elektron sistemə yerləşdirilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1188/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçı xx.xx.1989-cu il təvəllüdldür. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Sumqayıt Tibb Mərkəzi PHŞ 1 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli, 99 nömrəli arayışdan görünür ki, İddiaçı 1 nömrəli uşaq poliklinikasında “Bronxial astma, ağır gedişli, infeksion allergik forma TC ll-ci dərəcə” diaqnozu ilə qeydiyyatda olmuşdur. 7 avqust 1993cü il tarixdə xəstəyə sağlamlıq imkanı məhdudluğuna görə müavinət təyin olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2-1(118)-930/2023 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı atası X3 vəfat etdiyi tarixdən, yəni 5 mart 2022-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Aytəkin Akif qızına göndərilmiş 18 mart 2024-cü il tarixli, 3-17-4/2-H-7667/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, 5 iyul 2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən 5 il müddətinə (5 iyul 2026-cı il tarixədək) ikinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Məlumat üçün bildirilmişdir ki, 1995-ci ilə qədər vətəndaşların sağlamlıq imkanlarının məhdudluğu Səhiyyə Nazirliyinin tabeliyində olan dövləti tibb müəssisələri (poliklinikalar) tərəfindən qiymətləndirilmişdir. Bununla əlaqədar aidiyyəti üzrə dövlət qurumuna müraciət edilməsi tövsiyə olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1993-cü il tarixdən “Bronxial-astma, ağır gedişli, infeksion allergik forma, tənəffüs çatışmazlığı İİ dərəcəli” diaqnozu ilə əlillik məlumatlarının müvafiq elektron sistemə yerləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə rəsmi qaydada ərizə ilə müraciət edilərək, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Sumqayıt Tibb Mərkəzi PHŞ 1 Nömrəli Ailə Sağlamlıq Mərkəzinin Tibbi Sosial Ekspert Komissiyasına ünvanlandığı arayışa əsaslanaraq, uşaqlıq dövründə olan əlilliyin əlillik altsisteminə daxil edilməsinə köməklik göstərilməsini və bu barədə rəsmi məlumat verilməsini xahiş edilmişdir. Cavabdeh tərəfindən müraciət icra edilməmişdir. Ona görə də iddiaçı əlillik məlumatlarının müvafiq elektron sistemə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə əlaqədar olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı yazılı etirazında qeyd edilmişdir ki, məhkəmə DSMFyə müvafiq sorğu ünvanlamış və həmin sorğuda qeyd edilmişdir ki, iddiaçının 7 avqust 1993-cü il tarixdən əlilliyə görə müavinət alması barədə məlumat aşkar edilməmişdir. Etirazın maddi hüquqi əsası kimi “Əlillərin hüquqları haqqında” Qanunun 3.3-cü bəndinə, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarına istinad olunmuşdur. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın mümkün hesab edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1993-cü il tarixdən “Bronxial-astma, ağır gedişli, infeksion allergik forma, tənəffüs çatışmazlığı İİ dərəcəli” diaqnozu ilə əlillik məlumatlarının müvafiq elektron sistemə yerləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2-1(118)-1188/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Könül Həbibova). İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2- 1(105)-452/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2-1(118)-1188/2025 nömrəli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-1188/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 15 mart 2016-cı il tarixdən əvvəl əlilliyin təyin edilməsinə dair hər hansı məlumat aşkar edilməmişdir. Bu baxımdan İPM-in 12-ci maddəsinin tələbləri çərçivəsində məhkəmə tərəfindən araşdırma aparılaraq aidiyyəti orqanlara sorğular verilmişdir. Məhkəmə sorğularına cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş məlumata əsasən iddiaçının imkanları məhdudluğu barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində məlumat və göndərişin (forma 088) aşkarlanmadığı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müafiə Fondunun Sosial Ödənişlər Təyinatı üzrə Mərkəzi Filialının təqdim etdiyi cavabı ilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən iddiaçıya 7 avqust 1993- cü il tarixdən əlilliyə görə (sağlamlıq imkanları məhdud uşaq kimi) müavinətin təyin edilməsi barədə məlumatın aşkar olunmadığı, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsi tərəfindən göndərilmiş məlumat ilə iddiaçı barədə işin daxil olmadığından hər hansı sənədin göndərilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə tərəfindən həmçinin Sumqayıt Tibb Mərkəzi publik hüquqi şəxsi 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinə sorğu göndərilərək, 11 mart 2024-cü il tarixli, 99 nömrəli arayışın verilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi xahiş edilmiş, lakin həmin sorğu hazırki tarixədək cavablandırılmamışdır. Bununla da iddiaçının qeyd edilən arayışda göstərilən xəstəliyini təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasın“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Sumqayıt Tibb Mərkəzi publik hüquqi şəxs 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinin verdiyi məlumata əsasən iddiaçı 1 nömrəli uşaq poliklinikasında “Bronxial astma, ağır gedişli, inkesion allergik forma TC ll-ci dərəcə” diaqnozu ilə qeydiyyatda olmuş, 7 avqust 1993-cü il tarixdə sağlamlıq imkanı məhdudluğuna görə müavinət almış, iddiaçıya 15 2016-cı il tarixdə 5 illik müddətinə “C56 Yumurtalığın bədxassəli yenitörəməsi” diaqnozu ilə ilk dəfə ikinci dərəcəli əlillik, daha sonra 5 iyul 2021-ci il tarixdə “Yumurtalığın bədxassəli yenitörəməsi, yumurtalıqların Cr-i T3N0M0- İİİ mərhələ (radikal cərrahi əməliyyat 1 may 2015-ci il və 6 kurs PKT sonrakı vəziyyət), patohistoloji rəy N 8587/2015 yumurtalığın seroz papilyar adenokarsinoması, piy toxumasına MTS, MOM ağırlaşma, yenitörəmələr zamanı müşahidə olunan anemiya 0-D48) diaqnozu ilə təkrar olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. Göründüyü kimi iddiaçının xx.xx.1993-cü il tarixindən sağlamlıq imkanı məhdud olduğuna görə müavinət aldığı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Sumqayıt Tibb Mərkəzi publik hüquqi şəxs 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinin verdiyi məktubda öz təsdiqini tapmışdır. Belə olan halda birinci instansiya məhkəməsinin iddianı təmin etməməsi əsassız olmuşdur. Bununla bağlı iddiaçı birinci instansiya məhkəməsinin qərarınını ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək, apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə elektron kabinet vasitəsilə daxil olmuş ərizəsində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsin xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları (...) 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (...) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş electron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
1. Ümumi müddəalar (-) 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır. (-) 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. (-)
Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 dekabr 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının iddia tələbi onun 18 yaşınadək müəyyən edilmiş əlilliyi barədə məlumatların elektron sistemə yerləşdirilməsi barədədir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Belə ki, iddia tələbinin əsaslarına görə, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Sumqayıt Tibb Mərkəzi publik hüquqi şəxsi 1 Nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş arayış (§2) uşaqlıq dövründə olan əlilliyin əlillik altsisteminə daxil edilməsi üçün əsasdır, lakin cavabdeh tərəfindən qeyd edilən müraciətin icrasından imtina edilmişdir. Cavabdehin isə imtinanın əsası kimi bildirilmişdir ki, iddiaçının 7 avqust 1993-cü il tarixdən əlilliyə görə müavinət alması barədə məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Sumqayıt Tibb Mərkəzi publik hüquqi şəxs 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinin verdiyi məlumata əsasən iddiaçı 1 nömrəli uşaq poliklinikasında “Bronxial astma, ağır gedişli, infeksion allergik forma TC ll-ci dərəcə” diaqnozu ilə qeydiyyatda olmuş, 7 avqust 1993-cü il tarixdə sağlamlıq imkanı məhdudluğuna görə müavinət almış, iddiaçıya 15 mart 2016-cı il tarixdə 5 illik müddətinə “C56 Yumurtalığın bədxassəli yenitörəməsi” diaqnozu ilə ilk dəfə ikinci dərəcəli əlillik, daha sonra 5 iyul 2021-ci il tarixdə “Yumurtalığın bədxassəli yenitörəməsi. Yumurtalıqların Cr-i T3N0M0-İİİ mərhələ (radikal cərrahi əməliyyat 1 may 2015-ci il və 6 kurs PKT sonrakı vəziyyət). Patohistoloji rəy N 8587/2015 yumurtalığın seroz papilyar adenokarsinoması, piy toxumasına MTS. MOM ağırlaşma. Yenitörəmələr zamanı müşahidə olunan anemiya (C00-D48) diaqnozu ilə təkrar olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. Göründüyü kimi iddiaçının 15 mart 2016-cı il tarixdən əvvəl əlilliyin təyin edilməsinə dair hər hansı məlumat aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş məlumata əsasən iddiaçının imkanları məhdudluğu barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində məlumat və göndərişin (forma 088) aşkarlanmadığı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müafiə Fondunun Sosial Ödənişlər Təyinatı üzrə Mərkəzi Filialının təqdim etdiyi cavabı ilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən iddiaçıya 7 avqust 1993- cü il tarixdən əlilliyə görə (sağlamlıq imkanları məhdud uşaq kimi) müavinətin təyin edilməsi barədə məlumatın aşkar olunmadığı, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsi tərəfindən göndərilmiş məlumat ilə iddiaçı barədə işin daxil olmadığından hər hansı sənədin göndərilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmçinin Sumqayıt Tibb Mərkəzi publik hüquqi şəxsi 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinə sorğu göndərilərək, 11 mart 2024-cü il tarixli, 99 nömrəli arayışın verilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi xahiş edilmiş, lakin həmin sorğu cavablandırılmamışdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(18)-930/2023 saylı qərarının məzmunundan görünür ki, məhkəmənin sorğusuna əsasən Sumqayıt Tibb Mərkəzi 1 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubuna görə xx.xx.1989-cu il təvəllüdlü İddiaçı 1 nömrəli uşaq poliklinikasında “Bronxial astma, ağır gedişli infeksion allergik forma, tənəffüs çatmamazlığı ll dərəcə” diaqnozu ilə qeydiyyatda olmuş, xx.xx.1993-cü ildə xəstəyə sağlamlıq imkan məhdudluğuna görə müavinət təyin olunmuş və o, bir il müddətində müavinət almışdır. İddiaçının iddia tələbinin təsdiq edən hal kimi yalnız istinad olunan arayışı təqdim etmişdir ki, həmin arayışda da onun göstərilən diaqnozla qeydiyyata alınması və 1 il müddətində müavinət alması qeyd olunmuşdur. Bununla da iddiaçının qeyd edilən arayışda göstərilən xəstəliyini təsdiq edən hər hansı sübut nə birinci instansiya məhkəməsi baxışı zamanı, nədəki apellyasiya baxışı zamanı müəyyən edilməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, “Bronxial astma, ağır gedişli, infeksion allergik forma. Tənəffüs çatışmamazlığı İİ dərəcəli” diaqnozunun əvvəlki dövr və hazırda mövcud olduğunu təsdiq edən hər hansı bir tibbi sənədi olmamışdır. Bununla da xəstəliyin mövcud olduğu iddiaçının özü tərəfindən sübuta yetirilməmişdir. Yuxarıda sadalanan qanunvericilik aktlarına görə şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu aidiyyəti inzibati orqanın aktı ilə müəyyən oluna bilər. Mövcud qanunvericiliyə uyğun olaraq şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu aidiyyəti inzibati orqanın aktı ilə müəyyən oluna bilər. Belə ki, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. TSEK şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. İddiaçı iddia tələbinin əsası kimi uşaqlıdan xəstə olması və 1993-cü ildə ona müavinıət təyin olunmasına istinad edir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmənin sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzi 1 nömrəli Ailə Sağlamlıq Mərkəzi xx.xx.2023-cü il tarixli cavab məktubunda xx.xx.1989 təvəllüdlü İddiaçı 1 nömrəli uşaq poliklinikasında "Bronxial astma,ağır gedişi infeksion allergik forma, tənəffüs çatmamazlığı İlci dərəcə" diaqnozu ilə qeydiyyatda olması və xx.xx.1993-cü ildə xəstəyə sağlamlıq imkanı məhdudluğuna görə müavinət təyin olunması və bir il müddətində müavinət alması barədə məlumat vermişdir. Lakin bu sənəd iddiaçının uşaqlıdan, yəni 18 yaşına çatana kimi sağlamlıq imkanı məhdud olan uşaq olmasını müəyyən edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Beləliklə, kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 2-1(118)-1188/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.