Məhkəmə qərarları › İş №2-1(105)-135/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-135/2023

03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-135/2023 03.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “müavinətin ödənilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2024/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı xx.xx.1990-cı il tarixdə Abşeron rayonu, Güzdək qəsəbəsində anadan olmuşdur. Abşeron rayonu, Güzdək qəsəbəsi, M.Hüseynzadə küç., ev 26-da qeydiyyatdadır. (AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsi). İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə müraciət edərək, paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqların, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin verilməsini xahiş etmişdir. Cavabdehin 28 aprel 2022-ci il tarixli **********6 nömrəli məktubu ilə müraciətin icrasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qeyd edilən kateqoriyalardan olan şəxslərin əmək hüququ üzrə təminatları “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin 7 noyabr 2001-ci il 179 nömrəli Qərarı ilə tənzimlənir və qeyd edilən qanunvericilik aktlarına əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman qanunvericiliklə müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əməkhaqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurlar. AR Nazirlər Kabinetinin 17 yanvar 2022-ci il tarixli 19 nömrəli Qərarı ilə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” NK-nın 2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarında edilmiş dəyişikliyə əsasən 1 yanvar 2022-ci il tarixdən sonra ilk dəfə işə düzələn valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara və onların arasından olan şəxslərə qeyd edilən müavinət və avadanlıqların verilməsinin ƏƏSMN tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Buna qədər isə sözügedən müavinət və avadanlıqların verilməsi AR Təhsil Nazirliyi tərəfindən həyata keçirilirdi. Müraciətin araşdırılması zamanı iddiaçının əmək müqaviləsinin ilk dəfə 5 noyabr 2013-cü il tarixdə bağlanıldığı müəyyən edildiyindən, iddiaçıya sözügedən müavinətin və avadanlıqların verilməsi ƏƏSMN-nin vəzifələrinə aid deyildir. Verilən imtina cavabı ilə razılşamayan iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqların, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 10 nömrəli sanatoriya tipli internat məktəbinin 2005-ci il məzunudur. 2011-ci ildə 21 yaşında şirkətə 4-cü dərəcəli betonçu vəzifəsinə işə qəbul olmuşdur. İlk dəfə işə qəbul edilməsini nəzərə alaraq cavabdeh orqana Respublika üzrə aylıq əmək haqqının 5 mislindən az olmayaraq birdəfəlik pul məvacibinin, paltar, ayaqqabı, yumşaq inventar və avadanlığın verilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin, cavabdeh müraciətin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin 7 noyabr 2001-ci il tarixli 179 nömrəli Qərarına əsasən valideynini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olaraq paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinət ilə təmin olunmalıdır. Cavabdehin imtina məktubunda da qeyd edilir ki, həmin müavinətin və avadanlıqların verilməsi öhdəliyi ƏƏSMN-nə aiddir. Eyni müraciəti AR Təhsil Nazirliyinə etsə də, həmin öhdəliyin hazırki iddia üzrə cavabdeh orqan olan ƏƏSMN-ə aid olduğu bildirilmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2024/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqların, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim L.Mirzəyeva). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə müavinətin hansı şəxslərə ödəniİməli olduğunu hərtərəfli araşdırmamışdır. Belə ki, Nazirlər Kabinetinin 7 noyabr 2001-ci il tarixli 179 nömrəli Qərarında üç kateqoriya üzrə şəxslərə paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqların, habelə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin ödənilməsi nəzərdə tutulmuşdur: 1) valideynlərini itirmiş uşaqlara; 2) valideyn himayəsindən məhrum olmuş uşaqlara; 3) valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslərə. Nazirlər Kabinetinin qərarından aydın olur ki, qeyd olunan kateqoriyalardan birinə daxil olan şəxsə ilk dəfə işə düzəldiyi zaman qeyd edilən müavinət və avadanlıqların ödənilməsi həyata keçirilə bilər. İddiaçı 2011-ci ildə, yəni 21 yaşında işə qəbul edildiyini iddia etsə də, ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil aldığını sübut edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçının 18 yaşadək işə götürənlə hər hansı əqd bağlaması ilə bağlı məlumat da mövcud deyildir. Qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin 7 noyabr 2001-ci il 179 nömrəli Qərarı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, aşağıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Hazırkı işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə internat məktəbində böyümüş iddiaçıya ilk dəfə işə qəbul olunduğunda orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin ödənilməsi tələbi barədədir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qərarını onunla əsaslandırmışdır ki, iddiaçı işə düzələn zaman bu məqsədlə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqlara görə valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş şəxslərə müavinət Təhsil Nazirliyi tərəfindən verilsə də, hal-hazırda həmin səlahiyyət qanunvericiliyə əsasən hazırki iş üzrə cavabdeh inzibat orqan olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə mənsubdur. Bu halda həmin məqsədlər üçün müavinətin ödənilməsi üçün dövlət büdcəsindən vəsait də məhz ƏƏSMN-nin hesabına köçürülür. Qeyd olunan məqsədlərə dair Təhsil Nazirliyinin hər hansı bir səlahiyyəti yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə müvafiq olaraq, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 22-ci maddəsinə görə, hər bir insanın cəmiyyətin bir üzvü kimi sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. BMT-nin “Uşaq hüquqları” haqqında Konvensiyasının 20-ci maddəsinə əsasən, öz ailə mühitindən müvəqqəti və ya daimi məhrum olan, yaxud özünün ən yaxşı mənafeyi naminə belə mühitdə qala bilməyən uşaq dövlət tərəfindən xüsusi müdafiə edilmək və ona yardım göstərilmək hüququna malikdir. Bu zaman nəzərə almaq lazımdır ki, sosial hüquqların müəyyən edilməsi zamanı dövlətin iqtisadi vəziyyəti, cəmiyyətin, yaxud onun müəyyən bir hissəsinin dövlət yardımına və dəstəyinə ehtiyacının olub-olmaması kimi məsələlər vacib rol oynayır. Azərbaycan Respublikasının 22 iyun 1999-cu il tarixli “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin 7 noyabr 2001-ci il tarixli 179 nömrəli Qərarı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqların, habelə onların arasında 23 yaşınadək olan şəxslərin sosial müdafiəsi üzrə dövlət təminatının verilməsi və həyata keçirilməsi ilə əlaqədar münasibətləri tənzimləyir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanunun: - 1-ci maddəsinə əsasən valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir; valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir; valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. İstinad olunan normalardan görünür ki, iddiaçının adıçəkilən Qanunun təsir dairəsinə düşmək və müvafiq kateqoriyadan olan şəxslərin dairəsinə daxil olması üçün 18 yaşınadək ya valideynlərini itirməli, ya da belə himayədən məhrum olması tələb olunur. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 10 nömrəli sanatoriya tipli internat məktəbi tərəfindən verilmiş 49 saylı, 19 may 2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.1996-cı il tarixində Sabunçu rayonu, 10 nömrəli sanatoriya tipli internat məktəbinə İ sinifə qəbul olunmuş, 16 iyun 2005-ci il tarixində İX sinfi bitirmişdir. İşdə olan 10 nömrəli sanatoriya tipli internat məktəbi tərəfindən ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinə təqdim edilən 89 saylı, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçı 10 nömrəli sanatoriya tipli internat məktəbində gecələmiş, həmin illərdə çalışan müəllimlərin ifadəsinə görə atasından heç bir məlumat olmayıb, anasının sağlamlığı və maddi vəziyyəti ağır olduğu üçün övladı ilə əlaqə saxlamamışdır. İddiaçı oxuduğu müddət ərzində liseyin yataqxanasında yaşamışdır. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi iddiaçının valideynləri onu sosial xidmət müəssisələrindən götürməkdən imtina etmiş, o, 15 yaşınadək internat məktəbində, 15 yaşından 18 yaşınadək isə liseydə yaşamışdır. Bununla da müəyyən olunur ki, həqiqətən də iddiaçı 18 yaşınadək valideyn himayəsindən məhrum olmuş uşaq hesab olunmuşdur. Bu səbəbdən də iddiaçı vaxtilə sahib olduğu statusundan dolayı qanunvericiliklə bu kateqoriyadan olan şəxslərə verilməli birdəfəlik müavinəti (hazırki halda ilk dəfə işə düzələrkən ödənilməli olan) tələb edir. Tələbinin hüquqi əsası kimi iddiaçı aşağıdakılara istinad edir. - “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurlar. Onların arzusu ilə həmin ləvazimat və avadanlıqların əvəzinə pul kompensasiyaları verilir və ya həmin kompensasiyalar müvafiq banklarda həmin şəxslərin adına açılan hesablara köçürülür. Nazirlər Kabinetinin yuxarıda qeyd olunan 7 noyabr 2001-ci il 179 nömrəli qərarının 2-ci bəndinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslərin ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sosial müdafiə və sosial təminat” bölməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarında nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunmaları qərara alınmışdır. Qeyd olunan hüquq normalarının qarşılıqlı təhlili nəticəsində müəyyən edilir ki, hər iki valideyni onu sosial xidmət müəssisələrindən götürməkdən imtina edən 18 yaşınadək olan şəxs valideyn himayəsindən məhrum olmuş uşaq, valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər isə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxs sayılır. Bu səbəbdən də aydınlaşdırılmalı növbəti məsələ ilk dəfə əmək münasibətlərinə girərkən iddiaçının müvafiq statusunun qorunub-qorunmamasının müəyyənləşdirilməsi olmalıdır. İddiaçıya məxsus ******* saylı əmək kitabçasından görünür ki, o, ilk dəfə xx.xx.2011ci il tarixində, yəni 21 yaşında “Azfen” birgə müəssisəsinə işə qəbul edilmişdir. Yuxarıda aparılan qiymətləndirməyə görə isə mübahisələndirilən imtiyazı müvafiq statusdan olan ya 18 yaşınadək uşaqlar, ya da 23 yaşınadək təhsil alan şəxslər almış ola bilər. İddiaçı isə ilk dəfə işə girərkən 21 yaşında olduğundan artıq valideyn himayəsindən məhrum olmuş uşaq kimi 18 yaşınadək olan şəxs olmamışdır. Kollegiya bu məqamda bir məsələyə münasibət bildirməyi zəruri sayaraq qeyd edir ki, qanunvericilikdə bir tərəfdən ilk dəfə işə düzələn şəxslərə sosial müavinətin təyin edilməli olması, digər tərəfdən ilkin mərhələdə bu müddətin 18 yaşınadək məhdudlaşdırılması çaşqınlıq yaratmamalıdır. Belə ki, əksər hüquq münasibətlərində tam fəaliyyət qabiliyyəti 18 yaşında əldə edilməsinə baxmayaraq, əmək hüquq münasibətlərində həm hüquq, həm də fəaliyyəti qabiliyyəti eyni vaxtda, yəni 15 yaşından yaranmış olur. Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü bəndinin tələbinə görə on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Belə olduğu halda 15 yaşından 18 yaşınadək valideyn himayəsindən məhrum olmuş şəxslərə ilk dəfə işə düzələn zaman müvafiq müavinətin verilməsi qanunamüvafiqdir. Lakin iddiaçı ilk dəfə işə düzələn zaman yaşı 18-i keçdiyindən, bu əsasla müavinət almaq hüququndan məhrum olmuş olur. Son olaraq kollegiya qeyd edir ki, istinad olunan Qanunda həmçinin ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərin də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxs sayılması qeyd edilmişdir. Bu təhlillə iddiaçının təhsil alıb-almadığı, aldığı təqdirdə bunun hansı yaş dövründə alındığı məsələsinə aydınlıq gətirilməsi zəruridir. İddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilən Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən verilmiş 10 yanvar 2023-cü il tarixli, 02 saylı arayışda qeyd edilir ki, iddiaçı xx.xx.2005-ci il tarixində 5 nömrəli Bakı Peşə Liseyinə qəbul olmuş, xx.xx.2008-ci il tarixində liseyi “Avtomobil kranı maşinisti, sürücü” ixtisası üzrə bitirmiş və ona BB 034164 nömrəli diplom verilmişdir. Göründüyü kimi iddiaçı peşə təhsili müəssisəsində 15-18 yaş aralığında olarkən təhsil almış, 18 yaşında müəssisəni, başqa sözlə, təhsilini bitirmişdir. Bununla da müəyyən olunur ki, iddiaçı ilk dəfə işə düzələn zaman valideyn himayəsindən məhrum olmuş uşaq və ya valideynlərini itirmiş və yaxud da valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxs olmamışdır. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Birinci instansiya məhkəməsi işin qeyd olunan xüsusatlarını araşdırmadan iddia tələbini təmin edərkən haqlı olmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2024/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar