Məhkəmə qərarları › İş №2-1(105)-135/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-135/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-135/2024 15.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X1 və X4 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(118)-1379/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Xaçmaz rayonu, Seyidlər kəndində yaşayan X5 10 aprel 2000-ci il tarixdə torpaq sahəsi almaq barədə Xaçmaz rayonu Köhnə Xudat bələdiyyə orqanına torpaq sahəsi almaq barədə müraciət etmişdir.

2. Xaçmaz rayonu, X7 18 aprel 2000-ci il tarixli 07 saylı qərarı ilə iddiaçının atası X3 fərdi məişət xidməti obyektlərinin tikintisi məqsədi ilə bələdiyyənin ehtiyat fondundan Köhnə Xudat kəndi ərazisindən 1000 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır.

3. Bunun müqabilində Ə.Məmmədov tərəfindən X7 hesabına əvvəlcədən 502.450 manat haqq ödənilmişdir.

4. Həmin qərar əsasında X5, X8 və DT və XK Xaçmaz rayon şöbəsi arasında 21 sentyabr 2021-ci il tarixdə torpaqların alqı-satqısına dair akt tərtib edilərək imzalanmış, bələdiyyə və torpaq şöbəsinin möhürləri ilə təsdiq edilmiş, həmin akt DTvə XK Xaçmaz rayon şöbəsində 21 sentyabr 2001-ci il tarixdə 35 nömrə ilə qeydə alınmışdır.

5. AZ-İ№617563 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə ölmüşdür.

6. Xaşmaz Rayon 1 saylı Notariat ofisinin xx.xx.2019-cu il tarixli 827 saylı məktubundan görünür ki, İddiaçı qeyd edilən torpaq sahəsinə dair vərəsəliyin qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı ərizə təqdim etmişdir.

7. İddiaçı Xaçmaz rayonu, Köhnə Xudat kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mərhum X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir.

8. Cavabdeh xx.xx.2022-ci il tarixli **********60 saylı bildirişlə iddiaçının müraciətinin təmin olunmasından imtina edərək bildirmişdir ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş 0,10 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Belə ki, Xaçmaz rayonu, X8 tərəfindən sahibkarlıq məqsədi üşün ayrılması nəzərdə tutulan 0,10 ha torpaq sahəsinə dair Xaçmaz rayon İcra Hakimiyyətinin memarlıq və tikinti işləri şöbəsinin rəyi ərizəyə əlavə olunmamışdır. Qeyd olunanları nəzərə alaraq ərizənin icrası Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır.

Birinci instansiya məhkəməsində icraat

9. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu X7 18 aprel 2000-ci il tarixli 07 nömrəli qərarı ilə atası X2 adına satılmış Xaçmaz rayonu Köhnə Xudat kəndində yerləşən 0,10 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi barədə ərizənin icrasından imtinanın qanunsuz hesab edilməsi və cavabdehin üzərinə həmin ölçüdə torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və plan ölçüsü sənədinin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, X7 18 aprel 2000-ci il tarixli 07 saylı qərarı ilə iddiaçının atası X3 fərdi məişət xidməti obyektlərinin tikintisi məqsədi ilə bələdiyyənin ehtiyyat fondundan Köhnə Xudat kəndi ərazisindən 1000 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin qərar əsasında X5, X8 və DT və XK Xaçmaz rayon şöbəsi arasında 21 sentyabr 2021-ci il tarixdə torpaqların alqı-satqısına dair akt tərtib edilərək imzalanmış, bələdiyyə və torpaq şöbəsinin möhürləri ilə təsdiq edilmiş, həmin akt DTvəXK Xaçmaz rayon şöbəsində 21 sentyabr 2001-ci il tarixdə 35 nömrə ilə qeydə alınmışdır. Həmin torpaq sahəsi bələdiyyə tərəfindən atasına satılarkən Xaçmaz rayon Torpaq Şöbəsinin rəyi alınmış, rəydə göstərilir ki, Seyidlər kənd sakini X2 məişət xidməti obyektləri tikintisi üçün satılacaq torpaq sahəsi Xudatkənd İƏV-nin bələdiyyəsinin ehtiyyat torpaq fondunun yararsız torpaqlarına aid olub 0,10 ha təşkil edir. Həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” qanununa və Azərbaycan Respublikası Prezidentinin 10/1-97 ci il tarixli 534 N-li fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqı qaydaları” barədəki əsasnaməyə uyğun satıla bilər. 21 sentyabr 2001-ci il tarixdə atası tərəfindən X7 bank hesabına satılan torpaq sahəsinin dəyəri olaraq 502450 manat pul ödənilmişdir. X5 26 oktyabr 2012-ci il tarixdə vəfat etmişdir. Xaçmaz rayon 1 saylı Notariat Ofisinin Notarisu 09 sentyabr 2019-cu il tarixli məktubla onu mərhum atasının vərəsəsi kimi qəbul edərək miras qalmış torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün 5 saylı Ərazi idarəsinə çıxarışın verilməsi üçün müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı cavabdeh orqana müraciət edərək mərhum atası X2 həmin 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan və ölçüsü sənədinin hazırlanmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli **********60 saylı məktubla ona rədd cavabı vermiş, səbəbi o göstərilmişdir ki, Xaçmaz rayonu X8 tərəfindən sahibkarlıq məqsədi üçün ayrılması nəzərdə tutulan 0,10 ha torpaq sahəsinə dair Xaçmaz rayon icra Hakimiyyətinin Memarlıq və Tikinti işləri Şöbəsinin rəyi ərizəyə əlavə olunmamışdır. Hesab edir ki, cavabdehin imtina cavabı qanunsuz və əsassızdır. Belə ki, 0.10 ha torpaq sahəsinin mərhum atasının adına satılması barədə bələdiyyənin qərarı, həmin qərar əsasında bağlanmış alqı-satqı aktı, satılan torpaq sahəsinin bələdiyyənin mülkiyyəti olması və alqısatqının predmeti olması barədə rayon torpaq şöbəsinin rəyi və satılan torpaq sahəsinin dəyərinin bələdiyyənin hesabına köçürülməsi barədə qəbz mövcuddur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

11. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşdirmə verərək bildirmişdir ki, Xaçmaz rayonu X7 07 nömrəli, 18 aprel 2000-ci il tarixli qərarına əsasən, Xaçmaz rayonu Köhnə Xudat kəndində yerləşən 0.10 ha torpaq sahəsinə (fərdi məişət xidməti obyektlərinin tikintisi məqsədi ilə ayrılmış) X2 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri

12. Cavabdeh etirazında bildirmişdir ki, vətəndaş tərəfindən yuxanda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçrilməmiş, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Torpaq sahəsinin yerləşdiyi yer dəqiq məlum deyildir, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

13. Sumqayıt İnzibati Məhkəməsinin (hakim C.Məmmədov) 12 may 2022-ci il tarixli, 2-1(118)-1379/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, Xaçmaz rayonu X7 07 nömrəli, 18 aprel 2000-ci il tarixli qərarına əsasən, Xaçmaz rayonu Köhnə Xudat kəndində yerləşən 0.10 ha torpaq sahəsinə (fərdi məişət xidməti obyektlərinin tikintisi məqsədi ilə ayrılmış) X2 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır.

14. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 2-1(105)-29/2023 nömrəli qərarı ilə (hakimlər Z. Məmmədov /sədrlik edən və məruzəçi/, H.Babayeva və G.Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(118)-1379/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kasasiya instansiyası məhkəməsində icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 avqust 2023-cü il tarixli, 2-1(102)-1809/2023 nömrəli qərarı ilə (hakimlər R.Nəbizadə /sədrlik edən və məruzəçi/, S.Kərimov və Z.Quliyev) Kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-29/2023 nömrəli, 6 aprel 2023-cü il il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilmiş, kasasiya şikayəti qalan hissədə təmin olunmamışdır.

19. Kasasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda ölmüş şəxslə bağlı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı nəzərdə tutulmamışdır. İşin hazırkı vəziyyətində mübahisə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsi ilə həllini tapa bilər. 22.2-ci maddədə qeyd edilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə tərəfindən İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya yardım edilməli, dəqiqləşdirilmiş iddia verildiyi halda cavabdehin münasibəti öyrənilməli, bundan asılı olaraq mübahisəyə baxılmalıdır. İşdən görünür ki, cavabdeh etirazında bildirmişdir ki, torpaq sahəsinin yerləşdiyi yer dəqiq məlum deyildir, iddiaçının göstərdiyi torpaq sahəsi bələdiyyənin təsdiq etdiyi cizgidən kənarda yerləşir və torpağın sərhədləri, plan-cizgisi tərtib edilməmişdir....Məhkəmələr ayrılmış sahənin naturada yerləşməsi və koordinatları ilə bağlı məsələni dəqiq müəyyənləşdirmədən iddianın təmin edilməsi ilə bağlı nəticəyə gəlmişlər. Bu hal, həm başqa şəxslərin hüquqlarına toxunma ehtimalı doğura, həm daşınmaz əmlakın dövlət qeydiyyatının qeyri-dəqiqliyinə gətirib çıxara, həm də məhkəmə qərarının gələcəkdə icrasında problemlər yarada bilər. Belə ki, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olan sahənin naturada konkret olaraq harada yerləşdiyi məsələsi qeyri-müəyyən qalmışdır.

Apellyasiya şikayətinin dəlilləri:

20. Cavabdeh apellyasiya şikayətində imtinada qeyd etdiyi hala istinad etməklə göstərmişdir ki, Xaçmaz rayonu, X8 tərəfindən sahibkarlıq məqsədi üçün ayrılması nəzərdə tutulan 0,10 ha torpaq sahəsinə dair Xaçmaz rayon İcra Hakimiyyətinin memarlıq və tikinti işləri şöbəsinin rəyi ərizəyə əlavə olunmamışdır. Apellyasiya şikayəti daha sonra onunla əsaslandırılır ki, əlavə araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən faktiki göstərilən və istifadə edilən torpaq sahəsi elektron məlumat bazasında olan xəritəyə əsasən bələdiyyə tərəfindən təsdiq edilmiş sxemdə göstərilən torpaq sahəsinin cizgisindən (konfiqurasiyasından) və yerindən fərqli ərazidə yerləşir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. İddiaçı məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixdə keçirilən iclasında ərizə təqdim edərək, Xaçmaz rayonu X7 07 nömrəli, 18 aprel 2000-ci il tarixli qərarına əsasən Xaçmaz rayonu Köhnə Xudat kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqana həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

22. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 29. Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

25. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri: Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; ... hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; ... Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi

1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.

7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

26. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; (-); Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Maddə 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir.

27. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: İİ. Bələdiyyə torpaqlarının ayrılması qaydası

5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.

7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. İV. Torpaqayırma sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi

19. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir.

20. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.

21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir.

28. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 9 avqust 2001-ci il tarixli 548 nömrəli Fərmanı:

2. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 18.6-cı maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; həmin Qanunun 5.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur; həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə)dair arayışın verilməsi haqqında” Təlimat: 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

30. İnzibati icraat haqqında qanun Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar. 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

31. Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarı. “Torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir”.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarı

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 358. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

34. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin, hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

35. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

36. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

38. İşdən görünür ki, X3 Xaçmaz rayonu X7 07 nömrəli, 18 aprel 2000-ci il tarixli qərarı əsasında 0.10 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu haqqında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq razılığı əsasında verilmişdir. Torpaq sahəsinin dəyəri olan 502.450 manat pul qəbz əsasında X7 hesabına köçürülmüşdür. Həmin torpaq sahəsi hal-hazırda iddiaçının faktiki istifadəsindədir. İddiaçı mərhum atası X2 adına ayrılmış 0.10 ha torpaq sahəsi üzrə yaranmış mərhumun mülkiyyət hüquqlarını DƏDRX-də qeydə alınmasını tələb edir, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina edir.

39. Cavabdehin apellyasiya şikayətinin dəlili olan torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsinin mümkün olmaması halı ilə bağlı aparılmış araşdırma əsasında iddiaçı tərəf Xaçmaz rayonu X8 tərəfindən tərtib edilmiş bələdiyyənin baş sxemindən yeni çıxarışlar təqdim etmiş, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla təqdim olunmuş arayışda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisi tərəfindən məktubda göstərilən Xaçmaz rayonu Köhnə-Xudat kəndində yerləşən İddiaçı məxsus 0,10 ha torpaq sahəsinə, Xaçmaz rayonu Köhnə-Xudat bələdiyyəsi tərəfindən sonradan tərtib olunmuş 1:2000 və 1:10000 miqyasda olan baş sxemdən çıxarışa əsasən torpaq sahəsinin cizgilərinin faktiki istifadə vəziyyətinə uyğun olduğu qeyd edilmişdir.

40. Bundan başqa, məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixdə torpaq sahəsinin müayinə edilməsi məqsədilə yerində baxış təşkil edilmiş, məhkəməyə cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli mütəxəssis tərəfindən tərtib olunmuş arayışı təqdim olunmuş, araşdırılmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edilmişdir: “İddiaçının iddia etdiyi Xaçmaz rayonu Köhnə Xudat kəndində yerləşən 0.10 ha torpaq sahəsi naturada mövcuddur. Həmin torpaq sahəsinin ölçüləri və döngə koordinatları, yerləşmə mövqeyi müəyyən edilmişdir.(buna dair plan-sxem əlavə olunur). İddiaçının iddia etdiyi naturada müəyyən edilmiş torpaq sahəsinin ölçüləri və koordinatları başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsinin ölçüləri və koordinatları ilə üst-üstə düşmür. Xaçmaz rayonu X7 07 nömrəli, 18 aprel 2000-ci il tarixli qərarı ilə X2 adına ayrılmış Xaçmaz rayonu Köhnə Xudat kəndində yerləşən 0.10 ha torpaq sahəsinin sənəd üzrə ölçüləri və koordinatları iddiaçının naturada iddia etdiyi torpaq sahəsinin ölçüləri və koordinatları ilə üst-üstə düşür. (sxemdə əks olunur) X2 adına Xaçmaz rayonu X7 07 nömrəli, 18 aprel 2000-ci il tarixli qərarı ilə ayrılmış Xaçmaz rayonu Köhnə Xudat kənd ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin sənəd üzrə ölçüləri və koordinatları başqa şəxsin mülkiyyətində olan torpaq sahəsinin ölçüləri və koordinatları ilə üst-üstə düşmür. İddiaçının iddia etdiyi naturada mövcud olan torpaq sahəsinin (həm TEKUİS, həm DWJ, həm də torpaq sahəsinin ayrıldığı zaman olan kadastr məlumatları nəzərə alınmaqla) kateqoriyası yaşayış məntəqələrinin torpaqlara aid olmaqla, uqodiyası tikinti altında olan torpaqlara aiddir. X2 adına Xaçmaz rayonu X7 07 nömrəli, 18 aprel 2000-ci il tarixli qərarı ilə ayrılmış Xaçmaz rayonu Köhnə Xudat kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin sənəd üzrə (həm TEKUİS, həm DWJ, həm də torpaq sahəsinin ayrıldığı zaman olan kadastr məlumatları nəzərə alınmaqla)kateqoriyası yaşayış məntəqələrinin torpaqlara aid olmaqla, uqodiyası tikinti altında olan torpaqlara aiddir. İddiaçının iddia etdiyi naturada olan torpaq sahəsinin yerləşmə mövqeyi ilə həmin torpaq sahəsinin sənəd üzrə (Xaçmaz rayonu X7 07 nömrəli, 18 aprel 2000-ci il tarixli qərarı, Xaçmaz rayonu Xudatkənd sovxozunun dövlət mülkiyyətində saxlanılan, bələdiyyə və xüsusi mülkiyyətə verilən torpaqların baş sxemi, Xaçmaz rayonu X7 baş sxemi) yerləşmə mövqeyi arasında fərq, o cümlədən, konfiqurasiya fərqi yoxdur.

41. Beləliklə, cavabdehin apellyasiya şikayətinin müvafiq dəlilləri ilə bağlı mübahisəli hal qalmamış, bununla əlaqədar cavabdeh hər hansı əlavə dəlil və sübut təqdim etməmişdir.

42. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ilk öncə torpaq sahəsinə X2 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

43. Halbuki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsinə əsasən (Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik) müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

44. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır.

45. İddiaçının atası sağlığında bələdiyyə orqanı tərəfindən torpaq sahəsinin ona ayrılması barədə qərar almış, hüququn qeydə alınması üçün Qanunun 8.0.1-ci maddəsində olan əsas mövcud olmuş, nəticədə torpaq sahəsinə əşya hüququ əldə etmişdir. Lakin o, torpaq sahəsinə hüququ əldə edən çıxarış almadan ölmüşdür. Bu halda mübahisə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə uyğun nizama salına bilər.

46. İddiaçı mərhum atasına ayrılmış torpaq sahəsinə görə hüququn qeydə alınması üçün hüququn ölmüş şəxsə, yəni mərhum atasına məxsus olması haqqında arayışı almaq üçün cavabdehə müraciət etməli, cavabdeh tərəfindən torpaq sahəsinə hüququn onun mərhum atasına məxsus olmasında dair arayış verildikdən sonra həmin arayış notariat orqanına təqdim edilməlidir.

47. Birinci instansiya məhkəməsi isə qeyd edilən maddi hüquq normasının tələbini nəzərə almadan iddianı təmin etmişdir.

48. AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

49. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir.

50. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddianın dəqiqləşdirilməsi barədə məhkəmə kollegiyasına ərizə təqdim etmişdir. Ərizədə edilən dəyişikliyin–dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, kollegiya ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.

51. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Xaçmaz rayonu X7 07 nömrəli, 18 aprel 2000-ci il tarixli qərarı ilə ayrılmış, Xaçmaz rayonu Köhnə Xudat kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi (fərdi məişət xidməti obyektlərinin tikintisi məqsədi ilə ayrılmış) üzərində mülkiyyət hüququnun X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir.

52. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(118)-1379/2022 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Xaçmaz rayonu X7 07 nömrəli, 18 aprel 2000-ci il tarixli qərarı ilə ayrılmış, Xaçmaz rayonu Köhnə Xudat kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi (fərdi məişət xidməti obyektlərinin tikintisi məqsədi ilə ayrılmış) üzərində mülkiyyət hüququnun X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar