Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-136/2022 08.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 09 avqust 2021-ci il, 2-1(118)-882/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1965-ci ildə Şabran rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi sıralarında Vətənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək, öz vəzifə borcunu yerinə yetirmişdir, lakin veteran vəsiqəsini ala bilməmişdir. Dəfələrlə müraciət etsə də, xidməti ezamiyyətə göndərilməsi barədə verilmiş əmrlər, eləcə də qeydiyyat jurnalları tapılmadığına görə onun müraciəti baxılmamış saxlanılmışdır. 02.05.1992-ci il tarixdən 03.12.2013-cü il tarixədək polis çavuşu olaraq DİN Şabran rayon Polis şöbəsi yanında Mühafizə alayında xidmət etmiş və cəbhə bölgələrində xidməti ezamiyyətlərdə olmuşdur. 1992-ci ilin iyun ayında Qubadlı rayonunun Novlu kəndində, 1992-ci ilin dekabr ayında Cəbrayıl rayon Daşbaşı kəndində, 1993-cü ilin fevral ayında yenə də Cəbrayıl rayon Daşbaşı kəndində, 1993 -cü il iyul ayında Goranboy rayon İlqarlı kəndində, 1993-cü ilin sentyabr ayında Qubadlı rayon Xocahan kəndində döyüş əməliyyatlarında iştirak etmiş, bu xidmət zamanı cinayətkar Məşədi bəyin tərksilah edilib həbs olunmasını təmin etmişdir. Bütün bu ezamiyyətlər dövründə onunla bərabər xidmət etmiş olan əməkdaşlar veteran adını və vəsiqəsini əmək kitabçasında işlədiyi müddət qeyd edilərkən döyüş bölgələrində olduğu ezamiyyət günləri ayrıca nəzərə alınmışdır. Eləcə də 25 iyun 1992-ci ildə 245 saylı əmrlə Qubadlı rayonunda döyüş zonasında olduğu 08.10.1998-ci il tarixdə 2035 saylı arayışla təsdiq olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 09 avqust 2021-ci il, 2-1(118)-882/2021 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 09 avqust 2021-ci il, 2- 1(118)-882/2021 saylı qərarının ləğv edilib, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı müharibə veteranı vəsiqəsilə təmin olunması barədə müraciəti əsasında Nazirliyin X2 İdarəsində araşdırma aparılarkən DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə verilmiş sorğu əsasında həmin Baş İdarədən daxil olmuş 07.06.2019-cu il tarixli 012-15854-1221 nömrəli məktubdan, eyni zamanda Şabran Rayon Mühafizə Bölməsinin 1992-1994-cü illəri əhatə edən əmrlərinə baxılarkən sonuncunun döyüş əməliyyatlarında iştirakı barədə məlumat müəyyən edilməmişdir. Həmin faktın müəyyən edilməsi məqsədilə bir daha onlar tərəfindən DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya və Baş Müdafiə İdarəsinə, eləcə də Şabran Rayon Polis Şöbəsinə sorğu xarakterli məktublar göndərilmiş, lakin İddiaçı döyüş əməliyyatlarında iştirakı faktını təsdiq edən hər hansı məlumat aşkar olunmamışdır. Məhz qeyd olunan səbəblərdən məhkəmə tərəfindən İddiaçı həqiqətən ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi faktı təkzibedilməz dəlillərlə tam müəyyən edilmədiyindən, ona müharibə veteranı adının verilməsi ilə bağlı tərəflər arasında mübahisəli vəziyyət yaranmışdır. Apellyasiya şikayətində Sumqayıt İnzibati Məhkəməsinin 09 avqust 2021-ci il, 2-1(118)-882/2021 saylı qərarının ləğv edilib, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini və Sumqayıt İnzibati Məhkəməsinin 09 avqust 2021-ci il, 2- 1(118)-882/2021 saylı qərarının ləğv edilib, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Sumqayıt İnzibati Məhkəməsinin 09 avqust 2021-ci il, 2-1(118)- 882/2021 saylı qərarı ləğv edilməklə iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi X2 İdarəsi tərəfindən ünvanlanmış 06.04.2021-ci il tarixli məktubda bildirilmişdir ki, xx.xx.1965-ci il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan vət. İddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş zonalarına ezam olunması barədə DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən X2 İdarəsinə ünvanlanmış 07.06.2019-cu il tarixli, 012-15954-1221 nömrəli məktubda vət. İddiaçı 02.04.1992-ci ildən 11.10.2002-ci ilədək və 16.04.2004-cü ildən 03.12.2013-cü ilədək daxili işlər orqanlarında xidmət etdiyi, lakin arxiv şəxsi işinin xidmətkeçmə siyahısında onun döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aşkar edilməmişdir. Eyni zamanda vət. İddiaçı xidmət etdiyi Şabran rayon mühafizə bölməsinin əmrləri Nazirliyin arxivinə təhvil verilmədiyindən rayon polis şöbəsinin 1992-1994-cü illəri əhatə edən əmrlərinə baxılmış və onun döyüş bölgəsinə ezam olunması barədə heç bir əmr müəyyən edilməmişdir (i/v 22). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən: - müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğunluğunin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun 09 iyul 2007-ci il tarixli Qərarında göstərilir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İş üzrə İddiaçı iddia ərizəsində qeyd edir ki,Şabran (Dəvəçi) RPŞ tərəfindən verilmiş 08 iyul 1992-ci il tarixli, 245 nömrəli əmrlə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etmək üçün döyüş bölgəsinə ezam olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən cavabdehin qeyd olunan dəlillinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müvafiq sorğu verilmiş və bununla əlaqədar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi X2 İdarəsi tərəfindən 26.02.2022-ci il tarixli məktubla sorğuya cavab olaraq bildirilmişdir ki, Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya, Baş Mühafizə İdarələrində və Şabran Rayon Polis Şöbəsində saxlanılan 1992-1994-cü illəri əhatə edən əmrlərə baxılarkən göstərilən əmr, eləcə də vətəndaş İddiaçı ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı barədə heç bir qeydiyyat müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçı daxili işlər orqanlarında xidmət etmiş olsa da, onun döyüş bölgəsinə ezam olunması barədə əmrin mövcudluğu iş materialları ilə təsdiq olunmur. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 avqust 2021-ci il, 2-1(118)-882/2021 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarından təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-136/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-136/2022
08.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver