Məhkəmə qərarları › İş №2-1(105)-1361/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1361/2025

13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1361/2025 13.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, Hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-8393/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. X12 məxsus İ-PД seriyalı, 880123 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə Rusiya, Lipetsk vilayəti, Krasninski rayonu, İşenno kəndində anadan olmuşdur.

2. X3 məxsus İİ-PД seriyalı, 515990 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə Rusiya, Lipetsk vilayəti, Krasninski rayonu, İşenno kəndində anadan olmuşdur.

3. X13 məxsus İİ-PД seriyalı, 560568 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə Rusiya, Lipetsk vilayəti, Krasninski rayonu, İşenno kəndində anadan olmuşdur.

4. İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək, X4 ilə birgə nikahlarından doğumuş Rusiya Federasiyasının vətəndaşları olan azyaşlı övladlarının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasını xahiş etmişdir.

5. Azərbaycan Respublikası Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 10085478, 10085494 və 10085511 nömrəli “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2025-ci il tarixli qərarlarında qeyd edilmişdir ki, təqdim edilən sənədlər araşdırılmaqla aşağıdakı səbəblərdən belə nəticəyə gəlinmişdir ki, şəxs Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Belə ki, araşdırma nəticəsində şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığı mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci bəndini və 4.4-cü bəndini rəhbər tutaraq xx.xx.2018-ci il təvəllüdlü X14, xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X8 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini tanınmaması qərar alınmışdır.

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin hərəkətləri qanunsuz hesab edilərək, övladları 07 iyun 2018-ci il təvəllüdlü X14, 10 dekabr 2019-cu il təvəllüdlü X9 və 19 dekabr 2022-ci il təvəllüdlü X8 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, St.Sumqayıt, D/Y PÇ-14 ünvanında qeydiyyatdadır. Milliyyəti azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşıdır. Bildirir ki, milliyyəti azərbaycanlı və Azərbaycan Respublikasının vətəndaşı X4 ilə ailə həyatı qurmuş, üç övladı Rusiya Federasiyasında anadan olmuşdur və Rusiya Federasiyasının vətəndaşlarıdır və onlara bu barədə pasport verilmişdir: 07 iyun 2018-ci il təvəllüdlü X14, 10 dekabr 2019-cu il təvəllüdlü X10 və 19 dekabr 2022-ci il təvəllüdlü X15. İddiaçının həyat yoldaşı vəfat edib. Azyaşlı uşaqların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin müraciətinə müsbət cavab verilməmiş və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında xx.xx.2025-ci il tarixli 10085478 saylı, xx.xx.2025-ci il tarixli 10085511 saylı və xx.xx.2025ci il tarixli 10085494 saylı qərarlar qəbul edilmişdir. Həmi qərarlarla razılaşmır və heab edir ki, iddia tələbi əsaslıdır.

8. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, İddiaçı X11, X2 və X1i nümayəndəsi kimi xx.xx.2025-ci il tarixdə Xidmətə müraciət edərək, onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-cü bəndlərinə əsasən, onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2025-ci tarixli 10085478, 10085494 və 10085511 nömrəli qərarlar qəbul edilmişdir. Xidmət sözügedən şəxslərlə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sözügedən şəxslər Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş və Rusiya Federasiyasına məxsus pasportla müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmişdir. Göründüyü kimi, X14, X6 və X15 Xidmətin araşdırmasına qədər Rusiya Federasiyasının vətəndaşları olmuşlar və heç bir halda vətəndaşsızlıq halında olmamışlardır. Bu səbəbdən, şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bu da onu deməyə əsas verir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması məsələsi “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Konvensiyanın tələblərinə ziddir. Belə ki, Konvensiyanın 4.1-ci maddəsinə əsasən, Razılığa gələn Dövlət öz vətəndaşlığını, əks halda vətəndaşlığı ola bilməyən, ərazisində doğulmamış şəxsəhəmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa verir. Şəxs doğularkən onun valideynlərinin vətəndaşlığı eyni olmayıbsa, maraqlı şəxsin vətəndaşlığının atasının, yaxud anasının vətəndaşlığı üzrə getməsi məsələsi Razılığa gələn həmin Dövlətin qanunvericiliyi əsasında müəyyən edilir. Qeyd etmək lazımdır ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydası 1.2-ci bəndinə əsasən, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. Bununla da, sözügedən Qaydanın əsas məqsədinin vətəndaşsızlıq hallarının aradan qaldırılması olduğu görülməkdədir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən, “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; Göründüyü kimi, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vətəndaşlığı itirilməsi üçün əsas olduğundan mahiyyət etibarilə Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəalarına və o cümlədən, qanunvericiliyin yuxarıda göstərilən müddəalarına ziddir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-8393/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim Mehriban Mahmudlu-Abbaszadə)

10. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. İddiaçının övladları X14, X5 və X8 Rusiya Federasiyasının ərazisində doğulmuş və hazırda Rusiya Federasiyasının vətəndaşlarıdır və xx.xx.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatının olduğu müəyyən edilməmişdir. Ona görə də, iddiaçının övladlarının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün əsas yoxdur, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Ona görə də, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.

11. Qərardan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, istər iddiaçı istərə də, onun həyat yoldaşı Azərbaycan Respublikasının vətəndaşlarıdır. Belə olan halda övladlarının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyi cavabdehin üzərinə qoyulmaldır.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Tərəflər məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlmədiklərinin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun:

14. Maddə 5. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. (... ) Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 11. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi əsasları Şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; (...) Maddə 18. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; (...)

“Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli, 84 nömrəli Qərarı:

15. 1. Ümumi müddəalar 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Dövlət Miqrasiya Xidməti) tərəfindən həyata keçirilir.

4. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

16. Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

18. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

20. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

21. Belə ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı övladlarının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinın tanınmasından ibarət olmaqla, tələbinin hüquqi əsası kimi valideynlərindən hər ikisinin Azərbaycan Respublikasının vətəndaşı olması göstərilmişdir. xx.xx.2018-ci il təvəllüdlü X14, xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X8 həm atası, həm də anasının Azərbaycan Respublikasının vətəndaşı olması, yəni iddiaçıların Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs olmaları işin mübahisəsiz halıdır. Azyaşlı uşaqlar Rusiya Federasiyasında doğulduğundan həmin xarici dövlətin qanunvericiliyinə əsasən onların Rusiya Federasiyasının vətəndaşı kimi qəbul edilməsi və bu barədə pasport verilməsi başa düşüləndir. Azyaşlıların anası isə hazırki tələblə onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasını xahiş edir.

22. Cavabdeh iddiaçının bununla bağlı müraciətinin icrasından imtina edərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 84 nöömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11 və 4.4-cü bəndlərinə əsasən iddiaçının üç azyaşlı övladlarının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında qərarlar qəbul etmişdir.

23. İddiaçı tələbinin hüquqi əsası kimi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 11-ci maddəsinin 1-ci hissəsinə istinad edərək AR vətəndaşından doğulan şəxslərin belə vətəndaşlığı əldə etmək hüququnun olduğunu, azyaşlı uşaqların da hər iki valideyninin Azərbaycan Respublikasının vətəndaşı olduğunu nəzərə alaraq həmin normanın onun barəsində tətbiq edilməsini tələb edir.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi və iddiaçının dəlilləri ilə razılaşmayaraq bildirir ki, hazırkı qərarın yuxarıda sadalanan qanunvericilik normalarının tələbi baxımından, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.

25. Həmin Qanunun 18-ci maddəsinin 1-ci hissəsinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.

26. Hazırkı iş üzrə işin tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən, xx.xx.2018-ci il təvəllüdlü X14, xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X15 Rusiya Federasiyasında doğulmuş və Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etmişlər. Belə olan halda, onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Belə ki, sadalanan qanunvericilik normalarının tələbi baxımından, iddiaçının Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır.

27. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

28. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-8393/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar