Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1366/2025 05.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X1 və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən “AVANT Park” yaşayış Kompleksinin 2-ci binasında, 2-ci blok, 11-ci mərtəbə, 4 №-li, bir otaqlı mənzilə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ("xxxx" ASC-nin baş ofisi (Müştəri Xidmətləri Departamenti)) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 17 oktyabr 2025-ci il tarixli, 2-1(118)-770/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç.241 ünvanında yerləşən ‘’AVANT Park" yaşayış Kompleksinin 2-ci binasında, 2-ci blok, 11-ci mərtəbə, 4 №-li, bir otaqlı olan mənzilə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ("xxxx" ASC-nin baş ofisi (Müştəri Xidmətləri Departamenti)) ötürülməsi öhdəliyinin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması və xx.xx.2023-cü il tarixində qəbul edilmiş, **********283000 saylı imtina qərarının ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli 2-1(112)-17524/2023 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2024-cü il tarixli, 2- 1(103)-1795/2024 nömrəli, qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 17524/2023/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadından apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-17524/2023/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya mümkün sayılmamış və apelyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2024-cü il tarixli, 2-1(102)-2003/2024 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2024-cü il tarixli, 2-1(103)-1795/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “ünvan 1 ünvanında yerləşən “AVANT Park” yaşayış Kompleksinin 2ci binasında, 2-ci blok, 11-ci mərtəbə, 4 №-li, bir otaqlı mənzilə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ("xxxx" ASC-nin baş ofisi (Müştəri Xidmətləri Departamenti)) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixində "xxxx" MTK ilə 0546 saylı Payçı müqaviləsini bağlamışdır. Həmin Payçı müqaviləsinə əsasən ünvan 3 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 2-ci binasında, 2-ci blok, 11-ci mərtəbə, 4 №-li, bir otaqlı mənzili almışdır və bu mənzilə görə ƏDV daxil 83 934 (səksən üç min doqquz yüz otuz dörd) manat məbləğində pul vəsaitləri MTK-nın hesablarına mədaxil edilmişdir (mədaxil qəbzlərinin surətləri əlavə olunur). Daha sonra "xxxx" MTK ilə bağlanmış Payçı müqaviləsi və mədaxil qəbzlərinin surətləri əlavə edilməklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı elektron ərizə xx.xx.2023-cü il tarixində müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, **********283000 saylı qərarı ilə yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina etmişdir. (İmtina qərarının surəti əlavə olunur) Cavabdeh öz imtinasını onunla əlaqələndirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasının (bundan sonra Qayda) 5.1.2-ci bəndinə əsasən Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada Satıcının bank hesabına, ƏDV məbləğini isə Satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) Satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Həmin qərarda Cavabdeh özü də təsdiq etmişdir ki, tərəfindən ƏDV ödənilmiş, lakin Qaydanın 5.1.2-ci bəndinə uyğun ödəniş edilməmişdir. Hesab edir ki, bu tamamilə əsassız qərardır. Çünki tərəfindən yaşayış sahəsinin qiyməti ƏDV daxil hesablanıb, MTK-ya ödəniş etsə də, müvafiq qaydada MTK da öz tərəfindən ƏDV məbləğini ödəyib, vergiyə hesabat təqdim etmişdir. Bununla əlaqədar MTK-ya ərizə ilə müraciət etdiyi zaman iddiaçı tərəfindən ödənilmiş ƏDV məbləğinin ƏDV depozit hesabına köçürülməsi və müvafiq qaydada vergiyə hesabat verilməsi barədə MTK tərəfindən ərizəsi cavablandırılmışdır. Bununla da tam təsdiq olunur ki, tərəfindən MTK- nın cari hesabına ödənilmiş ƏDV məbləği MTK tərəfindən müvafiq qaydada ƏDV depozit hesabına köçürülmüşdür. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciət etmişdir. Alıcı İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli elektron ərizəyə 546 nömrəli müqavilə və bank mədaxil qəbzləri əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Qeyd olunan iddiaçı tərəfindən edilmiş uyğunsuzluqlara əsasən, xx.xx.2023-cü il tarixli **********283000 nömrəli Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında qərar qəbul edilərək, iddiaçıya göndərilmişdir. Əlavə olaraq, iş üzrə eyni mahiyyət üzrə çıxarılmış və qanuni qüvvəsini almış Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-2826/2024 nömrəli qərarını vurğulamağı zəruri hesab edirlər. Belə ki, həmin qərarda məhkəmə cavabdehin imtina qərarını haqlı və əsaslı hesab etmişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)- 2912/2024-cü il tarixli qərarı da cavabdehin eyni mahiyyətli olan iş üzrə lehinə çıxarılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 17 oktyabr 2025-ci il tarixli, 2-1(118)-770/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən “AVANT Park” yaşayış Kompleksinin 2-ci binasında, 2-ci blok, 11-ci mərtəbə, 4 №li, bir otaqlı olan mənzilə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ("xxxx" ASC-nin baş ofisi (Müştəri Xidmətləri Departamenti)) ötürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etiraz ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, Qaydanın keçid müddəasının 6.1-ci maddəsinə əsasən aparılmış ödənişlər iki hissəyə bölünmüşdür: Qayda qüvvəyə mindiyi tarixədək ödənişlər (yəni xx.xx.2022-ci ilə kimi), Qayda qüvvəyə mindiyi tarixdən sonrakı ödənişlər (yəni xx.xx.2022-ci ildən sonra) Sözügedən Qaydanın 6.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asıl olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır. İddiaçıya verilmiş imtinanı daha ətraflı araşdırmaq üçün onun ödənişlərinə nəzər yetirilsin: xx.xx.2022-ci il tarixində 26069,00 manat MTK-a mənzilin alınmasına görə nağd qaydada mədaxil edilmişdir. xx.xx.2022-ci il tarixində 57865,00 manat MTK-a mənzilin alınmasına görə nağd qaydada mədaxil edilmişdir. Ödəniş tarixlərindən də göründüyü kimi iddiaçı tərəfindən bütün ödənişlər Qayda qüvvəyə mindikdən yəni xx.xx.2022-ci ildən sonra edilmiş və heç bir ödənişin ƏDV məbləği ayrıca satıcının depozit hesabına ödənilməmişdir. Bu isə vergi orqanının verdiyi imtinanın tam əsaslı olduğunu təsdiqləyir. Həmçinin, müqavilənin standart şərtlərinin MTK, bank və notariat orqanı tərəfindən müəyyən edilməsi və ödənişin birbaşa satıcının hesabına köçürülməsi texniki-prosedur xarakteri daşıyır və heç bir halda iddiaçının iradəsinin ifadə olunmadığı anlamına gəlmir. İddiaçı notariat qaydasında rəsmiləşdirilmiş müqaviləyə imza etməklə bu şərtləri könüllü və sərbəst şəkildə qəbul etmişdir. Məhkəmənin “üçüncü şəxs tərəfindən təqdim edilmiş ƏDV bəyannaməsi” barədə qeydi əsassızdır, çünki qərarda həmin şəxsin kimliyi, sənədin işə hansı qaydada daxil edilməsi və sübut kimi qəbul edilməsinin hüquqi əsasları göstərilməmişdir. Halbuki İPM-nin 12.1 və 12.2-ci maddələrinə uyğun olaraq məhkəmə işin həlli üçün zəruri bütün halları araşdırmalı, MTK tərəfindən iddiaçı adından ƏDV depozit hesabına ödəniş edilibedilmədiyini müəyyən etməli və buna dair sübutlar toplamalı idi. Məhkəmə isə bu əsas faktı araşdırmadan yalnız MTK-nın hesabat təqdim etməsi faktına istinad etmişdir. Məhkəmənin MTK-nın ƏDV-ni büdcəyə ödəməsi barədə qeyd etdiyi arqumentlər də Qaydanın tələblərinə uyğun deyil. Qaydanın 5.1-ci maddəsinə əsasən həm mənzilin dəyəri, həm də ƏDV məbləği birbaşa alıcının özü tərəfindən müvafiq hesablar üzrə ödənilməlidir. Depozit hesaba ödəniş edilməməsi alıcının öz öhdəliyinin pozulmasıdır və bu öhdəlik cavabdehin üzərinə keçirilməməlidir. Məhkəmənin bu məsələni araşdırmadan MTK-nın dövriyyəsinə əsaslanması iddia predmetindən kənara çıxmaqla yanaşı, Qaydanın əsl tətbiq mahiyyətini də təhrif edir. Həmçinin, müvafiq qaydalara əsasən alıcıya ƏDV depozit hesabı barədə məlumatın təqdim edilməsi MTK-nın (satıcının) öhdəliyi olduğu halda MTK bu vəzifədən yayınmışdır. Bu baxımdan cavabdehin imtinası əsaslı olsa da, məhkəmə 3-cü şəxsin onu yanıltması nəticəsində iddia tələbin təmin etmişdir. Bu halda məhkəmənin iddiaçı ilə MTK arasında yaranmış texniki və özünümüdafiə xarakterli problemi əsassız şəkildə cavabdehin üzərinə yönəltməsi hüquqi baxımdan tam yanlış və əsassızdır. Məhkəmə nə iddiaçı tərəfindən depozit hesaba ödəniş edildiyini təsdiq edən əsas bank ödəniş sənədini araşdırmış, nə də MTK tərəfindən alıcı adından belə ödənişin aparılıb-aparılmadığını müəyyən etmişdir. Bu isə həm İPM-nin 12.1 və 12.2-ci maddələrinin, həm də 52-ci maddədə nəzərdə tutulan iddia tələbindən kənara çıxmamaq prinsipinin pozulmasına səbəb olmuşdur. Son olaraq bildirilir ki, iddiaçı tərəfindən sonuncu ödəniş tarixi olan xx.xx.2022-ci il tarixindən hesablanan 90 günlük müraciət müddətinin sonuncu günü xx.xx.2023-cü il təşkil etsə də, iddiaçı bu müddət ərzində cavabdeh vergi orqanına müraciət etməmiş, müraciət yalnız xx.xx.2023-cü il tarixində, yəni qanunvericiliklə müəyyən edilmiş müddət ötürüldükdən sonra təqdim edilmişdir. Bu hal isə iddiaçının müraciət hüququnun da müddət baxımından itirildiyini və cavabdehin imtinasının hüquqi cəhətdən əsaslı olduğunu təsdiq edir. İddiaçı ödənişləri Qayda qüvvəyə mindikdən sonra ƏDV depozit hesabı tələbinə əməl etmədən birbaşa MTK-nın bank hesabına köçürdüyündən, Qaydanın 5.1.2-ci və 6.1-ci maddələrində nəzərdə tutulan şərtlər yerinə yetirilməmiş və cavabdehin imtinası əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi işin predmetinə birbaşa aid olan Qaydanı düzgün tətbiq etməyərək, onun imperativ tələblərini nəzərə almamış və işin mahiyyətindən kənara çıxmaqla əsassız nəticəyə gəlmişdir. Son ödəniş xx.xx.2022-ci il tarixində edildiyi halda, iddiaçı 90 günlük müraciət müddətini (xx.xx.2023) ötürərək yalnız xx.xx.2023-cü ildə müraciət etmişdir ki, bu da tələbin təmin edilməməsi üçün əlavə əsas təşkil edir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 165. Verginin sıfır (0) dərəcəsi ilə tutulması 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilsin (əlavə olunur). ...
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi: ... 2.2. fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi məqsədilə Qaydada nəzərdə tutulan infrastrukturun, o cümlədən portalın, proqram təminatının və vahid elektron məlumat bazasının yaradılmasını, onun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin büdcədənkənar fondu hesabına təmin etsin.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. 2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ... 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); ... 2.0.8. portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi; 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 3.1.2. aşağıdakı tələblərə cavab verən proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini təmin edir:
1. alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaiməfakturaların tərtib edilməsi və həmin elektron qaimə-fakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsi; ... 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: ... 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDVnin qaytarılmasına yol verilmir. ... 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ünvan 1 ünvanında yerləşən “AVANT Park” yaşayış Kompleksinin 2-ci binasında, 2-ci blok, 11-ci mərtəbə, 4 №-li, bir otaqlı olan mənzilə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ("xxxx" ASC-nin baş ofisi (Müştəri Xidmətləri Departamenti)) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş 28 oktyabr 2022-ci il tarixli, 0546 nömrəli payçı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən “Avant Park” yaşayış kompleksinin 2-ci binasında, 2-ci blok, 11-ci mərtəbə, 4 nömrəli, 1 otaqlı mənzil "xxxx" MTK tərəfindən İddiaçı mülkiyyətinə verilmişdir. Eləcə də 28 oktyabr 2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən "xxxx" MTK-nın hesabına 26069 manat məbləğində, 01 noyabr 2022-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən "xxxx" MTK-nın hesabına 57865 manat və 578,65 manat məbləğində ödənişlər köçürülmüşdür. Qeyd edilənlər kollegiya tərəfindən müvafiq sorğu edilərək dəqiqləşdirilmişdir. Həmçinin "xxxx" MTK-nın 22 dekabr 2023-cü il tarixli, 075 nömrəli məktubundan görünür ki, Kooperativə iddiaçı tərəfindən ödənilən ƏDV daxil 83934 manat məbləğin 12803,49 manat ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi ödənilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 yanvar 2026-cı il tarixli, 2-1(105)-1366/2025 nömrəli qərardadı ilə "xxxx" MTK adi cəlb etmə qaydasında üçüncü şəxs qismində hazırkı iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 10 mart 2023-cü il tarixli, **********283000 nömrəli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərardan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə İddiaçı alıcı qismində, yəni satıcıdan yaşayış sahəsini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı olaraq, üçüncü şəxs "xxxx" MTK isə satıcı qismində, yəni ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olaraq iştirak edir. İddiaçı nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödədiyi bank mədaxil qəbzlərini cavabdehə təqdim edərək yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasını xahiş etmişdir. Cavabdehin imtina məktubunda olduğu kimi verdiyi apellyasiya şikayətində əsaslandığı əsas məqam iddiaçı tərəfindən mənzilin dəyəri ödənilən zaman ƏDV məbləğinin ƏDV depozit hesabına deyil, satıcının hesabına ödənilməsi olmuşdur. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, yaşayış sahəsinin dəyərini satıcıya nağdsız qaydada ödədikdən sonra ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması üçün müraciət etmək iddiaçının qanunla nəzərdə tutulmuş hüququdur. Bu hüquq birbaşa olaraq Vergi Məcəlləsində, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda da öz əksini tapmışdır. Belə ki, Vergi Məcəlləsinin 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş 165.6-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Göründüyü kimi, istinad edilən norma fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılmasına dair yeni tənzimləmələr gətirmişdir. Bununla yanaşı, qanun, qaytarılmanın şərtlərinə və qaydasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə normativ tənzimləmələr aparılmalı olduğunu təsbit etmişdir. Bundan sonra, həmin normativ tənzimləmələrin həyata keçirilməsi məqsədilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Sözügedən Qaydanın 5-ci bəndində təsbit edilmiş şərtlərdən göründüyü kimi bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün aşağıdakı şərtlər müəyyən edilib: 1. Yaşayış və qeyri-yaşayış sahələrinin alıcıya təqdim edilməsi; 2. Alıcının yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada ödəməsi; 3. Alınmış yaşayış və qeyriyaşayış sahələrinin dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənilməsi; 4. Yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini tam ödəməsi; 5. Yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaratması və Qaydada nəzərdə tutulmuş sənədləri portala göndərməsi. Alıcı tərəfindən Qaydalarla müəyyən edilmiş şərtlərə uyğun nağdsız ödəmələrin edilməsi, buna imkan verən sistemin mövcudluğunu tələb edir. Buna görə də Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanında, Qaydanın tətbiqini təmin etmək üçün təşkilati-institusional və texniki tədbirlərin görülməsi nəzərdə tutulmuş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki, əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi məqsədilə Qaydada nəzərdə tutulan infrastrukturun, o cümlədən portalın, proqram təminatının və vahid elektron məlumat bazasının yaradılmasını, onun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin büdcədənkənar fondu hesabına təmin etsin. Qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 165.6-cı maddəsi ilə tətbiq olunan “nağdsız qaydada ödənilmiş ƏDV-nin bir hissəsinin (30%-nin) alıcıya qaytarılması” mexanizminin əsas hədəflərindən biri nağdsız hesablaşmaların stimullaşdırılmasından ibarətdir. Belə ki, tikinti bazarında ödənişlərin uzun müddət nağd şəkildə aparılması təcrübəsi geniş yayılmışdı və bu da dövriyyənin şəffaflığının, habelə dövlət büdcəsinə daxilolmaların azalması kimi risklər yaradırdı. Bu baxımdan ƏDV-nin bir hissəsinin qaytarılması, alıcıları nağdsız (bank vasitəsilə) ödənişə həvəsləndirmə mexanizmidir. Həmçinin ƏDV-nin qaytarılması qaydaları, alıcının maraqlarının qorunması və istehlakçı nəzarətinin gücləndirilməsi məqsədinə xidmət edir. ƏDV-nin qaytarılması alıcını aktiv tərəfə çevirir, çünki yalnız rəsmi müqavilə və nağdsız ödənişlə ƏDV-nin 30%-ni geri ala bilir. Bu, alıcıları satıcıdan rəsmi əməliyyat tələb etməyə vadar edir və dolayı yolla satıcını vergidən yayınmamağa məcbur edir. Həmçinin qeyd olunmalıdır ki, nağdsız qaydada ödənilmiş ƏDV-nin 30%-nin alıcıya qaytarılması qaydasının normativ əsasları ikipilləli tənzimlənib. Birinci olaraq Vergi Məcəlləsinin 165.6-cı maddəsində ƏDV-nin 30%-nin alıcıya qaytarılması ümumi prinsip kimi müəyyən edilib (bu maddə əvvəl birinci və ikinci cümlələrdən ibarət olub və 2020-ci il 01 yanvar tarixdən qüvvəyə minib), lakin bunun şərtlərinin və qaydasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq ediləcəyi qeyd edilmişdir. Daha sonra isə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə sözügedən Qayda təsdiq edilib. Ümumiyyətlə, Vergi Məcəlləsinin 165.6-cı maddəsində bəhs olunan “nağdsız qaydada ödənilmiş ƏDV-nin bir hissəsinin (30%-nin) alıcıya qaytarılması”, qanunla əsaslandırma və icra hakimiyyətinin aktı ilə konkretləşdirmə modelinə uyğun məzmunda tənzimləmədir. Buna görə də Vergi Məcəlləsinin 165.6-ci maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən sözügedən Qayda qüvvəyə mindiyi 2022-ci ilin mayın 25-i tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş, ödənişi nağdsız qaydada tam həyata keçirmiş və ya ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizinin qaytarılmasının mümkünlüyü barədə sual yaranır. Çünki yuxarıda qeyd olunduğu kimi Qaydalarla müəyyən edilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin yaradılması üçün tədbirlər məhz 2022-ci il 25 may tarixli Fərmanın icrası qaydasında həyata keçirilmiş, portal xx.xx.2022-ci il tarixdən istifadəyə verilmiş, portalın istifadəyə verilməsi barədə mətbuatda xx.xx.2022-ci il tarixdə saytda rəsmi açıqlama verilmişdir. Həmin vaxta qədər Vergi Məcəlləsinin 165.6-cı maddəsinin əlçatan dərəcədə anlaşılan dispozisiya şərtinə (ödənişin nağdsız qaydada aparılmasına) əməl etməklə, əslində bu qaydanın hədəflərinə mövcud vasitələrlə xidmət etmiş alıcıların mənafelərinin qorunması tələb olunur. Məhz buna görə Qaydanın 6-cı bəndində keçid müddəaları nəzərdə tutulmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il 01 yanvar tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il 25 may tarixədək olan dövr ərzində yaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qəbul edilməsinin mənzil alan şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqlarını nəzərə almaqla nizamlamağa yönəlmişdir. Qaydanın 6.1-ci maddəsindən göründüyü kimi keçid müddəalarının tətbiq edildiyi iki kateqoriyadan olan alıcılar nəzərdə tutulmuşdur: 1. Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş şəxslər; 2. Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılar. Keçid müddəaları 1-ci kateqoriyadan olan şəxslərə bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq, bu Qayda qüvvəyə mindiyi tarixdən sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdiyi halda ƏDV-nin 30 faizinin qaytarılmasını müəyyən edir. 2-ci kateqoriyadan olan şəxslərin də bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq ƏDV-nin 30 faizini almaq hüququ təsbit edilib. Lakin 2-ci kateqoriyadan olan alıcıların (yəni, Qayda qüvvəyə mindiyi tarixədək əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcıların) bu Qayda qüvvəyə mindiyi tarixdən sonra ƏDV-ni depozit hesabına ödəməkdən azad edən norma yoxdur. Hazırkı halda, iddiaçı yaşayış sahəsinə dair müqaviləni xx.xx.2022-ci il tarixdə bağladığından, ödənişlər isə həm Qaydanın qüvvəyə minməsindən əvvəl, həm də sonra aparıldığından yuxarıda qeyd olunan qiymətləndirilmə aparılmalıdır. Qeyd edilməlidir ki, Qaydanın qüvvəyə minməsindən əvvəl aparılan ödənişlərlə bağlı tərəflər arasında mübahisə mövcud deyil. Eyni zamanda, Qaydanın qüvvəyə minməsindən sonra isə iddiaçı tərəfindən aparılan ödənişlərin 5.1.2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olmadığı da işin tərəflər arasında mübahisəli olmayan hallarına aiddir. Bununla yanaşı, xüsusilə nəzərə alınmalıdır ki, Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra alıcıların ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı mövcud olmalıdır. Yalnız belə imkanın mövcudluğu halında ona riayət edilməmənin nəticələri tətbiq oluna bilər. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də o istiqamətdədir ki, bu qəbildən olan işlərə baxarkən məhkəmələr alıcılara təqdim edilməli olan yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsi ilə bağlı texniki imkanların mövcud olub-olmaması nəzərə alınmalıdır. Başqa sözlə, məhkəmə kollegiyası qeyd edir ki, bu qəbildən olan işlərə baxılarkən portalın istifadəyə verildiyi tarix əsas götürülməməli, yuxarıda qeyd edildiyi kimi, satıcının Qaydaya əlavə olunmuş formada elektron qaiməfakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaiməfaktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürə bilməsinə dair texniki imkanlara nə vaxtdan malik olması nəzərə alınmalıdır. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, Qaydalar 2022-ci ilin may ayında qəbul olunsa da, ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi olan portal (https://new.etaxes.qov.az/eportal/az/loqin/) xx.xx.2022-ci il tarixdən istifadəyə verilmiş, portalın istifadəyə verilməsi barədə mətbuatda rəsmi açıqlama xx.xx.2022-ci il tarixdən https://www.taxes.gov.az/az/post/2200 saytında yerləşdirilmişdir. Göründüyü kimi, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” 25 may 2022-ci il tarixdə qüvvəyə minsə də, alıcıların ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı xx.xx.2022-ci il tarixdən yaranmışdır. Hazırkı halda iddiaçı tərəfindən ödənişlər xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində aparıldığından və cavabdeh sonuncu ödənişin aparıldığı tarixədək texniki imkanın mövcud olmasına dair hər hansı mötəbər sübut təqdim etmədiyindən, mənzilin dəyərinə görə ödənilmiş məbləğin ƏDV-nin əvəzləşdirilməsindən imtina qanuni və əsaslı olmamışdır. Kollegiya bir daha qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçı ƏDV məbləğini ƏDV-siz məbləğlə birlikdə üçüncü şəxsin bank hesabına ödəniş edərkən elektron portal istifadəyə verilmədiyindən iddiaçının ƏDV məbləğini inzibati orqanın tələbinə uyğun ödəməsi texniki cəhətdən mümkün olmadığından, iddiaçı tərəfindən mənzilin dəyəri ödənilən zaman ƏDV məbləğinin ƏDV depozit hesabına deyil, satıcının bank hesabına ödənilməsi əsası ilə ƏDV-nin 30 faizinin geri qaytarılmasından imtina etməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(102)-1003/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 2- 1(102)-1182/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 2-1(102)-33/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 2-1(102)-1002/2025 nömrəli qərarlarında da eyni hüquqi mövqe əks olunmuşdur. Bu səbəbdən də kollegiya qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 oktyabr 2025-ci il tarixli, 2-1(118)-770/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.