Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1367/2025 29.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) qarşı “cavabdehin xx.xx.2025-ci il tarixli 3-21-3-41/2-1200/2025 saylı imtinasının əsassız hesab edilməsi və 4,0 ha torpaq sahəsi üzərində icarə hüququnun reyestr qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli, 2-1(118)- 5682/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2025-ci il tarixli 3-21-3-41/2-1200/2025 saylı imtinasının əsassız hesab edilməsi və 4,0 ha torpaq sahəsi üzərində icarə hüququnun reyestr qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu, Həmyəli bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixli, 11 saylı qərarla 4,0 ha torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. Həmin qərara əsasən Şamaxı rayonu, Həmyəli bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı (şərti yararlı) 4,0 ha torpaq sahəsinin əkin əkmək üçün iddiaçıya icarəyə verilməsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şamaxı rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 17/7-617 saylı rəylə etiraz edilmədiyi bildirilmişdir. Daha sonra iddiaçı Şamaxı rayonu, Həmyəli kəndi ərazisində yerləşən 4,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrinin qeydiyyata alınması üçün müraciət etmiş, lakin cavabdeh orqan torpaq sahəsi üzərində onun icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından xx.xx.2025-ci tarixli, 3-21-3-41/2-1200/2025 saylı məktubla imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz olmaqla ikili yanaşmadır. Ona görə ki, qonşuluğundakı torpaq sahələri üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinin icarəyə verilməsi qanuna müvafiq qaydada həyata keçirilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Şamaxı rayonu Həmyəli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 saylı qərarına əsasən iddiaçıya icarəyə verilmiş 4,0 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən örüş torpaqlarına aiddir. Örüş torpaqları isə fiziki şəxslərin icarəsinə 15 (on beş) ildən artıq olmayan müddətə icarəyə verilə bilər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli, 2-1(118)-5682/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı “cavabdehin xx.xx.2025-ci il tarixli 3-21-341/2- 1200/2025 saylı imtinasının əsassız hesab edilməsi və 4,0 ha torpaq sahəsi üzərində icarə hüququnun reyestr qeydiyyatının aparılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim İmran Burcayev). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, torpaq sahəsinə dair icarə müqaviləsinin qüvvədə olma müddəti bitdiyinə görə, İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır ki, İddiaçı icarəsində olan 4.0 ha torpaq sahəsinin qanunla müəyyən edilmiş 15 illik icarə müddəti 2022-ci ildə bitmişdir. Bundan sonra icarə müddəti qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilərdi, lakin bu baş vermədiyindən iddiaçı iddia etdiyi 4.0 ha torpaq sahəsinə icarə hüququnu artıq itirmişdir. Belə ki, Şamaxı rayonu Həmyəli Bələdiyyəsi 4.0 ha örüş torpaq sahəsini 99 il müddətinə iddiaçıya icarəyə vermiş (xx.xx.2007-ci il tarixli icarə müqaviləsi) və bu barədə qərar (20 sentyabr 2007-ci il tarixli 11 saylı qərar) qəbul etmişdir. İcarə müqaviləsi bağlanılarkən və bələdiyyə tərəfindən qərar qəbul edilərkən qüvvədə olan Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndində qeyd edilirdi ki, bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndi örüş torpaqlarının on beş ildən artıq icarəyə verilməsini istisna edir. Belə ki, həmin maddəyə yeni redaksiyada verilsə də və həmin redaksiyada örüş torpaqlarının icarəyə verilmə müddəti ilə bağlı norma əks olunmasa da, nəzərə alınmalıdır ki, elə həmin maddənin 5-ci bəndində qeyd edilmişdir ki, örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. İş materialları ilə də müəyyən olunur ki, icarə müqaviləsi 2007-ci il tarixdə bağlanmış, 2022-ci il tarixdə torpaq sahəsinə dair icarə müddəti başa çatmış, müqavilənin müddəti uzadılmamışdır. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi qeyd edilən örüş torpaq sahəsinə dair icarə müddəti bitdikdən sonra müqavilənin uzadılmamasını nəzərə almamışdır. Birinci instansiya məhkəməsi zəruri araşdırma aparmadan iddianı təmin etmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar tam araşdırılmamış, maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmişdir. Bu da qərarın ləğv edilməsi üçün əsasdır. b) İddiaçı apellyasiya şikayətinə etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi: torpaq sahəsinin hüquqi statusunu, 2007-ci ildə mövcud olmuş normativ aktları, dövlət torpaq xəritəçəkmə komitəsinin Şamaxı rayon şöbəsinin rəyini, tərəflərin hüquq və vəzifələrini tam və obyektiv araşdırmışdır. Qərar maddi və prosessual hüquq normalarına tam uyğundur. Apellyasiya şikayəti formal xarakter daşıyır. Cavabdeh apellyasiya şikayətində: birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktları təkzib edən yeni sübut təqdim etmir; yalnız əvvəlki mövqeyini təkrarlayır; məhkəmə qərarının icrasından yayınmaq məqsədi güdür. Bu isə İnzibati Prosessual Məcəllənin tələblərinə ziddir. "Örüş torpağı" arqumenti hüquqi əsasdan məhrumdur. Torpaq sahəsi 2007-ci ildə bələdiyyə tərəfindən qanuni əsaslarla icarəyə verilmişdir; həmin dövrdə bələdiyyələrin örüş torpaqlarını əkin məqsədilə icarəyə vermək səlahiyyəti mövcud olmuşdur; bitişik ərazilərdə eyni hüquqi statusda olan torpaq sahələrinə çıxarışlar verilmişdir. Bu halda cavabdehin mövqeyi qanun qarşısında bərabərlik prinsipini pozur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydaları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 dekabr 2024-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” qərardadı Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (24 fevral 2023-cü il tarixli 826- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyası) Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri ...
4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 16-cı maddənin 4-cü bəndin ikinci abzasının ikinci cümləsində "yenidən uzadılır" sözləri "keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər" sözləri ilə əvəz edilmişdir). Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Qanun Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1 Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2 Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
“İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 yanvar 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi nəzərə alınmışdır. İddia ərizəsindən və iş materiallarından göründüyü kimi hazırkı mübahisənin əsasını cavabdehin iddiaçının icarəsinə verilmiş Şamaxı rayonu, Həmyəli kəndində yerləşən 4.0 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində icarə hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqan isə iddiaçının tələbindən imtina edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verildiyinə görə və İddiaçı nuqeydiyyata aldırmaq istədiyi torpaq sahəsinin 15 illik icarə müddəti bitdiyi üçün ərizəsinin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı işin halları ilə müəyyən olunur ki, Şamaxı rayonu Həmyəli Bələdiyyəsi 4.0 ha örüş torpaq sahəsini 20 sentyabr 2007-ci il tarixli icarə müqaviləsi əsasında iddiaçıya 99 il müddətinə icarəyə vermiş və bu barədə 20 sentyabr 2007-ci il tarixli, 11 nömrəli qərar qəbul etmişdir. Eləcə də iş materiallarına əlavə olunmuş cavabdeh inzibati orqan tərəfindən tərtib edilən 10 iyul 2025-ci il tarixli müayinə aktından görünür ki, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşməklə bələdiyyə mülkiyyətinə aiddir. Həmçinin mütəxəssis rəyindən görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi DWJ məlumatlarında (torpaq islahatının nəticələrini özündə əks etdirən xəritə materialı) və elektron uçot məlumatlarında (TEKUİS) kənd təsərrüfatı təyinatlı (örüş) bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi qeyd olunmuşdur. Kollegiya buna əsasən qeyd edir ki, göründüyü kimi mübahisəli torpaq sahəsi əvvəlki dövrlərdə və hazırda da kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi olmaqla bələdiyyə mülkiyyətində olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, icarə müqaviləsi bağlanılarkən və bələdiyyə tərəfindən qərar qəbul edilərkən qüvvədə olan Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndində qeyd edilirdi ki, bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Lakin göründüyü kimi iddiaçı ilə bağlanan icarə müqaviləsi qanunvericiliyin tələbinə uyğun olmamaqla 99 il müddətinə bağlanmışdır. Belə ki, sözügedən müqavilə 15 il müddətinə bağlana bilərdi, eləcə də 15 il müddət tamam olduqdan sonra isə yeni müqavilə bağlanmaqla icarə müddəti uzadıla bilərdi. Lakin hazırki iş üzrə qeyd olunan halların mövcudluğu görünmür. Bu səbəbdən də kollegiya inzibati orqanın imtinasını əsaslı hesab edir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndi hazırda yeni redaksiyada verilsə də və həmin redaksiyada örüş torpaqlarının icarəyə verilmə müddəti ilə bağlı norma əks olunmasa da, nəzərə alınmalıdır ki, elə həmin maddənin 5-ci bəndində qeyd edilmişdir ki, örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının 21-ci bəndinə qeyd edilmişdir ki, örüş sahələrinin və biçənəklərin istifadəyə və icarəyə verilməsi bu Qaydaların İİ və İİİ bölmələrinə uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların İİ və İİİ bölmələri yay və qış otlaqlarının bölünməsi, istifadə və icarəyə verilməsini tənzimləyir ki, İİİ bölmənin 13-cü bəndi bu qəbildən olan torpaq sahələrinin icarəsi müddətini bir qayda olaraq 10 ildən 15 ilədək müəyyən etmişdir. Beləliklə, 99 il müddətinə bağlanmış icarə müqaviləsi qanunvericiliyə uyğun gəlmir və bu, mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Beləliklə də, qanunvericilikdə dəyişikliklər olsa da, həmin hallar iddiaçının hüquqi vəziyyətində müsbətə doğru hər hansı dəyişiklik olmasına səbəb olmamışdır. Belə ki, yuxarıda da istinad olunduğu kimi istər icarə müqaviləsi bağlanarkən qüvvədə olan qanunvericilikdə, istərsə də hazırda qüvvədə olan qanunvericilikdə bələdiyyənin ehtiyat fondunun örüş və biçənək sahələrinin hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilməsi öz əksini tapmışdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, icarə müqaviləsinin müddəti bitdikdən sonra, icarə müddətinin uzadılması yalnız qanuni prosedurlarla mümkündür. Həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən isə, icarə müqaviləsinin müddəti başa çatdıqda (2022-ci ildə), müqavilənin uzadılması yalnız torpaq hərracı və ya müsabiqəsi yolu ilə həyata keçirilməli idi. Belə ki, qanunvericiliyin başqa bir mühüm tələbi bələdiyyə torpaqlarının icarəyə verilməsi prosedurunun düzgün aparılması ilə bağlıdır. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və digər əlaqəli normativ aktlara əsasən bələdiyyə torpaqlarının icarəyə verilməsi yalnız bələdiyyə qərarına və tərəflər arasında bağlanmış müqaviləyə əsaslanaraq həyata keçirilə bilər. Belə ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinin tələbinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşutəsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və həmin Qanunla bələdiyyə torpaqlarının idarə olunması sahəsində ciddi islahatlar həyata keçirilmiş, bələdiyyə torpaqlarının satışı və icarəsinin torpaq hərracları və ya müsabiqələri vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu dəyişikliklərin edilməsində əsas məqsəd torpaqların satışı və icarəsi sahəsində şəffaflığın təmin olunması, bazar iştirakçıları üçün bərabər imkanların yaradılması və digər neqativ halların qarşısının alınması olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya torpaq sahəsi ayrılan vaxt qüvvədə olan qanunvericilikdə (həmçinin indiki qanunvericiliyin tələbinə də uyğun olaraq) örüş torpaq sahəsinin 15 il müddətinədək icarəyə verilməsinin mümkünlüyü təsbit edilmişdi, həmin müddət başa çatdıqda (2022-ci ildə) qüvvədə olan Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən icarə müqaviləsi qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilərdi. Göründüyü kimi iddiaçının icarə hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsaslar mövcud olmamışdır. Kollegiya həmçinin qeyd edir ki, hazırki işin halları ilə oxşar xüsusiyyətlərə malik olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-49/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli qərarında da eyni hüquqi mövqe əks olunmuşdur. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki, “...nə qədər ki, iddiaçıya torpaq sahəsi ayrılan vaxt qüvvədə olan qanunvericilikdə (həmçinin, indiki qanunvericiliyin tələbinə də uyğun olaraq) örüş torpaq sahəsinin 15 il müddətinədək icarəyə verilməsinin mümkünlüyü təsbit edilmişdi, həmin müddət başa çatdıqda (2019-cu ildə) qüvvədə olan Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən icarə müqaviləsi qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilərdi...” Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Belə olan təqdirdə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində zəruri araşdırma aparmadan natamam sübutlar əsasında iddanı təmin etmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli, 2-1(118)-5682/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə) qarşı “cavabdehin xx.xx.2025-ci il tarixli 3-21-3-41/2-1200/2025 saylı imtinasının əsassız hesab edilməsi və 4,0 ha torpaq sahəsi üzərində icarə hüququnun reyestr qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.