Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-137/2024 23.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və və X4 ibarət tərkibdə, X15 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X7 və X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2-1(118)-184/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı ilk dəfə xx.xx.2012-ci il tarixində Tibbi Sosial Ekspert Komissiyasında müayinədən keçmiş və ona “Arterial hipertenziya İİ dərəcə əlavə risk İV” diaqnozu ilə bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra əlillik hər dəfə 1 il müddətinə olmaqla, 2016-cı ilədək, 2016-cı ildə 5 il müddətinə uzadılmışdır. Əlillik müddəti bitdikdən sonra İddiaçı barəsində Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixli, 0215003AABXM nömrəli göndəriş rəsmiləşdirilmiş, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qeyd edilən göndəriş xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək “Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra İddiaçı tibb müəssisələrində ambulator və stasionar müalicələr almış, daha sonra onun barəsində xx.xx.2021-ci il tarixli, 0215003AAC5J nömrəli (Forma 88) göndəriş tərtib edilmişdir. TSEK-ə göndəriş zamanı İddiaçı əsas diaqnozu: XBT 10 İ11.9 “Durğunluq, ürək çatışmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi, Arterial hipertenziya İİ dərəcə, ə.r. İİİ dərəcə”, Ağırlaşmaları: İ25 “Ürəyin xroniki işemik xəstəliyi”, İ67.4 “Hipertenziv ensefalopatiya”, İ20.8 “Stenokardiyanın digər formaları, gərginlik stenokardiyası”; yanaşı xəstəliklər: E11.9 “İnsulindən asılı olmayan şəkərli diabet, ağırlaşmalarsız şəkərli diabet tip 2”; K76.0 “Qaraciyərin, başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası, qaraciyərin piy distrofiyası”, G63.2 “Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü, 4 işarəsi ilə) diabetik polinevropatiya”, F48.0 “Nevrasteniya, asteno nevrotik vəziyyət”, H52.4 “Presbiopiya” qeyd edilmişdir. Həmin göndəriş DTSERA tərəfindən elektron qaydada qiymətləndirilmiş, “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: stasionar müalicəsi yetərli deyil. İxtisaslaşmış stasionar müalicəyə ehtiyacı var" səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona təyin olunmuş ikinci qrup əlilliyin bərpa olunması barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya “baş beyin qan dövranının xroniki çatmamazlığı (ateroskleroz. hipertaniya xəstəliyi, onurğanın potologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibulyar pozğunluqları, görmə pozğunluqları və ya piramid çatmamazlıq” diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Bununla yanaşı, o, şəkərli diabet xəstəsidir. Əlillik müddətinin bitdiyi tarixdən ona yenidən əlilliyin təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş, lakin müalicə müddətinin yetərli olmaması əsası ilə müraciətinə imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və “Arterial hipertenziya İİ dərəcə əlavə risk İV” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra həmin xəstəxananın xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və ona “Baş beyin qan dövranının xroniki çatmamazlığı (ateroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və həmin diaqnozla beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə həmin xəstəxananın xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “(durğunluq) ürək çatışmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi, arterial hipertaniya İİ dərəcə, ə.r İİİ Ürəyin işemik xəstəliyi. Hipertenziv ensefalopatiya mitral qapaq çatışmamazlığı, insulindən asılı olmayan şəkərli diabet tip 2” diaqnozuna “əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2012-dən sonra stasionar müalicəsi yoxdur, yazılan diaqnoz və ağırlaşmalar əlillik təyin etməyə əsas vermir, ixtisaslaşmış xəstəxanada ətraflı müayinə və müalicə məsləhətdir" səbəbi ilə imtina verilmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, xx.xx.2021-ci il tarixdən ona ikinci qrup əlilliyin təyin olunması barədə müvafiq aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2-1(118)-184/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. (hakim L.Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə icraatı zamanı Məhkəmə- Tibbi Ekspertiza və X10 publik hüquqi şəxsi tərəfindən verilmiş T163/2023 nömrəli ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda əvvəllər ona əlilliyin təyin edilməsinə əsas vermiş xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır. Məhkəmə hesab edir ki , iddiaçıda onda əvvəllər əlilliyin təyin olunmasına əsas vermiş xəstəliklər davam etdiyi halda, inzibati orqan tərəfindən ona əvvəllər əlilliyi təyin etdiyi əsaslarla hal-hazırda əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. Beləliklə, iddiaçı ona 11 yanvar 2021-ci il tarixdən ikinci qrup əlilliyin təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında elektron qaydada baxılmış və “[Durğunluq] ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəliyi” diaqnozuna “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: stasionar müalicəsi yetərli deyil. İxtisaslaşmış stasionar müalicəyə ehtiyacı var" səbəbi ilə imtina verilmişdir. Daha sonra həmin göndəriş əsasında iddiaçının əyani müayinəsi həyata keçirilmişdir. 23 iyun 2022-ci il tarixli əyani müayinə qərarına əsasən iddiaçı barəsində tam reabilitasiya - hazırda əlillik əlaməti aşkar edilməməsi barədə qərar verilmişdir. İddiaçının göndərişində qeyd olunmuş “durğunluq ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya]” xəstəliyi istər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı, istərsə də 13 may 2022-ci il tarixli 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilməmişdir. Belə ki, ekspert rəyindən göstərilən xəstəlik və ağırlaşmaların iddiaçıda olması cavabdeh tərəfindən təkzib edilmir. Lakin, həmin diaqnozlar heç bir qanunvericilikdə əlilliyin təyin edilməsinə əsas verən diaqnozlar deyildir. Göründüyü kimi məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq inzibati orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmənin iddiaçıya əvvəlki dövrlərdə eyni diaqnoz əsasında əlillik təyin edilməsi ilə bağlı mövqeyinə münasibətdə bildirir ki, keçmiş təyinatlar barədə qanunsuz və əsassız qərar qəbul etmiş TSEK-in eksperti əmək funksiyalarının icrası zamanı yol verdiyi kobud nöqsanlara görə işdən azad edilmişdir. Bundan əlavə, işə baxan məhkəmə qərarında 17 yanvar 2020-ci ildə qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli, 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları” na istinad etmişdir. Məlum olduğu kimi maddi və ya prosessual hüquq normalarının pozulması qərarın ləğv olunması üçün əsasdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu (göndərişin tərtib olunduğu tarixdə qüvvədə olan redaksiyası): Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli, 595 nömrəli Fərmanı: ...
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; ...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; ... 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, iddiaçının əlillik müddəti bitdikdən sonra onun əlilliyi cavabdeh tərəfindən bir neçə dəfə qiymətləndirilmiş və hər dəfə ona “əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina cavabı verilmişdir. Kollegiya qeyd edilən əsasla edilən imtinanı əsassız sayaraq bildirir ki, işdən güründüyü kimi iddiaçıya 2012-ci ildən 2021-ci ilədək “Arterial hipertenziya İİ dərəcə əlavə risk İV” diaqnozu ilə ümumi xəstəlik səbəbindən davamlı olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. Hazırda da iddiaçıda qeyd edilən xəstəliklər davam edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” nın 1.5.1-ci bəndində qeyd edilmişdir ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndərişin verilməsi üçün əsasdır. Həmin Qaydaların 1.5.3-cü maddəsinə əsasən isə əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. İstinad olunan normalardan göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etdiyi hallarda, təkrar əlilliyin qiymətləndirilməsi zamanı şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı xüsusi şərt nəzərdə tutmur. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müvafiq məhkəmələrə ünvanlanmış “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubun 24-cü və 25-ci bəndlərində də göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi üçün tibbi-sosial ekspert komissiyasına göndərişlərin verilməsi, dolayısı ilə əlilliyin müəyyən edilməsi üçün şəxsin eyni xəstəliklə uzunmüddətli ambulator və ya stasionar müalicə alması şərti mövcuddur ki, bu şərtin ödənilməsi yalnız və yalnız əlilliyin ilkin qiymətləndirilməsində tələb edilir..... Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə, tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyi müəyyən olunan şəxslərin fərdi reabilitasiya proqramını tərtib etmək və onun icrasına nəzarət etmək həmin qurumun fəaliyyət istiqamətlərinə və vəzifələrinə aid edilmişdir və həmin vəzifənin həyata keçirilməsi “X5 hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi” Qaydası ilə tənzimlənir. Beləliklə, həmin arqument əsassız olmaqla, əlilliyin təkrar qiymətləndirilməsinin müalicə müddəti ilə şərtləndirilməsi qüvvədə olan normativ aktların tələblərinə ziddir. Təkrar qiymətləndirmə zamanı yalnız müalicə günlərinin yetərsizliyi səbəbinə istinadla əlilliyin müəyyən edilməsindən imtina oluna bilməz. Həmçinin, iş materiallarından görünür ki, cavabdeh tərəfindən yalnız müalicə günlərinin yetərsizliyi səbəbinə istinadla əlilliyin müəyyən edilməsindən imtina edildiyindən və iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı onun əyani müayinəsi aparılmadığından, birinci instansiya məhkəməsinin qərardadına əsasən, cavabdeh tərəfindən iddiaçının əyani müayinəsi aparılaraq əlillik vəziyyəti qiymətləndirilmiş, müayinə zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyinə görə tam reabilitasiya olması, hazırda əlillik əlaməti aşkar edilməməsi barədə 23 iyun 2022-ci il tarixli qərar qəbul edilmişdir. Beləliklə, cavabdeh ilkin imtinalarda yalnız müalicə günlərinin yetərsizliyi səbəbinə istinad etmiş olsa da, məhkəmə icraatı zamanı, ümumiyyətlə, iddiaçının tam reabilitasiya edildiyini qeyd etmişdir. Bu səbəbdən də, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 publik hüquqi şəxsi tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli, T 163/2023 nömrəli ekspert rəyindən görünür ki, iddiaçı məhkəmə-tibbi müayinədən keçərkən Akademik C.Abdullayev adına X2 göndərilmiş və ona aparılmış müayinələr əsasında “İ20.8, İ11.0, E11.8, İ50.0 - ÜJX stabil gərginlik stenokardiyası İ f.s. hipertoniya xəstəliyi İİ dərəcə (krizli gedişlə), insulindən asılı olmayan şəkərli diabet, insulin tələbi dəqiqləşdirilməmiş ağırlaşmalarla XÜÇ İ F.S AF -55%” diaqnozu qoyulmuşdur, yəni o, hazırda həmin xəstəliklərdən əziyyət çəkir. Eyni zamanda, apellyasiya icraatı zamanı məhkəmə kollegiyası tərəfindən cavabdeh inzibati orqanın iddiaçının əyani müayinəsində iştirak etməyən ekspert-həkimi mütəxəssis qismində cəlb edilməklə, təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Təkrar ekspertiza tədqiqatı üzrə Məhkəmə-Tibbi Ekspertiza və X10 publik hüquqi şəxs (məhkəmə-tibb eksperti X9, cavabdehin tibbi-sosial eksperti X6) tərəfindən verilmiş 19 dekabr 2023-cü il tarixli, T901/2023 nömrəli ekspert rəyi ilə ilkin ekspert rəyində qeyd edilənlər təsdiqlənərək İ67.4 “Hipertenziv ensefalopatiya” diaqnozlu xəstəlik istisna olmaqla, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə göstərilən əsas xəstəlik və ağırlaşmaların hazırda onda aşkar edildiyi qeyd edilmişdir. Əlavə olaraq, göndərişdə qeyd edilən xəstəliklər nəzərə alınmaqla, onun əyani müayinəsində aşkar edilmiş patomorfoloji dəyişikliklərin əlillik dərəcəsinin təyini zamanı istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarla təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın hər hansı bəndinə aid etmək mümkün olmadığı bildirilmişdir. Məhkəmə kollegiyasının sorğusu əsasında Akad.C.M.Abdullayev adına X11 İnstitutu tərəfindən iddiaçının elektro-kardioqramma, exo-kardioqrafiya müayinələri aparılmış və müayinələr nəticəsində məhkəməyə xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli tibbi rəylər, exo-kardioqrafiya və elektro-kardioqramma müayinələrinin nəticələri təqdim edilmişdir. Tibbi rəydən görünür ki, iddiaçının müayinəsi nəticəsində ona “ÜİX stabil gərginlik stenokardiyası İ F.S. Hipertoniya xəstəliyi İİ dərəcə (krizli gedişlə), insulindən asılı olmayan şəkərli diabet, insulin tələbi dəqiqləşdirilməmiş ağırlaşmalarla XÜÇ İ F.S AF-55%” diaqnozu qoyulmuşdur. Eyni zamanda, EXOKQ müayinəsinin nəticəsindən də müəyyən edilir ki, iddiaçıda İ20.8 və İ11.9 kodlu “ÜİX stabil gərginlik stenokardiyası İ F.S. Arterial hipertenziya İİİ dərəcə” diaqnozlu xəstəliklər aşkar edilmişdir. Məhkəmə iclasında tibbi-sosial eksperti X6 rəydə qeyd edilənlərlə əlaqədar izahatında bildirmişdir ki, iddiaçıda göndərişdə qeyd edilən xəstəliklər aşkar edilsə də, həmin xəstəliklərin patomorfoloji dəyişiklikləri əlilliyin təyininə əsas verməmişdir. Belə ki, hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları” nın tələbinə görə, “Hipertoniya xəstəliyi” diaqnozunda əlillik səviyyəsi hədəf orqanların funksiyalarının mülayim və ciddi zədələnməsi ilə müəyyən edilir. Hədəf orqanlarına beyin, ürək, böyrəklər və göz aid olunur. Beyin üçün zədələnmə insult və ensefalopatiyalardır. Böyrəklər üçün minimal zədələnmə “Xroniki böyrək çatışmazlığı İ mərhələ, qanda kreatinin səviyyəsi 123 mkmol/l-dən yüksək olunması” tələb olunur. Göz üçün görmə sinirinin ödemi, qansızma və görmə itiliyinin müvafiq dərəcədə zəifləməsi olmalıdır. Ürək üçün ağırlaşmalar “Miokard infarktı, stenokardiya İİİ f.s, xroniki ürək çatışmazlığı, XÜÇ İİ və İİİ mərhələ” olması tələb olunur. Obyektiv olaraq xəstədə fiziki yük zamanı təngnəfəslik, aşağı ətraflarda ödemlər, (qarın, plevra və perikard) maye toplanması olmalıdır. İddiaçıda heç bir prosedur və açıq ürək əməliyyatı icra olunmamışdır. Şəkərli diabet xəstəliyi üçün əlillik səviyyəsində diabetik nefropatiya, diabetik retinopatiya, diabetik makroangiopatiyalar, aşağı ətrafların pəncə, baldır, bud nahiyəsində amputasiyası” kimi ağırlaşmaların olması tələb olunur. İddiaçıda sadalanan ağırlaşmalardan heç biri aşkar olunmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı keçirilmiş məhkəmə-tibbi ekspertiza tədqiqatı ilə, eləcə də, Akad.C.M.Abdullayev adına X11 İnstitutu tərəfindən verilmiş tibbi rəylərlə müəyyən edilir ki, həqiqətən də iddiaçı 0215003AAC5J nömrəli (Forma 88) göndərişdə qeyd edilən həm əsas diaqnoz, həm də onun ağırlaşmalarından əziyyət çəkir. Kollegiya hesab edir ki, iddiaçı barəsində xx.xx.2021-ci il tarixli, 0215003AAC5J nömrəli göndərişin tərtib edildiyi dövrdə NK-nın 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə qüvvədə olduğundan cavabdehin imtinasının qanuniliyinə həmin Əsasnamənin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməlidir. Göndərişdə qeyd edilən İ11.9 kodlu əsas diaqnoz Əsasnamədə birbaşa öz əksini tapmasa da, onun ağırlaşmaları olan İ20.8 və İ25 XBT kodlu xəstəliklər Əsasnamənin 2.2, 2.2.1-ci bəndlərinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verir. Belə ki, qeyd edilən Əsasnamənin: - 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); ... Eyni zamanda, iddiaçının əsas diaqnozu olan İ11.9 kodlu, onun ağırlaşmaları İ20.8 və İ25 kodlu, habelə yanaşı xəstəlik olan G63.2 kodlu xəstəliklər hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müvafiq olaraq 2-ci "Qan dövranı sisteminin xəstəlikləri” bölməsinin 2.1-ci və 2.2-ci bəndlərində və 11-ci “Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları” bölməsinin 11.2.4-cü bəndində əlilliyin təyininə əsas verən xəstəliklər kimi təsbit edilmişdir. Meyarların 2.1.1- 2.1.3-cü bəndlərinə əsasən İ11.9 kodlu xəstəlik, 2.2.1-2.2.3-cü bəndlərinə əsasən isə İ20.8 və İ25 kodlu xəstəliklər orqanizmin funksiyalarının müvafiq olaraq 35-60, 65-80 və 85-100 faiz pozulmasına görə, 11.2.4.1-ci bəndinə əsasən G63.2 kodlu xəstəlik orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verir. Bundan əlavə, işdən görünür ki, cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 2012-ci il tarixdən etibarən əlillik təyin etmişdir. İddiaçı sonuncu əlillik dövründə müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilsə də, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmişdir. Başqa sözlə, cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 2012-ci ildən etibarən əlillik təyin etsə də, hazırda həmin diaqnozun əlillik təyini üçün əsas olmadığını iddia edir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Belə olan halda, 2012-2021-ci illər aralığında qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Digər tərəfdən, Ali Məhkəmənin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (xx.xx.2024-cü il tarixli, 2-1(102)-4372024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-589/2024 nömrəli, xx.xx.2024-ci il tarixli 2-1(102)-671/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-764/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)- 555/2024 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçı sonuncu əlillik dövründə müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmişsə, şəxsin cari xəstəliyi ona ikinci qrup əlilliyin təyin edilməsinə hüquqi və faktiki əsas yaradır. Kollegiya iddiaçının əyani müayinəsində aşkar edilmiş patomorfoloji dəyişikliklərin əlilliyin təyininə əsas verilməməsi ilə bağlı ekspert rəyinə və tibbi sosial ekspertin məhkəmə iclasında rəy ilə bağlı verdiyi izahatına münasibətdə bildirir ki, hazırkı iş üzrə tətbiq edilməli olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin yuxarıda sadalanan normalarının tələblərindən göründüyü kimi həmin normalarda müvafiq xəstəliklərin patomorfoloji dəyişikləri fərqləndirilməmiş, əlilliyin təyin edilməsinə əsas verən xəstəliklərin XBT kodları göstərilmişdir, hansı ki, həmin kodlu xəstəliklər hazırda iddiaçıda müşahidə edilir. Ona görə də, kollegiya hesab edir ki, qeyd edilən hal iddiaçıya əlilliyin təyinindən imtinaya əsas ola bilməz. Cavabdeh apellyasiya şikayətinin dəlillərində əlavə olaraq bildirmişdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən, diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada, apellyasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Beləliklə, işin qeyd edilən hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası əlilliyin hansı tarixdən təyin edilməli olmasına münasibətdə qeyd edir ki, əlillik müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən sonra iddiaçının əlillik vəziyyəti bir neçə dəfə - xx.xx.2021-ci il tarixli, 0215003AABXM nömrəli göndəriş əsasında xx.xx.2021-ci il tarixdə, daha sonra isə xx.xx.2021-ci il tarixli, 0215003AAC5J nömrəli göndəriş əsasında qiymətləndirilmiş, iddiaçı sonuncu dəfə məhz xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmiş 0215003AAC5J nömrəli göndəriş əsasında əlillik təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncunun imtinası ilə razılaşmayaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının əlillik müddəti 2020-ci ilin dekabr ayının 24-də bitsə də, yuxarıda qeyd edilən səbəblərdən sonuncu, yəni xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmiş 0215003AAC5J nömrəli göndəriş nəticəsində verilmiş imtina hazırkı məhkəmə araşdırmasının predmetini təşkil edir və bu imtinanın əsassız olması öz təsdiqini tapdığından, iddiaçıya məhz həmin göndəriş nəzərə alınmaqla əlillik təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2-1(118)-184/2023 nömrəli qərarı dəyişdirilsin. İddiaçı xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmiş 0215003AAC5J nömrəli göndəriş (Forma 88) nəzərə alınmaqla, ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.