Məhkəmə qərarları › İş №2-1(105)-137/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-137/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-137/2025 26.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər Axundov Toğrul Bəhruz oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Hüseynli Nailə Natiq qızının katibliyi, İddiaçı və nümayəndəsi X6, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya X3rşı 28 yanvar 2022-ci il tarixdən müddətsiz üçüncü dərəcəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2-1(118)- 327/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1987-ci il təvəllüdlüdür. İş materiallarına əlavə edilmiş TSEK-in xx.xx.2016-cı il tarixli müayinə nəticələrindən görünür ki, iddiaçıda X1: XİX sinif – travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri- T90-T98-travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri – T93-aşağı ətraf travmalarının nəticələri; sağ incik sümüyünün yuxarı 1/3-nin qeyri düzgün bitişmiş köhnə qəlpəli sınığı. Sağ baldırın yuxarı yan səthinin böyük ölçülü kobud kelloid çapığı, yumşaq toxuma deffekti, digər oynaqların posttravmatik artrozu. Sağ diz oynağının posttravmatik artrozu. Oynaqların kontrakturası. Sağ diz oynağının kontrakturası. Hipertrofik çapıq; 2.2 İkinci dərəcə əlillik – 2.2.8 etiologiyasından asılı olmayaraq aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30- 32.9, G80-80.9) qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 2M54G60001 saylı, xx.xx.2016-cı il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 2.2 - etiologiyasından asılı olmayaraq, aşağı ətrafın parezi, çanaq oynaqlarının funksiyalarının pozulması (G30-G32.9, G80-80.9) meyarları ilə ikinci dərəcə əlillik təyin edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli (sonuncu) Forma N 88 Tibbi Sosial Ekspert Komissiyasına göndərişin surətindən görünür ki, iddiaçıya “Əsas diaqnoz: T93 aşağı ətraf travmaların nəticələri - sağ baldırın geniş həcmli yaralanmasından sonnra sağ incik sümüyün yuxarı 1/3-nin qəlpəli qeyri-düzgün bitişmiş sınığı, sağ baldırın yuxarı yan səthinin yumşaq toxumasının geniş həcmli toxuma defekti, kobud kellorid dartıcı çapığı; Ağırlaşma M24.5 Oynaqların kontrakturası, sağ diz oynağının fibroz ankilozu, kəskin kontrakturası (bükmə 110 dərəcə, açma 160 dərəcə), sağ aşıq baldır oynağının kəskin kontrakturası (bükmə 100, açma 85 dərəcə), R.26 Hərəkətin və yerişin pozulmaları, sağ aşağı ətrafın funksiyasının kəskin pozğunluğu, qoltuq ağacının köməyi ilə gəzir, M19.1 Digər oynaqların posttravmatik artrozu, sağ aşıq baldır oynağının posttravmatik deformasiyaedici artrozu, 4-cü mərhələ, L91.0 Hipertrofik çağıq, sağ baldırın yuxarı 1/3-nin geniş həcmli kobud kelloid, tez-tez xoralaşan çapıq toxuması, qaşınma, paresteziya; Yanaşı xəstəliklər: D50 Dəmir defisitli anemiya, xroniki anemiya diaqnozları müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X14 1049 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, İddiaçı “Elmi-Tədiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-də xx.xx.2023-cü il tarixdə müayinə zamanı “Sağ incik sümüyünün yuxarı 1/3-də kobud döyənək və qeyri-düzgün bitişmiş sınığı. Sağ diz oynağının deformasiyaedici artrozu İV mərhələ, diz oynağının fibroz ankilozu, kəskin kontraktura (bükmə 150 dərəcə, açma 160 dərəcə). Sağ aşıq-baldır oynağının deformasyaedici artrozu İV mərhələ (bükmə 100 dərəcə, açma 85 dərəcə). Sağ aşağı ətrafın 5.5 sm qısalığı. Sağ baldırın bayır arxa səthlərinin yumşaq toxuma əzələ defekti. İnfeksiyalaşmış kobud ağrılı çapıq toxuması. Yerişin kəskin pozulması, qoltuq ağacı ilə yeriməsi. Ətrafın kəskin funksiya yorğunluğu müəyyən edilmişdir. İş üzrə təyin edilmiş əlavə məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli T821/2023 saylı rəyindən görünür ki, İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmə tibbi müayinədən keçərkən Elmi-Tədqiqat Travmotologiya və Ortopediya institutuna müayinəyə göndərilmiş və komissiya tərəfindən ona “Sağ incik sümüyünün yuxarı 1/3-də kobud döyənək və qeyri-düzgün bitişmiş sınığı, sağ diz oynağının deformasiyaedici artrozu İV mərhələ, diz oynağının fibroz ankilozu, kəskin kontraktura (bükmə 150 dərəcə, açma 160 dərəcə), sağ aşıq-baldır oynağının deformasiyaedici artrozu İV mərhələ (bükmə 100 dərəcə, açma 85 dərəcə), sağ aşağı ətrafın 5,5 sm qısalığı, sağ baldırın bayır-arxa səthlərinin yumşaq toxuma əzələ defekti, infeksiyalaşmış kobud ağrılı çapıq toxuması, yerişin kəskin pozulması, qoltuq ağacı ilə yeriməsi, ətrafın kəskin funksiya pozğunluğu” diaqnozu müəyyən edilmişdir. Eyni zamanda İddiaçı əlillik vəziyyətinin TSEK tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəində tərtib edilmiş Forma TQS N088 göndərişində qeyd edilən “Aşağı ətraf travmaların nəticələri - sağ baldırın geniş həcmli yaralanmasından sonnra sağ incik sümüyün yuxarı 1/3-nin qəlpəli qeyri-düzgün bitişmiş sınığı, sağ baldırın yuxarı yan səthinin yumşaq toxumasının geniş həcmli toxuma defekti, kobud kellorid dartıcı çapığı; sağ diz oynağının fibroz ankilozu, kəskin kontrakturası (bükmə 110 dərəcə, açma 160 dərəcə), sağ aşıq baldır oynağının kəskin kontrakturası (bükmə 100, açma 85 dərəcə), Sağ aşağı ətrafın funksiyasının kəskin pozğunluğu, qoltuq ağacının köməyi ilə gəzir, M19.1 Digər oynaqların posttravmatik artrozu, sağ aşıq baldır oynağının posttravmatik deformasiyaedici artrozu, 4-cü mərhələ, sağ baldırın yuxarı 1/3-nin geniş həcmli kobud kelloid, tez-tez xoralaşan çapıq toxuması, qaşınma, paresteziya; xroniki anemiya diaqnozundakı xəstəliklərdən əziyyət çəkməsi iş materiallarındakı tibbi sənədlərlə təsdiq edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “cavabdehin sonuncu №2M54969006-li xx.xx.2022-ci il tarixli əsassız qərarının ləğv edilməsi və əlilliyin bərpa edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “iddiaçıya xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının hərbi xidmətdə olduğu zaman 26 sentyabr 2007-ci il tarixdə artilleriya divizion ərazisində qışa tədarük üçün meşədə əsgərlər ağac kəsən zaman ağac iki əsgərin üzərinə düşmüş, o, həmin əsgərlərə yardım edən zaman isə kəsilən ağac onun sağ ayağının üzərinə düşmüş və o, huşunu itirmişdir. İnci sümüyünün həmin zaman 1/3 hissəsi qırılmışdır. xx.xx.2007-ci il tarixdən hadisə ilə bağlı 195 nömrəli hərbi hospitala təxliyyə olunmuşdur. xx.xx.2007-ci il tarixdə 230 №-li hərbi hospitala təxliyyə olunaraq xx.xx.2008-ci ilə kimi hərbi hissədə müayinə və müalicə olunmuşdur. 42 gün komada olmaqla, 114 gün, yəni xx.xx.2008-ci ilə qədər müayinə və müalicələr almış, kafi vəziyyətdə hərbi hissəyə qayıtmışdır. Qeyd edilən hadisələrlə bağlı arayışlar, epikrizlər də vardır. Aldığı xəsarətə, yəni travmaya görə xx.xx.2016-cı ildə cavabdeh tərəfindən ona ikinci dərəcə əlillik verilmişdir. Hal-hazırda ağrıları çox artmışdır, yeriyə bilmir. xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə qədər Sumqayıt şəhər X17 xəstəxanasında, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın Travmatologiya şöbəsində müayinə və müalicə almışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər Akademik Z.Məmmədov adına X17 xəstəxanasında müalicə və müayinə almışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər Gəncə şəhəri Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında müayinə və müalicə almışdır. Bütün müayinələrdən keçmişdir və sümük rentgenoqrafikası olmuş, açıq gözlə 1/3 inci sümük sınığı və digər xəstəliklər görünür. xx.xx.2015-ci il tarixdə 7274 № Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat travmatologiya və ortopediya İnstitutu öz arayışı ilə xəsarətin ağırlığını təsdiq etmişdir. Həmçinin Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 X8 və Ortopediya İnstitutunun **********14826№-li xx.xx.2021-ci il tarixli tibbi arayış üzrə verilən tibbi rəydə (diaqnozla) əlilliyə uyğun olması bildirilmişdir. Cavabdeh orqan sonra öz məktubu ilə onda əlilliyin əlamətlərinin təsbit edilmədiyini bildirmişdir. Hesab edir ki, cavabdeh orqanın qeyd edilən dəlili əsassız və qanunaziddir. Cavabdehin iddia tələbinə dair etirazlarının dəlilləri Cavabdehin iddia tələbinə qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 1 nömrəli şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98-Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T93-Aşağı ətraf travmalarının nəticələri. Sağ incik sümüyünün yuxarı 1/3-nin qeyri düzgün bitişmiş köhnə qəlpəli sınığı. Sağ baldırın yuxarı yan səthinin böyük ölçülü kobud kelloid çapığı, yumşaq toxuma deffekti. Digər oynaqların posttravmatik artrozu. Sağ diz oynağının postravmatik artrozu. Oynaqların kontrakturası. Sağ diz oynağının kontrakturası. Hipertrofik çapıq; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9,G80-G80.9)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89- Diz və baldırın travmaları => S80- Baldırın səthi travmaları -> S80.0 - Diz oynağının əzilməsi; Diaqnozun mətni: Aşağı ətraf travmalarının nəticələri, sağ baldırın geniş həcmli yaralanmasından sonra sağ incik sümüyünün yuxarı 1/3-nin qəlpəli qeyri-düzgün bitişmiş sınığı, sağ baldırın yuxarı yan səthinin yumşaq toxumanın geniş həcmli toxuma defekti, kobud kelloid dartıcı çapığı əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sağ baldır əzələlərinin atrofiyası oynaqların kontrakturası, sağ diz oynağının kontrakturası, hərəkət həcmi 10 dərəcə digər posttravmatik qonartrozlar, sağ diz oynağının postravmatik artrozu, daimi ağrı ilə hemiplegiya, sağ incik sinirinin poztravmatik nevriti, sağ aşağı ətrafın parezi, hissiyyatın pozulması, qaşınma, paresteziya; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Keyfiyyətsiz doldurulma-göndərişin natamam doldurulması aparılmış müayinələr diaqnozu təsdiqləmir. Diaqnoz dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX SinifTravmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T93 Aşağı ...; Diaqnozun mətni: T93 Aşağı ətraf travmalarının nəticələri, SAĞ BALDİRİN GENİŞ HƏCMLİ YARALANMASİNDAN SONRA SAĞ İNCİK SÜMÜYÜNÜN YUXARİ 1/3 NİN QƏLPƏLİ QEYRİ-DÜZGÜN BİTİŞMİŞ SİNİĞİ, SAĞ BALDİRİN YUXARİ YAN SƏTHİNİN YUMŞAQ TOXUMANİN GENİŞ HƏCMLİ TOXUMA DEFEKTİ, KOBUD KELLOİR DARTİCİ ÇAPİĞİ Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, SAĞ BALDİR ƏZƏLƏLƏRİNİN ATROFİYASİ Ağırlaşma M24.5 Oynaqların kontrakturası, SAĞ DİZ OYNAĞİNİN KONTRAKTURASİ, HƏRƏKƏT HƏCMİ 10 DƏRƏCƏ Ağırlaşma M17.3 Digər posttravmatik qonartrozlar, SAĞ DİZ OYNAĞİNİN POSTRAVMATİK ARTROZU, DAİMİ AĞRİ İLƏ Ağırlaşma G81 Hemiplegiya, SAĞ İNCİK SİNİRİNİN POSTRAVMATİK NEVRİTİ, SAĞ AŞAĞİ ƏTRAFİN PAREZİ, HİSSİYYATİN POZULMASİ, QAŞİNMA, PARESTEZİYA Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları, SAĞ AŞAĞİ ƏTRAFİN FUNKSİYASİNİN KƏSKİN POZĞUNLUĞU, QOLTUQ AĞACİNİN KÖMƏYİ İLƏ GƏZİR Ağırlaşma L91.0 Hipertrofik çapıq, SAĞ BALDİRİN YUXARİ 1/3 Nİ GENİŞ HƏCMİ KOBUD KELLOİD ÇAPİQ TOXUMASİ, QAŞİNMA, PARESTEZİYA Yanaşı xəstəliklər D50 Dəmir defisitli anemiya. XRONİKİ DƏMİR DEFİSİTLİ ANEMİYA; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb: Sağ aşağı ətrafın qısalığı qeyd edilməyib” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrarən baxılmış və “X1: XİX Sinif Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T93 Aşağı...; Diaqnozun mətni: QEYRİ; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik təyin etmir” barədə qərar qəbul edilmişdir səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında təkrarən baxılmış və “X1: XİX Sinif Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T93 Aşağı ...; Diaqnozun mətni: Aşağı ətraf travmalarının nəticələri, sağ baldırın geniş həcmli yaralanmasından sonra sağ incik sümüyünün yuxarı 1/3 nin qəlpəli kobud döyənəklə qeyridüzgün bitişmiş sınığı, sağ baldırın yuxarı yan səthinin yumşaq toxumanın geniş həcmli toxuma defekti, kobud kelloid dartıcı tez-tez xoralaşan çapıq toxuması, qaşınma, parestenziya xroniki anemiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsisəbəb: diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası’nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinin ehtiyaclarının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2-1(118)-327/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Hüquqi Şəxsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıda əvvəllər əlilliyin təyin olunmasına əsas vermiş xəstəliklər davam etdiyi halda, inzibati orqan tərəfindən ona əvvllər əlilliyi təyin etdiyi əsaslarla hal-hazırda əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)- 618/2023 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə-tibb ekspertizası təyin edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X10 X18 tərəfindən verilmiş T821/2023 nömrəli ekspert rəyində qeyd edilir ki, iddiaçının adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmə tibbi müayinədən keçərkən Elmi-Tədqiqat Travmotologiya və Ortopediya institutuna müayinəyə göndərilmiş və komissiya tərəfindən ona “Sağ incik sümüyünün yuxarı 1/3-də kobud döyənək və qeyri-düzgün bitişmiş sınığı, sağ diz oynağının deformasiyaedici artrozu İV mərhələ, diz oynağının fibroz ankilozu, kəskin kontraktura (bükmə 150 dərəcə, açma 160 dərəcə), sağ aşıq-baldır oynağının deformasiyaedici artrozu İV mərhələ (bükmə 100 dərəcə, açma 85 dərəcə), sağ aşağı ətrafın 5,5 sm qısalığı, sağ baldırın bayır-arxa səthlərinin yumşaq toxuma əzələ defekti, infeksiyalaşmış kobud ağrılı çapıq toxuması, yerişin kəskin pozulması, qoltuq ağacı ilə yeriməsi, ətrafın kəskin funksiya pozğunluğu” diaqnozu müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)- 60/2024 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və iş üzrə təyin edilmiş əlavə məhkəmə-tibb ekspertizasının rəyinə istinad etmişdir. Bundan başqa məhkəmə kollegiyası tərəfindən iddiaçının göndərişdə qeyd edilən xəstəliklərlə əlaqədar Sumqayıt şəhər 1 nömrəli xəstəxanasında göndərişin tərtib olunmasından əvvəl son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olubolmaması ilə bağlı məlumatın məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Sumqayıt şəhər 1 nömrəli xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunun məzmunu ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasında ambulator müalicə və müayinə olunmuş, ambulator kartadan səhifələr təqdim olunmuşdur. Məhkəmə kollegiyası hesba etmişdir ki, 2016-cı ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2024-cü il tarixli 2-1(102)-2043/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2024-cü il tarixli, 2-1 (105)-60/2024 nömrəli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddiaya etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Aşağı ətraf travmalarının nəticələri, Sağ baldırın geniş həcmli yaralanmasından sonra sağ incik sümüyünün yuxarı 1/3-nin qəlpəli qeyri-düzgün bitişmiş sınığı, Sağ baldırın yuxarı yan səthinin böyük ölçülü kobud kelloid çapığı, yumşaq toxuma deffekti. Sağ baldır əzələsinin atrofiyası və üzülməsi. Sağ diz oynağının kontrakturası, hərəkət həcmi 10 dərəcə. Sağ diz oynağının postravmatik artrozu. Daimi ağrı ilə. Sağ incik sinirinin posttravmatik nevriti, sağ aşağı ətrafın parezi, hissiyyatın pozulması, qaşınma, paresteziya. Hərəkətin və yerişin pozulmaları, Sağ aşağı ətrafın funksiyasının kəskin pozğunluğu. Xroniki dəmir defisitli anemiya,” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Belə ki, çapıq toxumalar aşkarlansa da, funksional pozuntular əlilliyə əsas verməmişdir. Nəticədə Azərbaycan Respubl kasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixil 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq “Diaqnoz əlillik təyin etmir” barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahat verərək, cavabdehin apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və nümayəndəsi X11 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçıya 28 yanvar 2022-ci il tarixli müddətsiz 3-cü dərəcəli (orqanizmin funksiyalarının 40% pozulması) əlilliyinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında mütəxəssis qismində iştirak edən Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 saylı Tibbi Sosial Ekspert Komissiyasının həkim eksperti X7 izahat verərək bildirdi ki, hazırda qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının mədudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin tələblərinə görə bir aşağı ətrafın 4-7 sm qısa olması, həmçinin hər iki diz oynağının ankilozu əlillik təyinatına əsas verir. İddiaçı barsəində verilmiş Forma 88 göndərişində həmin diaqnozlar göstərilmədiyindən ona əlilliyin təyinatı üçün əsas yaranmamış olur. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.2. İkinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarət etmə, hərəkətetmə, özünə xidmət etmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, eyni zamanda xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. .... 2.3 Üçüncü dərəcə əlillik travma, xəstəlik və ya anadangəlmə qüsurlar nəticəsində həyat fəaliyyətinin (sosial uyğunlaşma, ünsiyyət, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.Ümumi müddəalar ... 1.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4-cü bənd. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları” na əsasən həyata keçirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7-ci bənd. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş və iddia olunan xx.xx.2022-ci il tarixdə qüvvədə olmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia qismən təmin edilməlidir. Kassasiya instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, “iş materiallarına görə xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022-ci il tarixlərdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçı yalnız xx.xx.2022-ci il tarixli imtina cavabından sonra məhkəməyə müraciət etmiş, ilkin iddia tələbində xx.xx.2022-ci il tarixli imtinanı mübahisələndirərək əlilliyin bərpa edilməsini tələb etsə də, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı həmin məzmunda təmin etmiş, lakin iddiaçıya əlilliyin məhz xx.xx.2021ci il tarixdən (2016-cı ildə təyin edilmiş əlilliyin müddətinin başa çatdığı gündən) təyin edilməli olduğunu əsaslandırmamışdır. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş və iddia olunan xx.xx.2021-ci il tarixdə qüvvədə olmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələbinə görə, bir aşağı ətrafın 7 sm qısa olması (M84.1, M96.0) xüsusi hal kimi nəzərə alınmaqla müddətsiz üçüncü dərəcə əlilliyin təyin edilməsinə əsas verirdi (2.5, 2.5.10). Apellyasiya instansiyası məhkəməsinin əsaslandığı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2022-ci il 01 iyul tarixdən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.32-ci yarımbəndi (ayağın 4-7 sm qısalması) geriyə tətbiq edildikdə belə, bu, iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas vermir. İddiaçıda müəyyən edilmiş “sağ aşağı ətrafın 5.5 sm qısalağı” nəzərə alındıqda, istinad edilən və hazırda qüvvədə olan normanın tələbinə əsasən iddiaçıya “orqanizmin funksiyalarının 40 faiz pozulması” səbəbi ilə müddətsiz əlillik təyin oluna bilər. Bu barədə apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmə iclasında mütəxəssis kimi iştirak edən cavabdehin orqanın həkim-eksperti də məhkəmənin nəzərinə çatdırmışdır. O, cavabdehin imtinasının əsası kimi, həmçinin qeyd etmişdir ki, Göndərişdə ayağın qısalığı qeyd edilmədiyinə görə iddiaçıya əlillik təyin edilməmişdir; əlavə olaraq qeyd edir ki, iddiaçıda diz oynağının funksional əlverişsiz vəziyyətdə ankilozu da aşkar edildiyi halda, əlavə faiz dərəcəsi müəyyən edilməklə əlillik təyin edilə bilər. Apellyasiya instansiyası məhkəməsi mütəxəssisin izahatındakı məlumatları qərarında təsvir etsə də, onlara hər hansı münasibət bildirməmiş, qeyd olunanların əsaslarını və hazırkı icraatda tətbiqi imkanlarını yoxlamamışdır”. Hazırki iş üzrə iddiaçının nümayəndəsi X11 25 dekabr 2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı 28 yanvar 2022-ci il tarixli müddətsiz 3cü dərəcəli (orqanizmin funksiyalarının 40% pozulması) əlilliyinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Əvvəla, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya əlilliyin qiymətləndirilməsi üçün təqdim edilən sonuncu Forma N88 göndərişində aşağıdakı diaqnozlar yer almışdır : “Əsas diaqnoz: T93 aşağı ətraf travmaların nəticələri - sağ baldırın geniş həcmli yaralanmasından sonnra sağ incik sümüyün yuxarı 1/3-nin qəlpəli qeyridüzgün bitişmiş sınığı, sağ baldırın yuxarı yan səthinin yumşaq toxumasının geniş həcmli toxuma defekti, kobud kellorid dartıcı çapığı; Ağırlaşma M24.5 Oynaqların kontrakturası, sağ diz oynağının fibroz ankilozu, kəskin kontrakturası (bükmə 110 dərəcə, açma 160 dərəcə), sağ aşıq baldır oynağının kəskin kontrakturası (bükmə 100, açma 85 dərəcə), R.26 Hərəkətin və yerişin pozulmaları, sağ aşağı ətrafın funksiyasının kəskin pozğunluğu, qoltuq ağacının köməyi ilə gəzir, M19.1 Digər oynaqların posttravmatik artrozu, sağ aşıq baldır oynağının posttravmatik deformasiyaedici artrozu, 4-cü mərhələ, L91.0 Hipertrofik çağıq, sağ baldırın yuxarı 1/3-nin geniş həcmli kobud kelloid, tez-tez xoralaşan çapıq toxuması, qaşınma, paresteziya; Yanaşı xəstəliklər: D50 Dəmir defisitli anemiya, xroniki anemiya”. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iş üzrə təyin edilmiş məhkəmə-tibb və əlavə məhkəmə-tibb ekspertizalarınən rəylərində iddiaçının bir aşağı ətrafının 5.5 sm qısa olması müəyyən edilmişdir və bu diaqnoz göndərişdə öz əksini tapdığı halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2022-ci il 01 iyul tarixdən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.32-ci yarımbəndi (ayağın 4-7 sm qısalması) geriyə tətbiq edildikdə müddətsiz lll dərəcəli əlilliyin təyin olunması üçün əsas ola bilərdi. Lakin həmin diaqnoz Forma N 88 göndərişində göstərilməmişdir. Məhkəmə iclasında mütəxəssis qismində iştirak edən X7 da izah etdi ki, əlilliyin təyin edilməsi üçün əsas ola biləcək diaqnoz – aşağl ətrafın 4-7 sım qısalığı ekspert rəyi ilə müəyyən edilsə də, forma N 88 göndərişində qeyd edilmədiyindən iddiaçıya əlillik təyin edilməmişdir. Bundan başqa bir diz oynağının fibroz ankilozu əlilliyin təyin edilməsi üçün yetərli deyildir. Yalnız hər iki diz oynağının fibroz ankilozu əlilliyin təyin olunması üçün əsas ola bilər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının bir aşağı ətrafının qısalığı ümumiyyətlə, sonuncu 2021-2022-ci illərdə verilən, o cümlədən sonuncu xx.xx.2022-ci il tarixli Forma 88 göndərişində öz əksini tapmamışdır. Halbuki, həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2022-ci il 01 iyul tarixdən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.32-ci bəndinə əsasən müddətsiz 3-cü dərəcəli əlilliyin təyin edilməsinə əsas verir. Bundan başqa cavabdehin nümayəndəsi və mütəxəssis tərəfindən yalnız hər iki diz oynağının fibroz ankilozunun müəyyən edildiyi halda əlilliyin təyin oluna biləcəyi bildirilsə də, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının müraciət etdiyi və imtina aldığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.3.2-ci bəndinə görə dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2,M24.5- M24.6,M25.6,M67.1,M99.0) nəzərdə tutulmuşdur və üçüncü dərəcəli əlilliyin təyinatı üşün əsas verir. Bundan başqa hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2022-ci il 01 iyul tarixdən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4-cü bəndində “digər artrozlar” (M19) bölməsinin qiymətləndirmə hissəsində “diz oynağının funksional əlverisiz vəziyyətdə” diaqnozu müddətsiz əlilliyin təyinatına əsas verir. Məhkəmə kollegiyası iddiaçının əlillik vəziyyətinin 2022-ci ilin yanvar ayında qüvvədə olan Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun təyin edilməli olmasını və həmin Əsasnamədə müddətsiz əlilliyin diaqnoza görə deyil, yalnız ll dərəcəli əlilliyin 10 ildən, lll dərəcəli əlilliyin isə 15 ildən artıq təyin olunduğu halda təyin oluna biləcəyini rəhbər tutaraq hesab edir ki, iddia tələbinin əlilliyin müddətsiz təyin edilməsinə dair hissəsi əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, iddiaçının bir aşağı ətrafının 4-7 sm qısa olması Forma N88 göndərişində və daha sonra əlilliyin qiymətləndirilməsi zamanı öz əksini tapdığı halda o, əlilliyin müddətsiz təyin olunmasını tələb edə bilər. Qeyd olunmalıdır ki, cavabdeh eyni diaqnoz əsasında 2016-cı ildən etibarən ikinci dərəcəli əlillik təyin etsə də, hazırda həmin diaqnozun əlillik təyini üçün əsas olmadığını iddia edir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Belə olan halda, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apeııyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2-1(118)-327/2023 nömrəli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı 28 yanvar 2022-ci il tarixdən üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar