Məhkəmə qərarları › İş №2-1(105)-1373/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1373/2025

24.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1373/2025 24.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2935/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Abşeron rayonu Qobu bələdiyyə Şurasının xx.xx.2007-ci il tarixli, 22 saylı qərarı ilə bələdiyyə perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikmək məqsədilə İddiaçı 0.08 ha torpaq sahəsinin satılması qərara alınmışdır. “Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Qobu bələdiyyəsi ilə İddiaçı arasında 0,08 ha torpaq sahəsinin satılması barədə alqı-satqı aktı bağlanmışdır. Qəbzin surətindən görünür ki, İddiaçı Qobu bələdiyyəsinin hesabına 1200 manat pul köçürmüşdür. Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçının adına yerquruluşu planından çıxarış tərtib edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı məktubundan görünür ki, aparılan araşdırma zamanı Abşeron rayonu Qobu Bələdiyyəsi tərəfindən sizə 0,08 hä torpaq sahəsinin 06 noyabr 2007-ci il tarixdə, 22 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının və ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 15 mart 2011 -cf il tarixində verilməklə, alqı-satqı aktının Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların aiqı-satqısı Qaydaları”na əlavəyə zidd tərtib olunduğu, həmçinin müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin və arxiv arayışının hazırkı ərizənizə əlavə olunmadığı müəyyən edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq bələdiyyənin, və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi müəyyən edilmişdir. Həmçinin sözügedən torpaq sahəsinin bir hissəsinin **********76 reyestr nömrəli çıxarışla başqa şəxsə məxsus sənəd üzrə torpaq sahəsi iiə üst-üstə düşdüyü müəyyən edilmişdir. Abşeron rayonu Qobu bələdiyyəsinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, bələdiyyənin 2000-2015-ci illərə aid sənədləri idarə daxili mühafizə müddəti bitdiyi üçün qanunvericilikdə nəzərdə tutulan qaydada Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Abşeron rayon filialına təhvil verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Abşeron rayonu, Qobu Bələdiyyəsinin 06 noyabr 2007-ci il tarixdə, 22 saylı qərarı ilə Qobu bələdiyyəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarış və plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Abşeron rayon, Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 22 saylı, qərarı ilə ona ayrılmış 0.08 ha torpaq sahəsinin üst-üstə düşən 0.0097 ha hissəsi çıxılmaqla, faktiki mövcud olan mübahisəsiz torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın və torpaq sahəsinin planölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Qobu Bələdiyyəsinin 06 noyabr 2007-ci il tarixdə, 22 saylı qərarı ilə Qobu bələdiyyəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin ona satılması qərara alınmış, dəyəri ödənildikdən sonra torpaq sahəsi ona təhvil verilmiş, həmin tarixdən bu torpaq sahəsi faktiki olaraq istifadəsində olmuşdur. Cavabdehə Abşeron rayonu, Qobu Bələdiyyəsinin 06 noyabr 2007-ci il tarixdə, 22 saylı qərarı ilə Qobu bələdiyyəsi ərazisində istifadə və sahibliyinə verilmiş 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmiş, lakin cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-M-0173- 8/2023 saylı bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Cavabdehin hərəkəti qanunsuz hesab edilməli və tələbi üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayonu Qobu Bələdiyyəsi tərəfindən 0.08 ha torpaq sahəsinin 06 noyabr 2007-ci il tarixdə, 22 nömrəli qərarla ayrılsa da, alqı-satqı aktının 15 mart 2011-ci il tarixdə verilməklə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”na əlavəyə zidd tərtib olunduğu, arxiv arayışının müraciətə əlavə olunmadığı; Torpaq sahəsinin bir hissəsinin **********76 reyestr nömrəli sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşdüyü; müraciət üzrə əlavə edilmiş Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunauyğun formada təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2935/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon, Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 22 saylı, qərarı ilə iddiaçıya ayrılmış 0.08 ha torpaq sahəsinin üst-üstə düşən 0.0097 ha hissəsi çıxılmaqla, faktiki mövcud olan, mübahisəsiz torpaq sahəsi üzərində X1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, bu barədə çıxarışın və torpaq sahəsinin planölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva ). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi iddiaçıya Abşeron rayonu Qobu bələdiyyəsinin 06 noyabr 2007-ci il tarixli, 22 saylı qərarına əsasən satılmış və həmin torpaq sahəsinin iddiaçıya satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 15 mart 2011-ci il tarixli rəyi ilə etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrıldığı dövrdə, yəni 06 noyabr 2007-ci ildə qüvvədə olan redaksiyasında torpaq sahələrinin şəxslərə torpaq hərracları və ya müsabiqələri ilə yanaşı bilavasitə satışının mümkünlüyü də təsbit edilmişdir. Beləliklə bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin bilavasitə satılması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddiaçıya - torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, eyni zamanda iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin müqabilində bələdiyyənin hesabına 1200 (min iki yüz) manat məbləğində pul vəsaiti ödənilmişdir. Abşeron rayon Qobu bələdiyyəsinin 06 noyabr 2007-ci il tarixli, 22 nömrəli qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. Torpaq ahəsinin iddiaçıya satılmasına qərarın və alqı-satqı aktının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. Alqı-satqı aktının arxiv arayışının ərizəyə əlavə olunmaması iddiaçının məsuliyyətinə səbəb ola bilməz. İnzibati orqan tərəfindən alqı-satqı aktının gec tərtib edilməsi və arxiv arayışının müraciətə əlavə olmaması vətəndaşın ziyanına şərh oluna və ona torpaq sahəsinin ayrıldığını təkzib edə bilməz, qeyd olunan hal vətəndaşın əleyhinə şərh olunmamalıdır. Cavabdeh orqan müraciətin təmin edilməsindən imtinanın digər bir əsası kimi isə Abşeron rayonu Qobu bələdiyyəsinin yeruquruluşu planından çıxarışın qanunamüvafiq qaydada təsdiq edilməməsini göstərmişdir. Məhkəmə qeyd olunan dəlilə münasibətdə bildirir ki, tərtib edilmiş yerquruluşu planından çıxarış DT və XK-nın Abşeron rayon şöbəsinin müdiri tərəfindən imzalanmış və möhürlənmişdir. Çıxarışın ləğv edilmiş qanunamüvafiq qaydada təsdiq edilməməsi iddiaçının məsuliyyətinə səbəb ola və onun əleyhinə şərh oluna, həmçinin vətəndaşın mülkiyyət hüquqlarınının məhdudlaşdırılmasına əsas ola bilməz. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 0.0097 ha hissəsinin **********76 reyestr nömrəli çıxarışla üst-üstə düşdüyünü qeyd edilmişdir. Cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin 3-21-3-32/2-3123/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubunda “İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 0.0097 ha hissəsi **********76 reyestr nömrəli çıxarışla üst-üstə düşür” qeyd edildiyi, 3-21-3-32/2-13571/2025 saylı, xx.xx.2025ci il tarixli məktubunda isə elektron məlumat bazasına əsasən, müayinə olunan torpaq sahəsinin 0.0790 ha hissəsinin, 0.0097 ha hissəsi, **********76 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşür” qeyd edildiyi müəyyən edilmişdir. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsinin ölçüsünün 0.079 ha olduğu və həmin torpaq sahəsinin 0.0097 ha hissəsinin başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü, mübahisəsiz torpaq sahəsinin ölçüsünün 0.0693 ha olduğu məlumdur. Sumqayıt İnzibati Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, 2-1(118)-2935/2025 saylı qərarına əsasən isə mübahisəsiz torpaq sahəsinin ölçüsünün 0.0703 ha olduğu qənaətinə gəlmək olur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə ayrılmış 0.08 torpaq sahəsinin faktiki mövcud olan 0.0693 ha hissəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizəsinin nəzərə alınmaqla, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 7.Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: ....7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar;... Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı 0.0693 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərarının tarixi ilə alqı-satqı aktının tarixinin fərqli olması, alqı-satqı aktının müvafiq qaydalara zidd tərtib edilməsi, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin və arxiv arayışının hazırkı ərizənizə əlavə olunmaması, müvafiq yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq bələdiyyənin, və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənməməsi, döngə nöqtələrinin koordinatlarının göstərilməməsi, sözügedən torpaq sahəsinin bir hissəsinin **********76 reyestr nömrəli çıxarışla başqa şəxsə məxsus sənəd üzrə torpaq sahəsi iiə üst-üstə düşməsi halına istinad edərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki mərhələdə prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın mümkün sayılmaması əsasları aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, sözügedən torpaq sahəsi müvafiq bələdiyyə qərarı ilə iddiaçının adına ayrılmış, alqı-satqı aktı tərtib edilmiş, torpaq sahəsinin dəyərinin ödənilməsinə dair qəbz, habelə bələdiyyə qərarının arxiv nüsxəsi mövcuddur. Həmçinin, həmin torpaq sahəsinə dair müvafiq bələdiyyə tərəfindən yerquruluşu planından çıxarış tərtib edilərək, təsdiq edilmişdir. DTXK tərəfindən həmin torpaq sahəsinin satılmasının qanunamüvafiq olması və mülkiyyət hüququna dair sənədin verilməsinə etrazının olmaması barədə rəy verilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi cavabdehin mütəxəssisləri tərəfindən yerində müayinə olunmuş, sənəd üzrə ölçüsü 0,08 ha olsa da, naturada faktiki olaraq 0,0790 ha ölçüdə mövcud olduğu, mövcud olan həmin torpaq sahəsinin 0,0097 ha hissəsinin başqa şəxsin adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərarı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. İndiki halda həmin inzibati aktın ləğv edilməsi, etibarsız sayılması və ya qüvvədən düşməsi halı müəyyən edilməmişdir. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd edilən torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Kollegiya yaranmış mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina olunması ilə bağlı işin mübahisəli halları ilə bağlı qeyd edir ki, torpaq sahəsinə dair alqı-satqı aktının tarixinin müvafiq qərarın tarixindən fərqli olması, alqı-satqı aktının, yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada təritb edilməməsi məhz müvafiq qurumun səlahiyyətinə aid olmaqla, iddiaçının təqsiri nəticəsində ortaya çıxmamışdır. Belə olan halda isə kollegiya hesab edir ki, müvafiq qurumun öz səlahiyyətlərinin lazımi qaydada icra edilməməsi iddiaçının mövcud olan hüququnun dövlət qeydiyyatına alınmaısnın məhdudlaşdıırlmasının əsası hesab edilməməli, əks yanaşmanın tətbiq edilməsi halı formalaşdıırlmış vahid məhkəmə təcrübəsinin tələbi baxımından ilk növbədə mütənasiblik prinsipinin mahiyyətinə və tələbinə ziddir. Belə ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Həmin hal iddiaçının iradəsi və hərəkətləri nəticəsində deyil, müvafiq qurumun öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Bundan əlavə, kollegiya onu qeyd edir ki, cavabdeh inzibati orqan hüquqmüəyyənedici sənədlərin arxiv arayışının təqdim edilmədiyini qeyd etsə də, məhkəmə araşdırması zamanı torpaq ayırma sənədi qimsində çıxış edən bələdiyyə qərarının və onunla əlaqəli olan sənədlərin arxiv nüsxəsinin mövcudluğu müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan inzibati icraat çərçivəsində həmin sənədin arxiv nüsxələrini əldə etmək imkanına malik olduğu halda, qanunvericiliyin tələbinə uyğun olaraq hər hansı tədbir görməmiş, formal olaraq imtina əsası kimi istinad etmişdir. Həmçinin, kollegiya cavabdehin torpaq sahəsinin başqa şəxsə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməsi ilə bağlı arqumentinə dair onu qeyd edir ki, indiki halda iddiaçı tərəfindən başqa şəxsin adına mülkiyyət hüququ qeydiyyata alınmış 0,0097 ha hissədə tələbi olmamış, iddia tələbinin azaldılması barədə yazılı ərizə təqdim edərək, faktiki naturada mövcud olan 0,0790 ha torpaq sahəsinin ölçüsündə həmin hissəni çıxaraq, yerdə qalan 0,0693 kv.m. hissədə mülkiyyət hüququnun qeydiyyata alınmaısnı xahiş etmişdir. Nəticə etibarilə hazırki halda cavabdehin istinad etdiyi arqumentinin əsası aradan qalxdığından, hazırki iddia tələbinin predmeti olmadığından, həmin hissədə əlavə dəyərləndirmə aparılması zərurəti mövcud olmamışdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddianın əsaslılığı müəyyən edildiyindən, cavabdehin imtina və şikayətinin dəlilləri təkzib edildiyindən, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verildiyindən, apellyasiya şikayəti təmin edilməməlidir. Həmçinin, kollegiya qeyd edir ki, indiki halda iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdiirlməsi barədə yazılı ərizə verildiyindən (faktiki naturada mövcud olan torpaq sahəsinin ölçüsündən başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə (0,0097 ha hissə) tələbin azaldılması əsasları mövcud olduğundan), birinci instansiya məhkəməsinin qərarı həmin hissədə (torpaq sahəsinin ölçüsünə aid hissədə) dəyişdirilməli, iddia təmin edilməlidir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2935/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı (torpaq sahəsinin ölçüsünə aid hissədə) dəyişdirilsin. Abşeron rayonu Qobu bələdiyyə Şurasının xx.xx.2007-ci il tarixli, 22 saylı qərarı ilə iddiaçıya satılmış 0,08 ha torpaq sahəsinin 0.0693 ha hissəsində olan torpaq sahəsi üzərində İddiaçı adına mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar