Məhkəmə qərarları › İş №2-1(105)-1374/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1374/2025

13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1374/2025 13.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-6543/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 08 aprel 2005-ci il tarixli 077 nömrəli qərarına əsasən Bilgəh qəsəbəsi ərazisində S.Vurğun küçəsi, Yeni yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün ona satılmış və hazırda onun sahibliyində olan 3200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3448/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərdadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddiada cavabdehin əsl cavabdeh qimsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-6543/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 08 aprel 2005-ci il tarixli 077 nömrəli qərarı ilə İddiaçı ayrılmış Bilgəh qəsəbəsi ərazisində S.Vurğun küçəsi Yeni yaşayış massivində yerləşən 3200 kv.m torpaq sahəsi dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, torpaq sahəsinə dair çıxarış verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillər Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. Belə ki, Abşeron rayonu, Bilgəh Zəfəran sovxozu ərazisində yerləşən torpaq sahələri üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 14 aprel 2025-ci il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı: 1 Bilgəh bələdiyyəsi tərəfindən torpaq sahəsinin 08 aprel 2005-ci il tarixli 077 saylı qərarla ayrılmasına baxmayaraq arxiv arayışının müraciətə əlavə olunmadığı; 2.Torpaq sahəsinin Bilgəh Zəfəran sovxozu ərazisində yerləşdiyi; 3.Müraciət üzrə əlavə edilmiş Bilgəh Bələdiyyəsinin yerquruluşu planından çıxarışın qanunauyğun formada tərtib və təsdiq olunmadığı müəyyən olunmuşdur. Əlavə olaraq bildirilir ki, 4 saylı Abşeron Ərazi İdarəsinin 3- 21-3-32/2-16660/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubunda “faktiki olaraq göstərilən, koordinatlar daxilində yerləşən torpaq sahəsi TEKUİS (X2 X4) məlumatlarında dövlət mülkiyyətində olan yaşayış məntəqələri kateqoriyalı torpaqlara (KPİ) aid olduğu aşkar edilmişdir”. Göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsi TEKUİS (X2 X4) məlumatlarına əsasən dövlət mülkiyyətindədir. Bundan başqa, mübahisə predmeti olan torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə Abşeron rayonu İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış, lakin inzibati olaraq Bakı şəhərinə aid edilmiş torpaqlara aid olduğu, mübahisə predmeti olan torpaq sahəsin yerləşdiyi ərazinin idarəçiliyinin Abşeron Rayon İcra Hakimiyyətində olduğu üçün 4 saylı Abşeron Ərazi İdarəsinin xidmət göstərdiyi əraziyə aid edildiyini diqqətə çatdırılır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etirar daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsində keçirilən məhkəmə iclası və verilən izahatlar Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, öz izahatında işin aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilməsinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 15. İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Maddə 8.4. Tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Maddə 8.5. Bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 8.6. İnzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, e-2-1(118)-6543/2025 nömrəli inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Hazırki iş üzrə iddia tələbi mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsinin qərraı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından ki, sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə Abşeron rayonu İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış, lakin inzibati olaraq Bakı şəhərinə (Sabunçu) aid edilmişdir, qeyd olunan torpaq sahələrinin idarəçiliyi Abşeron rayon İcra Hakimiyyətində olduğu ücün 4 saylı Abşeron Ərazi idarəsinin xidmət göstərdiyi əraziyə aid edilmişdir. İndiki halda mübahisə predmetini məhz daşınmaz əmlaka dair hüquqla bağlı inzibati hüquq münasibətləri təşkil edir və həmin daşınmaz əmlakı inzibati ərazi vahidi olaraq Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşir. Bununla bağlı kollegiya onu qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Belə olan halda kollegiya hesab edir ki, mübahisə predmeti olan daşınmaz əmlak inzibati ərazi vahidi olaraq Bakı şəhəri ərazisində yerləşdiyindən, prosessual qanunvericiliyin tələbinə əsasən inzibati ərazi vahidi üzrə ərazi aidiyyətinə görə səlahiyyətli məhkəmə orqanı qismində Bakı İnzibati Məhkəməsi çıxış edir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən ərazi aidiyyəti qaydalarına əməl edilmədən (aidiyyət qaydlarına uyğun olaraq səlahiyyətli məhkəmə olmadığı halda) hazırki iddia tələbinə mahiyyəti üzrə baxmış, bununla da prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Bu baxımından kollegiya hesab edir ki, prosessual qanunvericiliyin tələbinə əsasən iddia tələbinə məhz aidiyyəti üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılmalı olduğundan, indiki halda isə aidiyyət qaydaları pozulduğundan, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, apellyasiya şikayəti həmin hissədə təmin edilməli, inzibati iş baxılması üçün müvafiq aidiyyəti üzrə səlahiyyətli məhkəməyə göndərildiyindən, qalan hissədə (iddia tələbinin təmin edilməməsi hissəsində) şikayət təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası prosessual qanunvericiliyin tələbini əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, e-2-1(118)-6543/2025 nömrəli inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-6543/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. e-2-1(118)-6543/2025 nömrəli inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar