Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1376/2025 13.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “iddiaçının xx.xx.2023- cü il tarixdə cavabdeh tərəfindən həqiqi hərbi xidmətə çağırılmasının qanunsuz hesab edilməsi və nəticədə ona dəymiş 2181 manat maddi və 10000 manat məbləğində mənəvi ziyanın ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, 2-1(118)-2474/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, kollegiya aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən həqiqi hərbi xidmətə çağırılmasının qanunsuz hesab edilməsi və nəticədə ona dəymiş 2.181 manat maddi və 10.000 manat məbləğində mənəvi ziyanın ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Səfərbərlik və HXÇ üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin Çağırış Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə hərbi xidmətə yararlı sayılaraq Dövlət Sərhəd Xidmətinə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Hərbi hissədən zabitlik kursuna daxil olmaq üçün Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasına həkim müayinəsinə göndərilmiş, aparılan müayinələr zamanı “Onurğanın ikinci dərəcəli skoliozu” aşkarlanmışdır. Bu səbəbdən də xx.xx.2023-cü il tarixdə DSX Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən stasionar şəhadətləndirilməsi məqsədi ilə DSX Hərbi Həkim Komissiyasına göndərilmiş, aparılan müayinələrdən sonra DSX Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim edilmişdir. Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixdə şəhadətləndirilərək hərbi xidmətə yararsız hesab olunaraq xx.xx.2024-cü il tarixdə xəstəliyə görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hesab edir ki, Səfərbərlik və HXÇ üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə hərbi xidmətə yararlı sayılaraq Dövlət Sərhəd Xidmətinə müddətli həqiqi hərbi xidmətə göndərilməsi qanunsuz olmaqla yanaşı, maddi və mənəvi ziyan da vurulmuşdur. Vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi xahişi ilə etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə cavabdehə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. Müraciətinin cavablandırılmaması imtina kimi qiymətləndirir. İmtinanı isə əsassız və qanunsuz hesab edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığından şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Bununla da belə nəticəyə gəlinir ki, Xidmətin Sumqayıt şəhər baş idarəsi çağırış zamanı öz üzərinə düşən vəzifələri lazımi həcmdə icra etmişdir. Odur ki, iddiaçıya maddi zərərə və yaxud mənəvi iztiraba görə cavabdeh kompensasiya ödəmək öhdəliyi daşımır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin (bundan sonra Əsasnamə) tələblərinə əsasən, ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicəsağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət tibb müəssisələrinə həvalə olunmuşdur. Əsasnamənin 1.5-ci bəndinə əsasən, tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı- ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Qanunvericiliyin tələbinə görə hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışının təşkili, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların, habelə şəhadətləndirilmənin nəticələrinə görə onların barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərarlarla razı olmadıqlarını bildirən vətəndaşların nəzarət qaydasında şəhadətləndirilmələrinin təşkili Mərkəzi Çağırış Komissiyasına həvalə olunur. Lakin iddiaçı tərəfindən hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərar mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi hərbi həkim komissiyasının İddiaçı barəsində verdiyi 2024-cü il 2 fevral tarixli 203 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”də qeyd edilmişdir ki, sülh dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR”. “Ümumi Xəstəlikdir” hissəsinə münasibətdə bildiririk ki, “tənəffüs funksiyasının az pozulması ilə burun çəpərinin əyriliyi” diaqnozu həmin dövrdə qüvvədə olan Əsasnamənin 49-cu maddəsinin “c” bəndinə uyğundur ki, bu da hərbi xidmətə yararlılıq kateqoriyasına aiddir. Əlavə olaraq bildiririk ki, Əsasnamədə 2024-cü il 13 may tarixli 256 nömrəli dəyişikliyə də nəzər saldıqda həmin xəstəliyin eyni fotmada hərbi xidmətə yararlılıq kateqoriyasına (Əsasnamənin 45-ci maddəsinə müvafiq olaraq) aid edildiyi görünür. Göründüyü kimi, qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı çağırışçı kimi bütün zəruri tibbi müayinələrdən keçirilmiş, hərbi xidmətə yararlı hesab edilərək müddətli həqiqi hərbi xidmətə göndərilmiş və müəyyən müddət xidmət keçdikdən sonra hərbi vəzifəli kimi ehtiyata buraxılmışdır. “Xəstəlik haqqında şəhadətnamə”də qeyd olunanlarla bərabər bildiririk ki, Xidmətin Sumqayıt şəhər baş idarəsi çağırış zamanı iddiaçıya qarşı öz üzərinə düşən vəzifələrini tam həcmdə icra etmiş, hərbi xidmət dövründə aldığı xəstəlik səbəbindən maddi və mənəvi ziyana görə kompensasiya ödəmək öhdəliyi daşımır. Əlavə olaraq müddətli həqiqi hərbi xidmətə qəbul edilmiş əsgərlərə tibbi dəftərçə (tibbi karta) açılır və əsgərin sağlamlığı ilə bağlı bütün məlumatlar həmin tibbi sənəddə öz əksini tapır. Odur ki, məhkəmə işinin ətraflı araşdırılması məqsədilə İddiaçı müddətli həqiqi hərbi xidmət keçdiyi hərbi hissəyə sorğu verilərək həmin tibbi sənədin alınması zəruridir. Həmçinin məhkəmə işinin tam və hərtərəfli araşdırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin məhkəmə icraatına cəlb edilməsi məqsədəmüvafiqdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N №li Hərbi Hissə Komandirinin xx.xx.2024-cü il tarixli 035 saylı əmri ilə X4 xx.xx.2024-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılmaqla qeydiyyata götürülmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər şöbəsinə göndərilmişdir. Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Əsas: Dövlət Sərhəd Xidməti Hərbi Hospitalının Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 203 №li xəstəlik şəhadətnaməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə iddiaçının müddətli hərbi xidmətə göndərilməsi zamanı keçirilmiş ümumi tibbi müayinələr barədə mövcud müayinə sənədlərinin surəti təqdim edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N №li hərbi hissənin xx.xx.2025-ci il tarixli məktubu ilə İddiaçı barəsində zəruri tibbi sənədlərin kserosurəti məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, 2-1(118)-2474/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması ilə müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı hərbi xidmətə aparılarkən qanunvericiliyin tələbləri gözlənilmiş, tibbi müayinələrdən keçirilmiş və hər-hansı pozuntuya yol verilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı ona dəymiş 2181 manat maddi və 10000 manat məbləğində mənəvi ziyanın ödənilməsini tələb etmiş, lakin bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, o, məhkəmə iclası vaxtı hakimə vəsatət təqdim edərək iş üzrə məhkəmə tibb ekspertizasının keçirilməsini xahiş etmiş, (ekspertiza qarşısında aşağıdakı sualları qoymaq şərtilə: l)Hal-hazırda İddiaçı “Onurğanın ikinci dərəcəli skolioz” xəstəliyi varmı?, 2) xx.xx.2023-cü il tarixdə hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmiş İddiaçı cavabdeh AR Səfərbərlik və HXÇ üzrə Dövlət Xidmətinin bildirdiyi kimi hərbi xidmətə sağlam (yəni yaralı) kimi çağırılmış olduğu halda xx.xx.2024-cü il tarixədək (xəstəlik aşkar olunan zaman) bu xəstəlik onun hərbi xidmətə yararsızlıq kateqoriyasına gətirib çıxaran dərəcəyə çata bilərdimi? Lakin hakim vəsatəti qəbul etməkdən imtina etmişdir. Halbuki, ekspertizanın nəticələri onun hərbi xidmətə çağırışa yararlı olub-olmamağı məsələsinə tam aydınlıq gətirmiş olardı. Bundan əlavə məhkəmə bu tip işlər üzrə artıq formalaşmış məhkəmə praktikasını nəzərə almamışdır. Baxmayaraq ki, o, eynitipli iş üzrə AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1 (102)-2138/2018-№-li və AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1 (102)-931/2025 №-li qərarının surətlərini ərizə ilə hakimə şəxsən təqdim etmişdir. Lakin hakim A.Axundova nəinki məhkəmə praktikası nəzərə almamış, heç məhkəmə qərarında buna münasibət də bildirməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, onun oğlu hərbi xidmətə cəlb edilməsəydi, 7 ay ərzində işləyib evə qazac gətirə bilərdi, ona görə də əldən çıxmış faydanı, yəni maddi ziyanın ödəniməsini tələb edir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2 Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi-həkim ekspertizası haqqında Əsasnamə: 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 1.3. Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra — şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkimuçuş komissiyaları) yaradılır. 1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. 2.1. İlkin hərbi qeydiyyata alınan, müddətli həqiqi xidmətə çağırılan və ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. 2.2. İlkin hərbi qeydiyyata alınarkən şəhadətləndirilməyə qədər vətəndaşlara dövlət tibb müəssisələrində (bundan sonra – tibb müəssisələri) hər il tibbi baxışlar, müayinələr (müşahidələr), habelə müalicə-sağlamlıq tədbirləri keçirilir və profilaktik peyvəndlər edilir. Tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi tibb müəssisələrinə həvalə olunur. Tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi, qeydiyyat və hesabat aparılması, bu iş üzərində nəzarətin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə birlikdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. 2.4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilmə prosesində tələb olunan müayinələrdən keçirlər. 2.10. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yaradılmış ilkin hərbi qeydiyyata alma komissiyası və hərbi həkim komissiyaları tərəfindən bu Əsasnamənin 2.9-cu bəndində qeyd olunan tibbi müayinə nəticələri təhlil edilir və müvafiq olaraq azı 9 (doqquz) nəfərdən ibarət həkim və mütəxəssis (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermatoveneroloq, psixoloq və zərurət olduqda digər ixtisaslardan olan həkim-mütəxəssislər cəlb edilməklə) tərəfindən çağırışaqədər yaş həddində olanların və çağırışçıların əyani tibbi müayinəsi aparılır. Əyani tibbi müayinəyə dair VEİS-də elektron sənəd formasında rəy formalaşdırılaraq, həkim və mütəxəssislərin elektron imzası ilə təsdiqlənir. Rəy barədə vətəndaşların məlumatlandırılması bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onların elektron kabinetləri vasitəsilə həyata keçirilir, məlumatlar həmçinin çağırışçının uçot kartına əlavə edilir. Çağırışçılar bu Əsasnamənin 2.10-cu bəndində qeyd olunan tibbi müayinə nəticələrinə əsasən şəhadətləndirilərkən Hərbi həkim komissiyaları tərəfindən VEİS-də elektron sənəd formasında çağırışçı barəsində bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan müvafiq kateqoriyalar üzrə rəy formalaşdırılır və komissiya üzvlərinin elektron imzası ilə təsdiqlənməklə məlumatlar hər bir çağırışçının uçot kartına daxil edilir. Həmin rəy əsasında rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən VEİSdə elektron imza ilə təsdiqlənməklə, elektron sənəd formasında çağırışçının şəhadətləndirilməsi üzrə yekun qərar formalaşdırılır. 2.15. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTC-yə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. 2.23. Sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırılmalı olmayan vətəndaşların hərbi xidmətə çağırılması hallarını istisna etmək məqsədi ilə, hərbi xidmətə çağırılmış vətəndaşlar bilavasitə xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışdan keçirlər. Hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışının təşkili, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların, habelə şəhadətləndirilmənin nəticələrinə görə onların barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərarlarla razı olmadıqlarını bildirən vətəndaşların nəzarət qaydasında şəhadətləndirilmələrinin təşkili Mərkəzi Çağırış Komissiyasına həvalə olunur. 2.24. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların nəzarət qaydasında şəhadətləndirilməsi onların Mərkəzi Çağırış Komissiyasına təqdim edilmiş şəxsi işləri və tibbi sənədlərinin öyrənilməsi əsasında qiyabi keçirilir. Sonra isə Mərkəzi Çağırış Komissiyasının əsaslandırılmış qərarı ilə nəzarət qaydasında şəhadətləndirilmə əyani keçirilir. 2.25. Tibbi baxış və nəzarət qaydasında şəhadətləndirilmə Mərkəzi Çağırış Komissiyasının qərarı ilə bu Əsasnamənin 2.10-cu bəndində nəzərdə tutulmuş ixtisaslardan olan həkim-mütəxəssislər tərəfindən həyata keçirilir. 2.26. Xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxış və ya nəzarət qaydasında şəhadətləndirilmə zamanı vətəndaşın sağlamlıq vəziyyətində onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişə biləcək faktlar aşkar edildikdə, Mərkəzi Çağırış Komissiyası rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının müvafiq qərarını ləğv edir, bu barədə vətəndaşı bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada elektron kabineti vasitəsilə məlumatlandırır, həmçinin qərarı ləğv edilmiş komissiyaya məlumat verir. 2.27. Nəzarət qaydasında şəhadətləndirilmənin təşkili və keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müəyyən edir. 8.3. “Xəstəliklər cədvəli”ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: “A” — hərbi xidmətə yararlıdır; “B” — sıradankənar hərbi xidmətə yararlıdır; “C” — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; “Ç” — hərbi xidmətə müvəqqəti yararsızdır; “D” — həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunu Maddə 13. Çağırış komissiyaları 13.1. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır: 13.1.1. komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri; 13.1.2. komissiya sədrinin müavini – müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi; 13.1.3. komissiyanın üzvləri – müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, hərbi həkim komissiyasının sədri. 13.2. Çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər. 13.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının və çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla təsdiq edir. Maddə 15. Tibbi müayinədən keçməyin məcburiliyi və rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarı 15.1. Müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşlar çağırışa 2 ay qalmış müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada mütləq tibbi müayinədən keçirilirlər. Tibbi müayinəyə cəlb olunan çağırışçılar bu Qanunun 6.2-2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılırlar. Çağırışçılar çağırış vərəqəsində qeyd olunan müddətdə müvafiq tibb müəssisəsinə gəlməlidirlər. Tibbi müəssisələr tərəfindən aparılmış tibbi müayinələrin nəticələri, həmçinin bu Qanunun 15.3-cü maddəsində nəzərdə tutulan yekun tibbi müayinənin nəticələri elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə ötürülür. 15.1-1. Narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilməsi təmin edilir. 15.2. Bu Qanunun 15.3-cü maddəsi nəzərə alınmaqla, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. Maddə 16. Mərkəzi çağırış komissiyası 16.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarət etmək üçün aşağıdakı tərkibdə Mərkəzi çağırış komissiyası yaradılır: 16.1.1. komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri; 16.1.2. komissiya sədrinin müavini – müvafiq icra hakimiyyəti orqanı rəhbərinin müavini; 16.1.3. komissiyanın üzvləri. 16.2. Mərkəzi çağırış komissiyasının fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 17. Mərkəzi çağırış komissiyasının vəzifələri 17.1. Mərkəzi çağırış komissiyasının vəzifələri aşağıdakılardır: 17.1.1. rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarları ilə razı olmayan şəxslərin təkrar tibbi müayinəsini təşkil etmək; 17.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması, çağırışına möhlət verilməsi və çağırışdan azad edilməsi barədə mübahisələri həll etmək; 17.1.3. rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının işinə nəzarət etmək, onların qərarları barədə verilmiş şikayətlərə baxmaq; 17.2. Mərkəzi çağırış komissiyası mübahisəli məsələlər barədə xüsusi yoxlama keçirərkən 20 gün, digər hallarda isə 10 gün müddətində qərar qəbul etməlidir. 17.3. Mərkəzi çağırış komissiyasının qərarlarından məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.7. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı SHÇDX-nin Sumqayıt şəhər şöbəsi tərəfindən hərbi xidmətə yararlı hesab edilərək xx.xx.2023-cü il tarixdə hərbi xidmətə göndərilmiş, tərəfindən hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış, hərbi hissədən zabitlik kursu üçün DSX MHHK-ya həkim müayinəsinə göndərilmiş, aparılmış planlı müayinələr zamanı onurğanın ikinci dərəcəli skaliozu aşkarlanmışdır. İddiaçıya “Xəstəliklər cədvəlinin” 1) 66 “c”, 13 “e”, 49 “c” maddələrinin İİ qrafasına və ƏTC-yə əsasən: Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, b)1) Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. 2) Ümumi xəstəlikdir qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə görə hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışının təşkili, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların, habelə şəhadətləndirilmənin nəticələrinə görə onların barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərarlarla razı olmadıqlarını bildirən vətəndaşların nəzarət qaydasında şəhadətləndirilmələrinin təşkili Mərkəzi Çağırış Komissiyasına həvalə olunur. Lakin iddiaçı tərəfindən hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərar mübahisələndirilməmişdir. İş materiallarəmda olan 02 fevral 2024-cü il tarixli, 203 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”nin məzmunundan və iş materiallarında mövcud olan digər sübutlardan aydın olur ki, İddiaçı müddətli həqiqi hərbi xidmətə çağırıldığı zaman onurğasında hər hansı əyrilik və ya digər xroniki xəstəlik barədə məlumatlı olmamış, çağırış zamanı keçirilmiş hərbi-həkim komissiyasının iclasında sağlamlığı ilə bağlı heç bir şikayət irəli sürməmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, çağırış dövründə iddiaçı barəsində aparılmış tibbi müayinələrin nəticələrində onurğa patologiyasına dair hər hansı qeydə rast gəlinməmiş, o cümlədən rentgenoloji müayinənin nəticələri tibbi sənədlərdə “norma” kimi əks olunmuşdur. Bu fakt, çağırış zamanı iddiaçının sağlamlıq vəziyyətinin hərbi xidmətə yararlılıq meyarlarına uyğun qiymətləndirildiyini göstərir. İş üzrə müəyyən edilmiş hallar onu da təsdiq edir ki, iddiaçı hərbi hissədə xidmət etdiyi dövrdə, öz arzusu ilə zabitlik kursuna qəbul olunmaq məqsədilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasına planlı və genişləndirilmiş tibbi müayinəyə göndərilmişdir. Məhz bu mərhələdə, yəni adi çağırış müayinələrindən fərqli olaraq daha ətraflı və ixtisaslaşdırılmış tibbi müayinələr aparılan zaman iddiaçının onurğasında ikinci mərhələli “S”-vari skolioz aşkar edilmişdir. Bununla əlaqədar olaraq, iddiaçı 09 yanvar 2024-cü il tarixdə stasionar şəraitdə şəhadətləndirilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının Hərbi Həkim Komissiyasına göndərilmiş, orada aparılmış tibbi müayinələrin nəticələri daha sonra DSX Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim edilmişdir. Aparılmış tibbi müayinələrin nəticələrinə əsasən iddiaçıya M41.2 – Onurğanın ikinci mərhələli “S”-vari skoliozu diaqnozu (döş nahiyəsində 16°, bel nahiyəsində 11° bucaq olmaqla), funksiyaların cüzi dərəcədə pozulması ilə yanaşı, bir sıra yanaşı diaqnozlar – birinci dərəcəli alimentar piylənmə, sadə miopik astiqmatizm, görmə itiliyinin korreksiya ilə normal səviyyədə olması, xroniki haymoritin remissiya mərhələsi və tənəffüs funksiyasının az pozulması ilə burun çəpərinin əyriliyi müəyyən edilmişdir. Hərbi həkim komissiyasının qəbul etdiyi qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəli”nin 66 “c”, 13 “e” və 49 “c” maddələrinin İİ qrafasına və X6 əsaslanmaqla çıxarılmışdır. Məhkəmə kollegiyası xüsusi vurğulayır ki, “Xəstəlik haqqında şəhadətnamə”də iddiaçı barəsində “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qeydi aparılmış və bununla xəstəliyin hərbi xidmətlə səbəbli əlaqəsi səlahiyyətli hərbi-həkim komissiyası tərəfindən müəyyən edilmişdir. Eyni zamanda xəstəlik “ümumi xəstəlik” kimi qiymətləndirilmişdir. İddiaçı tərəfindən nə inzibati icraat qadasında, nə də məhkəmə qaydasında həmin səbəbli əlaqə bu günədək mübahisələndirilməmişdir. Bu hal, hüquqi baxımdan xəstəliyin hərbi xidmətə qədər mövcud olması barədə iddiaçının arqumentlərini əsassız edir və çağırış zamanı cavabdeh inzibati orqanın qanunvericiliyin tələblərini pozduğunu göstərən hər hansı faktın mövcud olmadığını təsdiqləyir. Kollegiya hesab edir ki, iddiaçının çağırış zamanı sağlamlıq vəziyyəti barədə hər hansı şikayətinin olmaması, tibbi sənədlərdə patologiyanın qeydə alınmaması və yalnız sonradan planlı, dərinləşdirilmiş müayinələr nəticəsində xəstəliyin aşkarlanması cavabdeh inzibati orqanın hərəkətlərində hüquqa ziddlik və ya səhlənkarlıq olmasını istisna edir. Bu baxımdan, iddiaçının 21 iyul 2023-cü il tarixdə hərbi xidmətə çağırılmasının qanunsuz hesab edilməsi üçün hüquqi əsas mövcud deyildir. Hər bir halda kollegiya bir daha qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iddiaçını müddətli həqiqi hərbi xidmətə göndərərkən onu qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq hərbi xidmətə yararlı hesab etmiş, həmin qərar çağırış komissiyasının və hərbi həkim komissiyasının rəyinə əsaslanmaqla qəbul edilmiş və bu qərarın qəbul edildiyi vaxtda iddiaçının hərbi xidmətə yararsız olmasını göstərən hər hansı tibbi sənəd və ya hüquqi əsas mövcud olmamışdır ki, bu da cavabdehin üzərinə düşən vəzifəni düzgün yerinə yetirdiyini təsdiq edir. Məhkəmə kollegiya hesab edir ki, cavabdehin səlahiyyəti və hüquqi vəzifəsi çağırış mərhələsində çağırışçıların sağlamlıq vəziyyətini mövcud tibbi göstəricilər və həmin vaxt mövcud olan faktiki hallar əsasında qiymətləndirməkdən ibarətdir və cavabdeh inzibati orqan gələcəkdə baş verə biləcək xəstəliklərin yaranmasını və ya mövcud olmayan tibbi halların sonradan aşkar edilməsini əvvəlcədən proqnozlaşdırmaq və bunun üçün məsuliyyət daşımaq öhdəliyinə malik deyildir. Bu baxımdan, iddiaçının hərbi xidmətə qəbul edildikdən sonra səhhətində xəstəliyin yaranması faktı cavabdehin ilkin mərhələdə qanuni şəkildə qəbul etdiyi qərarı əsassız və ya hüquqa zidd hesab etmək üçün əsas yarada bilməz, çünki cavabdeh yalnız ilkin çağırış mərhələsində tibbi müayinənin nəticələrinə əsaslanaraq qərar qəbul etmiş və həmin mərhələdə öz vəzifə səlahiyyətlərini düzgün şəkildə yerinə yetirmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər:
1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması;
2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması;
3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyriəmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Birinci instansiya məhkəməsi öz qərarında haqlı olaraq vurğulamışdır ki, iddiaçı ona dəymiş 2181 manat maddi və 10000 manat məbləğində mənəvi ziyanın ödənilməsini tələb etmiş, lakin bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, iddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclasında səsləndirilmiş “əldən çıxmış fayda” ilə bağlı izahata münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində real olaraq əldə edəcəyi və sübut olunmuş gəlir başa düşülür. İş materiallarında iddiaçının hərbi xidmətə göndərilməzdən əvvəl əmək fəaliyyəti ilə məşğul olmasını, əmək müqaviləsi əsasında işləməsini, müntəzəm gəlir əldə etməsini və ya konkret gəlir mənbəyinin mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. İddiaçının ailəyə maddi dəstək göstərə biləcəyi barədə deyilənlər ehtimal xarakteri daşıyır və hüquqi mənada əldən çıxmış faydanın mövcudluğunu təsdiq etmir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçının hərbi xidmətə çağırılması “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun tələblərinə uyğun olaraq dövlət qarşısında icra edilən konstitusion vəzifədir və bu vəzifənin icrası özü-özlüyündə gəlir itkisi kimi qiymətləndirilə bilməz. Bu səbəbdən, iddiaçı tərəfindən irəli sürülmüş əldən çıxmış fayda tələbi hüquqi və faktiki əsaslardan məhrumdur. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hərbi xidmətə çağırılarkən və hərbi xidmətdə olarkən cavabdeh inzibati orqanın qanunvericliyin hər hansı tələblərinin pozulması müəyyən edilmədiyindən, yəni hüquqa zidd hərəkətləri mövcud olmadığından, həmçinin iddiaçıya cavabdeh tərəfindən hər hansı ziyanın (zərərin) dəyməsi müəyyən olunmadığından iddia tələbinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, 2-1(118)-2474/2025 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.