Məhkəmə qərarları › İş №2-1(105)-1378/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1378/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1378/2025 28.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X19 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X36 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-937/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları Qusar rayonu Gündüzqala bələdiyyəsinin 17 mart 2006-cı il tarixli, 16 nömrəli qərarından görünür ki, Qusar rayonu Gündüzqala kəndinin bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan 0,12 ha torpaq sahəsi həyətyanı ev tikmək məqsədilə İddiaçı satılmışdır. Bununla bağlı tərəflər arasında “Torpaqların alqı-satqısına dair akt” tərtib edilmiş, Qusar rayonu Gündüzqala bələdiyyəsinin 22 may 2006-cı il tarixli, 185524 nömrəli “Kassa mədaxil orderin qəbzi”nə əsasən İddiaçı 0,12 ha həyətyanı torpaq sahəsi üçün 148 manat məbləğində ödənişi kassaya mədaxil etmişdir. DT və XK Qusar rayon şöbəsinin rəyindən görünür ki, İddiaçı fərdi yaşayış evi tikmək üçün 0.12 ha torpaq sahəsinin ayrılması qanunamüvafiq hesab edilmişdir. İddiaçıya həyətyanı məqsədilə satılacaq 0,12 ha torpaq sahəsinin yerquruluşu planından (miqyas 1:2000) çıxarış tərtib edilmişdir. JN 037B KOD 30107038 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli, 15/1 saylı qərarı ilə X20 və X3 0,66 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 7 iyun 2022-ci il tarixli, **********61 nömrəli iddiaçıya göndərilmiş məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilən Qusar rayon Gündüzqala bələdiyyəsinin 17 mart 2006-cı il tarixli 16 saylı qərarı ilə fərdi mənzil tikintisi üçün satılmış 0,12 ha torpaq sahəsinə dair bələdiyyə tərəfindən tərtib edilmiş və Qusar RİHB-nın aparatının memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilmiş sxemlərdə göstərilən yerlə faktiki göstərilən yerin tam fərqli olması müəyyən edilmişdir. Bundan əlavə bildirilmişdir ki, faktiki torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində JN-37B nömrəli şəhadətnamə ilə digər şəxsə məxsus torpaq sahəsinin cizgiləri daxilində yerləşir. Qusar rayon Dövlət Arxivinin 25 may 2023-cü il tarixli, 3-48-30RA/2-xx-xx/2023 nömrəli arxiv arayışından görünür ki, rayon arxivində saxlanılan Qusar rayon Gedəzeyxur inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərin Gündüzqala kəndi üzrə 14 nömrəli təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 876 olan X9 təsərrüfatın xüsusi mülkiyyətində 1996-1999-cu illərdə cəmi 0,25 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 13 noyabr 2023-cü il tarixli, 3-21-3-34/2-F-0059-8/2023 nömrəli məktubundan görünür ki, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və qeyd olunan Qusar rayonu, Gündüzqala kəndində yerləşən torpaq sahəsinə dair vətəndaş X20 və X1 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən hazırlanmış JN-37B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd olunan 0,66 ha torpaq sahəsinin 0,12 ha hissəsində ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin 22 aprel 2024-cü il tarixli, 3- 21-3-60/2-900/2024 nömrəli məktubundan görünür ki, Mərkəzin arxivində JN-037B (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin nüsxəsi mövcud deyildir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 7 may 2024-cü il tarixli, 3-21-3-34/2-4880/2024 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinə GPS aləti vasitəsilə ölçü işləri aparılmış və ərazinin koordinatları müəyyənləşdirilmişdir. Məlum olmuşdur ki, torpaq sahəsi yaşayış məntəqələrinin torpaq sahələrinə aid olmaqla 0,12 ha təşkil edir və hər tərəfdən hasara alınaraq İddiaçı istifadəsində yerləşir, lakin torpaqların elektron kadastrı uçotu informasiya sisteminə və məlumatlarına əsasən torpaq sahəsi bütövlükdə 0,12 ha olmaqla X14 və X3 xüsusi mülkiyyətinə verilmiş JN-037B (KOD ********) nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə ilə üst-üstə düşür və həmin şəhadətnamədə torpaq sahəsi 0,66 ha ölçüdə qeyd olunmuşdur. Torpaq sahəsi kommunikasiya xətlərinin qoruma zolağına düşmür. Qusar rayon Dövlət Arxivinin 8 iyun 2024-cü il tarixli, 3-48-30RA/2-2xx-xx/2024 nömrəli məktubundan görünür ki, Qusar rayonu Gündüzqala bələdiyyəsinin 2006-2007-ci illərin sənədləri qovluğunda İddiaçı ev tikmək üçün 0,12 ha torpaq sahəsinin satılması haqqında Qusar rayonu Gündüzqala bələdiyyəsinin 17 mart 2006-cı il tarixli 16 nömrəli qərar və qərara əsasən digər torpaqayırma sənədlər aşkar edilmişdir. Lakin baxılmış Gündüzqala bələdiyyə sənədlərində ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş KOD 301070** JN *** B saylı “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamənin olması aşkar edilməmişdir. Qusar rayonunun Gündüzqala kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X20 və X3 ümumi 0,24 ha torpaq sahəsi ayrılmışdır. JN-037B KOD 30107038 şəhadətnaməyə dair torpaq sahəsinin ölçüsünün cədvəlindən görünür ki, X20 və X1 həyətyanı torpaq sahəsi 0,24 ha, zəbt olunan torpaq sahəsi 0,62 ha, ümumi mülkiyyətə verilən torpaq sahəsi 0,8522 ha olaraq göstərilmişdir. Qusar rayon İcra Hakimiyyəti başçısının Gədəzeyxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 oktyabr 2024-cü il tarixli, 5-63-22/2-50/2024 nömrəli məktubundan görünür ki, Qusar rayonun Gündüzqala kəndində yaşamış X9 və X1 vərəsələr sırasına X15 (vəfat edib), X10, X21, X11, X12, X22, X23, X6, X16 daxildir. Qusar rayon Dövlət Arxivinin 28 fevral 2025-ci il tarixli, 3-48-30RA/2-2xx-xx/2025 nömrəli məktubundan görünür ki, rayon arxivində saxlanılan Qusar rayonu keçmiş Gündüzqala kolxozu üzrə 1995-1997-ci illərin Aqrar İslahat Komissiyasının sənədlərində 29 oktyabr 1997-ci il tarixli, 15/1 saylı qərarı ilə təsdiq edilmiş Qusar rayonu Gündüzqala kolxozunda torpaq payı almaq hüququ olan subyektlərin adlı siyahısı mövcuddur. Həmin siyahının ailələrin sayı qrafasının 53-cü sıra sayında X35 və X13 adları olan hissədən arxiv surətləri qoşma şəklində göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 20 avqust 2025-ci il tarixli, 3-21-3-34/2-10850/2025 nömrəli məktubundan görünür ki, JN-037B saylı Kod 30107038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də torpaq sahəsinin ölçüsünün 0,66 ha kimi qeyd olunmasının əsası barədə hər hansı məlumat aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş KOD 30107038 JN-037B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin iddiaçıya məxsus 0,12 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu Gündüzqala bələdiyyəsinin 17 mart 2006-cı il tarixli 16 saylı qərarı ilə həmin kəndin ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi iddiaçıya satılmışdır. İddiaçı həmin qərar əsasında mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh yuxarıda qeyd edilən torpaq sahəsinin elektron məlumat bazasında olan xəritə üzərində JN-37B nömrəli şəhadətnamə ilə digər şəxsə məxsus torpaq sahəsinin cizgiləri daxilində yerləşməsi bildirilmişdir. Cavabdehin məktubunda göstərilən JN-37B saylı şəhadətnamə həmkəndliləri X9 və X1 adlarınadır. X20 24 mart 2009-cu il tarixdə, X5 1 iyul 2009-cu il tarixdə vəfat etmişlər. Onların adlarına olan KOD 30107038 JN-037B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,66 ha həyətyanı torpaq sahəsi iddiaçıya yuxarıda qeyd edilən bələdiyyə qərarı əsasında satılan torpaq sahəsindən xeyli aralıda yerləşir və həmin şəxslər faktiki olaraq uzun müddətdir ki, həmin torpaq sahəsindən istifadə etmişlər. Bələdiyyənin qərarı ilə iddiaçıya satılmış 0,12 ha torpaq sahəsi isə iddiaçının özünün faktiki istifadəsindədir. Bundan başqa X9 və X1 təsərrüfatının mülkiyyətində cəmi 0,24 ha həyətyanı torpaq sahəsi olsa da, naməlum səbəblərdən şəhadətnamədə həmin şəxslərin mülkiyyətində 0,66 ha torpaq sahəsi olması göstərilmişdir. Beləliklə, Qusar rayonu Gündüzqala bələdiyyəsinin 17 mart 2006-cı il tarixli, 16 saylı qərarı ilə iddiaçıya satılmış 0,12 ha torpaq sahəsinin X9 və X1 adlarına olan KOD 30107038 JN037B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin cizgiləri daxilinə salınması qanunsuz və əsassız olmuşdur. İddiaçı həmin şəhadətnamənin ona satılmış 0,12 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi və onun torpaq sahəsinin həmin şəhadətnamədə göstərilən torpaq sahəsinin cizgiləri daxilindən çıxarılması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən imtina verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddiaya qarşı yazılı etirazını imtina məktubu ilə eyni məzmunda əsaslandıraraq, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(118)-3449/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğvi” tələbinə dair iş üzrə X15, X10, X21, X11, X12, X22, X23, X6, X7 üçüncü şəxslər qismində (zəruri cəlbetmə) məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2-1(118)-937/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğvi” tələbinə dair iş üzrə məhkəmənin 26 noyabr 2024-cü il tarixli 2- 1(118)-3449/2024 nömrəli qərardadı X8 üçüncü şəxs qismində cəlb edilməsi hissəsində ləğv edilmiş və onun üçüncü şəxs kimi prosessual statusu ləğv edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(118)-2106/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, JN-037B KOD 30107038 nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair” şəhadətnamə Qusar rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli, 15/1 nömrəli qərarı əsasında verilmiş, torpaq sahəsinin ölçüsü 0,66 ha olaraq müəyyən edilmişdir. Qusar rayon Dövlət Arxivi tərəfindən təqdim edilən sənədlər ilə qeyd edilən Aqrar İslahat Komissiyasının qərarı, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən göndərilmiş arxiv çıxarışları isə mübahisələndirilən şəhadətnamə, xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə X20 və X1 adlarının mövcud olduğu müəyyən edilmişdir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, arxiv sənədlərinə əsasən X9 və X1 istifadəsinə 0.24 ha torpa sahəsi verildiyi halda, əvvəllər hüquqların dövlət qeydiyyatını həyata keçirən orqan olan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi həmin şəxslərin əvəzsiz mülkiyyətinə qeyd olunan torpaq sahəsindən artıq, yəni zəbt etdikləri torpaq sahəsini də onların adlarına qeydiyyata almışdır. Bununla da, qeydiyyat orqanı olmuş həmin qurum “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur. Bu, isə hazırda onun əmlak hüququnun dövlət qeydiyyatına alınmasına maneçilik törədir. Qeyd olunan şəhadətnamənin İddiaçı torpaq sahəsi satılmamışdan əvvəl verilməsi əsası ilə iddianın rədd edilməli olması barədə məhkəmənin mövqeyi də əsassız olmuşdur. Belə ki, əvvəla həmin şəhadətnamənin hansı tarixdə verilməsi məlum deyil və bələdiyyə tərəfindən İddiaçı torpaq sahəsi satılarkən onun bələdiyyə mülkiyyətində olması və alqısatqının predmeti olması barədə Torpaq Şöbəsi tərəfindən rəy verilmiş, eyni zamanda torpaqların alqı-satqı aktı tərtib olunmuşdur. Bu, isə ona dəlalət edir ki, həmin hal şəhadətnamənin qanuni olması qənaətinə gəlməyə əsas vermir. Bundan başqa, onun iddiasının hüquqi əsasını inzibati aktın ləğv olunması deyil, qeydiyyat orqanının qanunsuz verdiyi hüquqmüəyyənedici sənədin ləğv edilməsi təşkil edir. Həmin hüquqmüəyyənedici sənəd isə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ziddir və ilkin torpaqayırma sənədlərinə uyğun deyil və buna görə də həmin şəhadətnamə bələdiyyə tərəfindən ona satılan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi və üçüncü şəxslərin iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 24.1 İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3 İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12ci və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəzlənmişdir. Hazırkı iş üzrə iddiaçının iddia tələbi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş KOD 30107038 JN-037B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin iddiaçıya məxsus 0,12 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq, Qusar rayon Dövlət Arxivindən və Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-dən daxil olmuş sənədlərdən görünür ki, üçüncü şəxslərə torpaq sahəsinin ayrılması zamanı həmin sahənin ölçüləri və kateqoriyaları arasında ziddiyyətlər mövcuddur. Belə ki, arxiv materiallarında həyətyanı sahənin 0,24 ha, zəbt olunmuş torpaq sahəsinin isə 0,62 ha olaraq göstərilməsi, şəhadətnamədə isə vahid torpaq sahəsi kimi 0,66 ha ölçünün qeyd edilməsi torpaq sahəsinin dəqiq sərhədlərinin müəyyən edilmədiyini və sonradan dəyişikliklərə məruz qaldığını göstərir. Qusar rayon AİK tərəfindən təsdiq edilmiş Qusar rayonunun Gündüzqala kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair cədvəldən görünür ki, cədvəlin 37-ci bəndində X20 və X2 adları və onlara 0,24 ha torpaq sahəsi ayrıldığı, habelə digər bəndində zəbt olunan torpaq sahəsinin 0, 62 olmaqla, ümumi 0.8522 ha olması qeyd edilmişdir. Qusar rayon Dvölət Arxivi tərəfindən təqdim edilmiş pay almaq hüququ olan subyektlərin siyahısından görünür ki, X20 və X2 adlarının qarşısında sənədlə 0.24 ha, faktiki 0.86 ha göstərilmşdir. Eyni zamanda işdən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli, 15/1 nömrəli qərarına əsasən X20 və X4 0,66 ha torpaq sahəsinə dair onların adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən (tarix qeyd olunmamışdır) JN-037B (cədvəldə qeyd edilən bəndə uyğun olaraq) KOD 30107038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir. Beləliklə, 0,66 ha torpaq sahəsinə dair JN-037B KOD 30107038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin tərtib edilməsinə əsas kimi Qusar Rayon AİK-nin 29 oktyabr 1997-ci il tarixli, 15/1 nömrəli qərarı göstərilsə də, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həmin qərarla X20 və X4 yalnız 0.24 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Apellyasiya baxışı zamanı məhkəmənin soröusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylıl Xaçmaz Ərazi İdarəsi bildirmişdir ki, JN-037B kod 30107038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq sahəsinin 0.66 ha qeyd olunmsaının əsası barədə hər hansı məlumat aşkar edilməmişdir. Bununla da məhkəmə araşdırması zamanı mümahisələndirilən şəhadətnamədə torpaq sahəsinin ölçüsünün 0.66 ha göstərilməsi əsası müəyyən edilmədi. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş mütəxəssis rəyindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aid olmaqla 0,12 ha ölçüsündədir, hər tərəfdən hasara alnaraq iddiaçının faktiki istifadəsindədir, bütövlükdə X20 və X2 adına verilmi. JN-037B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə üst-üstə düşür və həmin şəhadətnamədə torpaq sahəsinin ölçüsü 0.66 ha göstərilmişdir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında izah etdi ki, X20 və X2 vərəsələrinin faktiki istifadələrində olan torpaq sahəsi tamamilə başqa yerdə yerləşir və iddiaçıya bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsi ilə hər hansı kəsişməsi mövcud deyildir. Kollegiya qeyd edir ki, hazırkı iddianın faktiki əsasını aqrar islahat komissiyasının qərarının qanunsuzluğu təşkil etmir. Çünki həmin qərarla həqiqətən də, X20 və X4 aqrar islahat zamanı torpaq sahəsi ayrılmış və həmin sahəyə dair qanuni qüvvəsi mübahisələndirilməyən JN-037B saylı şəhadətnamə tərtib edilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndinə əsasən........... Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda işə inzibati məhkəmələrdə baxılmalıdır. Hazırki halda da iddiaçı şəhadətnamənin tərtib edilməsinə əsas olmuş AİK-nin qərarını deyil, qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirir. Beləliklə, kollegiya işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, Qusar rayon Gündüzqala bələdiyyəsinin 17 mart 2006-cı il tarixli 16 saylı qərarına əsasən 0,12 torpaq sahəsi iddiaçıya ayrılmasına və hazıradək onun faktiki istifdəsində olmasına baxmayaraq, həmin torpaq sahəsi də daxil olmaqla, 0,66 ha torpaq sahəsinə dair X20 və X2 adına heç bir qanuni əsas olmadan JN-037B KOD 30107038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmiş, bununla da, iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-937/2025 nömrəli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X20 və X2 adına verilmiş JN-037B KOD 30107038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə qismən - İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinə dair hissədə ləğv edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar