Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-138/2022 12.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun 26.05.2021-ci il tarixli və 10.06.2021-ci il tarixli şikayət ərizələrinin cavablandırılmasında ifadə olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab olunması və 2-ci məharət dərəcəsinin 1 pillə aşağı endirilməsi haqqında N №li hərbi hissə komandirinin N.05.2021-ci il tarixli 075 №li əmrinin ona aid hissəsində ləğv olunması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 2-1(118)-1991/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq, onun 26.05.2021-ci il tarixli və 10.06.2021-ci il tarixli şikayət ərizələrinin cavablandırılmasında ifadə olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab olunması və 2-ci məharət dərəcəsinin 1 pillə aşağı endirilməsi haqqında N №li hərbi hissə komandirinin N.05.2021-ci il tarixli 075 №li əmrinin ona aid hissəsində ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 15.08.1998-ci il tarixdən 24.08.2021-ci il tarixədək AR Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində xidmət etmişdir. AR Müdafiə Nazirinin 01224 №-li, 24.08.2021-ci il tarixli əmri ilə “polkovnik- leytenant” hərbi rütbəsində N №-li hərbi hissədən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. N №-li hərbi hissədə “Hərbi inspeksiyanın baş zabiti - inspektor” vəzifəsində xidmət edərkən birbaşa rəisi olan Hərbi inspeksiyanın rəisi, general-mayor Lənkəran Əliyevin təqdimatına əsasən N №-li hərbi hissə komandirinin N.05.2021-ci il tarixli, N №-li əmri ilə 2-ci məharət dərəcəsi 3-cü məharət dərəcəsinə endirilmişdir. O, məharət dərəcəsinin 1 pillə aşağı salınmasını qanunsuz və əsassız hesab edir. Belə ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında” Əsasnamənin 37-ci maddəsində məharət dərəcəsinin endirilməsi şərtləri göstərilmişdir. Onun məharət dərəcəsinin 1 pillə aşağı endirilməsi haqqında N №-li hərbi hissə komandirinin N.05.2021-ci il tarixli, N №-li əmrində sadalanan şərtlər həmin Əsasnamənin 37-ci maddəsində göstərilən şərtlərə uyğun gəlmir. O, 26.05.2021-ci il tarixdə nümayəndəsi vasitəilə AR Müdafiə Nazirinə və N №-li hərbi hissə komandirinə təkrar şikayət ərizəsi ilə müraciət edərək general-mayor Lənkəran Əliyevin onu təhqir etdiyini, məharət dərəcəsini 1 pillə aşağı salınması haqqında raport yazacağı ilə hədələdiyini bildirmiş və onun iddiaçıya qarşı qanunsuz hərəkətlərinə və özbaşınalığına son qoyulmasını, məharət dərəcəsinin ləğv olunmasının və ona elan edilə biləcək əsassız inzibati cəzalarının qarşısının alınması barədə göstəriş verilməsini xahiş etmişdir. Lakin müraciəti cavabsız, nəticəsiz qalmış və N №-li hərbi hissə komandirinin N №-li N.05.2021ci il tarixli əmri ilə onun 2-ci məharət dərəcəsi 1 pillə aşağı endirilmişdir. Bundan sonra o, 10.06.2021-ci il tarixdə yenidən nümayəndəsi vasitəsilə AR Müdafiə Nazirliyinə və N №-li hərbi hissə komandirinə ərizə ilə müraciət edərək, 2-ci məharət dərəcəsinin 1 pillə aşağı salınmasının səbəbləri barədə ona məlumat verilməsini və N №-li hərbi hissə komandirinin N.05.2021-ci il tarixli əmrinin ləğv olunması üçün göstəriş verilməsini xahiş etmişdir. Lakin onun bu müraciəti də bugünədək cavablandırılmamış və nəticəsiz qalmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1991/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim L.Mirzəyeva) Həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Hesab edir ki, məhkəmə onun iddiasını qeyri-mümkün hesab edərkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə istinad etmiş və göstərmişdir ki, onun tərəfindən iddia verilmə müddəti buraxılmışdır. Lakin məhkəmə unutmuşdur ki, onun məharət dərəcəsinin aşağı salınması haqqında N №li hərbi hissə komandirinin N.05.2021-ci il tarixli, 075 №li əmri ona 10.06.2021-ci il tarixdə məlum olmuş və o, həmin əmrin ləğv olunması üçün 10.06.2021-ci il tarixdə şikayət ərizəsi ilə yuxarı instansiyaya-cavabdehə müraciət etmişdir. Lakin indiyədək 10.06.2021-ci il tarixli şikayət ərizəsi cavabdeh tərəfindən cavablandırılmamış və cavabsız qalmışdır. Eyni zamanda adıçəkilən əmr indiyədək ona rəsmi qaydada təqdim edilməmiş və elan olunmamışdır. Belə olan halda onun tərəfindən iddia müddətinin buraxılmasından söhbət gedə bilməz. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 2-1(118)-1991/2021 saylı qərardadı ləğv edilməli, hazırki iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına mübahisələndirilən inzibati aktın əsli və yaxud təsdiq edilmiş surəti ümumiyyətlə əlavə edilməmiş və məhkəmə tərəfindən inzibati aktın cavabdehdən tələb edilərək iş materiallarına əlavə edilməsi təmin edilməmişdir. İşə baxan məhkəmə iddianı mümkün saymamış və hesab etmişdir ki, iddiaçı N may 2021-ci il tarixli əmrin ləğv olunması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə öz qərardadında qeyd etmişdir ki, iddiaçının məhkəmədə mübahisələndirdiyi əmr N №li hərbi hissə komandirinin N.05.2021ci il tarixli 075 №li əmrinin ona aid hissəsində ləğv olunması ilə bağlı olmaqla N may 2021ci il tarixdə qəbul edilmişdir. Yuxarıda qeyd edilən və iddiaçıya təqdim edilən sənədlərin təqdim edilməsi vaxtından uzun müddət keçdikdən sonra məhkəməyə ərizə verməklə mübahisələndirmişdir ki, bu da iddia verilməsi ilə əlaqədar qanunvericiliyin tələblərinə ziddir. Kollegiya hesab edir ki, iddianı mümkün saymayarkən birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1-ci bənd). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3cü bənd). Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər (3.5-ci bənd). Lakin hazırki işin hallarından görünür ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına səbəb olan halı (01 aylıq iddia müddətin ötürülməsini) iddiaçının diqqətinə çatdırmaqla kifayətlənmiş, iddiaçıya prosessual müddətin bərpa olunması üçün İPM-nin 24-cü maddəsində müəyyən olunmuş hüquqi müdafiə vasitəsindən istifadə etməyi təklif etməmiş, müddətin bərpası barədə ərizə vermək üçün lazımi şərait yaratmamış, bunun üçün ağlabatan vaxt təyin etməmişdir. Digər tərəfdən işdən görünür ki, hakim N №li hərbi hissə komandirinin N.05.2021-ci il tarixli 075 №li əmrinin ləğvinə dair mübahisələndirmə haqqında iddia üzrə 01 aylıq iddia müddətinin ötürülməsi qənaətinə gəlsə də, müddət axımının başlanıldığı anı, yəni qeyd edilən inzibati aktın iddiaçıya rəsmi təqdim edildiyi və yaxud elan edildiyi günü müəyyən etməmiş, buna dair cavabdehin mövqeyini aydınlaşdırmamışdlr. Əksinə, iş materiallarından görünür ki, iddiaçı hazırkı vaxtadək 2-ci məharət dərəcəsinin 1 pillə aşağı endirilməsi haqqında əmri almadığını və əmrin ona elan edilmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun: 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 62.3-cü maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Sadalanmış müddəaların mənasından bəlli olur ki, inzibati aktın təqdim edilməsi və ya elan edilməsi ilə bağlı mübahisə yarandığı halda, inzibati orqan aktın təqdim edilməsi və ya elan edilməsi faktını və müddətini sübut etməlidir. Mübahisənin yaranması isə maraqlı şəxsin inzibati aktı almadığı və ya geç aldığı halların müəyyən edilməsi ilə əlaqədardır. Yəni hər bir halda maraqlı şəxs tərəfindən hansı qaydada inzibati aktdan məlumatlı olduğu bilinməlidir. Hazırkı iş üzrə, iddiaçı məharət dərəcəsinin aşağı endirilməsi barədə əmrin ona rəsmi olaraq təqdim edilmədiyini və elan edilmədiyini iddia etdiyindən, 62.3-cü maddənin tələbinə görə, sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Birinci instansiya məhkəməsi yenidən işə baxarkən bu istiqamətdə işin hallarını araşdırmalı, iddia müddətinin ötürülməsi qənaətinə gəldikdə hüquqi yardım vəzifəsinə əməl etməklə iddia mümkünlüyü məsələsinə yenidən baxmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia mümkün sayılmalı, iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 2-1(118)-1991/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun 26.05.2021-ci il tarixli və 10.06.2021-ci il tarixli şikayət ərizələrinin cavablandırılmasında ifadə olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab olunması və 2-ci məharət dərəcəsinin 1 pillə aşağı endirilməsi haqqında N №li hərbi hissə komandirinin N.05.2021-ci il tarixli 075 №li əmrinin ona aid hissəsində ləğv olunması” tələbinə dair inzibati iş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-138/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-138/2022
12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver