Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-138/2024 19.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X11 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin üzərinə iddiaçıya və ailə üzvlərinə 2022-ci ilin fevral ayından (müraciət olunan tarixdən) ünvanlı dövlət sosial yardımın təyin olunması öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 avqust 2023cü il tarixli, 2-1(118)-1289/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı ailə tərkibi özü, xx.xx.2006-cı il təvəllüdlü qızı X5, xx.xx.2010-cu il təvəllüdlü qızı X6 və xx.xx.2011-ci il təvəllüdlü oğlu X2 ibarətdir. İddiaçının ailəsinə orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olduğundan ünvanlı sosial yardım təyin edilmiş və 2022-ci ilin fevral ayınadək həmin yardım ailəyə ödənilmişdir. Sosial yardımın ödənişi dayandırıldıqdan sonra iddiaçı ilk dəfə xx.xx.2022-ci il tarixində olmaqla, bir neçə dəfə ailəsinə ünvanlı sosial yardımın ödənilməsi ilə bağlı cavabdeh orqana müraciətlər etmişdir. Lakin, cavabdeh müraciətlərin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2022-ci il tarixli müraciətində ailə üzvlərinə ödənilən kompensasiya və əmək haqqı məbləğlərinin düzgün qeyd edilməməsi, xx.xx.2022-ci il tarixli müraciətində ailə üzvlərinin “məcburi köçkün statusuna malik olan şəxsdir” seçimi ilə bağlı uyğunsuzluğun aşkar edilməsi, ərizə-bəyənnamədə “məcburi köçkün statusuna malik olan şəxsdir” seçimi üzrə “xeyr” qeyd edilməsi və bu seçimin öz təsdiqini tapmaması, xx.xx.2022-ci il tarixli müraciətində İddiaçı münasibətdə “məcburi köçkün statusuna malik olan şəxsdir” seçimi ilə bağlı uyğunsuzluğun aşkar edilməsi, ərizə-bəyənnamədə “məcburi köçkün statusuna malik olan şəxsdir” seçimi üzrə “bəli” qeyd edilməsi və bu seçimin öz təsdiqini tapmaması, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müraciətlərində isə ailənin gəlirlərinin düzgün göstərilməməsi səbəbindən ünvanlı sosial yardımın təyin edilməsi mümkün olmamışdır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona və ailə üzvlərinə 2022-ci ilin fevral ayından (müraciət olunan tarixdən) ünvanlı dövlət sosial yardımın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Sumqayıt şəhərində yaşayır, üç övladı var və Cəbrayıl rayonu 6 saylı məktəbdə müəllimə işləyir. Həyat yoldaşı olmadığından uşaqlarını təkbaşına böyüdür, heç yerdən əlavə gəliri yoxdur. Ailəsinə ona ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı bir neçə dəfə cavabdeh orqana müraciətlər etmiş, lakin hər dəfə müraciətlərinin icrasından imtina edilmişdir. Cavabdehin əməkdaşları bir neçə dəfə yaşadığı evə baxış keçirərək maddi-məişət şəraitinin müayinəsini aparmış, bundan sonra da müraciətlərinə imtina cavabı vermişdir. Son 3-4 ildə bir-neçə dəfə olmaqla, ona və ailəsinə ÜSY ayrılmış və vaxtlı-vaxtında almışdır. Lakin 2022-ci ilin fevral ayından bəri dəfələrlə müraciət etməsinə və ailəsində adambaşına düşən gəlirlərin minimum ehtiyac meyarından aşağı olmasına baxmayaraq, ona və ailəsinə verilməli olan ÜSY cavabdeh tərəfindən verilmir. Hesab edir ki, cavabdehin imtinaları qanunsuzdur. Baxmayaraq ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində deyildiyi kimi hər kəsin sosial təminat hüququ vardır. Lakin, cavabdeh ona və ailəsinin qanunla müəyyən olunmuş hüquq və azadlıqlarını kobud şəkildə pozur. Cavabdeh iddiaya yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçı xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixdə ərizələrlə ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı inzibati orqana VEMTAS üzərindən müraciət etmiş, lakin vətəndaşa ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina olunmuşdur. İş üzrə iddiaçının xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müraciətlərinə ünvanlı dövlət sosial yardımın təyin olunmasının imtina səbəbi kimi iddiaçının əmək müqaviləsi və ya müqavilələri üzrə əmək haqqı məbləğlərinin və ailə üzvlərinə (övladlarına) verilmiş kompensasiyanın məbləğinin düzgün bəyan edilməməsi qeyd edilmişdir. Eyni zamanda, iddiaçının xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müraciətlərinin imtina səbəblərindən biri kimi ailə üzvlərinin “məcburi köçkün statusuna malik olan şəxsdir” seçimi üzrə “xeyr" qeyd edilməsi və “vahid aylıq müavinət alan məcburi köçkündür” seçiminə “bəli” qeyd olunması olmuşdur. Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsinin və sosial yardım təyinatından sonrakı monitorinqlərin aparılmasına dair Təlimatda qeyd olunur ki, bu fakt maddi-məişət şəraitinin yoxlanılması zamanı tərtib olunmuş akt və çəkilmiş videogörüntü əsasında təsdiq edilmişdir. Belə ki, iddiaçının xx.xx.2022-ci il tarixli **********03603 nömrəli müraciəti əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən maddi-məişətin yoxlanılması üçün əməkdaşlar qeyd edilən ev ünvanına getdikdə ailə üzvlərinin evdə olmadığı müəyyənləşdirilmiş və bu səbəbdən müayinə aparmaq mümkün olmamışdır. “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsinin və sosial yardım təyinatından sonrakı monitorinqlərin aparılmasına dair” Təlimatın 3.12.15-ci bəndinə əsasən, ailə üzvünün rəsmi nikahda olması barədə şifahi qaydada soruşulur. Əgər nikaha rəsmi qaydada xitam verilməsi bildirilərsə, aliment iddiasının olub-olmaması məhkəmə qətnaməsinə əsasən müəyyən edilir. Aliment iddiası olmadıqda imtina verilmir. Eyni zamanda Təlimatın 3.12.16-cı bəndinə əsasən, aliment iddiası olub, lakin aliment ala bilmədiyi barədə yerli icra orqanından arayış təqdim edən ailədə aliment gəlirləri arayışa əsasən nəzərə alınır. İddiaçının xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müraciətlərinə ünvanlı dövlət sosial yardımın təyin olunmasının imtina səbəbi kimi ailə gəlirlərinin düzgün göstərilmədiyi qeyd olunmuşdur. Belə ki, iddiaçıya 2(060)-3054/2018 nömrəli qətnamə ilə 300 manat məbləğində aliment müəyyən olunmuşdur. İddiaçı cavabdehin (ərinin) alimenti ödəmədiyini bildirsə də, bununla bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2-1(118)-1289/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək iddiaçıya 2022-ci ilin fevral ayından hesablanmaqla ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim L.Mirzəyeva) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, qanunvericilikdə “ünvanlı sosial yardımın alınması” ndan imtina əsasları müəyyən edilmiş, bu halların iddiaçıya münasibətdə mövcud olmasına dair nə məhkəmə icraatında, nə də iddiaçının müraciəti üzrə inzibati icraat çərçivəsində tutarlı sübut təqdim edilməmiş və dəlil gətirilməmişdir. İmtina məktubunda məsələyə formal yanaşılaraq, iddiaçının ailə gəlirləri barədə düzgün məlumat verilmədiyi barədə dəlillərə əsaslanaraq mövqe bildirilmişdir. Belə olan halda, məhkəmə imtinanı qanuni saymayaraq, bu imtinanın həm də iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixli müraciətinə əsasən qeyd etməyi zəruri hesab edirlər ki, iddiaçı “Ərizə bəyannamədə” əvvəlki 12 aylıq gəlirinin 4000 manat (dörd min manat) təşkil etdiyini bəyan etmişdir. Lakin VEMTAS tərəfindən müvafiq qurumların alt sisteminin yoxlamaları nəticəsində iddiaçının əvvəlki 12 aylıq gəlirinin 5451,32 manat (beş min dörd yüz əlli bir manat otuz iki qəpik) olduğu müəyyən edilmişdir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli, 1206 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixdən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli müraciətində üç övladının hər birinə ayrı-ayrılıqda əvvəlki 12 ay üzrə 600 (altı yüz) manat müavinət aldığını qeyd etmişdir. VEMTAS tərəfindən isə sözügedən məbləğin hər bir övladına münasibətdə 720 (yeddi yüz iyirmi) manat olduğu müəyyən edilmişdir. Yuxarıda istinad etdikləri Fərmanla məcburi köçkün və onlara bərabər tutulan şəxslərə vahid aylıq müavinət məbləğinin 60 (altmış) manat olduğu və 12 aya münasibətdə bu məbləğin hər bir şəxs üçün 720 manat (60x12=720) olduğu öz təsdiqini tapmışdır. Yuxarıda qeyd olunanlara münasibətdə məhkəmə qərarında iddiaçıya ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilməsinin səbəbi olaraq ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi ilə bağlı bildirilməlidir ki, cavabdehin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müraciətindən imtinasının əsası kimi göstərdiyi – “Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü İddiaçı “məcburi köçkün statusuna malik olan şəxsdir” seçimi ilə bağlı uyğunsuzluğun aşkar edilməsi, ərizə-bəyənnamədə “məcburi köçkün statusuna malik olan şəxsdir” seçimi üzrə “bəli” qeyd edilməsi və bu seçimin öz təsdiqini tapmamasına, xx.xx.2022-ci il tarixli müraciət – ərizə-bəyannamədə yanlışlığın qeydə alınmasına, xx.xx.2022-ci il tarixli müraciət - ərizə-bəyannamədə yanlışlığın qeydə alınmasına münasibətdə cavabdeh tərəfindən ətraflı məlumat verilməmişdir və qeyd edilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən bəyannamələrdə yanlışlığa yolverilmişdir. Cavabdeh tərəfindən qeyd edilən halların mövcud olmasına dair nə məhkəmə icraatında, nə də iddiaçının müraciəti üzrə inzibati icraat çərçivəsində tutarlı sübut təqdim edilməmiş və dəlil gətirilməmişdir”. Qeyd etməyi zəruri hesab edirlər ki, məhkəmənin sözügedən mövqeyi əsassızdır. Belə ki, inzibati orqan bütün əsaslı sübutları məhkəməyə təqdim etmişdir. Eyni zamanda iddiaçı tərəfindən də “Ərizə bəyannamələrdə” və məhkəmə iclaslarında övladları haqqında məcburi köçkün və onlara bərabər tutulan şəxs hesab olunmaları qeyd olunmuşdur. Sözügedən hallardan da göründüyü kimi məhkəmə tərəfindən də hər hansı bir araşdırma aparılmamışdır. Əlavə olaraq bildirirlər ki, ünvanlı dövlət sosial yardımın təyin edilməsi zamanı ilkin olaraq VEMTAS tərəfindən yoxlama aparılır, əgər qurumlarla yoxlamada hər hansı bir uyğunsuzluq aşkar edilməmişdirsə daha sonra maddi-məişət şəraitinin müayinəsi həyata keçirilir. Məhkəmə iddiaçıya 2022-ci il fevral ayından başlayaraq ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması ilə bağlı yekun qərar qəbul edərkən nəzərə almamışdır ki, iddiaçının xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli imtinaları qurumlarla yoxlamanın nəticəsində olmuş və maddi-məişət şəraitinin yoxlanılması aparılmamışdır. Məhkəmənin iddiaçının digər müraciətlərinə münasibətdə qeyd etdikləri ilə bağlı bildirirlər ki, iddiaçı sözügedən imtinaları mübahisəndirməmişdir. Qeyd etdikləri bütün xüsusatlardan belə bir nəticəyə gələ bilərlər ki, məhkəmə araşdırması kifayət qədər aparılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Sosial yardım almaq hüququ olan ailələr Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 7. Sosial yardımın məbləği 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. 7.3. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 8. Sosial yardımın təyin olunması müddəti 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı, 16 noyabr 2005-ci il tarixli Fərmanı: Bənd 2.3. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1-ci və 6.3cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Nazilər kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”:
3. Sosial yardımın təyin olunması və təyin olunmasından imtina edilməsi 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə” də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X3 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. (-)
5. Ailənin orta aylıq gəlirinin hesablanması 5.1. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. (-) 5.3. Ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi mənbələrdən (o cümlədən ailənin maddi məişət şəraitinin müayinəsi zamanı aparılan video və foto çəkiliş üzrə məlumatlardan) istifadə edilir.
Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikasının 3 dekabr 2021-ci il tarixli, 405 nömrəli Qanunu: Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır: Maddə 1. Ehtiyac meyarının həddi Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilsin. İnzibati Prosessual Məcəllə Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının ailəsinə 2022-ci ilin fevral ayından ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtinası təşkil edir. Birinci instansiya məhkəməsi qanunvericiliklə müəyyən edilmiş ünvanlı sosial yardımın təyin edilməsindən imtina əsaslarının iddiaçının ailəsinə münasibətdə mövcud olmaması əsası ilə cavabdehin imtinalarını əsassız hesab etmiş və iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanununun 3-cü maddəsinin tələbindən göründüyü kimi sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan müxrəlif səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” nın 3.7-ci bəndində göstərilən halların iddiaçıya münasibətdə mövcud olmasına dair nə məhkəmə icraatında, nə də iddiaçının müraciəti üzrə inzibati icraat çərçivəsində tutarlı sübut təqdim edilməmiş və dəlil gətirilməmişdir. Cavabdeh bununla bağlı məsələyə formal yanaşaraq, iddiaçının ailə üzvlərinin gəlirləri barədə düzgün məlumat verilməməsi əsası ilə müraciətlərin icrasından imtina etmişdir. Kollegiya qeyd edir ki, iddiaçının VEMTAS vasitəsilə ünvanlı sosial yardımla bağlı müraciətlərində göstərdiyi və cavabdehin müvafiq məlumatların yoxlanılması zamanı düzgün məlumat vermədiyi hallar kimi göstərdiyi hallar - məcburi köçkün statusuna malik olan ailə üzvlərinə münasibətdə ödənilən kompensasiyanın məbləğinin, o cümlədən, əmək haqqı məbləğinin, aliment gəlirlərinin düzgün göstərilməməsi özüözlüyündə iddiaçıya ünvanlı sosial yardımın təyin edilməsindən imtinaya səbəb olan hallar kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd edilən məlumatlar cavabdehin özündə (tabeçiliyində olan qurumlarda) mövcud olmaqla, həmin məlumatlardakı uyğunsuzluğun aradan qaldırılması imkanına malik olmuşdur. İşin hallarından da göründüyü kimi iddiaçının əmək haqqındakı fərq son nəticədə yalnız təyin ediləcək ünvanlı sosial yardımın məbləğinin müəyyənləşdirilməsində əhəmiyyət kəsb edə bilərdi, lakin həmin hallar bütövlükdə iddiaçıya “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun tələblərinə uyğun olaraq sosial yardımın təyin olunmasından ümumiyyətlə imtina edilməsinə əsas hesab edilə bilməzdi. Xüsusilə vurğulamaq lazımdır ki, sosial təminat sahəsində dövlət siyasətini həyata keçirən orqan həmin sahənin həssaslığını nəzərə almalı, şəxsin bu sahədə hüququnun təmin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin mövcudluğu ilə bağlı halları obyektiv və hərtərəfli araşdırmalı və yalnız bundan sonra qərar qəbul etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində əlavə olaraq, iddiaçının xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müraciətlərinə imtina cavablarının qurumlarla yoxlamanın nəticəsində verildiyini və maddi-məişət şəraitinin yoxlanılmasının aparılmadığını qeyd etmişdir. Cavabdehin həmin dəlilini də əsassız hesab edərək kollegiya qeyd edir ki, işdən görünür ki, həm cavabdeh tərəfindən aparılan inzibati icraat zamanı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə, həm də məhkəmə icraatı zamanı xx.xx.2023-cü il tarixdə iddiaçının ailəsinin maddi-məişət şəraitinin müayinəsi aparılmışdır. Habelə, cavabdehin istinad etdiyi müraciətlərlə iddiaçının sonrakı müraciətlərinə verilən imtinaların əsası eyni ailə üzvlərinə ödənilən kompensasiya və əmək haqqı məbləğlərinin düzgün qeyd edilməməsi olmuşdur. İşin sadalanan hallarına əsasən kollegiya hesab edir ki, cavabdehin ünvanlı dövlət sosial yardım təyin edilməsindən imtinasının əsası kimi qeyd etdiyi hallar qanunvericiliyin tələbinə uyğun olmamışdır. “İnzibati icraat haqqında” Qanunun 67.1 və 67.2-ci maddələrinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı müddətin nəzərdə tutulması əsassız dayandırılmış sosial yardımın ödənilməsinin bərpa olunmasını istisna edən hal kimi təfsir edilə bilməz. Sosial yardımın təyin olunması və ya bərpası ilə bağlı məsələnin həlli zamanı əhəmiyyətli olan şəxsin sosial yardım almaq hüququna malik olması və bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş meyarların ona münasibətdə mövcud olmasıdır. İşin sadalanan hallarına əsasən kollegiya hesab edir ki, iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2-1(118)-1289/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.