Məhkəmə qərarları › İş №2-1(105)-138/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-138/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-138/2025 22.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “seriya RX ******* saylı, **********97 reyestr nömrəli xx.xx.2012-ci il tarixli çıxarışa əsasən iddiaçıya məxsus 0.04 ha torpaq sahəsinin koordinatlara uyğun sənəd üzrə naturada tanıdılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(118)- 180/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçı cavabdeh X3 qarşı Abşeron rayon Məhkəməsində iddia qaldıraraq, 29 iyun 2012ci il tarixli Çıxarışa əsasən ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsindəki yarımçıq tikilinin cavabdeh tərəfindən qanunsuz sökülməsi nəticəsində dəymiş maddi zərərə görə 20.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini Abşeron Rayon Məhkəməsindən xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi tikili onun mülkiyyətində olan torpaq sahəsindən 55 metr kənarda yerləşir. Bu tikili nə iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, nə də cavabdehin əri X5 məxsus torpaq sahəsinin hazırda qalan 0,0061 ha hissəinin hüdudları daxilində deyildir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı 14 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə ərizə ilə müraciət edərək sənədlərdə göstərilən torpaq sahəsinin ünvanın yerində göstərilməsi və ona təhvil verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan və onu tabe olduğu yuxarı inzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ərzində iddiaçının müraciətinə cavab verilmədiyindən o, hazırki iddia ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “xx.xx.2016-cı il tarixdə tərtib edilmiş 071353 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş **********97 kod nömrəli torpaq sahəsinin naturada təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə cavabdehin əsl cavabdehlə əvəz edilməsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “seriya RX ******* saylı, **********97 reyestr nömrəli xx.xx.2012-ci il tarixli çıxarışa əsasən iddiaçıya məxsus 0.04 ha torpaq sahəsinin faktiki koordinatlarının müəyyən edilməklə ona naturada tanıdılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması” na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2012-ci il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Abşeron rayon Saray qəsəbəsində 0,04 ha torpaq sahəsini X1 almışdır. Həmin torpaq sahəsinə dair xx.xx.2012-ci il tarixdə cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan və ölçü sənədi verilmişdir. Torpaq sahəsində tikili də mövcud olmuşdur. Mövcud tikili kənar şəxs tərəfindən söküldüyü üçün iddiaçı həmin şəxsə qarşı maddi ziyan tələbinə dair iddia ilə müraciət etmişdir. Məhkəmə baxışı zamanı ekspert tərəfindən müəyyən edilmişdir ki, həmin tikili iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşmir, iddiaçının sənəd üzrə torpaq sahəsi isə həmin tikilidən 55 metr kənarda yerləşir. Bundan sonra iddiaçı onun sənədlərində koordinatları və konturları müəyyən edilmiş torpaq sahəsini naturada yerində müəyyən edərək ona təhvil verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Ərizəsini və əlavə edilmiş sənədləri cavabdeh təşkilat alsa da, qanunla müəyyən edilmiş müddətdə ona cavab verməmişdir və bu qanuna əsasən imtinaya bərabət tutulur. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadan mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi aşkar edilmişdir. İddia ərizəsinə əsasən, xx.xx.2016-cı il tarixində tərtib edilmiş 071353 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş **********97 kod nömrəli torpaq sahəsinin naturada iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələb olunmuşdur. Həmin öhdəliyin icrası isə cavabdeh idarənin səlahiyyətləri xaricində olduğundan icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1180/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Seriya RX ******* saylı, **********97 reyestr nömrəli xx.xx.2012-ci il tarixli çıxarışa əsasən iddiaçıya məxsus 0.04 ha torpaq sahəsinin faktiki koordinatlarının müəyyən edilməklə ona naturada tanıdılması öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasına əsas olmuş sənədlərin təqdim edilməsi üçün cavabdeh orqana müvafiq sorğular ünvanlamışdır. Məhkəmə sorğusuna cavab olaraq iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən müəyyən edilir ki, torpaq sahəsi müxtəlif vaxtlarda fərqli şəxslərin mülkiyyətində olmuş və alqı-satqı əsasında bir nəfərdən digərinə satılmışdır. Hal-hazırda sonuncu mülkiyyətçi olan iddiaçı Şahbazova X6 rayonu Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsini AN-İ № ******* saylı, 25 may 2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X1 almışdır. Torpaq sahəsi sonuncunun mülkiyyətində olduğu zaman tərtib edilmiş 19 fevral 2011-ci il tarixli müayinə aktından görünür ki, torpaq sahəsinin koordinatları sənəddəki cizgiyə uyğun gəlir. Göründüyü kimi torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarış və plan və ölçü sənədi tərtib edilsə də, hal-hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq mövcuddur və iddiaçıya naturada mülkiyyətində olan torpaq sahəsinin koordinatları məlum deyildir. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh orqan tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin naturada koordinatlarının müəyyən edilməsinə dair hərəkətsizliyin müşahidə edilməsi sonuncunun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, iddia ərizəsində göstərilən hallar araşdırılmış, İddiaçı tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadan mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi aşkar edilmişdir. İddia ərizəsinə əsasən, xx.xx.2016-cı il tarixində tərtib edilmiş 071353 saylı “Torpaq sahəsinin planı və ölçüsü’’ndə göstərilmiş **********97 kod nömrəli torpaq sahəsinin naturada iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələb olunmuşdur. Sözügedən öhdəliyin icrası 4 saylı Abşeron Ərazi idarəsinin səlahiyyətləri xaricində olduğundan icrası mümkün olmamışdır. İş üzrə mütəxəssis rəyinin verilməsi məhkəmə tərəfindən tələb edilmişdir. Araşdırma zamanı Dövlət aktına əsasən cavabdeh tərəfindən İddiaçı Sadiq qızının adına verilmiş **********97 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.04 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlann (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılmasının mümkün olmaması müəyyən edilmiş, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə .mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı" hazırlandığı, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Sumqayıt İnzibati Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılmasının mümkün olacağı cavab məktubunda qeyd edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(118)-180/2024 saylı qərarının icrası yalnız ərazidə aparılmış yerqurulusu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra texniki cəhətdən mümkün olacaqdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və eyni zamanda iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin koordinatlara uyğun sənəd üzrə naturada tanıdılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 24.1 İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3 İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Əvvəla məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hazırki iddia mübahisələndirmə deyil, öhdəliyin icrası növündə baxılan iddialara aiddir. İnzibati orqanların fəaliyyəti inzibati aktların qəbul edilməsi ilə yanaşı, həmçinin faktiki xarakterli hərəkətlər və onların nəticəsində qəbul edilmiş hüquqi aktlarla da əhatə olunur. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Normanın məzmunundan göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyəti (hərəkətləri) də icra edirlər. Formal-hüquqi baxımdan “İnzibati icraat haqqında” Qanunda onun 1.2-ci maddəsində təsbit edilmiş hərəkətlər (fəaliyyət) üçün heç bir aşkar qayda nəzərdə tutulmayıb. Lakin belə bir hərəkət inzibati akt olsaydı (hipotetik baxımdan) və qanunsuz olsaydı (məsələn, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində nəzərdə tutulan əsaslara görə), onda, inzibati orqanın “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən müvafiq hərəkəti də qanunsuz sayılardı. Maddi-hüquqi baxımdan isə inzibati orqanın faktiki xarakterli hərəkəti o zaman qüsurlu olur ki, həmin hərəkət məzmun baxımından qüsurlu olsun (məsələn, hüquqi vəziyyəti əks etdirən arayışın, yaxud çıxarışın verilməsinə görə). İnzibati orqanın faktiki xarakterli hərəkəti maraqlı şəxsin hüquqlarına müdaxilə etdikdə və bunun üçün hüquqi əsas olmadıqda da həmin hərəkət qüsurlu olur. Bu qənaət “İnzibati icraat haqqında” Qanunun inzibati orqanların faktiki xarakterli fəaliyyətinə də şamil olunan və təkcə formal-hüquqi deyil, həmçinin maddi-hüquqi tələbləri də əks etdirən 10- 19-cu maddələrindən irəli gəlir. Hazırkı halda da, iddiaçı cavabdehin faktiki xarakterli hərəkətsizliyinin onun hüquqlarına müdaxilə etdiyini və bunun üçün hüquqi əsas olmadığını bəyan edərək, cavabdeh orqanın özü tərəfindən verilmiş plan və ölçü sənədində göstərilən koordinatlara uyğun olaraq torpaq sahəsinin naturada tanıdılmasını tələb edir. Cavabdeh iş materiallarında olan mütəxəssis rəyinə istinadən iddiaçının mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün torpaq sahəsinin sənəd və faktiki yerləşmə yeri arasında fərqin olub-olmaması, başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi ilə bağlı suallara cavab verilməsi mümkün olmamışdır. Lakin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 5163/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında Məhkəmə ekspertiza Mərkəzinin xx.xx.2021ci il tarixli rəyinə istinadən qeyd edilmişdir ki, İddiaçı Sadiq qızının cavabdeh X3 qarşı olan “29 iyun 2012-ci il tarixli Çıxarışa əsasən ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsindəki yarımçıq tikilinin cavabdeh tərəfindən qanunsuz sökülməsi nəticəsində ona 20.000 manat məbləğində zərər dəydiyini iddia etdiyi” tələbi üzrə İddiaçı Sadiq qızının iddia etdiyi tikilinin onun mülkiyyətində olan torpaq sahəsindən 55 metr aralıda yerləşdiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin dəlillərinə zidd olaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatlar üzrə yerinin müəyyən edilməsi və naturada tanıdılması mümkündür və eyni zamanda cavabdehi inzibati orqanın vəzifəsidir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinə əsasən: 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.26. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədilə sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, elektron daşıyıcıda və (və ya) kağız üzərində xəritələşdirilməsini həyata keçirmək və təsdiq etmək; 3.2.14. kadastr və mərzçəkmə işlərinə fiziki və hüquqi şəxsləri cəlb etmək və s. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 7.2-ci maddəsinə görə “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). İnzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1- 24.3-cü maddələri). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və hüquqi əsaslndırması ilə razılaşır, eyni zamanda hesab edir ki, iddiaçının iddia tələbinin dəqiqləşdirilmsəi barədə ərizə nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və seriya RX ******* saylı, **********97 reyestr nömrəli xx.xx.2012-ci il tarixli çıxarışa əsasən iddiaçıya məxsus 0.04 ha torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatlara uyğun sənəd üzrə ona naturada tanıdılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-180/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Seriya RX ******* saylı, **********97 reyestr nömrəli xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus 0.04 ha torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatlara uyğun sənəd üzrə ona naturada tanıdılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar