Məhkəmə qərarları › İş №2-1(105)-1383/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1383/2025

16.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(105)-1383/2025 16.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı iddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının ## ###### 1997-ci il tarixli, ** nömrəli qərarı ilə iddiaçı iddiaçı2 və bacısı Şıxbalayeva (İsayeva) Ülkər Seyidbala qızına Xaçmaz rayonunun Qalağan kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün JN-*** nömrəli (KOD30210018) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən 3,60 ha torpaq sahəsinin mülkiyyətlərinə verilməsi ilə bağlı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmənin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə Şıxbalayeva (İsayeva) Ülkər Seyidbala qızının iddiaçı qismində işə cəlb edilməsi qərara alınmışdır. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin protokol qərardadı ilə cavabdeh prossesual hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq sahəsi iddiaçı və onun ailə üzvünə verildikdən sonra öz əmlakını kimi istifadə edib vaxtlıvaxtında vergi pullarını ödəyirlər. JN-175 (KOD 30210018) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda iddiaçı iddiaçı2 və bacısı Şıxbalayeva (İsayeva) Ülkər Seyidbala qızının soyadları İsayeva kimi göstərilsə də, onlar ailə həyatı qurduğu zamanı soyadlarını dəyişdirmiş və şəxsiyyət vəsiqələrində müvafiq olaraq Quliyeva və Şıxbalayeva kimi göstərilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, Quliyeva (İsayeva) Könül Seyidbala qızıXaçmaz rayonu, Qalağan kəndi ərazisində yerləşən 3.60 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinə ##.##.2023-cü il tarixli **********qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilmiş, 3.60 ha torpaq sahəsi üçün JN-*** nömrəli (KOD 30210018)seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” təqdim edilmişdir. Bildiririk ki, JN-*** nömrəli (KOD 30210018) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın cizgisi məlumat bazasında (DWG) haqqında məlumat öz əksini tapmışdır, lakin, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinə təhvil alınmış arxivdə olan qeydiyyat kitablarında qeydə alınmamışdır. Bu səbəbdən də, JN-*** nömrəli (KOD 30210018) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın elektron kadastr (DWG) məlumatlarının və eləcə də dövlət aktlarının verilməsinə əsas olan ilkin hüquqmüəyyənedici sənədlərin arxiv surətlərinin verilməsinə köməklik göstərmək məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə əsasən xxxx MMC-ə sorğu göndərilərək ərizənizin icrası bir ay müddətinə dayandırılmışdır. Sorğuya verilmiş cavab məktubunda bildirilmişdir ki, Mərkəzin arxivində aparılmış araşdırma zamamanı sözügedən JN-*** nömrəli (KOD 30210018) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın tərtib edilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. Bundan əlavə, JN-*** nömrəli (KOD 30210018) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nda göstərilən 3.60 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində azalaraq 3.24 ha ölçüdə öz əksini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: JN 175 KOD 30210018 “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının ## ###### 1997-ci il tarixli, ** saylı qərarı ilə İsayeva Könül Seyidbala qızı və İsayeva Ülkər Seyidbala qızına 3,6 ha torpaq sahəsi verilmişdir. AZ-İ seriyalı, ****** nömrəli “Nikah haqqında şəhadətnamə”dən görünür ki, X1 və İsayeva Könül Seyidbala qızı ## ###### 2008-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə - Quliyev, arvada Quliyeva soyadı verilmişdir. AZ-İ seriyalı, ****** nömrəli “Nikah haqqında şəhadətnamə”dən görünür ki, X4 və İsayeva Ülkər Seyidbala qızı # ######## 2012-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə - Şixabalayev, arvada Şixbalayeva soyadı verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi İdarəsinin ## ###### 2024-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli iddiaçı2 göndərilmiş məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilən 3,60 ha torpaq sahəsi üçün tərəfindən JN-*** nömrəli (KOD 30210018) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” təqdim edilmişdir. Bildirilmişdir ki, JN-*** nömrəli (KOD 30210018) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın cizgisi məlumat bazasında (DWG) öz əksini tapmışdır, lakin, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinə təhvil alınmış arxivdə olan qeydiyyat kitablarında qeydə alınmamışdır. Bu səbəbdən də, JN-*** nömrəli (KOD 30210018) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın elektron kadastr (DWG) məlumatlarının və eləcə də dövlət aktlarının verilməsinə əsas olan ilkin hüquq müəyyənedici sənədlərin arxiv surətlərinin verilməsinə köməklik göstərmək məqsədi ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə əsasən Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-yə sorğu göndərilərək ərizənin icrası bir ay müddətinə dayandırılmışdır. Sorğuya verilmiş cavab məktubunda bildirilmişdir ki, Mərkəzin arxivində aparılmış araşdırma zamanı sözügedən JN-*** nömrəli (KOD 30210018) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın tərtib edilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. Bundan əlavə, JN-*** nömrəli (KOD 30210018) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nda göstərilən 3,60 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) azalaraq 3,24 ha ölçüdə öz əksini tapmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.6-cı maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur. ## ### 2024-cü il tarixli, 8İ-**** reyestr nömrəli ərizədən görünür ki, X7 pay torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına etiraz etməmişdir. Xaçmaz rayon Qalağan bələdiyyəsinin ## ###### 2024-cü il tarixli, ** nömrəli arayışından görünür ki, islahat zamanı JN *** nömrəli Dövlət Aktına əsasən Qalağan kəndində yerləşən Quliyeva (İsayeva) Könül Seyidbala qızına və ailəsinə verilmiş 3,60 ha torpaq sahəsi üzrə 2024-cü ilin dekabr ayının sonuna qədər torpaq vergisi vaxtlı-vaxtında ödənilmişdir. Halhazırkı dövrə qədər heç bir borcu qalmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “xxxx” MMC-nin # ###### 2024-cü il tarixli, *-**-*-**/*****/**** nömrəli məktubundan görünür ki, Xaçmaz rayonunun Qalağan kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında İsayeva Könül Seyidbala qızı və İsayeva Ülkər Seyidbala qızının adları aşkar edilməmişdir. Qoşma şəklində aşağıdakı sənədlərin surəti göndərilmişdir: Xaçmaz rayon Aqrar İslahat Komissiyasının ## ###### 1997-ci il tarixli, ** saylı iclas protokolundan çıxarış. “Xəzər” sovxozunun yerli Aqrar İslahat Komissiyasının ## ###### 1997-ci il tarixli, ** saylı qərarından çıxarış. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi İdarəsinin ## ###### 2024-cü il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubu ilə göndərilmiş müayinə aktından görünür ki, JN-175 KOD 30210018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən Quliyeva (İsayeva) Könül Seyidbala qızına və ailə üzvlərinə Xaçmaz rayonu, Qalağan kəndində yerləşən 3,60 ha torpaq sahəsi göstərilməsinə baxmayaraq, həmin torpaq sahəsinin içərisindən su arxı keçdiyindən torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sistemində 3,24 ha torpaq sahəsi kimi işlənmişdir. Halhazırda ölçü zamanı məlum olmuşdur ki, iddiaçının dövlət aktında bir yerdə göstərilməsinə baxmayaraq, faktiki naturada iki planşetdən (konturdan) ibarətdir və istifadəsində olan ərazi 3,6 ha təşkil edir. Qonşu torpaq sahələri ilə üst-üstə düşmür. Xaçmaz Rayon Dövlət Arxivinin # ###### 2025-ci il tarixli, *-**-**RA/*-***-**/**** nömrəli məktubundan görünür ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının ## ###### 1997-ci il tarixli, ** saylı protokolunun surəti qoşma şəklində göndərilmişdir. Qeyd edilmişdir ki, həmin qərarla Qalağan kəndində torpaq payı almaq hüququ olan subyektlərin siyahısında iddiaçı2 və iddiaçı1 adları aşkarlanmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “xxxx” MMC-nin ## ######## 2025-ci il tarixli, *-**-*-**/*****/**** nömrəli məktubundan görünür ki, Mərkəzin arxivində saxlanılan Xaçmaz rayonu, “Xəzər” sovxozu üzrə islahat (pay torpaq) qovluğunda rayon və yerli Aqrar İslahat Komissiyalarının qərarlarının özü deyil, yalnız həmin qərarlardan “Xəzər” sovxozuna aid hissədən çıxarışlardır. Xaçmaz rayonunun “Xəzər” sovxozu Qalağan, Hacılar, Ərəb, Köymərəz və sair kəndləri əhatə edir. Sözügedən qərarlardan çıxarışlar “Xəzər” sovxozu üzrə vahid qərarlar kimi hesab olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının ## ###### 1997-ci il tarixli, ** nömrəli qərarı ilə ayrılmış JN-*** nömrəli (KOD 30210018) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən Xaçmaz rayonunun Qalağan kəndi ərazisində yerləşən 3,6 ha torpaq sahəsi üzərində iddiaçı2 və iddiaçı1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilmişdir (hakim Könül Həbibova). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri. Apellyasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, cavabdehin nümayəndəsi gəlməmə səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il ####un #-dan 2009-cu il ####un ##-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. İddia ərizəsindən və iş materiallarından göründüyü kimi iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Belə ki, hazırkı işin halları ilə müəyyən olunur ki, iddiaçılar JN-*** nömrəli (KOD 30210018) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na istinad edərək həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Həmin imtina ilə razılaşmayan iddiaçı birinci instansiya məhkəməsinə hazırkı tələblə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Kollegiya iş materiallarının araşdırılması ilə bağlı ilk öncə onu qeyd edir ki, öhdəliyin icrası haqqında iddia çərçivəsində cavabdeh inzibati orqanın üzərinə müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulması yalnız o halda mümkündür ki, iddiaçının tələb etdiyi hərəkətlərin edilməsi üçün hüquqların dövlət qeydiyyatını şərtləndirən bütün hüquqmüəyyənedici sənədlər mövcud olsun, həmin sənədlər qanunvericiliyin tələblərinə uyğun tərtib edilsin, onların hüquqi qüvvəsi şübhə doğurmasın və inzibati orqanın imtinası açıq-aşkar qanuna zidd xarakter daşısın. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş üzrə mübahisənin düzgün həlli məqsədilə təqdim olunmuş sübutların hüquqi mahiyyəti və onların hüquqi nəticələr doğurmaq qabiliyyəti qiymətləndirilərkən, məhkəmə yalnız həmin sənədlərin formal mövcudluğunu deyil, eyni zamanda onların qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib olunmasını, müvafiq qeydiyyat sistemində əks olunmasını və hüquqi dövriyyəyə daxil edilibedilməməsini də nəzərə almalıdır. Kollegiya iddiaçının təqdim etdiyi sənədin hüquqi qüvvəyə malik olub-olmadığı məsələsinin yalnız həmin sənədin məzmunu deyil, onun qeydiyyat sistemində faktiki mövcudluğu və hüquqi dövriyyəyə daxil olub-olmaması ilə qiymətləndirilməli olduğunu qeyd edir. Hüquqi dövriyyəyə daxil olmayan, digər şəxslərə məlum olmayan və dövlət reyestrində qeydə alınmayan hüquq subyektiv hüquq olsa belə, onun dövlət tərəfindən tanınması hüquqi prosedurların mövcudluğunu tələb edir. Kollegiya onu da qeyd edir ki, qanunvericiliyə əsasən daşınmaz əmlaka dair hüquqların tanınması və hüquqi nəticələr doğurması üçün bu hüquqlar dövlət qeydiyyatına alınmalı, qeydiyyat zamanı isə təqdim edilən sənədlərin həqiqiliyi, hüquqi əsasları və forma baxımından qanunvericiliyin tələblərinə uyğunluğu qiymətləndirilməlidir. Əgər hüququ təsdiq edən sənədin hüquqi etibarlılığı və ya mənbə etibarı ilə şübhə doğuracaq hər hansı ziddiyyətlər və ya uyğunsuzluqlar varsa, bu halda qeydiyyat orqanı həmin sənəd əsasında hüququ qeydiyyata almaqdan imtina etmək hüququna malikdir. Nəzərə alınmalıdır ki, iş materiallarından göründüyü kimi, iddiaçıların istinad etdiyi JN- *** nömrəli Dövlət Aktının verilməsinə əsas olmuş sənədlər nə xxxxnin arxivində, nə də Xaçmaz rayon dövlət arxivində aşkar edilməmiş, həmin aktın qeydiyyat kitablarında qeydə alınmadığı müəyyən olunmuşdur. Həmçinin elektron kadastr (DWG) məlumatlarında yalnız cizgi mövcud olsa da, hüquqmüəyyənedici ilkin sənədlərin olmaması həmin aktın hüquqi əsaslarını şübhə altına alır. Bundan əlavə, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının ## ###### 1997-ci il tarixli, ** saylı qərarı üzrə aparılmış arxiv araşdırmaları nəticəsində Qalağan kəndi üzrə torpaq payı almaq hüququ olan subyektlərin siyahısında iddiaçıların – Quliyeva (İsayeva) Könül Seyidbala qızı və Şıxbalayeva (İsayeva) Ülkər Seyidbala qızının, habelə onların atası İsayev Seyidbala İsabala oğlunun adlarının mövcud olmadığı müəyyən edilmişdir. Bu hal həm Xaçmaz rayon dövlət arxivinin cavab məktubları, həm də xxxxnin təqdim etdiyi arxiv məlumatları ilə təsdiq olunmuşdur. Eyni zamanda iş materiallarından müəyyən olunur ki, torpaq sahəsinin ayrıldığı iddia edilən 1997-ci ildə iddiaçıların yaşı müvafiq olaraq 7 və 10 olmuşdur. Aqrar islahat zamanı torpaq payı almaq hüququ isə yalnız müəyyən olunmuş subyektlərə şamil edilirdi. Bu yaşda olan şəxslərin müstəqil hüquq subyekti kimi torpaq payı alması real və hüquqi baxımdan mümkün deyildir. Bu hal da təqdim edilən Dövlət Aktının həqiqiliyinə dair ciddi şübhələr yaradır. Kollegiya qeyd edir ki, iddiaçıların istinad etdiyi Dövlət Aktı ilə arxiv məlumatları arasında açıq ziddiyyət mövcuddur. Bir tərəfdən sənəd mövcuddur, digər tərəfdən isə həmin sənədin hüquqi əsasını təşkil edən qərar və siyahılarda iddiaçıların adları ümumiyyətlə yoxdur. Kollegiya xüsusilə qeyd edir ki, yuxarıda qeyd edilən hallar təqdim edilən sənədin hüquqi əsası və etibarlılığı ilə bağlı olan şübhələri daha da gücləndirir və nəticə etibarilə torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun birbaşa həmin Dövlət aktına əsasən tanınmasına mane olur. Belə şəraitdə, hüquqi əsasları rəsmi arxiv məlumatları ilə təsdiqini tapmayan, əksinə, arxiv sənədləri ilə təkzib olunan sənədə əsasən hüququn dövlət qeydiyyatına alınması qanunvericiliyin tələblərinə zidd olardı. Bu baxımdan qeydiyyat orqanının çıxarış verməkdən imtina etməsi hüquqi baxımdan əsaslı və qanunauyğun hesab edilməlidir. Bütün bu halları nəzərə alan kollegiya bir daha vurğulayır ki, hüququ təsdiq edən sənədin yalnız kağız daşıyıcısında təqdim edilməsi və ya ona istinad olunması kifayət etmir. Belə sənədin məzmununun aidiyyəti dövlət orqanlarının arxiv məlumatları, kadastr sənədləri və digər rəsmi mənbələrlə uzlaşması zəruridir. Əks təqdirdə, hüquqların dövlət qeydiyyatına alınması prosesi hüquqi müəyyənlik və etibarlılıq prinsiplərinə zidd nəticə doğura bilər. Göründüyü kimi, məhkəmə araşdırması zamanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulduğu qaydada aparılmış yoxlama nəticəsində iddiaçının istinad etdiyi JN-*** nömrəli (KOD 30210018) seriyalı Dövlət Aktının verilməsinə əsas olan hüquqmüəyyənedici sənədlərin və subyekt siyahısında iddiaçıların adlarının olmaması, yəni həmin aktın iddiaçılara münasibətdə hüquq müəyyənedici sənəd kimi çıxış etməməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, daşınmaz əmlaka dair hüquqların dövlət tərəfindən tanınması və hüquqi nəticələr doğurması təkcə belə hüququn mövcudluğu barədə iddia ilə deyil, həm də həmin hüququ təsdiq edən sənədlərin qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib olunması, onların rəsmi dövlət arxivləri və aidiyyəti informasiya ehtiyatlarında öz təsdiqini tapması, eləcə də hüquqi dövriyyəyə daxil edilmiş etibarlı sənədlərlə əsaslandırılması ilə şərtlənir. Hazırkı işdə isə yuxarıda göstərilən çoxsaylı arxiv sorğuları ilə bu halın əksinə olaraq iddiaçıların həmin hüquqa malik olmadıqları müəyyən edilmişdir. Belə olan halda cavabdeh inzibati orqanın üzərinə mübahisəli torpaq sahəsi üzrə mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarış verilməsi öhdəliyinin qoyulması üçün hüquqi əsas mövcud deyildir. Bir sözlə, iddiaçılarnın torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün hüquqi əsas mövcud deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçılar hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçıların hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Belə olan təqdirdə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində zəruri araşdırma aparmadan natamam sübutlar əsasında iddanı təmin etmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)****/**** nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar