Məhkəmə qərarları › İş №2-1(105)-1388/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1388/2025

27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1388/2025 27.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, X14 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X8 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 noyabr 2025-ci il tarixli, 2-1(118)-4769/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2016-cı il tarixli, 298 nömrəli qərara əsasən onun “Qəlpə yaralanmalarından sonra başın sol təpə nahiyəsindən bir ədəd, bədənin arxa səthində 3-4-cü bel fəqərəsi səviyyəsində, orta xətdən sağda və solda birbirinə paralel istiqamətdə yerləşmiş iki ədəd, sağ baldırın orta 1/3-nin ön bayır səthində bir ədəd, sol əl pəncəsinin 1-ci barmağının proksimal falanqanın arxabayır səthində bir ədəd çapıq toxumaları” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

2. TSEK-in elektron informasiya sistemindən çıxarışlara əsasən iddiaçı ilk dəfə xx.xx.2016-cı il tarixdə TSEK-də müayinədən keçmiş və ona “Sol diz oynağının fəaliyyətinin pozulması, sol diz oynağının kontrakturası, sol təpə İİİ-V bel fəqərələrinin, sağ baldırın, orta 1/3-nin ön bayır səthinin və sol əlin İ barmağının çoxsaylı çapıq toxumaları” diaqnozu ilə “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən beş il müddətinə xx.xx.2021-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir.

3. Əlillik müddəti bitdikdən sonra iddiaçının əlilliyi cavabdeh tərəfindən bir neçə dəfə qiymətləndirilmiş, müayinələr nəticəsində iddiaçıya müxtəlif səbəblərdən imtina cavabları, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbləri ilə imtina cavabları verilmişdir.

4. Bundan sonra iddiaçıya TSEK-ə göndərilməsi üçün X3 Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixli, X00248121TSR nömrəli göndəriş (Forma 088) verilmişdir.

5. Həmin göndərişə əsasən TSEK-ə göndəriş zamanı əsas diaqnozu: XBT 10 F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İİ Qarabağ müharibəsi zamanı almış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi”, ağırlaşması: F06.7 “Yüngül koqnitiv pozuntu”, yanaşı xəstəlikləri: M24.5 “Oynaqların kontrakturası, hər iki oynağın kontrakturası”, M65.9 “Dəqiqləşdirilməmiş sinovit və tenosinovit, bilateral olaraq patella quadriceps əzələ vətəri birləşmələrində osteofitlər sivriləşmə kalsifik tenisinovit”, R52.0 “kəskin ağrı”, R26.8 “Hərəkətin və yerişin digər dəqiqləşdirilməmiş pozulmaları. Axsama yerişin pozulması”, Y36.2 “Hərbi əməliyyatlar əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, hərbi əməliyyatlar əməliyyatlar nəticəsində digər növ partlayışlar, zədələnmələr nəticəsində hər iki diz baldır nahiyəsinin çoxsaylı yaralanması”, W33 “Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, atrileriya mərmisinin partlayış travması”, L91.0 “Hipertrofik çapıq, çoxsaylı postravmatik kobud çapıqlar”, M17.0 “Birincili ikitərəfli qonartroz, postravmatik ikitərəfli qonartroz” qeyd edilmişdir.

6. Həmin göndəriş əsasında onun əlilliyi TSEK-də xx.xx.2025-ci il tarixdə qiymətləndirilmiş və ona “Diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəb - diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir, Forma 088-də qeyd edilmiş “İİ Qarabağ müharibəsi zamanı alınmış travma hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə altsistemində öz əksini tapmamışdır və vətəndaş İİ Qarabağ müharibəsində iştirak edə bilməzdi” səbəbindən əlilliyin təyin edilməsindən imtina edilmişdir.

7. Sözügedən imtina qərarından iddiaçı tərəfindən verilmiş şikayətlə əlaqədar 22 iyul 2024-cü il tarixdə cavabdeh orqanda onun əyani müayinəsi həyata keçirilmiş və bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Sosial Ekspert Komissiyası tərəfindən “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” 07 avqust 2024-cü il tarixli, 3-17-4/3-3-5823/2024 nömrəli qərar qəbul edilmişdir.

8. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2025-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar orqanizmin 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ilin aprel ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmışdır. 08 iyun 2016-cı il tarixdə ona 5 il müddətinə ikinci qrup əlillik təyin edilmişdir. Lakin 2021-ci ildən bu günə qədər ona əlillik təyin edilməmişdir. 04 fevral 2025-ci il tarixdə sonuncu dəfə əyani müayinədən keçmiş, imtina verilmişdir. İddiaçı cavabdehin imtinası ilə razı deyil.

10. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı hazırkı qərarın 1-6-cı bəndində qeyd olunanlarla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, iddiaçının obyektiv vəziyyətinin müayinəsi zamanı o, başında, belində, aşağı ətraflarında olan ağrıdan, ödemdən şikayətlənmişdir. Anamnestik məlumatlarında kəllə beyin travması aldığını, psixiatrik şikayətlərinin (başağrıları, yuxusuzluq və s.) 2017-ci ildən etibarən başladığını, özünə xəsarət yetirdiyini, ailə üzvləri ilə münasibətdə çətinlikləri olduğunu vurğulamış, medikamentoz preparatlardan “Depakin” qəbul etdiyini bildirmişdir. Müayinə zamanı başın təpə nahiyəsində, sağ beldə, sağ əlin arxa səthində, sol əlin 1-ci barmağında çapıqlar izlənilmiş, biləklərinin iç səthində göstərdiyi kəsiklərin məişət xarakterli olduğu düşünülmüş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Psixi statusu: baş ağrıları, əsəbillik, yuxu pozğunluğundan şikayət etmişdir. Yaddaş və intellekti normal, sol qolunda məişət cızığı, əllərin iç səthində əmək qabarı izlənilmiş, emosional stabil olmuşdur.

11. X7 və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli, ********** nömrəli arayışında diaqnoz “Odlu silah yaralanması, partlayış travması. Hər iki diz və baldır nahiyəsinin çoxsaylı qəlpə yaralanmaları. Postravmatik kobud çapıqlar. Hər iki diz oynağının birinciikinci dərəcəli osteoartozları. Oynaqkənarı osteofitlər. Bilateral olaraq patella quadriceps əzələ vətəri birləşmələrində osteofitlər sivilləşmə-kalsifik tendinozis. Hər iki diz oynağı kontrakturası: bükmə 100 dərəcə, açma 170 dərəcə-xüsusən sağda. Əzələ atrofiyası. Daimi ağrılar, axsama və yerişin pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır.

12. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 5080 nömrəli rəyində diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 9125/2024 nömrəli çıxarışında diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na müvafiq olaraq, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

13. Sumqayıt İnzibati Məhkəməsinin 12 noyabr 2025-ci il tarixli, 2-1(118)-4769/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2025-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Mehriban Mahmudlu-Abbaszadə).

14. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2553 nömrəli ekspert rəyindən görünür ki, iddiaçıda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntulan və koqnitiv funksiyalann enməsi ilə” (F07.0) müəyyən olunur. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır: Ağırlaşma - üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0. “Əlilliyin müəyyən olunması meyarları” nda 7-ci bənd - Psixi və davranış pozuntuları - 7.6.2-ci bənd - üzvi mənşəli şəxsiyyət pozuntusu, 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur. Odur ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.

15. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, analoji işlərdə məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliklərin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyinetməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtinanın digər səbəbi ona ilkin əlillik təyin edilməsinə əsas olmuş xəstəliklə hazırki xəstəliyinin fərqli olmasıdır. Belə ki, iddiaçıya ilkin olaraq 2016-cı il tarixdə diz oynaqlarında mövcud olan xəstəliklə əlaqədar əlillik təyin edilmişdir, onun hazırki xəstəliyi isə psixi xəstəlikdir. Həmçinin, Forma-88-də qeyd edilən F07.0 xəstəliyi hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirmə altsistemində öz əksini tapmamışdır. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin digər nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, izahatında bildirmişdir ki, 2017-ci ildən xəstəliyi ilə bağlı ağırlaşmaları artmış, intihar cəhdləri olmuş, lakin həyat yoldaşı tərəfindən qarşısı alınmışdır. Övladlarından biri müharibədə yaralanmış, ona ikinci qrup əlillik təyin edilmişdir. Oğlunu elə vəziyyətdə görmək onun xəstəliyinin daha da ağırlaşmasına səbəb olmuşdur. İddiaçı şikayətin təmin edilməməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

21. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli, 595 nömrəli Fərmanı: ...

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; ...

18. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları” na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. ...

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; ... 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

26. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

29. İşdən görünür ki, cavabdeh tərəfindən iddiaçının əlilliyi xx.xx.2025-ci il tarixdə qiymətləndirilərək ona “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə imtina cavabı verilmiş, bundan sonra iddiaçı bu qərardan yuxarı inzibati orqana şikayətlə müraciət etmiş, şikayətlə əlaqədar cavabdeh tərəfindən 07 avqust 2024-cü il tarixli, 3-17-4/3-3-5823/2024 nömrəli “diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” qərar qəbul edilmişdir.

30. İddiaçı verilən imtina ilə razılaşmayaraq, ona əlilliyin təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

31. Cavabdeh iddiaçıya əlilliyin təyin edilməsindən imtinada və apellyasiya şikayətinin dəlillərində diaqnozun əlillik əlaməti təyin etmədiyini qeyd etsə də, məhkəmə araşdırması zamanı tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş göndərişdə (Forma 88) qeyd olunan diaqnoz iş üzrə alınmış ekspert rəyi ilə təsdiq edilmiş və həmin diaqnozun əlillik təyinatına əsas verdiyi müəyyən edilmişdir.

32. Hazırkı qərarın 5-ci bəndində qeyd edilən X3 Mərkəzi tərəfindən iddiaçı barəsində tərtib edilmiş X00248121TSR nömrəli göndərişdən göründüyü kimi onda əsas diaqnozu: XBT 10 F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İ Qarabağ müharibəsi zamanı almış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi”, ağırlaşması - F07.0, yanaşı xəstəliklər olaraq isə M24.5, M65.9, R52.0, R26.8, Y36.2, W33, L91.0 və M17.0 kodlu xəstəliklər mövcuddur.

33. Birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən iddiaçının əyani müayinəsi keçirilərək məhkəmə-psixiatrik ekpertizasının xx.xx.2025-ci il tarixli, 2553 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəydən görünür ki: - əyani müayinə zamanı iddiaçının psixi statusu zahirən gərgindir, düşüncəsi kobud pozulmamış, bələdliyi zaman, məkan və şəxsə görə saxlanılmışdır, söz ünsiyyətinə sərbəst daxil olur, verilən sualları mahiyyətinə uyğun cavablandırır, nitqi və təfəkkürü ləngdir, söhbət zamanı bir mövzudan digərinə keçməkdə çətinlik çəkir, torpidlik əlamətləri müəyyən edilir. Əhvali ruhiyyə fonu dəyişkəndir, enməyə meyillidir. Xarici qıcıqlara qarşı həssaslığın artması qeyd edilir. Kobud yaddaş və intellekt pozuntuları müəyyən edilməsə də, koqnitiv funksiyaların zəifləməsi müşahidə edilir. - müayinə nəticəsində iddiaçıda F07.0 kodlu “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və koqnitiv funksiyaların enməsi ilə” diaqnozlu xəstəlik aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” da “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir.

34. Cavabdeh iddiaçıya əlilliyin təyin edilməsindən imtina cavabında “diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə yanaşı, X00248121TSR nömrəli göndərişdə qeyd edilmiş İİ Qarabağ müharibəsi zamanı alınmış travmanın hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə altsistemində öz əksini tapmadığını və iddiaçının İİ Qarabağ müharibəsində iştirak etmədiyini qeyd etmişdir.

35. Kollegiya cavabdehin bu dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı özü də iddia ərizəsinin dəlillərində İİ Qarabağ müharibəsində deyil, 1993-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralandığını bildirmişdir.

36. Bundan başqa, iş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən iddiaçı barəsində verilmiş xx.xx.2024-cü il tarixli, 5080 nömrəli rəydən də görünür ki, iddiaçı xəstəxananın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və ona F07.0 “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu qoyulmuşdur.

37. Göründüyü kimi hazırda iddiaçıda aşkar edilən F07.0 kodlu “Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İ Qarabağ müharibəsi zamanı almış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi” diaqnozlu xəstəliyin X00248121TSR nömrəli göndərişdə “İİ Qarabağ müharibəsi zamanı alınmış” kimi göstərilməsi texniki yanlışlıq olmuşdur.

38. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 15.2 və 15.2-cü maddələrinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz.

39. Kollegiya qeyd edir ki, cavabdeh iddiaçıya qoyulmuş diaqnozun əlillik əlaməti təyin etmədiyini qeyd etsə də, tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş X00248121TSR nömrəli göndərişdə qeyd olunan diaqnoz iş üzrə birinci instansiya məhkəməsində icraat zamanı verilmiş məhkəmə-psixiatrik ekpertizasının rəyi, eləcə də, “Respublika Psixiatriya Xəstəxanası” p.h.ş-nin rəyi ilə təsdiq edilmiş və həmin diaqnozun əlillik təyinatına əsas verdiyi müəyyən edilmişdir.

40. Belə ki, F07.0 kodlu xəstəlik isə AR Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın Psixi və davranış pozuntuları” bölməsinin 7.6.2.1, 7.6.2.2-ci bəndlərinə əsasən orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklərə aiddir.

41. “Əlilliyin müəyyən olunması meyarları” nın həmin bəndlərindən görünür ki, F07.0 kodlu xəstəlik: - əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) halında orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə; - məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti olduğu hallarda isə orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verir.

42. Hazırkı qərarın 33-cü bəndində qeyd olunan ekspert rəyindən göründüyü kimi iddiaçıda zahirən gərginlik, təfəkkürün ləng olması, torpidlik əlamətlərinin olması, əhvalruhiyyənin dəyişkən olması, emosional dayanıqsızlıq kimi patofunksional əlamətlər fonunda F07.0 kodlu “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və koqnitiv funksiyaların enməsi ilə” diaqnozlu xəstəlik aşkar edilmiş, həmçinin, iddiaçı məhkəmə iclasında izahatında 2017-ci ildən xəstəliyinin daha da ağırlaşdığını, eləcə də, intihar cəhdləri olduğunu, lakin, həyat yoldaşı tərəfindən qarşısının alındığını bildirmişdir.

43. Beləliklə, qeyd olunanlara əsasən iddiaçıda F07.0 kodlu xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları” nın 7.6.2.1-ci bəndində qeyd olunduğu kimi - müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) kimi patofunksional əlamətlərlə müşahidə edildiyi müəyyən edilir.

44. İddiaçının əlilliyinin səbəb əlaqəsinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının 1993-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə aldığı hərbi travma ilə hazırkı psixi vəziyyəti (F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu) arasında birbaşa və sarsılmaz patofizioloji səbəb-əlaqə mövcuddur. Bu əlaqə aşağıdakı tibbi və hüquqi arqumentlərlə sübuta yetirilir:

1. X10: psixiatriya elminə əsasən, "Üzvi mənşəli şəxsiyyət pozuntusu" (F07.0) diaqnozunun qoyulması üçün mütləq şəkildə beyin toxumasının fiziki zədələnməsi (travma, infeksiya və ya neoplaziya) tələb olunur. İş materiallarından görünür ki, iddiaçı "başın sol təpə nahiyəsindən qəlpə yaralanması" almışdır.

2. X11 (Proqrediyentlik): Kəllə-beyin travmalarının (KBT) nəticələri hər zaman qəza anında tam üzə çıxmır. Tibbi praktikada "travmatik xəstəliyin uzaq dövrü" anlayışı mövcuddur ki, bu dövrdə beyində gedən sklerotik və atrofik proseslər illər sonra şəxsiyyətin strukturunun pozulması, emosional labillik və davranış idarəçiliyinin itirilməsi (F07.0) ilə nəticələnir. İddiaçının 2017-ci ildən etibarən şikayətlərinin kəskinləşməsi, intihar cəhdləri və aqressivlik hallarının artması məhz 1993-cü ildə alınmış hərbi travmanın məntiqi və tibbi-bioloji ağırlaşmasıdır.

3. Ekspert Rəyi: Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyi iddiaçıda aşkar edilən psixi dəyişikliklərin məhz "travma mənşəli" olduğunu qəti şəkildə təsbit etmişdir. Ekspertiza zamanı müəyyən edilən "təfəkkürün ləngiməsi, torpidlik və emosional dayanıqsızlıq" əlamətləri klassik "travmatik ensefalopatiya" fonunda inkişaf edən şəxsiyyət pozuntusunun göstəriciləridir. Bu diaqnozun (F07.0) mahiyyəti ondan ibarətdir ki, o, xarici psixogen amillərdən deyil, bilavasitə beyin toxumasının travmatik zədələnməsindən törəyir. Beləliklə, kollegiya hesab edir ki, hərbi travmanın (səbəb) şəxsiyyət pozuntusuna (nəticə) gətirib çıxarması faktı həm tibbi sənədlər, həm də ekspert rəyləri ilə tam sübuta yetirildiyi üçün cavabdeh tərəfindən bu əlaqənin inkar edilməsi hüquqi əsasa malik deyil.

45. Cavabdeh apellyasiya şikayətinin dəlillərində əlavə olaraq bildirmişdir ki, məhkəmə xüsusi bilik tələb edən sahədə qərar çıxararaq cavabdehin diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

46. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən, diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

47. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

48. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

49. Bu mənada, apellyasiya şikayətinin həmin dəlili əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

50. Beləliklə, işin qeyd edilən hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 noyabr 2025-ci il tarixli, 2-1(118)-4769/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar