Məhkəmə qərarları › İş №2-1(105)-139/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-139/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-139/2022 14.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndələri X3 və X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin 16 yanvar 2020-ci il tarixli, **********124400 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-1(118)-102/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 10 iyun 2022-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinə qarşı cavabdehin 16 yanvar 2020-ci il tarixli, **********124400 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 24 sentyabr 2018-ci il tarixdə təsis edilmiş, həmin tarixli Kommersiya hüquqi şəxslərin Dövlət qeydiyyatından çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Həmin vaxtdan fəaliyyət göstərən MMC nizamnaməyə uyğun olaraq kommersiya fəaliyyəti ilə məşğul olmuş və üzərinə düşən öhdəlikləri vaxtı vaxtında yerinə yetirmiş, yəni gəlirlərinə uyğun olaraq üzərinə düşən gəlir vergisini vaxtı-vaxtında vergi orqanında bəyan etmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergilərin hesablanması haqqında 16 yanvar 2020-ci il tarixli, **********124400 nömrəli qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində 72.936.24 manat vergi məbləği hesablanmışdır. Təqdim edilmiş bəyannamə üzrə iddiaçı tərəfindən hesablanmış vergi məbləği isə - 2.313.47 manat azalma təşkil etmişdir. Hesab edir ki, cavabdeh tərəfindən kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği düzgün hesablanmamış və buna görə də belə bir qərarın qəbul edilməsi də tamamilə əsassızdır. Sumqayıt İnzibati Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 2-1(118)-696/2020 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ilə əvəz edilmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən 2018-2019-cu illərdə dəyəri 14.883.046,8 manat (ƏDV daxil olmaqla) təşkil edən mal idxal edilməsinə baxmayaraq, həmin dövrlərə görə vergi orqanına təqdim edilmiş bəyannamələrdə mal dövriyyəsi 13.769.787,43 manat (ƏDV daxil olmaqla) məbləğində göstərilmiş və nəticədə 1.113.259,37 manat (ƏDV daxil olmaqla) məbləğində hesabatda fərq (uyğunsuzluq) yaranmışdır. İddiaçinin təsərrüfat subyektində müşahidə-baxış keçirilərkən mal qalığı aşkar edilməmiş və həmin fakt akt tərtib edilməklə təsdiq edilmişdir. Göstərilən uyğunsuzluqla əlaqədar olaraq iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2019-ci il tarixli məktub göndərilərək 5 gün ərzində əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilsə də qeyd olunan müddət ərzində vergi orqanına yazılı izahat və zəruri olan sənədlər (məlumatlar) təqdim edilməmişdir. İddiaçıya göndərilmiş xx.xx.2019-ci il tarixli uyğunsuzluq məktubunda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2020-ci il tarixli **********124400 nömrəli qərara əsasən 2019-cu ilin noyabr ayı üzrə hesabat dövrünə görə 72.936,24 manat məbləğində kameral vergi yoxlaması ilə əlavə vergi hesablanmış və həmin qərar xx.xx.2020-ci il tarixində iddiaçıya təqdim edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-1(118)-102/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim C.Məmmədov). Cavabdeh qeyd edilən qərardan apelyasiya şikayəti verərək, qərarın ləğv edilərək iddia tələbinin rədd olunması barədə xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə hallar qeyd etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz edərək qeyd etmişdir ki, AR Vergi Məcəlləsinin 139.1 və 139.2-ci maddəsinə əsasən Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. İddiaçı MMC tərəfindən ölkə ərazisinə idxal edilmiş malın faktiki satınalma dəyərinə uyğun olaraq vergi ödəyicisi tərəfindən ƏDV ödənilmiş, lakin vergi orqanı satınalma dəyərinə münasibətdə deyil, həmin malın gömrük dəyərinə əsasən ƏDV hesablamışdır. Vergi orqanı gətirilən mallara ticarət əlavəsini bazar qiyməti ilə 40 % tətbiq etməklə hesabladıqları halda, MMC idxal edilən mallara 40 % deyil, 2 % ticarət əlavəsi tətbiq etməklə satışa çıxarır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirdi ki, iddiaçı MMC tərəfindən yoxlama dövrü ərzində idxal edilmiş malların statistik dəyəri ilə qiyməti 15.545.016,14 manat olmuşdur. Malların invoys dəyərinə vergi orqanı tərəfindən ticarət əlavəsi nəzərə alınmaqla statistik dəyəri əsas götürülmüş və iddiaçıya 72.936,24 manat məbləğində ƏDV məbləği hesablanmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, izahatında bildirdi ki, 2018-2019-cu illərdə iddiaçı tərəfindən idxal edilmiş malların invoys dəyəri 14.401.481 manat məbləğində olmuşdur. Həmin malların satışı tam olaraq həyata keçirilmiş və vergi orqanına təqdim edilən ƏDV bəyannamələrində bəyan edilmişdir. İdxal edilən mallarla ƏDV-si bəyan edilən malların məbləğləri arasında hər hansı kənarlaşma yoxdur. MMC-nin 2018-ci il dövrü üçün mənfəət vergisinin bəyannaməsindən də göründüyü kimi hesabat dövründə 3,928,507.31 manat məbləğində mal alışı həyata keçirilmiş, 4,007,077.45 manat məbləğində satış dövriyyəsi olmuşdur. 2019-ci il dövrü üçün mənfəət vergisinin bəyannaməsindən göründüyü kimi hesabat dövründə 8,710,105.33 manat məbləğində mal alışı həyata keçirilmiş, 8,875,543.29 manat məbləğində satış dövriyyəsi olmuşdur. İddiaçı MMC tərəfindən ölkə ərazisinə idxal edilmiş malın faktiki satınalma dəyərinə uyğun olaraq vergi ödəyicisi tərəfindən ƏDV ödənilmiş, lakin vergi orqanı malın satılma dəyərinə münasibətdə deyil həmin malın gömrük dəyərinə əsasən ƏDV hesablamışdır. Qeyd edir ki, vergi orqanı gətirilən mallara ticarət əlavəsini bazar qiyməti ilə 40% tətbiq etməklə hesabladıqları halda, MMC idxal edilən mallara 40% deyil, 2% ticarət əlavəsi tətbiq etməklə satışa çıxarmışdır. Vergi orqanı gətirilmiş mallara gömrük dəyərinə əsasən ƏDV hesablamışdır. Hesab edir ki, bu da əsassızdır, qanuna uyğun deyildir. Odur ki, İddiaçı MMC vergi öhdəliyini düzgün olaraq yerinə yetirdiyindən hər hansı uyğunsuzluğun olması qeyrimümkündür. Bundan əlavə qeyd edir ki, vergi orqanı tərəfindən müəssisədə mal qalığının yoxlanılması həyata keçirilsə də, operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərar qəbul edilməmişdir. Qeyd edilənlərə əsasən, apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının digər nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 23.1.1. Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. ] Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasın inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, tərəflərin dinlənilmə hüququnu təmin edib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, cavabdehin 16 yanvar 2020-ci il tarixli, **********124400 “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə iddiaçıya 2019-cu ilin noyabr ayı üzrə 72.936,77 manat əlavə dəyər vergisi hesablanmışdır. Qərarda əlavə vergi məbləğinin hesablanmasının səbəbi barədə heç bir məlumat qeyd edilməmişdir. Lakin, cavabdeh tərəfindən iddiaçıya “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2019-cu il tarixdə göndərilmiş məktubdan görünür ki, vergi orqanı həmin məktubda iddiaçı tərəfindən 2018-2019-cu illərdə dəyəri 14.883.046,8 manat (ƏDV daxil olmaqla) təşkil edən mal idxal edilməsinə baxmayaraq, həmin dövrlərə görə vergi orqanına təqdim edilmiş bəyannamələrdə mal dövriyyəsinin 13.769.787,43 manat (ƏDV daxil olmaqla) məbləğində göstərildiyini, eyni zamanda iddiaçinin təsərrüfat subyektində müşahidə-baxış keçirilərkən mal qalığının aşkar edilmədiyini bildirərək, yaranmış kənarlaşma nəticəsində 169819.23 manat ƏDV hesablanmasının nəzərdə tutulduğunu qeyd etmişdir. Cavabdehin iddia ərizəsinə etiraz və apellyasiya şikayətində də eyni xüsusat qeyd edilmişdir. Belə ki, cavabdehin apelyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən 2018-2019-cu illərdə 14.883.046,8 manat (ƏDV daxil olmaqla) məbləğində mal idxal edilməsinə baxmayaraq, 13.769.787,43 manat (ƏDV daxil olmaqla) məbləğində mal satılmış, iddiaçının təsərrüfat subyektində xx.xx.2019-cu il tarixdə keçirilmiş müşahidə-baxış zamanı isə mal qalığı aşkar edilməmişdir. Bu səbəbdən iddiaçı barəsində xx.xx.2020-ci il tarixli **********124400 nömrəli qərara əsasən 2019-cu ilin noyabr ayı üzrə hesabat dövrünə görə 72.936,24 manat məbləğində əlavə dəyər vergisi hesablanmasıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan, iddiaçı tərəfindən 2018-2019-cu illərdə 14.883.046,8 manat (ƏDV daxil olmaqla) məbləğində mal idxal edildiyini bildirsə də, bunu təsdiq edən sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş elektron pdf fayldan görünür ki, yük gömrük bəyannamələrinə əsasən, 2018-2019-cu illər ərzində iddiaçı tərəfindən malların invoys dəyəri nəzərə alınmaqla 14.298.200.73 manat məbləğində mal idxal edilmişdir. Eyni zamanda, cavabdeh apelyasiya şikayətində 2018-2019-cu illərdə iddiaçının ƏDV daxil olmaqla dövriyyəsinin 13.769.787,43 manat məbləğində olduğunu qeyd etsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən ƏDV bəyannamələrindən görünür ki, 2018-ci ilin noyabr ayından 2019-cu ilin noyabr ayınadək iddiaçının ƏDV daxil mal dövriyyəsi ümumilikdə, 14.413.950,63 manat məbləğində olmuşdur. Eyni zamanda birinci instansiya məhkəməsinin qərardadına əsasən keçirilmiş Məhkəmə Eskpertiza Mərkəzinin 25 fevral 2021-ci il tarixli, 9/5367 nömrəli məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Vergi Məcəlləsinin tələblərinə əsasən vergi orqanının xx.xx.2020-ci il tarixli, **********124400 saylı qərarı ilə iddiaçıya hesablanmış ƏDV-nin düzgünlüyü müəyyən edilməmiş, 2019-cu ilin noyabr ayı üzrə vergi ödəyicisi tərəfindən büdcəyə ödənilməli olan verginin məbləğində kənarlaşma olmamışdır. Eləcə də, təkrar məhkəmə mühasibatlıq ekspertizası üzrə Məhkəmə Eskpertiza Mərkəzinin 31 avqust 2021-ci il tarixli, 9/4013 nömrəli rəyindən görünür ki, ekspert tərəfindən müəssisənin fəaliyyəti ilə bağlı sənədlər (yük gömrük bəyannamələri, kassa mədaxil orderləri, elektron qaimələr, şəxsi hesab vərəqəsi və s.) tədqiq edilmiş, həmin sənədlər də nəzərə alınmaqla hesablama aparıldıqda müəssisənin təqdim etdiyi hesabatlarda kənarlaşma müəyyən olunmamış, yəni dövlət büdcəsinə ödənilməli olan vergilər üzrə kənarlaşmanın olmasını müəyyən etmək mümkün olmamışdır. Beləliklə, həm ekspert rəyi ilə, həm də məhkəmə kollegiyası tərəfindən digər sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçı 2018-2019-cu illərdə ƏDV daxil 14.298.200.73 manat məbləğində mal idxal etmiş və ƏDV daxil 14.413.950,63 manat məbləğində dövriyyəsi olmuşdur. Başqa sözlə idxal edilən bütün mallar satılmış və vergi orqanına vaxtında bəyan edilmişdir. Bununla da, 2019-cu ilin noyabr ayı üzrə vergi ödəyicisi tərəfindən büdcəyə ödənilməli olan verginin məbləğində kənarlaşma olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qərarda qeyd etmişdir ki, İddiaçı MMC tərəfindən ölkə ərazisinə idxal edilmiş malın faktiki satınalma (invoys) dəyərinə uyğun olaraq vergi ödəyicisi tərəfindən ƏDV ödənilmiş, lakin vergi orqanı malın satılma dəyərinə münasibətdə deyil, həmin malın gömrük dəyərinə əsasən ƏDV hesablamışdır. Qanunverciliyin tələbinə görə vergi orqanı gətirilmiş malın gömrük dəyərinə əsasən ƏDVnin hesablanmasında haqlı olmamışdır. Bununla bağlı kollegiya qeyd edir ki, işin qeyd edilən halı araşdırılarkən müəyyən edildi ki, həqiqətən də, vergi orqanı tərəfindən 2018-2019-cu illərdə ölkə ərazisinə idxal edilən malın dəyəri invoys dəyəri ilə deyil, malın statistik dəyəri ilə hesablanmışdır. Belə ki, cavabdehin təqdim etdiyi cədvəldə statistik (gömrük) dəyəri ilə hesablandıqda iddiaçı tərəfindən 2018-2019-cu illərdə ölkə ərazisinə ********.14 manat məbləğində mal idxal edildiyi qeyd edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi qeyd edilən xüsusatı təsdiq edərək, bunu onunla izah etmişdir ki, iddiaçı tərəfindən idxal edilən mallara ticarət əlavəsi tətbiq edilmədiyindən, ticarət əlavəsini tətbiq etməz əvəzinə vergi orqanı tərəfindən, idxal edilən malın qiyməti gömrük dəyəri əsas götürməklə hesablanmış və bu əsasla kameral qaydada əlavə vergi hesablanmışdır. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 139.1 və 139.2-ci maddələrinə əsasən vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Həmin Məcəllənin 162.1-ci maddəsində göstərilir ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.5-ci maddəsinə əsasən malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsidir. Həmin Qanunun 4.1 və 4.1.1-ci maddələrinə əsasən advalor - malların Azərbaycan Respublikasında gömrük dəyərinə nisbətən faizlə hesablandığı gömrük rüsumu dərəcələrinin növlərindən biridir. Həmin Qanunun 3.5-ci maddəsinə əsasən gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Həmin Qanunun 12-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri malların sövdələşmə qiyməti ilə, eyni malların sövdələşmə qiyməti ilə, eynicinsli malların sövdələşmə qiyməti ilə, dəyərin çıxılması üsulu ilə, dəyərin toplanması üsulu ilə, ehtiyat üsulu ilə müəyyən edilir. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Həmin Qanunun 13.1-ci maddəsində göstərilir ki, gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur. Həmin Qanununun 13.3-cü maddəsinə görə mallar üçün ödənilmiş və ya ödənilməli olan qiymətdən ayrı müəyyənləşdirilmiş aşağıdakı xərclər gömrük dəyərinə daxil edilmir: 1. sənaye qurğuları, maşın və avadanlıq kimi mallar idxal edildikdən sonra həmin mallarla əlaqədar tikintiinşaat, yığılma, quraşdırma, istismar və texniki yardım xərcləri; 2. malların gömrük ərazisində daşınması ilə əlaqədar yaranan əsaslandırılmış xərclər; 3. gömrük ərazisində ödənilməli olan rüsum və digər ödənişlər; 4. malın alınması ilə əlaqədar maliyyələşmə razılaşması çərçivəsində alıcının faiz ödəmələri. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən, idxal olunan malların mədaxil dəyəri həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. Həmçinin, qeyd olunmalıdır ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən malların statistik dəyərinin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur. Beləliklə, ölkə ərazisinə idxal edilmiş malın faktiki satınalma (invoys) dəyərinə uyğun olaraq vergi ödəyicisi tərəfindən ƏDV ödənilmiş, lakin vergi orqanı malın satılma dəyərinə münasibətdə deyil, həmin malın gömrük dəyərinə əsasən ƏDV hesablamışdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarında da müəyyən edildiyi kimi vergi orqanı gətirilmiş malın gömrük dəyərinə əsasən ƏDV-nin hesablanmasında haqlı olmamışdır. Beləliklə, həmin hissədə cavabdehin dəlilləri əsassızdır. Ticarət əlavəsinin tətbiq edilməsinə dair cavabdehin nümayəndəsinin məhkəmə iclasında səsləndirdiyi dəlilə münasibətdə isə kollegiya qeyd edir ki, Vergi Məcəlləsinin: - 13.2.64-cü maddəsinə əsasən ticarət əlavəsi – malın ƏDV tətbiq edilmədən pərakəndə satış qiyməti (mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda bazar qiyməti) ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərqdir. - 14.1 və 14.2-ci maddələrinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. - 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Hazırkı iş üzrə cavabdeh nə qəbul etdiyi qərarda, nə də apellyasiya şikayətində iddiaçının dövriyyəsinə ticarət əlavəsi tətbiq etməklə ƏDV hesablanmasının normativ əsasının göstərməmiş, şəxsi mülahizəsi əsasında ticarət əlavəsinin tətbiq etmək adı ilə iddiaçının dövriyyəsinin əsassız artırmışdır. Bundan başqa, yuxarıda göstərilən normaların məzmunundan görünür ki, ƏDV-nin ticarət əlavəsi ilə hesablanması yalnız Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilə bilər. hazırkı halda iddiaçı tərəfindən isə idxal əməliyyatları həyata keçirilmişdir. İddiaçının təsərrüfat subyektində müşahidə-baxış keçirilərkən mal qalığının aşkar edilmədiyinə dair cavabdehin dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, əvvəla məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 2018-2019-cu illərdə iddiaçı idxal etdiyi malların hamısını satmışdır və bu səbəbdən baxış zamanı mal qalığı aşkar edilməmişdir. Digər tərəfdən kollegiya qeyd edir ki, vergi orqanı tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edilmədən və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı yerə baxış keçirilmişdir. Belə ki, Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdı:.... 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; ....50.1.13-1-ci bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi ..... Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmçinin, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.4-cü bəndinin tələbinə görə qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya məxsus təsərrüfat subyektində aparılmış müşahidə-baxış yuxarıda sadalanan qanunvericilik normalarının tələbinin pozulması ilə aparılmışdır. Qanunvericiliyin tələblərinə əsasən belə baxışın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməzdi. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2, 53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Hazırki işdə cavabdeh iddiaçının idxal etdiyi və satdığı malların qiyməti arasında fərq olduğunu, vergi orqanına bəyan etmədən malların satışını həyata keçirdiyini iddia etsə də, bununla bağlı konkret sübutlara istinad edə bilməmiş, vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirini sübut edə bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı iddiaçının vergi qanunvericiliyinin pozulmasında təqsirsiz olduğu müəyyən edilmişdir. Qeyd edilənləri və işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər isə əsassız olduğu üçün qanuni məhkəmə qərarının ləğvinə əsas ola bilməz. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-1(118)-102/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar