Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-139/2023 27.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Abşeron rayon Aqrar İslahat Komissiyasının qərarının qismən, ona ayrılmış torpaq sahəsi hissəsində ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2-1(118)-3186/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən 0,25 ha torpaq sahəsinə dair Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarının qismən, ona ayrılmış 0.06 ha torpaq sahəsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən sahəsi 0,25 ha olan torpaq sahəsi atası X2 məxsus olmuşdur. 1980-ci ildə atasının ərizəsi əsasında Saray üzümçülük sovxozunun xx.xx.1980-ci il tarixli 113 saylı əmri ilə atasına məxsus 0,25 ha torpaq sahəsinin 0,06 ha torpaq sahəsi ev tikmək üçün ona verilmişdir. Abşeron rayon XDS İK-nin xx.xx.1981-ci il tarixli 36 saylı əmri ilə ona ev tikmək üçün ayrılmış 0,06 ha torpaq sahəsində ev tikməyə icazə verilməsi barədə saray qəsəbə ÖDS İK-nin xx.xx.1980ci il tarixli 13 saylı qərarı qəbul edilmişdir. Həmin 0.06 ha torpaq sahəsində o fərdi yaşayış evi tikmiş və həmin evin 1987-ci il tarixdə Abşeron rayon TİB-da 46 saylı inventar nömrəsi ilə qeydiyyata alınaraq həmin evə dair texniki pasport və 18A ünvanı verilmişdir. 2020-ci ildə fərdi yaşayış evinin və yerləşdiyi 0,06 ha torpaq sahəsinin mülkiyyət hüququ ilə qeydiyyata alınıb çıxarış verilməsi üçün 4 saylı Abşeron ərazi İdarəsinə müraciət etmiş və ona cavab məktubunda bildirilmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə AR DTXK tərəfindən anası və digər ailə üzvlərinin adına Şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməni əldə etdikdən sonra ona məlum olmuşdur ki, Aqrar islahat Komissiyası islahat zamanı sənədləri araşdırmadan, torpaq sahəsində onun və qardaşı tərəfdən evlər tikilməsinə və torpaqların bölünməsinə baxmayaraq atasının adına olan köhnə sənədlərə əsasən bütün 0,25 ha torpaq sahəsinə anası və qardaşı X5 (cəmi 5 nəfər) adına qərar qəbul etmiş və bunun da əsasında DTXK torpağa dair şəhadətnamə vermişdir. İslahat Komissiyasının bu qərarını əsassız hesab etdiyi üçün həmin İslahat Komissiyasının ləğv edildiyini nəzərə alaraq Cavabdehnə istinad edilən qərarın qismən, ona aid olan 0,06 ha hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin cavabdeh ərizənin təmin edilməsindən imtina etmiş, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, iddia tələbi Cavabdehnə qarşı yönəldilə bilməz, çünki “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə” nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli, 226 nömrəli Fərmanının 7.1-ci bəndinə əsasən “X11 Komissiyasının yaradılması haqqında” Prezidentin 02 mart 1995-ci il tarixli 290 nömrəli Fərmanı ləğv edilmişdir. Həmin Fərmanda yerli icra hakimiyyətlərinin ləğv olunmuş X1 hüquqi varisi olması barədə qeyd yoxdur. Hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Sumqayıt İnzibati Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2-1(118)-3186/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim C.Məmmədov). Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə iddianı mümkünsüz hesab edərkən ona əsaslanmışdır ki, mübahisələndirilən qərarı Cavabdeh deyil, Abşeron rayon Aqrar İslahat Komissiyası qəbul etmişdir. Bununla bağlı qeyd edir ki, iddia qaldırarkən qərarın İcra Hakimiyyəti tərəfindən qəbul edilmədiyini bilirdi, lakin X4 ləğv edilmiş və qanuni olaraq onun birbaşa hüquqi varisi müəyyən edilməmişdir. Qeyd edir ki, bir dövlət orqanının ləğv edilməsi vətəndaşı həmin dövlət orqanının onun hüquqlarını pozan qərarlarını mübahisələndirməkdən məhrum edə bilməz. Vətəndaşın hüququnu pozan hər bir qərarı mübahisələndirmək və məhkəməyə müraciət etmək hüquq var və o məhkəməyə əlçatanlılığı və məhkəmədə hüquqlarının müdafiəsi hüququndan məhrum edilə bilməz. İş materiallarından da görünür ki, Aqrar İslahat Komissiyası iddiaçıya ayrılmış torpaq sahəsinə dair digər şəxslərin adına qərar qəbul etməklə onun həmin torpağa dair hüquqlarını pozmuşdur. Hesab edir ki, qərarı qəbul etmiş orqanın ləğv edilməsi əsası ilə onun iddiası rədd edilə və ya mümkünsüz hesab edilə bilməz. Hesab edir ki, AİK-nin ləğv edilməsini əsas gətirən məhkəmə bu orqanın əvəzinə cavab verməli olan orqanı müəyyən etməli və vətəndaşa bu barədə hüquqi yardım etməli idi, belə ki, bu onun vəzifəsidir. Hesab edir ki, məhkəmə prosessual hüquq normalarının tələblərinə əməl etməmiş, iddianın kimə yönəldilməli ilə bağlı tam araşdırma aparmamış və bu istiqamədə vətəndaşa yardım etməmişdir ki, bu halda məhkəmə qərardadı qanuni və əsaslı hesab edilə bilməz və ləğv edilməlidir. Qeyd edir ki, hazırda AİK-nin qərarının ləğv edilməsinə dair iddiaya cavab verməli orqan elə Cavabdehdir. Çünki AİK dövlət orqanıdır və dövlətin aqrar siyasətini həyata keçirərkən qərarlar qəbul etmişdir. Dövlətin yerlərdə nümayəndəsi də İcra Hakimiyyətləridir və hüquqi varislik baxımından ən yaxın orqan da elə İcra Hakimiyyətidir. Təsadüfi də deyil ki, bütün AİK-lərin yerli orqanlarındakı sədrləri həmin rayonun İcra Hakimiyyətlərinin sədrlərinin müavinləri təyin edilmişdir və bu da həmin orqanın qərarlarının dövlət adından çıxarılmasını təsdiq edir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddiaya mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etdi. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin dinlənilmə hüququnu təmin edib və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, iddiaçı, hazırki iddianı qaldırmaqla Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarının qismən, ona ayrılmış 0.06 ha torpaq sahəsi hissəsində ləğv edilməsinə nail olmaq istəyir. Başqa sözlə, iddiaçı inzibati orqanın qərarını-inzibati aktın ləğv olunmasını arzu edir. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməmiş və qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı hal-hazırda mövcud olmayan orqan Abşeron rayon Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirir və iddia tələbini Cavabdehnə yönəltmişdir. Lakin hazırkı işdə iddiaçının mübahisələndirdiyi qərar Cavabdeh tərəfindən deyil, Aqrar İslahat Komissiyası tərəfindən qəbul edilmişdir. Həmçinin, Abşeron Rayon İHnin Abşeron rayon AİK-nin hüquqi varisi olması ilə bağlı hər hansı bir hüquqi tənzimləmə mövcud deyil. Belə olan halda Abşeron Rayon İH mübahisələndirilən qərarla bağlı məsuliyyət daşımır və bu iş üzrə cavabdeh ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən qəbul edilməmiş bir qərarla bağlı ona yönəldilən tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Məhkəmənin mövqeyindən hasil olunmuş nəticəyə görə hazırki iddia ona cavab verməli olan şəxsə qarşı qaldırılmadığına görə mümkün hesab edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hüquqi qiymətləndirməsi qismən əsaslı olsa da, əldə edilmiş nəticə düzgündür. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Hər şeydən öncə cavabdehin hazırki iddiaya cavab verməli olub-olmadığına dair məsələyə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası X14 Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 nömrəli Fərman ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 saylı fərmanı ilə qüvvədən düşmüşdür. Bununla da X4 ləğv edilmiş və onların səlahiyyətləri yerli icra hakimiyyəti oqanlarına verilmişdir. Mövcud məhkəmə təcrübəsindən də göründüyü kimi belə kateqoriyadan olan işlərdə müvafiq iddialar cavabdeh qismində yerli icra hakimiyyəti oqanlarına qarşı qaldırılır. Bu baxımdan, kollegiya hesab edir ki, Cavabdeh hazırkı iddia tələbinə cavab verməli olan orqandır. İş materiallarında olan Saray üzümçülük sovxozu üzrə 04 avqust 1980-ci il tarixli, 113 nömrəli əmrin arxiv çıxarışından görünür ki, Əlimərdan Ağayevə məxsus olan 0,25 ha torpaq sahəsindən oğlu İddiaçı ev tikmək üçün 0,06 ha torpaq sahəsi verilmişdir. Abşeron rayon XDS İcraiyyə Komitəsinin “Vətəndaşlara fərdi mənzil və əlavə otaq tikdirmələrinə icazə verilməsi haqqında” 03 mart 1981-ci il tarixli 36 saylı qərarının arxiv çıxarışından görünür ki, iddiaçıya ona məxsus torpaq sahəsində 2 otaqdan ibarət 33 kv.m ölçüdə fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında Saray qəsəbə XDS İK-nin 22 sentyabr 1980-ci il tarixli 12 saylı qərarının təsdiq edilməsi qərara alınmışdır. Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarı ilə Cəmilə Əmrah qızı, X6, X3, X7, X9 fərdi yaşayış evi tikintisi üçün, həyətyanı sahə və dövlət bağçılıq təsərrüfatının bağı kimi ayrılmış 0,25 ha torpaq sahəsinə dair DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən adəçəkilən şəxslərin adına 21 oktyabr 2005-ci il tarixli, JN-339A KOD 30800086 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Təqdim olunmuş sənədlərdən isə müəyyən olunur ki, iddiaçıya mərhum atasına mənsub olunmuş 0,25 ha torpaq sahəsindən ayrılmış torpaq sahəsi torpaq islahatı zamanı aqrar islahat komissiyasının qərarı ilə iddiaçının atası və ailə üzvləri arasında bölünmüş, lakin iddiaçının adı həmin siyahıda yer almamışdır. Bu səbəbdən də iddiaçı aqrar islahat komissiyasının qərarını mübahisələndirir. Hesab edir ki, həmin qərar onun hüquqlarına toxunur. Qanunvericilikdə aqrar islahat komissiyasının qərarını mübahisələndirmək üçün prosedur qaydalar - hansı müddətdə, hansı formada, hansı quruma müraciət edilməli olması dəqiq göstərilmişdir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon X4 daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X1 və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X14 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X14 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir.Azərbaycan Respublikası X14 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. İstinad olunan normalardan göründüyü kimi yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərardan 10 gün müddətində rayon aqrar islahat komissiyasına müraciət edilə bilər. Rayon X1 qərarı ilə razılaşmadıqda həmin qərardan 10 gün müddətində X14 Komissiyasına şikayət edilə bilər. X14 Komissiyasının qərarı ilə razılaşmadıqda isə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Deməli, əvvəla, aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda ilk öncə məhkəməyədək müdafiə mexanizmləri tükədilməlidir, onlara müraciət edilmədən birbaşa məhkəməyə müraciət etmək olmaz. Bundan ziyadə, məhkəməyə də cari məsələ ilə bağlı müraciət qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində olmalıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin "Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat" adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 (bir) ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). (Həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143-lVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Mülki Prosessual Məcəllədən çıxarılmışdır). Hazırda mübahisələndirilən qərar (AİK-in qərarı) qəbul edildikdən sonra yuxarıda qeyd edilən prosessual normaların qüvvədə olduğu 13 ilə yaxın müddətdə (xx.xx.1998xx.xx.2011-ci illər) mübahisələndirilməmişdir. Qeyd olunmalıdır ki, ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır. İddiaçının qaldırdığı iddia inzibati aktın ləğvinə yönəldiyi üçün mübahisələndirmə haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd olunmalıdır ki, AİK-in qərarları inzibati akt hesab olunur və həmin qərarların mübahisələndirilməsinə dair iddialar xüsusi mümkünlük şərtinə - iddia verilməsi müddətinə əməl edilmədən verildikdə mümkün sayıla bilməz. Bundan əlavə, İPM-in qanuni qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən mübahisələndirilə bilməz. Ona görə ki, İPM əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir. Beləliklə aparılan dəyərləndirməyə əsasən hazırkı iddia, iddia verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia verilməsi müddəti ötürülməklə verilmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia ona cavab verməli olan orqana qarşı qaldırılmadığı üçün deyil, iddia qaldırmaq üçün prosessual müddət ötürüldüyündən mümkün sayıla bilməz. Bu xüsusda birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmasa da, iddianı mümkün saymayarkən düzgün nəticəyə gəldiyindən, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2-1(118)-3186/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 5
Məhkəmə qərarları › İş №2-1(105)-139/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-139/2023
27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver