Məhkəmə qərarları › İş №2-1(105)-139/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-139/2024

30.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-139/2024 30.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X16 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı “torpaq sahəsinin hərrac və ya müsabiqə keçirilmədən Abşeron rayonu, Xırdalan şəhərində həyətyanı torpaq sahələrinin bir sotu üçün müəyyən edilmiş normativ qiymətə uyğun ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2-1(118)-2529/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı 13 dekabr 2022-ci il tarixdə ərizə ilə Abşeron rayon Xırdalan Bələdiyyəsinə müraciət edərək, ünvan 1 ünvanındakı fərdi yaşayış evinin yerləşdiyi 0,08 ha torpaq sahəsinin dəyəri ödənilmədən ona satılmasını xahiş etmişdir. Abşeron rayon Xırdalan bələdiyyəsi 10 yanvar 2023-cü il tarixli, 12 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanunun 16-cı maddəsinin 1-ci abzasına əsasən torpaq bazarında qiymətlər əqdlərin növlərindən satışın mallarından satışın formalarından, satış obyektinin təyinatlarından, huquqi statusundan, rejimindən, torpaqların normativ qiymətindən, habelə tələb və təkliflərdən asılı olaraq formalaşır. Həmin Qanunun 16-cı maddəsinin 2-ci abzasına əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər habelə hərraca və müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ilkin qiyməti normativ qiymətdən az olmamaq şərti ilə bazar məzənnələri nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. Torpaq Məcəlləsinin 49-cu maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən və istifadəsində olan 0,08 ha torpaq sahəsinin mülkiyyət hüququnun ona verilməsi barədə qərar qəbul edilməsi və bu torpaq sahəsinin təmənnasız, dəyəri ödənilmədən ona satılması barədə notarial təsdiq edilmiş müqavilə bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Xırdalan şəhəri, M.Adıgözəlov küçəsi, ev 2, döngə 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur, həmin torpaq sahəsi onun istifadə və sahibliyindədir. Bu torpaq sahəsi ən azı 136 ildir ki, onun ailəsinə məxsusdur. Ərizəyə əlavə edilmiş arxiv arayışı bunu təsdiq edir. Həmin torpaq sahəsi ailəsinin istifadəsində olmasına baxmayaraq, bu torpaq sahəsinə bitişik olan 0,05 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi ailəsi tərəfindən yaşayış evi kimi istifadə edilmişdir. Bu torpaq sahəsinə dair dair tərtib edilmiş texniki pasportda yalnız 0,05 ha torpaq sahəsi göstərilmiş, yerdə qalan 0,08 ha torpaq sahəsi isə həmin texniki pasportda qeyd edilməmişdir. Həmin texniki pasport əsasında iddiaçının nənəsi Balaca Məmməd qızının adına 42 nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Sahibliyində və istifadəsində olan 0,08 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə 2019-cu ildə Abşeron rayon Xırdalan Bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyə tərəfindən həmin 0,08 ha torpaq sahəsinin sonradan müsabiqə yolu ilə satılması məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmasına dair prosedur işlərə başlanmışdır. Memarlıq və Tikinti şöbəsinin müvafiq rəyi alınmış, Xırdalan Bələdiyyəsi tərəfindən torpaq sahəsinə dair yerquruluşu planından çıxarış tərtib edilmişdir. Hesab edir ki, torpaq sahəsi ona müsabiqə və ya hərrac yolu ilə satılmamalıdır. Belə ki, qeyd etdiyi kimi bu torpaq sahəsi ən azı 136 ildir onun ailəsinin, son 30 ildir də iddiaçının özünün istifadə və sahibliyindədir. Bu baxımdan, hesab edir ki, həmin torpaq sahəsinin mülkiyyətçisi iddiaçı olmalıdır, 23 il bundan əvvəl yaradılmış bələdiyyə deyil. Xüsusən də torpaq sahəsinin ona müsabiqə yolu ilə satılmasına etiraz edir. Çünki istənilən şəxs torpağın dəyərini ondan çox qiymətləndirəcəyi halda, onun torpaq sahəsinin mülkiyyətçisi ola bilər. Bu səbəbdən, həmin torpaq sahəsinin təmənnasız, dəyəri ödənilmədən ona verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh müraciətinin icrasından imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etiraz edərək, etiraz ərizəsində Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci və 2-ci bəndlərinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.2, 9.6, 9.7ci maddələrinə, eləcə də, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 4-cü və 10-cu bəndlərinə istinad edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı 05 iyul 2023-cü il tarixdə ərizə ilə cavabdeh orqana müraciət edərək, ünvan 1 ünvanındakı fərdi yaşayış evinin yerləşdiyi 0,08 ha torpaq sahəsinin hərrac və ya müsabiqə keçirilmədən bu torpaq sahəsinin Abşeron rayonu, Xırdalan şəhərində həyətyanı torpaq sahələrinin bir sotu üçün müəyyən edilmiş normativ qiymətə uyğun ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 20 iyul 2023-cü il tarixli, 1774 nömrəli məktubu ilə müraciətə cavab olaraq bildirmişdir ki, ünvan 1 ünvanında fərdi yaşayış evinin yerləşdiyi ərazi Xırdalan şəhəri üzrə 1-ci zona hesab olunur. Hal-hazırda 1-ci zona üzrə normativ qiymət torpağın hər kv.m. hissəsi üçün 37,9 manat nəzərdə tutulmuşdur. Qeyd edilənlər nəzərə alınmaqla, torpaq sahəsinin sənədləşdirilmə işlərinə başlanılması üçün şəxsiyyəti təsdiq edən sənəd və torpaq sahəsinə dair ilkin sənədlərlə birlikdə cavabdeh orqana yaxınlaşması tövsiyə edilmişdir. Qeyd edilən cavabı aldıqdan sonra iddiaçı birinci instansiya məhkəməsində iddia tələbini dəqiqləşdirərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,08 ha torpaq sahəsinin hərrac və ya müsabiqə keçirilmədən, bu torpaq sahəsinin Abşeron rayon Xırdalan şəhərində həyətyanı torpaq sahələrinin bir sotu üçün müəyyən edilmiş normativ qiymətə uyğun ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2-1(118)- 2529/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,08 ha torpaq sahəsinin hərrac və ya müsabiqə keçirilmədən, bu torpaq sahəsinin Abşeron rayon Xırdalan şəhərində həyətyanı torpaq sahələrinin bir sotu üçün müəyyən edilmiş normativ qiymətə uyğun iddiaçıya satılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Ceyhun Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 10-cu bəndinin tələbləri baxımından vətəndaşdan geri alına bilməyən torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi zamanı açıq hərracın keçirilməsinə zərurət yoxdur. Abşeron rayon İcra Hakimiyyətindən məhkəmənin sorğusuna cavab olaraq verilən məktubdan və mübahisəli torpaq sahəsinin yerləşdiyi yerin fotoşəkillərindən məlum olur ki, iddiaçı 1999-cu ildən, yəni 5 ildən artıq müddətdir ki, qeyd olunan ərazinin sakinidir və ailəsi ilə birlikdə həmin ünvanda inşa edilmiş fərdi yaşayış evində yaşayır. Mübahisə predmeti olan torpaq sahəsi iddiaçının faktiki sahibliyindədir və həmin sahədə iddiaçıya məxsus olan xırda tikililər də mövcuddur. Qeyd olunan torpaq sahəsinin iddiaçıya satılması hər hansı bir şəxsin hüquqlarını pozmur. Belə ki, qeyd olunan torpaq sahəsinə olan giriş yolu iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən keçir. Qanunvericiliyin tələbinə əsasən bələdiyələr tərəfindən satışa çıxarılan torpaq sahələrinin normativ qiymətinin müəyyən edilməsi bələdiyələrin diskression səlahiyyətinə aid edilmişdir. Bu baxımdan, torpaq sahəsi hərrac keçirilmədən iddiaçıya satılarkən qeyd olunanlar nəzərə alınaraq, torpağın normativ qiyməti cavabdeh tərəfindən müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, torpaq sahəsinə görə müəyyən edilən bazar dəyərinin hazırkı hala şamil edilməsi ədalətli deyil. Nəzərə alınmalıdır ki, cavabdehin hesablamasına görə 0,08 ha torpaq sahəsinə görə 30.320 manat (800 kv.m x 37.9=30.320) pulun tələb edilməsi uzun müddət iddiaçının sahibliyində olan torpaq sahəsinə görə həddindən artıq yüksək qiymətdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 96-cı maddəsinin 3-cü bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla, bələdiyyələr tərəfindən müəyyən edilir. Fərdi yaşayış evinin tikintisi üçün ayrılan torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Bunula yanaşı, Xırdalan Bələdiyyəsi tərəfindən torpaqların mülkiyyətə və icarəyə verilməsinin səmərəli qaydada təşkilini, qiymətlərin bazar məzənnəsinə uyğunlaşdırılmasınıvə qanunvericilik tələblərinin düzgün təşkilin həyata keçirilməsi üçün Xırdalan şəhəri ərzisində keçirilmiş son torpaq hərracı və ya müsabiqəsinin nəticələri, o cümlədən, torpağın hər 0,01 hektarının yekun qiymətinin dəqiqləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə sorğu verilmiş, Abşeron rayonu, Xırdalan şəhəri ərasizində yerləşən Notariat kontorlarında alğısatqı müqaviləsinə əsasən Xırdalan şəhəri 1-ci və 2-ci zonada 2020 və 2021 -ci ilər üzrə son satılan torpaq sahəsinin hər 0,01 hektarının satış qiyməti barədə məlumat verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən sözügedən sorğuya cavab olaraq Xırdalan şəhərinin inzibati ərazi vahidində 2020 və 2021-ci ilər ərzində aparılmış notarial qaydada alqı-satqı əməliyyatları üzrə hər 0,01 ha torpaq sahəsi üçün satış məbləği minimum 5000 manat, maksimum 50,000 manat olduğu bildirilmişdir. Həmin sorğu əsasında bələdiyyə tərəfindən Xırdalan şəhərinin inzibati ərazi vahidində bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə 1ci zona üzrə 0,01 ha torpaq sahəsinin normativ qiyməti 3700 manat, 2-ci zona üzrə 0,01 ha torpaq sahəsinin normativ qiyməti isə 2800 manat müəyyənləşdirilmişdir. Torpaq sahəsinin normativ qiymətinin bazar qiymətinə uyğunlaşdırılması barədə bələdiyyə iclasında məsələ qaldırılmış, bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə 1-ci zona üzrə 0,01 ha torpaq sahəsinin normativ qiyməti 3700 manat, 2-ci zona üzrə 0,01 ha torpaq sahəsinin normativ qiyməti isə 2800 manat müəyyənləşdirilərək səs çoxluğu ilə qərar qəbul edilmişdir. Bələdiyyə üzvlərinin iclas protokolu Sumqayıt Regional Ədliyyə idarəsinə göndərilmiş və bu barədə nəzarət orqanı tərəfindən “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsinə əsasən 15 gün müddətində heç bir irad tutulmamış, qanun pozuntusu aşkar edilməmişdir. Hal-hazırda Xırdalan şəhərinin inzibati ərazi vahidində bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə 1-ci zona üzrə 0,01 ha torpaq sahəsinin normativ qiyməti 3790 manat, 2-ci zona üzrə 0,01 ha torpaq sahəsinin normativ qiyməti isə 2800 manat təşkil edir. Birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində normativ qiymətin halhazırkı vəziyyət üçün neçə manat müəyyənləşdirilməli olduğu ilə bağlı məsələyə aydınlıq gətirilməmiş, bununla da, məhkəmə tərəfindən İPM-nin 68-70, 73-cü maddələrinin tətbiqində qeyri-dəqiqliyə yol verilmişdir. Hesab edir ki, iddiaçının iddia etdiyi kimi istifadəsində olan həmin 0,08 ha torpaq sahəsinin köhnə qiymətlə ona satılması “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin tələblərinə ziddir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçının istifadəsində olan mübahisəli 0,08 ha torpaq sahəsinin ona satılması barədə cavabdeh inzibati orqana ilkin müraciəti 2019-cu ildə olmuşdur. İddiaçı tərəf artıq 100 ildən çoxdur ki, mübahisəli 0,08 ha torpaq sahəsi yerləşən ünvanda yaşayır. Bu baxımdan, torpaq sahəsinin geri qaytarılmasının mümkünsüzlüyünü qəbul edir və torpaq sahəsinin iddiaçıya hərrac və ya müsabiqə keçirilmədən satılmasına etiraz etmirlər. Onlar arasındakı mübahisə torpaq sahəsinin normativ qiyməti barədədir. Həmin torpaq sahəsi 1-ci zonada yerləşir. Xırdalan bələdiyyəsinin 19 aprel 2021-ci il tarixli, 04 nömrəli iclasının 15 nömrəli qərarı ilə bələdiyyə ərazisində 1-ci zona üzrə torpaq sahəsinin 0,01 ha hissəsinin normativ qiyməti 3700 manat, 2-ci zona üzrə 2800 manat müəyyənləşdirilmişdir. Hazırda torpaq sahəsinin iddiaçıya 1 kv.m. hissəsinin 28 manatdan satılmasına razıdırlar. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirmişdir ki, torpaq sahəsinin ona satılması barədə cavabdeh inzibati orqana ilk dəfə 2019-cu ildə müraciət etmiş, lakin, pandemiya dövrü olduğundan və cavabdehin rəhbərliyi dəyişdiyindən bu məsələ yekunlaşmamışdır. Torpaq sahəsinin satılması barədə cavabdehə ilk dəfə 2019-cu ildə müraciət etdiyindən sahənin həmin tarixdəki qiymətinə uyğun olaraq ona satılmasını tələb edir. Belə ki, 2019-cu ildə torpaq sahəsinin 1 kv.m. hissəsinin normativ qiyməti 2 manat 70 qəpik olmuşdur. Onun qonşuluğunda yaşayan şəxslər torpaq sahələrini həmin qiymətə cavabdeh bələdiyyədən satın almışlar. Ona görə də, şikayətin rədd edilməsini xahiş edir. Eyni zamanda, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən və istifadəsində olan 0,08 ha torpaq sahəsinin hərrac və ya müsabiqə keçirilmədən 2019-cu il üzrə 2-ci zona üçün müəyyən edilmiş qiymətə uyğun satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 145. Bələdiyyələrin qərarları İ. Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. İİ. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. İİİ. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Maddə 150. Bələdiyyə aktları İ. Bələdiyyələrin qəbul etdikləri aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) zidd olmamalıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. ... 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. ... Maddə 10. Satışa çıxarılan torpaq sahələrinin qiyməti 10.1. Bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. ... Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:

10. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir.

15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir.

16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir.

18. Müvafiq icra hakimiyyəti (Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir.

21. Müvafiq icra hakimiyyəti orqanı (Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir.

23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.

“Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı:

2. Müəyyən edilsin ki, 2.1. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin............. 2.4. həmin Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21-ci, 22-ci bəndlərində və 23-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir; ...

“Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Bələdiyyə torpaqlarının və onlar üzərində icarə hüquqlarının alqı-satqısı Bələdiyyə torpaqlarının alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Bələdiyyənin ehtiyat fondunun bazar obyektinə aid olan torpaqları barədə alqı-satqı əqdləri yerli normativlər nəzərə alınmaqla və aşkarlıq şəraitində bağlanılır. Maddə 16. Torpaq bazarında qiymətin formalaşmasının əsasları Torpaq bazarında qiymətlər əqdlərin növlərindən, satışın formalarından, satış obyektinin təyinatından, hüquqi statusundan, rejimindən, torpaqların normativ qiymətindən, habelə tələb və təklifdən asılı olaraq formalaşır. Xüsusi mülkiyyətdə olan torpaq sahələri bilavasitə satıldıqda qiymətlər tərəflərin razılığı ilə bazar məzənnəsi nəzərə alınmaqla müəyyənləşdirilir. Bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. ... Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İddiaçının birinci instansiya məhkəməsində icraat zamanı tələbi torpaq sahəsinin hərrac və ya müsabiqə keçirilmədən, Xırdalan şəhərində həyətyanı torpaq sahələrinin bir sotu üçün müəyyən edilmiş normativ qiymətə uyğun ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə olmuşdur. Apellyasiya instansiya məhkəməsində icraat zamanı isə iddiaçı tələbini dəqiqləşdirərək istifadəsində olan 0,08 ha torpaq sahəsinin hərrac və ya müsabiqə keçirilmədən 2019-cu il üzrə 2-ci zona üçün müəyyən edilmiş qiymətə uyğun satılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. İşdən görünür ki, ünvan 1 ünvanında yerləşən mübahisəli 0,08 ha torpaq sahəsi uzun müddətdir ki, iddiaçı və onun ailə üzvlərinin istifadəsindədir, torpaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evi inşa edilmiş, eyni zamanda iddiaçı Xırdalan Bələdiyyəsinin ərazisində 40 ildən artıqdır ki, daimi qeydiyyatdadır. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən hazırkı iş üzrə iddiaçının qardaşı X2 ünvanlanmış 19 may 2020-ci il tarixli arxiv arayışından da Xırdalan kəndinin 1886-cı ilə dair kameral siyahısında Kərim Adıgözəl oğlu, X5, X6, X7, İbad Adıgözəl oğlunun (1882-ci il təvəllüdlü) adlarının qeyd olunduğu və ailə tərəfindən dövlət vergisi və torpaq rüsumu ödənildiyi görünür. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10-cu bəndinin tələblərindən göründüyü kimi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə torpaq sahələri hərrac və ya müsabiqə keçirilmədən verilir. İşin qeyd olunan halları cavabdeh tərəfindən də mübahisələndirilmir. Belə ki, cavabdehin apellyasiya şikayətinin dəlillərindən və iddiaçıya verilən 20 iyul 2023-cü il tarixli məktubun məzmunundan müəyyən edilir ki, cavabdeh inzibati orqan hazırda həmin torpaq sahəsinin iddiaçıya hərrac və ya müsabiqə keçirilmədən bilavasitə satılmasına etiraz etmir. Hazırkı halda tərəflər arasında yaranmış mübahisəli hal yalnız torpaq sahəsinin iddiaçıya satılmalı olduğu qiymətlə bağlıdır. Belə ki, iddiaçı mübahisəli torpaq sahəsinin Xırdalan şəhərinin 2-ci zonasında yerləşdiyini bildirir və torpaq sahəsinin ona satılması barədə ilk dəfə 2019-cu ildə cavabdeh bələdiyyəyə müraciət etdiyindən torpaq sahəsinin məhz həmin il üzrə 2-ci zona üçün müəyyən edilmiş qiymətə uyğun satılmasını tələb edir. Cavabdeh isə iddiaçının qeyd etdiklərinin əksinə torpaq sahəsinin Xırdalan şəhərinin 1-ci zonasında yerləşdiyini və 2023-cü il üzrə 1-ci zona üzrə torpaq sahəsinin normativ qiymətinin torpağın hər kv.m. hissəsi üçün 37,9 manat nəzərdə tutulduğunu və bu qiymətlə satılmalı olduğunu bildirir. Yəni, cavabdeh hesab edir ki, torpaq sahəsi iddiaçıya 2019-cu il üzrə deyil, 2023-cü il ildə 1-ci zona üzrə müəyyən edilmiş qiymətə uyğun satılmalıdır. Beləliklə hazırda iki hal araşdırılmalıdır: mübahisəsi gedən torpaq sahəsi hansı zonaya aiddir və torpaq sahəsi bələdiyyə tərəfindən hərracdan kənar satılarkən hansı dövrə münasibətdə torpağın qiyməti nəzərə alınmalıdır: 2019-cu il yoxsa 2023-cü il. Yuxarıda sadalanan normaların tələbindən göründüyü kimi bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda torpaqların qiyməti torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyasının sorğusuna əsasən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı hələ 2019-cu ilin əvvəllərində cavabdeh inzibati orqana (bələdiyyəyə) ərizə ilə müraciət edərək, istifadəsində olan 0,08 ha torpaq sahəsinin ona satılmasını xahiş etmiş, iddiaçının müraciəti əsasında inzibati orqan tərəfindən inzibati icraat başlanmışdır. İnzibati icraat zamanı cavabdeh 19 aprel 2019-cu il tarixli, 134 nömrəli məktubla Abşeron rayon İcra Hakimiyyətinə müraciət etmiş, İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi 23 aprel 2019-cu il tarixli, 28/2 nömrəli rəyə əsasən, Xırdalan Bələdiyyəsi ərazisində “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması haqqında “Əsasnamənin 10-cu maddəsinə əsasən bələdiyyənin alqı-satqı predmeti olan Xırdalan şəhəri bələdiyyənin kənd hissəsində 2-ci zonada yerləşən 800 kv.m. (fərdi yaşayış evinin tikintisi məqsədilə) torpaq sahəsinin (hazırda) müsabiqə yolu ilə satılmasına etiraz etmədiyini bildirmişdir. Daha sonra Xırdalan bələdiyyəsinin 29 aprel 2019-cu il tarixli, 04 nömrəli iclasının 03 nömrəli qərarına əsasən iddiaçının müraciəti məqsədəmüvafiq sayılaraq, bələdiyyənin alqı-satqı predmeti olan, şəhərin 2-ci zonasında yerləşən 800 kv.m. torpaq sahəsinin üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması qərara alınmışdır. Həmçinin, sözügedən 800 kv.m. torpaq sahəsinə dair iddiaçının adına Xırdalan bələdiyyəsi tərəfindən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bundan sonra cavabdeh 01 may 2019-cu il tarixli, 165 nömrəli məktubla DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək, 800 kv.m. torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etsə də, 4 saylı Abşeron Ərazi İdarəsi 20 may 2019-cu il tarixli məktubla imtina cavabı verərək, torpaq sahəsinə dair ilkin sxemin yerquruluşu qaydalarına uyğun tərtib edilməməsi əsası ilə torpaq sahəsinə dair müayinə aktı və planın hazırlanmasının mümkün olmadığını bildirmişdir. Beləliklə, cavabdeh apellyasiya şikayətinin dəlillərində torpaq sahəsinin Xırdalan şəhərinin 2-ci zonasında deyil, 1-ci zonasında yerləşdiyini bildirsə də, yuxarıda sadalanan və məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlardan göründüyü kimi həm cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması barədə 29 aprel 2019-cu il tarixli, 04 nömrəli iclasının 03 nömrəli qərarında, həmçinin Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin 23 aprel 2019-cu il tarixli, 28/2 nömrəli rəyində mübahisəsi gedən torpaq sahəsinin 2-ci zonada yerləşdiyi qeyd edilmişdir. Həmçinin, cavabdehin nümayəndəsi məhkəmə iclasında da torpaq sahəsinin 1-ci zonada yerləşdiyinə dair dəlillərini müdafiə etsə də, izahatında əlavə olaraq torpaq sahəsinin iddiaçıya Xırdalan şəhərinin 2-ci zonasında yerləşən torpaq sahələri üzrə 2021ci il üzrə üçün müəyyən edilmiş qiymətlə - 1 kv.m. hissəsinin 28 manatdan satılmasına razı olduqlarını bildirmiş, bununla da, dolayısı ilə mübahisəli torpaq sahəsinin 2-ci zonada yerləşdiyini etiraf etmişdir. Torpaq sahəsinin qiymətinə münasibətdə isə kollegiya qeyd edir ki, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi iddiaçının mübahisəli torpaq sahəsinin ona satılması barədə cavabdeh bələdiyyəyə 2019-cu il tarixli müraciəti əsasında cavabdeh inzibati orqan tərəfindən inzibati icraat başlanılmış, aidiyyəti orqanlara müraciətlər edilərək rəylər və s. alınmış, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması proseduruna başlanılmış, lakin digər inzibati orqan (DƏDRX-nin Ərazi İdarəsi) tərəfindən qeydiyyatın aparılmasından imtina edildiyindən icraat başa çatdırılmamış, iddiaçının uzun illər istifadəsində olan torpaq sahəsinin bələdiyyə tərəfindən ona satılmasına dair qərar qəbul edilməmişdir. Hazırda isə cavabdeh inzibati orqan torpaq sahəsinin hərracdankənar iddiaçıya satılmasına etiraz etməsə də, tərəflər arasında torpağın qiyməti ilə bağlı mübahisə yaranmış, inzibati orqan hazırda torpağın bazar qiymətinə uyğun satılmasını təklif edir, iddiaçı isə 2019-cu il tarixdə ilk müraciət etdiyi zaman bələdiyyə tərəfindən müəyyən edilən qiymətlə satılmasını tələb edir. Məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını, iddiaçının torpaq sahəsinin ona satılması tələbi ilə bələdiyyəyə ilkin müraciətinin məhz 2019-cu ildə olduğunu, bununla bağlı cavabdeh tərəfindən müvafiq inzibati icraatın başlanıldığını, iddiaçının müraciətinin məqsədəmüvafiq sayılaraq, 800 kv.m. torpaq sahəsinin üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması barədə 29 aprel 2019-cu il tarixli, 04 nömrəli iclasının 03 nömrəli qərarının hazırda qüvvədə olduğunu, başlanmış inzibati icraat nəticəsində torpaq sahəsinə dair alqı-satqının prosedurunun baş tutmamasında iddiaçının təqsirinin olmadığını nəzərə alaraq, hesab edir ki, torpaq sahəsi iddiaçıya 2019-cu ildə Xırdalan şəhərində 2-ci zona üzrə müəyyən edilən qiymət nəzərə alınmaqla satılmalıdır. Kollegiyanın sorğusuna əsasən tələb edilmiş sənədlərdən görünür ki, cavabdeh bələdiyyə tərəfindən 2019-cu ildə iki nəfər vətəndaşa bələdiyyə mülkiyyətində olan Xırdalan şəhərinin 2-ci zonasında yerləşən torpaq sahələri alqı-satqı qaydasında bilavasitə, 1 nəfərə isə müsabiqə yolu ilə satılmışdır. Belə ki, Xırdalan bələdiyyəsinin 13 noyabr 2017-ci il tarixli, 13 nömrəli iclasının 05 nömrəli qərarına əsasən bələdiyyənin alqı-satqı predmeti olan, şəhərin 2-ci zonasında yerləşən 264 kv.m. torpaq sahəsinin üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması qərara alınmışdır. Bələdiyyənin müraciəti əsasında torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ reyestrdə qeydə alınmış və bundan sonra bələdiyyə ilə vətəndaş X11 arasında AN-İ seriyalı, ******* nömrəli, 16 may 2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanmış, müqaviləyə əsasən, bələdiyyə mülkiyyətində olan sözügedən 264 kv.m. torpaq sahəsini 963,00 manat məbləğində olmaqla, (1 kv.m. hissəsi 3,64 manat) A.Həmidova satmışdır. Eyni qaydada, Xırdalan bələdiyyəsinin müraciəti əsasında Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsi 18 dekabr 2014-cü il tarixli, 726 nömrəli məktubu ilə şəhərin 2-ci zonasında yerləşən 155 kv.m. torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə X8 ayrılmasına etiraz edilməmiş, daha sonra bələdiyyənin 19 dekabr 2014-cü il tarixli, 03 nömrəli qərarına əsasən bələdiyyə mülkiyyətində olan 155 kv.m. torpaq sahəsinin X3 geri alınmasının qeyri-mümkünlüyü nəzərə alınaraq, həmin torpaq sahəsinin bilavasitə ona satılması qərara alınmışdır. AN-İ seriyalı, ******* nömrəli, 04 noyabr 2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” nə əsasən bələdiyyə mülkiyyətində olan sözügedən 155 kv.m. torpaq sahəsini 800,00 manat məbləğində olmaqla, (1 kv.m. hissəsi 5,16 manat) F.S.Zeynalova satmışdır. Həmçinin, bələdiyyə tərəfindən 2019-cu ildə şəhərin 2-ci zonasında yerləşən digər bir torpaq sahəsi müsabiqə vasitəsilə vətəndaşa satılmışdır. Belə ki, şəhərin 2-ci zonasında yerləşən 518 kv.m. torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanmış, daha sonra torpaq sahəsi müsabiqəyə çıxarılmış və AN- İ seriyalı, ******* nömrəli, 30 sentyabr 2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” nə əsasən bələdiyyənin mülkiyyətində olan sözügedən 518 kv.m. torpaq sahəsi müsabiqənin yekununda qalib olmuş X9 1895,0 manata (1 kv.m. hissəsi 3,65 manat) satılmışdır. Göründüyü kimi cavabdeh bələdiyyə tərəfindən 2019-cu ildə şəhərin 2-ci zonasında yerləşən torpaq sahələrinin 1 kv.m-nin qiyməti müvafiq olaraq 3,64 manat, 5,16 manat və 3.65 manat müəyyən edilməklə satılmışdır. Kollegiya hesab edir ki, torpaq sahəsinin satılmasına dair iddiaçının müraciətinin məqsədəuyğun sayılması barədə inzibati orqanın 29 aprel 2019-cu il tarixli qərarı-inzibati akt qanuni qüvvədə olduğundan həmin qərar onu qəbul etmiş inzibati orqanın, yəni cavabdehin davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqan qeyd edilən qərarın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Həmin qərarla isə iddiaçının məhz 2019-cu il tarixdə torpaq sahəsinin satılmasına dair müraciəti müsbət qarşılanmış, qərar inzibati orqan tərəfindən ləğv edilməmiş və hazırda da qüvvədədir. Bu halda kollegiyanın qənaətinə görə, bərabər yanaşma və etimadın qorunması prinsiplərinə əsasən, iddiaçı 2019-cu il tarixdə bələdiyyə tərəfindən 2-ci zona üzrə torpaq sahələrinin digər vətəndaşlara satılarkən müəyyən edilən qiymətlərə uyğun qiymət əsasında torpaq sahəsinin ona satılmasını tələb etmək hüququna malikdir. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Beləliklə, kollegiya işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, ünvan 1 ünvanında yerləşən və iddiaçının istifadəsində olan 0,08 ha torpaq sahəsinin hərrac və ya müsabiqə keçirilmədən 2019-cu il üzrə 2-ci zona üçün bələdiyyə tərəfindən müəyyən edilmiş qiymətə uyğun satılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2-1(118)-2529/2023 nömrəli qərarı dəyişdirilsin. ünvan 1 ünvanında yerləşən və İddiaçı istifadəsində olan 0,08 ha torpaq sahəsinin hərrac və ya müsabiqə keçirilmədən 2019-cu il üzrə 2-ci zona üçün bələdiyyə tərəfindən müəyyən edilmiş qiymətə uyğun ona satılması öhdəliyi cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar