Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-139/2025 15.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhid statusuna dair arayışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “Şəhid” statusuna dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1155/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X8 mərhum ovladı X6 "şəhid”, ailəsinə isə "şəhid ailəsi” statusunun verilməsinə köməklik göstərilməsi barədə müraciətinə əsasən Xidmətin Aparatı tərəfindən Müdafiə Nazirliyinin Huquq İdarəsinə edilmiş sorğuya cavab alınmışdır. Müdafiə Nazirliyinin Hüquq İdarəsinin xx.xx.2023-cu il tarixli, 3-25-İİ/2-3052/23 nömrə məktubuna əsasən, hərbi xidmət vəzifələrinin icrası zamanı aldığı xəsarət (yaralanma, travma. kontuziya) nəticəsində hərbi xidmətdən buraxıldıqdan sonra həmin xasarət səbəbindən vəfat etmiş hərbi qulluqçulara. “Şəhid statusunun verilməsi barədə hər hansı bir müddəa nəzərdə tutulmadığından hərbi əməliyyatlar zamanı xəsarət almış (partlayı travması), xx.xx.2021 -ci il tarixdə Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və xx.xx.2023-cu tarixdə "Beyin ödəmı” diaqnozundan vəfat etmiş N.Qərıbova şəhid statusunun verilməsi məqsədəuyğun hesab edilmir. Ölüm haqqında şədadətnamənin surətindən görünür ki, X10 05 mart 2023-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, məktubda və vətəndaşın müraciətində, N.İ.Qəribovun 9 oktyabr 2020-ci il tarixdə səfərbərliklə əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırıldığı, 18 yanvar 2021 -ci il tarixədək N nömrəli hərbi hissədə xidmət keçdiyi, hərbi əməliyyatlar zamanı xəsarət aldığı (partlayış travması) və ona 1-ci dərəcəli əlilik təyin edildiyi, habelə 18 yanvar 2021-ci ıl tarixdə ehtiyata buraxıldığı qeyd olunmuşdur. Məktuba əlavə olunmuş AZ-İİ 33476,8 nömrəli “ölüm haqqında şəhadətnamə”dən görünür ki, N.İ.Qəribov “Beyin ödemi” diaqnozundan 5 mart 2023-cü il tarixdə vəfat etmişdir. Habelə, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 13 iyun 2023-cü il tarixli 3467 nömrəli məktubunda, N.İ.Qəribovun 11 noyabr - 23 dekabr 2020-cı il tarixlərdə hospitalda və 10 noyabr 2020-ci il tarixdə N nömrəli hərbi hissədə (Əhmədbəyli hospitalı) ambulator müayinədə olduğu, hərbi hissənin “Qəbulçeşidləmə bölməsinin ambulator xəstələrin qeydiyyatı” kitabında qeydiyyatdan keçməsi, lakin ona diaqnozun təyin olunmadığı göstərilmişdir. Məktubda, həmçinin, qeyd olunmuşdur ki, N.İ.Qəribovun 2021-ci ildə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında ambulator müayinə və müalicədə olması barədə məlumat X17 saxlanılan arxiv sənədləri bazasında aşkar edilməmişdir. Göstərilən qaydalarda hərbi xidmət vəzifələrinin icrası zamanı aldığı xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində hərbi xidmətdən buraxıldıqdan sonra həmin xəsarət səbəbindən vəfat etmiş hərbi qulluqçulara "Şəhid” statusunun verilməsi barədə hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, baş beynin ödemi mərkəzi sinir sistemi toxumalarına mayenin toplaması ilə xarakterizə olunur. Yaranmasının əsas səbəbləri: travma (kəllə əsasının sınması, baş beynin silkələnməsi, kotuziya), insult ( işemiya, beyinə qansızma), şiş, infeksiya (ensefalit, meningit), epileptik status, toksiki təsirlərdən və s yaran bilər və beyin ödemi ölümlə nəticələnə bilər. X2 xx.xx.2020-ci il tarixdə döyüş əməliyyatı zamanı partlayış travması nəticəsində qapalı kəllə beyin travması almış və onun nəticələrinə görə xx.xx.2021-ci il tarixdə MN MHP-nın HHK tərəfindən şəhadətləndirilərkən onda təyin edilmiş ’’Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Postkommotsion sindrom. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsinin posttravmatik servikokranial distoniya və laterotortikoislə nəticələnmiş qalıq əlaməti. Partlayış travması (xx.xx.2020), sağ orbitanın bayır divarının, əng cibinin ön medial və bayır divarının yerdəyişməyən bitişməkdə olan sınığından, sağ orbitanın medial lövhə ilə osteosintezindən sonrakı bərkiməkdə olan sümük döyənəyi və çıxarılmayan metal konstruksiyası. Barotravma (xx.xx.2020), sol təbil pərdəsinin quru perforasiyası, ikincili pərdə ilə örtülmüş soltərəfli konduktiv ağıreşitmə, pıçıltı nitqini sol qulaqda 5 (beş) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə” diaqnozuna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qəraı ilə təsdiq olunmuş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 17b, 14b maddələrinin İİ qrafasına əsasən ’’Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” sayılmışdır. X2 xx.xx.2020-ci il tarixdə döyüş əməliyyatı zamanı partlayış travması nəticəsində qapalı kəllə beyin travması almışdır. Beyin ödeminin travma nəticəsində yarana bilməsini nəzərə alaraq demək olar ki, yuxarıda qeyd edilən xəsarətlərin nəticəsində ölümə səbəb olan beyin ödeminin yarana bilməsi mümkündür. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs "Respublika Neyrocərrahiyyə Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçının “oğlu X9 (vəfat tarixi: xx.xx.2023) “Şəhid” statusu, ailəsinə “Şəhid ailəsi” statusuna dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələblərinə dair inzibati iş üzrə 19 mart 2025-ci il tarixli qərardadla aşağıda qeyd olunan sual (Sual: İddiaçının mərhum oğlu X7 barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən tərtib edilmiş Xəstəlik şəhadətnaməsində əks olunmuş “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Postkommosion sindrom. Partlayış travması (xx.xx.2020), keçirilmiş kəllə-beyin travması, baş-beyin silkələnməsinin posttravmatik servikokranial distoniya və laterotortikolislə nəticələnmiş qalıq əlamətləri. Partlayış travması (xx.xx.2020), sağ orbitanın bayır divarının, əng cibinin ön medial və öd divarının yerdəyişməyən bitişməkdə olan sınığından, sağ orbitanın metal lövhə ilə osteosintezindən sonrakı bərkiməkdə olan sümük döyənəyi və çıxarılmayan metal konstruksiyası. Barotravma (xx.xx.2020), sol təbil pərdəsinin quru perforasiyası, ikinci pərdə ilə örtümüş soltərəfli konduktiv ağıreşitmə pıçıltı nıtqini sol qulaqda 5 (beş) metrə, sağ qulaqda 6 (altı) metrə məsafədən eşitmə ilə” diaqnoz xəstəliyi ilə “Beyin ödemi” diaqnozu xəstəliyi arası tibbi cəhətdən əlaqə movcuddurmu, yəni həmin diaqnoz xəstəlik tibbi cəhətdən beyin ödeminin yaranmasına səbəb ola bilər mi?) barədə mütəxəssis rəyinin verilməsi qərara alınaraq və mütəxəssis rəyinin məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Beyin ödemi (serebral ödem) beynin şişməsi ilə xarakterizə olunan ciddi bir vəziyyətdir və müxtəlif səbəblərdən, o cümlədən travmatik beyin zədələri nəticəsində yarana bilər. X7 diaqnozlarında qeyd olunan “partlayış travması”, “keçirilmiş kəllə-beyin travması” və “barotravma” kimi zədələr beyin ödeminin inkişafına səbəb ola bilər. Araşdırmalar göstərir ki, partlayış dalğalarının təsiri nəticəsində yaranan travmalar beyin damarlarının zədələnməsinə, qan-beyin baryerinin pozulmasına və nəticədə beyin ödeminin inkişafına gətirib çıxara bilər. Məsələn, bir tədqiqatda partlayış şok dalğalarının qan-beyin baryerinin funksiyasını pozduğu və bunun da beyin ödeminə səbəb olduğu qeyd edilir. Bundan əlavə, travmatik beyin zədələri və partlayış travmaları nəticəsində yaranan iltihabi proseslər də beyin ödeminin inkişafına töhfə verə bilər. Belə ki, iltihab mediatorlarının sərbəst buraxılması və oksidləşdirici stress beyin toxumasında maye yığılmasına səbəb ola bilər . Bu məlumatlar əsasında demək olar ki, X7 diaqnozlarında qeyd olunan travmatik hadisələr və zədələr tibbi cəhətdən beyin ödeminin yaranmasına səbəb ola bilər. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı yaralar nəticəsində 05 mart 2023-cü il vəfat elmiş X9 "Şəhid” statusu, ailəsinə (anasına.alası, bacısı, qardaşına, arvadına və uşaqlarına) ’'Şəhid ailəsi" statusunun verilməsi vəzifəsini həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “onun, oğlu X9 “Şəhid” statusu, ailəsinə “Şəhid ailəsi” statusuna dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun oğlu X10 xx.xx.2020-ci il tarixdə səfərbərliklə əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinə könüllü qoşulmuşdur. N nömrəli hərbi hissənin tərkibində Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə canını fəda etmişdir. Füzuli rayonu uğrunda gedən döyüşlərdə ağır yaralanmasına baxmayaraq müalicə almaqdan imtina edərək döyüşə davam edib. xx.xx.2020-ci il tarixdə Şuşa rayonu alındıqdan iki saat sonra Laçın koridoruna düşürülən iddiaçının oğlu ikinci dəfə ağır yaralanaraq komaya düşmüşdür. İki dəfə ağır kəllə-beyin travması almış oğlu, müharibə bitdikdən sonra ağır əməliyyatlar keçirmişdir. 18 yanvar 2021-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət keçmiş, hərbi əməliyyatlar zamanı xəsarət almış (partlayış travması) və ona İ dərəcə əlillik təyin edilmişdir. 18 yanvar 2021-ci il tarixdə isə ehtiyyata buraxılmışdır. Onun oğlu torpaqlarının bütövlüyü uğrunda nümayiş etdirdiyi qəhrəmanlıqlara görə sağlığı dövründə 6 medal və 1 ordenlə təltif edilmişdir. Həmin medallardan dördünü artıq alıblar. Onun oğluna nümayiş etdirdiyi igidliyinə görə “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, "Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. X10 05 mart 2023-cü il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədə ölüm səbəbi kimi “Beyin ödemi” qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 13 iyun 2023-cü il tarixli, 3467 nömrəli məktubunda X10 11 noyabr-23 dekabr 2020-ci il tarixlərdə hospitalda və 10 noyabr 2020-ci il tarixdə N nömrəli hərbi hissədə (Əhmədbəyli Hospitalı) ambulator müayinədə olmuşdur. Hərbi hissənin “Qəbul çeşidləmə bölməsinin ambulator xəstələrin qeydiyyatı” kitabında qeydiyyatdan keçmişdir. Lakin ona diaqnoz qoyulmamışdır. Həmin sənədlərin hamısını ərizəyə əlavə etmişdir. Oğlunun iki azyaşlı övladı vardır. Hətta ona İ qrup əlilliyinə görə dövlət tərəfindən ev də verilmişdir. O ailəsinə “şəhid ailəsi” statusu verilməsi üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə dəfələrlə müraciət etsə də, orada ona hərbi xidmət vəzifələrinin icrası zamanı aldığı xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində hərbi xidmətdən buraxıldıqdan sonra həmin xəsarət səbəbindən vəfat etmiş, hərbi qulluqçulara "Şəhid” statusunun verilməsi barədə hər hansı bir müddəanın nəzərdə tutulmaması əsas göstərilərək status verməkdən imtina etmişlər. Onun oğlu isə müharibədə aldığı xəsarətlərdən irəli gələn travmalar nəticəsində dünyasını dəyişmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. X7 hərbi qeydiyyatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsində olduğu üçün bu iş üzrə cavabdeh Xidmətin Sumqayıt şəhər baş idarəsində olmalıdır. Daha sonra cavabdeh iddia tələbinə qarşı etirazda əlavə olaraq qeyd etmişdir ki, X10 müharibədən sonra xəstəlikdən vəfat etmişdir. Qüvvədə olan mövcud qanunvericiliyə görə sonradan xəstəlikdən vəfat etmiş şəxslərə “şəhid” statusunun verilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının tələbi təmin edilə bilməz. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1155/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı, oğlu X9 “Şəhid” statusunun, ailəsinə “Şəhid ailəsi” statusuna dair arayışın verilməsi öhdəliyinin Cavabdeh üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Mirzəyeva Leyla). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hal-hazırkı mübahisədə ilkin olaraq iddiaçının oğlu – X2nun Azərbyacan Respublikasının müdafiəsi zamanı almış olduğu xəsarətlə onun vəfat etməsinə səbəb olmuş xəstəlik arasında səbəbli əlaqənin olub-olmadığını müəyyənləşdirmək və araşdırmaq lazımdır. Bunun üçün isə Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na nəzər yetirilməlidir. Qaydaların 1.2.6-cı bəndinə görə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Qeyd edilən normanın məzmunundan aydın olur ki, şəxsin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında birbaşa səbəbli əlaqə olmalıdır. İnzibati iş materiallarında olan sübutlardan aydın olur ki, iddiaçının mərhum oğlu-X10 Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarətlər aldığı vaxtdan vəfat etdiyi ana qədər fasiləsiz müalicə olunmuş, lakin buna baxmayaraq “beyin ödemi” xəstəliyindən vəfat etmişdir. Eyni zamanda iş materiallarından göründüyü kimi, X2nun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə - hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr nəticəsində aldığı xəsarətlərdən qapalı kəllə beyin travması keçirməsi, baş beyin silkələnməsinin possttravmatik servikokranial distoniya laterotortikolislə nəticələnmiş qalıq əlamətinin olması və s. faktı öz əksini tapır. X2 05 mart 2023-cü il tarixdə “beyin ödemi” xəstəliyindən vəfat etməsi, onun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə - hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr nəticəsində aldığı xəsarətlərdən yaranmış xəstəlik nəticəsində vəfat etməsi kimi qiymətləndirilməlidir. Belə ki, X7 məhz Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aldığı xəsarətlər nəticəsində yaranmış xəstəlikdən vəfat etməsi, ona “şəhid” adının və onun ailəsinə “şəhid ailəsi” statusunun verilməsini istisna etmir. Belə olan halda isə cavabdeh orqanın iddiaçının müraciətindən imtinası əsassız olaraq, onların hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən və qərar qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, habelə qəbul etdiyi qərarda maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bütün bunlar da məhkəmə qərarının apellyasiya qaydasında tamamilə və ya qismən ləğv olunması üçün əsasdır. Belə ki, X2 xx.xx.2020-ci il tarixdə səfərbərliklə əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılmış, N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmiş, 18 yanvar 2021-ci il tarixdə ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra 05 mart 2023-cü il tarixdə “beyin ödemi” səbəbindən xəstəlikdən vəfat etmişdir. Qüvvədə olan mövcud qanunvericiliyə görə sonradan xəstəlikdən vəfat etmiş şəxslərə “şəhid” statusunun verilməsi nəzərdə tutulmamışdır. İddiaçının apellyasiya şikayətinə dair etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, oğlu X9 “Şəhid” statusuna dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınması və iddianın təmin edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanunu: Maddə 1.Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə 2. Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"nın 1.1-ci bəndinə görə Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. 4.2. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi şəhid statusuna dair arayışın verilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının oğlu 18 yanvar 2021-ci il tarixədək müvafiq hərbi hissədə xidmət keçmiş, hərbi əməliyyatlar zamanı partlayış travması nəticəsində xəsarət almış, həmin xəsarətə görə ona “Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə birinci dərəcə əlillik təyin edilmiş, bu səbəbdən də 18 yanvar 2021-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmış, 05 mart 2023-cü il tarixdə “beyin ödemi” səbəbbindən vəfat etmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı oğlunun ehtiyata buraxıldıqdan sonra məhz hərbi xidmət vəzifələrinin icrası zamanı aldığı xəsarət səbəbindən vəfat etdiyindən, ona şəhid statusunun verilməsini istəyir. Cavabdeh inzibati orqan isə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı və ya döyüş tapşırığının, döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmadığından, sonradan xəstəlik səbəbindən vəfat etdiyindən, həmin statusun verilməsinin mümkün olmadığını bildirir. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçının mərhum oğlu barəsində Hərbi Həkim Komissiyası tərəfindən tərtib edilmiş xəstəlik şəhadətnaməsində diaqnoz və xəsarətin, xəstəliyin səbəb əlaqəsi qeyd edilmiş, diaqnoz kimi “mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posstravmatik stress pozuntusu.Postkommotsion sindrom. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyintravması,baş-beyin silkələnməsinin postravmatik servikokranial distoniya və laterotortikolislə nəticələnmiş qalıq əlamətləri. Partlayış travması (xx.xx.2020), sağ orbitanın bayır divarının, əng cibinin ön medial və ön divarının yerdəyişməyən bitişməkdə olan sınığından, sağ orbitanın metal lövhə ilə osteosintezin sonrakı bərkiməkdə olan sümük döyənəyi və çıxarılmayan metal konstruksiyası.Barotravma (xx.xx.2020), sol təbil pərdəsinin quru perforasiyası, ikincili pərdə ilə örtülmüş soltərəfli konduktiv ağıreşitmə pıçıltı nitqini sol qulaqda 5 (beş) metrə, sağ qulaqda 6 (altı) metrə məsafədən eşitməsi ilə”, səbəb əlaqəsi kimi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” əks olunmuşdur. İş materiallarında olan müvafiq hərbi hissə tərəfindən tərtib edilmiş travma haqqında arayışın məzmunundan görünür ki, əsgər X10 xx.xx.2020-ci ildə “Partlayış travması.Keçirilmiş qapalı kəlləbeyin travması.Baş-beyin silkələnməsindən sonrakı vəziyyət, postravmatik servikokranial distoniya.Sağ orbitanın bayır divarının, əng cibinin ön medial və bayır divarının yerdəyişməyən bitişməkdə olan sınığından, sağ orbitanın medial lövhə ilə osteosintezindən” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mərkəzi Hərbi Həkim Komissiyası və digər tibbi müəssisələr tərəfindən verilmiş mütəxəssis rəylərinin məzmunundan görünür ki, iddiaçının mərhum oğlunun partlayış travması nəticəsində aldığı və xəstəlik şəhadətnaməsində əks olunmuş diaqnoz xəsarətin nəticəsində onun ölümünə səbəb olan beyin ödeminin yaranması mümkündür. Kollegiya qeyd edir ki, müvafiq Qaydaların 1.1-ci bəndində ehtiva edilən normanın məzmununa əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.2-ci bəndində isə şəhid hesab edilmənin əsasları konkret, dəqiq və imperativ norma şəklində ehtiva edilmişdir. Kollegiya həmin normaların məzmununu müqayisəli şəkildə təhlil edərək, onu qeyd edir ki, Qaydaların 1.2-ci bəndi 1.1-ci bəndə nisbətdə xüsusi norma kimi çıxış etməklə, hansı halda həlak olmuş şəxsin şəhid hesab edilməsinin əsaslarını müəyyən etmişdir. Bu baxımından kollegiya qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının dispozitiv şərtinə əsasən şəxsin hər hansı bir səbəbdən həlak olması halı özlüyündə ona şəhid statusunun verilməsi üçün əsas hesab edilmir. Bunun üçün məhz normanın dispozitiv şərtində şəhid statusunun verilməsi üçün əsasın mövcudluğu şəxsin ölüm hadisəsinin baş verməsi ilə yanaşı, onun səbəb əlaqəsi ilə bağlı hallarla şərtləndirilmiş və həmin hallar normanın məzmununda (Qaydaların 1.2-ci bəndində) imperativ şəkildə ifadə edilmişdir. Həmçinin, kollegiya həmin normanın mahiyyəti və məqsədini təhlil edərək, hesab edir ki, istinad edilən həmin normanın dispoztiv şərtində əks olunmuş “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı və ya döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı” ifadəsində “zaman” anlayışı özlüyündə məhdudlaşdırıcı mənada “vaxt” ölçüsünü ifadə edən termin olaraq deyil, həm də “səbəb əlaqə” mənasını özündə ehtiva edir. Əks yanaşmanın tətbiq edilməsi halı hərbi xidmət vəzifələrinin icrası zamanı aldığı xəsarətdən vəfat etmiş şəxslərə şəhid statusunun verilməsinin məhz şəxsin vəfat etmənin səbəb əlaqəsi ilə deyil, vəfat tarixi ilə şərtləndiirlmiş olur ki, bu hal da həmin normanın mahiyyətinə və məqsədinə uyğun deyildir. Belə ki, həmin normanın mahiyyəti və məqsədi şəxsin şəhid hesab edilməsinin əsasının- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı və ya döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı aldığı xəsarətdən vəfat etməsi halının mövcudluğunu ehtiva edir. Bu baxımından, həmin normanın dispozitiv şərtlərinə əsasən həlak olmuş şəxsin şəhid hesab edilməsi üçün zəruri olan şərt onun vəfat etmə tarixinin müəyyən edilməsi deyil, onun hansı səbəbdən vəfat etməsi halının müəyyən edilməsidir. Nəticə etibarilə kollegiya hesab edir ki, həmin normanın məzmununa hərfi yanaşma tətbiq edilməklə, normanın dispoztiv şərtinin həlak olmuş şəxsin hərbi xidməti vəzifəsinin icra etdiyi anda vəfat etməsi kimi dəyərləndirilməsi halı özlüyündə normanın mahiyyətinə və məqsədinə zidd olmuş olar. Bundan əlavə, kollegiya qeyd edir ki, həmin normanın dispozitiv şərtinin həlak olmuş şəxsin vəfat etmə tarixi kimi dəyərləndirilməsi halı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı və ya döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı aldıqları xəsarətdən həlak olmuş (biri hərbi xidmət vəzifəsini icra etdiyi anda həlak olduqda, digəri isə həmin xəsarət səbəbindən, lakin həmin anda deyil, müəyyən zaman keçdikdən sonra vəfat etdikdə) şəxslərə münasibətdə ayrı-seçkiliyin yarnmasına və fərqli yanaşmanın tətbiq edilməsinə gətirib çıxardar, bu hal isə qanunvericiliyin tələbinə ziddir. İndiki halda iddiaçının mərhum oğluna münasibətdə şəhid statusunun verilməsi üçün zəruri olan hal məhz onun ölümünün həmin normada ehtiva edilən səbəb əlaqəsi ilə bağlı baş veribverməməsi məsələsinin müəyyən edilməsi ilə əlaqədar olan haldır. Başqa sözlə desək, iddiaçının mərhum oğluna münasibətdə məhz onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı və ya döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı (bununla əlaqədar olaraq) həlak olması halının mövcudluğu müəyyən edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mərhum oğlunun vəfat etməsinə səbəb olan hal məhz onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan (hərbi əməliyyatlar) döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı aldığı travma (xəsarət) olmuşdur. Bu hal iş materialları əsasında öz təsdiqini tapmışdır, cavabdeh tərəfindən isə həmin halı təkzib edən heç bir dəlilə istinad edilməmişdir. Göründüyü kimi,iddiaçı hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra hər hansı başqa ümumi xəstəlik nəticəsində deyil, məhz hərbi xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət nəticəsində vəfat etmişdir. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının mərhum oğlu hərbi xidmətə ehtiyata buraxıldıqdan sonra vəfat etsə də, onun vəfat etməsinə səbəb olan hal məhz döyüş tapşırığını icra edən zaman aldığı xəsarət (travma) olduğundan, o məhz “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı və ya döyüş tapşırığının yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş şəxs” anlayışının təsiri dairəsinə düşür. Başqa sözlə desək, iddiaçının mərhum oğlunun həlak olmasının səbəb əlaqəsi məhz Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı və ya döyüş tapşırığının yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası ilə bağlı olduğundan, o məhz “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı və ya döyüş tapşırığının yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş şəxs” anlayışına daxildir. Bu baxımından kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən mərhum şəxsə münasibətdə normanın məzmununa hərfi mənada yanaşmaqla, mərhum şəxsin həlak olmasının səbəb əlaqəsinə əhəmiyyət verməmiş, bununla da iddiaçının mərhum oğluna münasibətdə formal yanaşma tətbiq etmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, iddiaçının iddia tələbi şəhid statusunun verilməsini müəyyən edən müvafiq normanın dispozitiv şərtləri ilə uzlaşır, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Həmçinin, kollegiya onu qeyd edir ki, iddiaçı tərəfindən məhkəmə araşdırması zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilərək, mərhum oğluna şəhid statusuna dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bu halda kollegiya hesab edir ki, iddiaçının hüquqi marağı məhz mərhum oğluna şəhid statusunun verilməsindən ibarət olduğundan, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1155/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı oğlu X9 “Şəhid” statusuna dair arayışın verilməsi öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-139/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-139/2025
15.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver