Məhkəmə qərarları › İş №2-1(105)-1391/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1391/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1391/2025 28.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X7 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X20 qızının katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsi 42 kv m, köməkçi sahəsi 21,3 kv m olan 2 otaqdan ibarət hissəsinə xüsusi mülkiyyət hüququnun mərhum X13 məxsus olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-5495/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsi 42 kv m, köməkçi sahəsi 21,3 kv m olan 2 otaqdan ibarət hissəsinə xüsusi mülkiyyət hüququnun mərhum X13 məxsus olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi işin hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə hal-hazırda ünvan 1 ünvanında yaşayır. Həmin evin bir hissəsi qanun üzrə vərəsə kimi ona mərhum anası X8 miras qalmışdır. X14 isə həmin ünvanda yerləşən evin bir hissəsi miras əmlak kimi mərhum atası Abbasov Əsgərdən qalmış, atasından miras qalmış ev paylı mülkiyyət hüququ qismində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, yaşayış sahəsi 42 kv m, köməkçi sahəsi 21,3 kv m olan 2 otaqdan ibarət yaşayış evi kimi mərhum X10 adına qeydiyyata alınaraq ona qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı vərəsəlik qaydasında anasından miras qalmış fərdi yaşayış evinin yuxarıda qeyd edilən hissəsini 4 saylı Abşeron Ərazi İdarəsində öz adına sənədləşdirmək üçün dəfələrlə cavabdehə müraciət etmiş, müraciət etməmişdən əvvəl miras əmlaka anasının adına vərəsəlik işinin açılması üçün etdiyi müraciətə əsasən 08 iyun 2015-ci il tarixdə Abşeron rayon 2 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Müraciəti əsasında ona miras əmlakın vərəsəsi kimi məktub verilmiş, həmçinin Abşeron 2 saylı notariat ofisi tərəfindən həmin fərdi yaşayış evinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə dövlət reyestrindən arayışın (forma 37) verilməsi xx.xx.2024-cü il tarixli 39 nömrəli məktubla 4 saylı Abşeron Ərazi İdarəsindən xahiş edilmişdir. Lakin cavabdeh həmin əmlakla bağlı dövlət reyestrindən arayış verilməsindən imtina etmişdir. Eyni zamanda evə dair ona vərəsəlik şəhadətnaməsi verilməsi üçün əmlakın yüklülüyünə dair arayış alınması məqsədilə həmin notariat orqanı tərəfindən ona 306 saylı, 20 noyabr 2024-cü il tarixli məktub verilmiş, lakin bu dəfə də cavabdeh tərəfindən xahişinin icrasından imtina edilmişdir. Sonuncu dəfə vərəsə kimi hüququn ölmüş şəxsə mıxsus olmasına dair dövlət reyestrindən ona arayış verilməsi üçün 28 fevral 2025-ci il tarixli ərizə ilə cavabdehə müraciət olunmuş, yenə də cavabdeh tərəfindən ərizənin icrasından 07 aprel 2025-ci il tarixli, 3-213-32/2-5215/2025 nömrəli məktubu ilə imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı məhkəməyə təqdim edilən iddia tələbi ilə iddiaçının ərazi idarəsinə müraciətləri arasında uyğunsuzluq olduğu, sözügedən fərdi yaşayış evininin yerləşdiyi torpaq sahəsinə dair JN1438A nömrəli dövlət aktının tərtib olunduğu , bundan başqa sözügedən fərdi yaşayış evininin yerləşdiyi sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında konfiqurasiya fərqi olduğu müəyyən edilmişdir.Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-5495/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim Rahim Həsənov). Qərar onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilat tərəfindən fərdi yaşayış evinə mərhuma aid müvafiq arayışın verilməsindan imtina edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, 10498A reyestr, 22A inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi JN-1438A nömrəli dövlət aktına aid torpaq sahəsi ilə üst-üstə düşür və yeni zamanda fərdi yaşayış evinin yerləşdiyi faktiki torpaq sahəsi ilə sənəd üzrə yerləşən torpaq sahəsi arasında konfiqurasiya fərqi vardır. Belə olan halda daşınmaz əmlaka aid sənədlərlə faktiki yerləşdiyi yer arasında uyğunsuzluqlar olduğundan cavabdehin imtinası əsaslı olmuşdur. İddiaçının istifadəsində olan daşınmaz əmlaka aid hüquqmüəyyənedici sənədlər ilə faktiki yerləşmə yeri arasında uyğunsuzluqlar mövcuddur. Ona görə də cavabdeh təşkilatın üzərinə hər hansı öhdəliyin qoyulması yolverilməzdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd olunan YN-1438A nömrəli dövlət aktına əsasən iddiaçının mərhum atası X3 mülkiyyətinə mübahisələndirilən evin qonşuluğunda Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli 16 nömrəli qərarına əsasən 0,06 hektar torpaq sahəsi verilmişdir. Atasının ölümündən sonra iddiaçı vərəsə kimi həmin torpaq sahəsinin onun adına özəlləşdirilməsi üçün cavabdeh 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş və xahişi təmin olunaraq ona xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış (həmin çıxarışın surəti iddia materiallarına əlavə edilmişdir) verilmişdir. Əgər doğrudan da, iddiaçıya anasından miras qalmış evin torpaq sahəsi YN-1438A nömrəli dövlət aktında göstrərilmiş torpaq sahəsi ilə üst- üstə düşürsə, iddiaçıya həmin dövlət aktına əsasən çıxarış verilərkən bu ziddiyyət nə üçün cavabdeh tərəfindən araşdırılmamış, bəyan edilməmiş, bu ziddiyyətə düzgün hüquqi qiymət verilməyib. Çünki bundan əvvəl mübahisələndirilən evin bir hissəsinə digər vərəsə Səməd Abasova cavabdeh tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir (həmin çıxarışın surəti şikayətə əlavə olunur, cavabdeh iddiaçının atasının adına dövlət aktına əsasən torpaq sahəsini qeydə alarkən, əgər torpaq sahələrinin üst-üstə düşməsi halı vardırsa, bunu əvvəlcədən görməli idi. Bundan başqa qeyd olunmalıdır ki, mübahisələndirilən evin yerləşdiyi torpaq sahəsi ilə iddiaçıya atasından miras qalmış torpaq sahəsi ayrı-ayrı vaxtlarda müvafiq dövlət orqanları tərəfindən miras qoyanların istifadəsinə verilən torpaq sahələri olmaqla hər biri ayrıca hasar daxilində olmuş, hal-hazırda da qeyd olunan torpaq sahələrinin istifadəçiləri müxtəlif şəxslər olmaqla aralarında torpaqla bağlı heç bir mübahisə, narazılıq mövcud deyildir, ona görə də həmin torpaq sahələrinin faktiki üst-üstə düşməsi mümkün deyildir. Əgər həmin torpaq sahələri faktiki üst-üstə düşsəydi, onun istifadəçiləri arasında mübahisə yaxud başqa formada narazılıq, ixtilaf yaranardı. Hesab edilir ki, bu həmin torpaqların faktiki üst-üstə düşməsi halı deyil, onların koordinatlarının, hüdudlarının, sərhədlerinin cavabdehin əməkdaşları tərəfindən düzgün müəyyən edilməməsi, bunun da nəticəsi olaraq torpaq sahələrinin yerləşmə mövqelərinin “sürüşdürülməsi” nəticəsində yaranmış problemdir. Birinci instansiya məhkəməsi isə inzibati məhkəmə icraatının gedişatında bu ziddiyyətin araşdırılması üçün ən azı məhkəmə ekspertizası təyin etməli idi, lakin məhkəmə isə nəinki ekspertiza təyin etməmiş, ümumiyyətlə imtinanın əsaslarının düzgün olub-olmaması ilə bağlı heç bir araşdırma aparmamış, torpaqların faktiki olaraq hansı hissədə üst-üstə düşməsi halı aydınlaşdırılmamış, cavabdehin nümayəndəsinin keçirilmiş məhkəmə iclaslarında iştirakı təmin edilməməklə iddiaya dair izahatı belə dinlənilmədən, yalnız imtinanın ərizəsinin əsaslarına dair cavabdehin yazılı etirazı əsasında qanunsuz qərar çıxarmışdır. Burada qeyd olunur ki, mübahisələndirilən fərdi yaşayış evi Abşeron rayon XDS İK-nin 02 aprel 1971-ci il tarixli qərarı ilə iddiaçının mərhum ana babası Abbasov Əsgərə məxsus olmuş (vərəsəlik haqqında şəhadətnamənin surəti əlavə olunur), iddiaçının atası X9 isə həmin torpaq sahəsini torpaq islahatı ilə bağlı 1998-ci ildə əldə etmişdir. Hal-hazırda mübahisələndirilən evin torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında Abbasov Səməd, Abbasova Kifayət, o cümlədən iddiaçı tərəfindən ümumi istifadədə olduğu halda, iddiaçıya atasından miras qalan və hazırda adına qeydiyyata alınmış torpaq sahəsi isə yalnız onun istifadəsindədir. Hal-hazırda qeyd olunan torpaq sahələri heç bir mübahisə olmadan ayrı-ayrı şəxslərin istifadəsində olduğuna görə həmin torpaq sahələrinin yerləşmə mövqeyi və koordinatları torpaq kadastr baza məlumatlarında cavabdeh orqanın aidiyyəti əməkdaşları tərəfindən düzgün müəyyən edilməmiş, bu yanlışlıq cavabdeh tərəfindən vaxtında aradan qaldırılmadığına görə iddiaçıya daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olmasına dair arayış verilməmişdir. Digər bir halda, əgər doğrudan da, mübahisələndirilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi sənəd üzrə iddiaçıya atasından vərəsəlik yolu ilə keçən boş torpaqla üst-üstə düşürsə, bu vəziyyətdə də heç bir üçüncü şəxsin hüquqları pozulmur, çünki burada torpaqlarıln faktiki üst-üstə düşməsi halı mövcuyd deyildir, yalnız sənəd üzrə torpaqaların yerləşmə mövqeyində uyğunsuzluqdan söhbət gedə bilər, ona görə də hesab edilir ki, iddiaçının tələbi təmin edilməli idi. Həmçinin qeyd olunan torpaq sahələrinin sərhədlərinin, koordinat nöqtələrinin, yerləşmə mövqelərinin düzgün müəyyən edilməməsinə görə iddiaçı deyil, cavabdeh məsuliyyət daşıyır, bu vəzifənin düzgün və dürüst icrası qanunla cavabdehin üzərinə qoyulmuşdur. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının mərhum anasından savayı, dayısı X21 da qanun üzrə vərəsə kimi ünvan 1 ünvanında yerləşən həmin fərdi yaşayış evinin bir hissəsinin payçısı olmuş və onun payı müraciətinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ona 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci qeydiyyat tarixli, seriya RX, ******* nömrəli çıxarış verilmişdir. Eyni torpaq sahəsində tikilmiş evin bir hissəsi üzərində Səməd Abbasovun mülkiyyət hüququ cavabdeh tərəfindən qeydiyyata alınıb ona çıxarış verildiyi halda, həmin evin digər bir hissəsinin qanun üzrə vərəsəsinə hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməsindən imtina edilməsi qanunvericilik aktlarına tamamilə ziddir və iddiaçının hüquqlarının kobud pozulması kimi qiymətləndirilməlidir. Həmçinin yuxarıda qeyd olunduğu kimi mübahisələndirilən yaşayış evinin yaşayış sahəsi 42 kv m, köməkçi sahəsi 21,3 kv m olan 2 otaqdan ibarət hissəsinə iddiaçının mərhum anasının mülkiyyət hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlakın dövləıt reyestrində qeydiyyta alınaraq ona bu barədə qeydiyyat vəsiqəsi verilmişdir. Məhkəmə tərəfindən ümumiyyətə bu sübut araşdırılmamış, ona hüquqi qiymət verməmiş, mübahisələndirilən evin bir hissəsinə miras qoyan şəxsin hüquqlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmasına göz yumulmuş, bununla da “Daşınmaz əmlakın dövlət reyestri haqqinda” Qanunun 8-ci maddəsinin tələblərini kobud surətdə pozmaqla qərar qəbul olunmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. 3.5. Apellyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Hazırki iş üzrə iddia tələbi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsi 42 kv m, köməkçi sahəsi 21,3 kv m olan 2 otaqdan ibarət hissəsinə xüsusi mülkiyyət hüququnun mərhum X13 məxsus olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən Cavabdeh1 publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Cavabdeh1 publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs ilə əvəzlənmişdir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmə kollegiyası iş üzrə materiallarını və məhkəmə araşdırması zamanı əldə edilmiş sübutları tədqiq edədərək aşağıdakı nəticəyə gəlmişdir. İş materiallarından müəyyən edilir ki, Azərbaycan Respiublikası Apellyasiya Məhkəməsinin 1MK-512/2004 nömrəli, 01 mart 2004-cü il tarixli qətnaməsi ilə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət miras əmlak üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi və əmlakın vərəsələr arasında bölüşdürülməsi müəyyən edilmiş və mübahisə predmeti olmayan 1, 2 və 3 saylı otaqlar 2/6 pay həcmində X11 mülkiyyətində saxlanılmış, 4 saylı otaq 1/6 payla X2 verilmiş, 5 saylı otaq 1/6 payla X5 və onun övladlarına məxsus edilmiş, 6 və 8 saylı tikililərin ümumilikdə 25,3 kv m sahəsi 1/6 payla X16 verilmiş, Abşeron rayon Notariat kontorunun xx.xx.1987-ci il tarixli, 1/5-1287 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməsinin göstərilən bölgüyə uyğun dəyişdirilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair JN-1438A nömrəli dövlət aktı mövcuddur və həmin aktla X6 Abşeron Rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli 16 nömrəli qərarı əsasında 0,06 hektar torpaq sahəsi ayrılmışdır. **********22-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Ələkbərov küçəsi 25 ünvanında yerləşən və 0,0251 hektar torpaq sahəsində olan fərdi yaşayış evi üzərində X15 33,55 kv m, X4 33,5 kv m yaşayış sahəsi və 0,0251 hektar torpaq sahəsi üzrə, X11 63,3 kv m yaşayış sahəsi üzrə, X1 isə 33,25 kv m yaşayış sahəsi üzrə mülkiyyət hüquqları 11 fevral 2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı mərhum anasından miras qalmış fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından ibarət olmuşdur. Halbuki, iddiaçının mərhum anası X11 həmin əmlak üzərində mülkiyyət hüquqları artıq 11 fevral 2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış və bu barədə müvafiq reyestrdən çıxarış verilmişdir. Bu baxımdan iddiaçının iddia tələbi ilə nail olmaq istədiyi hüquqi nəticənin artıq reallaşdırıldığı və mübahisə predmeti olmadığı müəyyən edilir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hüquqi marağı mübahisə predmeti olan daşınmaz əmlaka dair 1 saylı forma üzrə arayışın əldə edilməsidir. Bu hüquqi marağa nail olmaq üçün o, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı məsələlər üzrə əvvəlcə əmlakın yüklü olub-olmaması (1 nömrəli forma üzrə) barədə arayışın alınması üçün cavabdeh inzibati orqana rəsmi müraciət edilməlidir. Yalnız qeyd olunan müraciətə müvafiq olaraq imtina verildiyi və ya inzibati orqanın hərəkətsizliyi baş verdiyi halda bununla bağlı məhkəmə qaydasında iddia qaldırılması mümkündür. Lakin iş materiallarında iddiaçının göstərilən müraiətləri etməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Beləliklə, kollegiya hesab edir ki, hazırki iddia iddiaçının hüquqi marağına cavab vermədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-5495/2025 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsi 42 kv m, köməkçi sahəsi 21,3 kv m olan 2 otaqdan ibarət hissəsinə xüsusi mülkiyyət hüququnun mərhum X13 məxsus olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar