Məhkəmə qərarları › İş №2-1(105)-1393/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1393/2025

13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1393/2025 13.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şabran Bələdiyyəsinə qarşı “torpaq sahəsinin qiymətinin tariflərə uyğunlaşdırılması, cavabdeh tərəfindən sahibkar ilə yeni protokolun (daxili) tərtib edilməsi, qiymətin aşağı salınması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli, 2-1(118)-4778/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Şabran rayonu Şabran bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Şabran rayonu Şabran bələdiyyəsindən ayrılmış 17+13 ha örüş torpaq sahələrinin Respublikada tariflərə uyğunlaşdırılmasına cavabdeh Şabran bələdiyyəsi tərəfindən yeni protokolun tərtib edilməsinə, qiymətin aşağı salınması ilə əladəqar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şabran bələdiyyəsinə qarşı “Şabran bələdiyyəsindən ayrılmış 17+13 ha örüş torpaq sahələrinin Respublikada tarif qiymətlərinə uyğunlaşdırılmasının, cavabdeh Şabran bələdiyyəsi tərəfindən sahibkar ilə yeni protokolun (daxili) tərtib edilməsi, qiymətin aşağı salınması barədə qərar qəbul edilməsini” məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 15 ildir ki, Şabran rayonunda təsərrüfatçılıq fəaliyyəti ilə məşğul olur. Onun adına olan torpaq sahəsinin vaxtının uzadılması ilə əlaqədar bələdiyyə tərəfindən qanunsuz olaraq hərrac yolu ilə yox, müsabiqə yolu ilə ayrılaraq iddiaçıya maddi və mənəvi zərər vurulmuşdur. Nəticə etibarilə, qiymətlər mexaniki olaraq şişirdilmişdir ki, bu da iddiaçının həm büdcəsinə, həm də təsərrüfatına böyük ziyan vurur. Belə ki, Şabran rayonunda torpağın örüş yeri 15 manat olduğu halda, sənədlərdə 200 manat qeyd olunmuşdur. Dəfələrlə qeyd olunanlarla bağlı Şabran bələdiyyəsinə müraciət etsə də, müraciətinə cavab verilməmiş, örüş torpaqlarının qiymətləri Respublikadakı qiymət tariflərinə uyğunlaşdırılmamışdır İddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 359 nömrəli məktubda qeyd etmişdir ki, “Sizin Şabran rayonu Şabran bələdiyyəsinə ünvanladığınız ərizənizə cavab olaraq bildiririk ki, mövcud qanunların tələblərinə görə, bələdiyyə torpaqlarının icarəyə verilməsi yalnız hərrac və ya müsabiqə yolu ilə həyata keçirilir və icarə haqqının məbləği də orada müəyyən olunur. Hərrac və ya müsabiqədə müəyyən edilmiş icarə haqqının azaldılması bələdiyyənin səlahiyyəti daxilində olmadığı üçün Sizin müraciətinizi müsbət həll etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şabran şəhəri ərazisində yerləşən 0,17 ha torpaq sahəsinə icarə hüququ İddiaçı adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şabran şəhəri ərazisində yerləşən 0,13 ha torpaq sahəsinə icarə hüququ İddiaçı adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, Şabran rayonu Şabran bələdiyyəsi ilə İddiaçı arasında Şabran şəhəri ərazisində yerləşən 0,17 ha torpaq sahəsinin İddiaçı icarəyə verilməsinə dair bağlanılmışdır. İcarə müddəti xx.xx.2039-cu il tarixədək müəyyən edilmişdir. Müqavilənin 5-ci bəndinə əsasən, icarəyə verilən sahəsin istifadəsinə görə: “İcarəyə götürən” İddiaçı “İcarəyə verən” Şabran rayonu Şabran bələdiyyəsi illik 3000 manat 00 qəpik (üç min manat sıfır qəpik) icarə haqqı ödəyir xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, Şabran rayonu Şabran bələdiyyəsi ilə İddiaçı arasında Şabran şəhəri ərazisində yerləşən 0,13 ha torpaq sahəsinin İddiaçı icarəyə verilməsinə dair bağlanılmışdır. İcarə müddəti xx.xx.2039-cu il tarixdəkmüəyyən edilmişdir. Müqavilənin 5-ci bəndinə əsasən, icarəyə verilən sahəsin istifadəsinə görə: “İcarəyə götürən” İddiaçı “İcarəyə verən” Şabran rayonu Şabran bələdiyyəsi illik 2600 manat 00 qəpik (ikin min altı yüz manat sıfır qəpik) icarə haqqı ödəyir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli, 2-1(118)-4778/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hazırki tələbində haqlı olmamış, üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilməmişdir. Buna görə də, hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya onunla əsaslandırmışdır ki, məhkəmə öz yazdığı sənədlərdə (qeyd etdiyi bəndlərdə) iddiaçının tələblərini əsas götürsə də, üstünlüyü bələdiyyəyə vermişdir. Məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsindən imtina etmişdir. Həmçinin məhkəmə iclasına cavabdeh Şabran Bələdiyyəsinin və Əmlakın Xaçmaz Ərazi İdarəsinin nümayəndələri gəlməmiş, iclasa saymazlıq göstərmiş, məhkəmə isə uzlaşdırma aparmadan (formal şəkildə) qərar qəbul etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə sübutlara üstünlük verməli olduğu halda, guya daxili inamına istinad etmişdir. Cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində iddiaçının konstitusion hüquqları pozulmuşdur ki, bu hal məhkəmə tərəfindən nəzərə alınmalı idi. Lakin Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-4778/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə ərizəmiz təmin edilməmişdir. Məhkəmə sözügedən qərarı qəbul edərkən cavabdeh tərəfin hüquqlarımızı pozan hərəkətlərinə hüquqi qiymət verməmiş, cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməsinə ehtiyac duymadan formal və əsassız yanaşma sərgiləmişdir. Bu isə iddiaçının hüquq və qanuni maraqlarının pozulması ilə nəticələnmişdir. Belə formal yanaşma həm Azərbaycan Respublikası vətəndaşlarına, həm də əcnəbilərə münasibətdə inzibati məhkəmələrin, eləcə də ümumilikdə məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirir və ədalətli məhkəmə araşdırmasına olan inamı azaldır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu yoxlanılmadan iddia tələbinin əsaslığına hüquqi qiymət verildiyindən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia tələbinin mümkün sayılması üçün: 1) inzibati orqanın fəaliyyəti publik hüquq sahəsinə aid olmalı; 2) inzibati orqanın qanunla bu hakimiyyət tədbirini həyata keçirmək səlahiyyəti olmalı; 3) inzibati orqan bu fəaliyyətlə qanunla daşıdığı vəzifələri pozmuş olmalı (səlahiyyətləri aşmalı, yaxud diskresion səlahiyyətləri yanlış icra etməli); 4) hüququ pozulan (maraqlı) şəxs bu vəzifənin əhatə etdiyi qorunma sferasına daxil edilmiş olmalıdır. Kollegiya qeyd edir ki, iddianın qeyd edilən mümkünlük şərtləri, eləcə də mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır (15.1-15.3-cü maddələr). Kollegiya yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən qeyd edir ki, hazırkı mübahisənin predmeti inzibati orqanın torpaq sahəsinin icarəyə verilməsi və icarə haqqının müəyyən edilməsi ilə bağlı fəaliyyəti ilə bağlı olsa da, bu fəaliyyətin mahiyyəti və onun tənzimlənmə mexanizmi publik hüquq münasibətlərindən deyil, xüsusi hüquq münasibətlərindən irəli gəlir Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə icarə müqaviləsi olmaqla, mülki-hüquqi öhdəliklərdən irəli gəlir və tərəflər arasında yaranmış münasibətlər müqavilə öhdəliklərinə əsaslanan hüquq münasibətləridir. Müqavilə icarə münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir və bu institutlar əsasən öhdəlik hüququnun tərkib hissəsi kimi mülki hüququn predmetinə daxil olan sahələrə aiddir. Bu münasibətlərdə tərəflər, yəni icarəyə verən (Şabran Bələdiyyəsi) və icarəyə götürən (İddiaçı) arasında inzibati-hakimiyyət səlahiyyəti ilə tabeçilik münasibəti mövcud olmur. Şabran Bələdiyyəsi bu məsələdə inzibati akt qəbul edən publik hakimiyyət orqanı kimi deyil, mülki hüquq münasibətlərində tərəf olan hüquqi şəxs qismində çıxış edir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanların qəbul etdiyi hər bir qərar inzibati akt xarakteri daşımır. Hər bir inzibati orqan tərəfindən verilən sənədin inzibati akt hesab olunması üçün həmin sənədin publik-hüquqi xarakter daşımaqla hüquq və vəzifələr yaradan, dəyişdirən və ya onlara xitam verən nəticələr doğurması zəruridir. Halbuki, hazırkı iş üzrə mübahisələndirilən münasibətlər tərəflər arasında bağlanmış mülki müqavilədən irəli gəlir və inzibati aktın hüquqi əlamətlərinə cavab vermir. Torpaq sahəsinin icarəyə verilməsi və icarə şərtlərinin müəyyən edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən bələdiyyə tərəfindən mülki hüquqi münasibət çərçivəsində həyata keçirilə bilər. Lakin bu fəaliyyət publik hakimiyyət səlahiyyətinin həyata keçirilməsi deyil, mülki hüquq münasibətlərində tərəflərin qarşılıqlı razılığına əsaslanan hüquqi mexanizmdir. Şabran Bələdiyyəsinin bu sahədəki fəaliyyəti dövlət idarəetmə funksiyasının icrası deyil, mülki dövriyyədə iştirak edən subyektin davranışı kimi qiymətləndirilməlidir. Bu baxımdan, iddiaçının məhkəməyə müraciət etdiyi tələbin mahiyyəti inzibati aktın qəbuluna məcburetmə ilə bağlı olmayıb, mülki hüquq münasibətləri çərçivəsində bağlanmış müqavilənin şərtlərinin dəyişdirilməsi və ya qiymətləndirilməsinə yönəlmişdir. Belə olan halda, iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə inzibati mübahisə deyil, mülki xarakter daşıyan hüquq mübahisəsidir. Məhkəmə həmçinin nəzərə alır ki, İnzibati Prosessual Məcəllənin 8.2-ci maddəsinə əsasən, əgər mübahisəyə baxılması həmin məhkəmənin səlahiyyətinə aid deyilsə, məhkəmə işi aidiyyəti üzrə səlahiyyətli məhkəməyə göndərməlidir. Lakin bu müddəa yalnız inzibati mübahisələrə şamil olunur və inzibati məhkəmələrin mülki münasibətlərdən irəli gələn mübahisələri birbaşa göndərmək səlahiyyəti yoxdur. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, ....... mülki və ya cinayət məhkəmə icraatı qaydasında, ..... baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. (15.1-15.3-cü bəndlər). Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hüquqları yalnız inzibati icraat çərçivəsində deyil, eyni zamanda ümumi məhkəmə icraatı çərçivəsində də qorunur və inzibati icraat çərçivəsində bu işə baxmaqdan imtina edilməsi iddiaçının hüquqlarının müdafiəsiz qalmasına səbəb olmur. Beləliklə kollegiya qeyd edir ki, iddiaçının mübahisə ilə bağlı aidiyyət məsələsində hüquqi müdafiə imkanları mövcuddur. İddiaçı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılması üçün aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etmək hüququna malikdir. Yuxarıda qeyd olunanlara görə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 32, 58 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli, 2-1(118)-4778/2025 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Şabran Bələdiyyəsinə qarşı “torpaq sahəsinin qiymətinin tariflərə uyğunlaşdırılması, cavabdeh tərəfindən sahibkar ilə yeni protokolun (daxili) tərtib edilməsi, qiymətin aşağı salınması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar